Ürəyi ovcunda olan adam

 

Bu günlərdə Muğam Teatrında tanınmış şair Rasim Kərimlinin "Dözmək olmur ayrılığa" ("Nurlan" nəşriyyatı, 2009) kitabının təqdimatı keçirildi. Yeni nəşrin redaktoru və ön sözün müəllifi professor Qəzənfər Paşayev tədbiri açaraq şairin ömür-gün yolundan, yaradıcılığından, şəxsi məziyyətlərindən danışdı: "Dözmək olmur ayrılığa" kitabı ilə şeirsevərlərin görüşü təkcə bulaq kimi dupduru, qəlbə rahatlıq gətirən poetik incilərlə görüş deyil, eyni zamanda, Rasimli günlərə qayıdışdı. Bu qayıdışı, bu təkrarsız görüşü gerçəkləşdirən millət vəkili Qənirə xanım Paşayevaya dərin təşəkkürümü bildirirəm. Onun təşəbbüsü ilə son altı ayda Azərbaycanın görkəmli aşıqları Hüseyn Bozalqanlı, Mikayıl Azaflı, Əkbər Cəfərov, el şairi Əziz Məftunun kitabları işıq üzü görüb və təqdimatları keçirilib.

Bu sıradan nəşr edilən "Dözmək olmur ayrılığa" kitabı təsəlli və Rasim Kərimlinin unudulmazlığı yolunda ucaldılan abidə kimidi. Çox yaşamaq hünər deyil, hünər mənalı yaşamaq, gələcək nəsillərə gərəkli olan nəsə qoyub getməkdir. Bu baxımdan Rasim Kərimli xoşbəxt taleli insanlardandır. Cəmi beş yaş fərqi ilə bir kənddə boya-başa çatdığım şairin cismani yoxluğunu ürək ağrısı ilə xatırlayıram. Böyük Yaradan ona güclü fitri istedad, insaniyyət duyğusu bəxş etmişdi…"

Sonra xalq artisti İlham Əsgərov şairin əsərlərindən seçmələri məclis iştirakçılarına çatdırdı. Respublika muğam müsabiqəsinin qaliblərindən biri olan Ehtiram Hüseynov Rasim Kərimlidən oxudu, xalq artisti Əlibaba Məmmədov onunla bağlı xatirələrini dilə gətirdi: "Şairlər xoşbəxt adamlardı, onlar ölmürlər. Biz xanəndələri cavan saxlayan mahnılardı, sözdü. Rasim Kərimli məhz bu cavanlıq iksirinin yaradıcılarından idi. Onun şeirlərinə mahnı bəstələdiyim, ifa etdiyim anları, ilk tanışlığımızı həmişə minnətdarlıqla xatırlayıram".

Aşıq Familə Göyçəlinin ifa etdiyi saz havasından sonra söz alan xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub dedi: "Bu məclisin gözəlliyi bir də ondadır ki, Rasimin sağlığında onun evində, ocağı başında gördüyüm çox dəyərli, nurani, ağsaqqal insanları, sənətkarları burada görürəm. Bu, duza-çörəyə, haqq-saya olan bağlılıqdan, hörmətdən irəli gəlir. Biz bu məclisdə Rasim Kərimlidən danışmaqla, eyni zamanda, görkəmli sənətkarlarımızı, daha çox Aşıq Əmrahı, Kamandarı, İmranı, Xanları, Əkbəri yada salırıq…"

Əməkdar artistlərdən Gülyanaq Məmmədova, Zabit Nəbizadə, Ağalar Bayramov, Nuriyyə Hüseynova, aşıq Ədalət Dəlidağlının ifalarından sonra görkəmli filosof Camal Mustafayev çıxış etdi. Dedi ki, Rasimi heç kəs saxtakarlıqda ittiham edə bilməzdi: "Onu saz-söz birləşdirirdi…"

Millət vəkili Qənirə Paşayeva unudulmaz həmyerlisi haqqında xatirələrini dilə gətirərək dedi: "Özümü xoşbəxt hesab edirəm ki, ta uşaqlıqdan ustad sənətkarlar, dəyərli şəxsiyyətlər görmüşəm. Onlardan biri də Rasim Kərimli idi. O, mənə çox əziz və doğma olan Qəzənfər müəllimlə dost idi. İndinin özündə də onun şirin söhbətlərini unuda bilmirəm. O, məhəbbət şairindən çox ədalət şairi idi, onun yazdıqları haqsızlığa qarşı ucalan səs kimidi".

Qənirə xanım eyni zamanda kitabın işıq üzü görməsində əməyi olan "AZFEİ" birgə müəssisəsinin baş direktoru Həmid Həsənov, tərtibçi Bağman Babaya, naşir Nadir Məmmədliyə öz təşəkkürünü bildirdi.

Tanınmış şair İlyas Tapdıq sənət dostu haqqında xoş xatirələrini dilə gətirdi. Dedi ki, bizi söz birləşdirirdi. "Bu təbii idi. Ona görə ki, hər ikimiz saz-söz beşiyində doğulmuşduq. Unudulmaz sənətkarlarımız Qasım Qasımzadə və Məmməd Arazdan xahiş etmişdim ki, Rasimin şeirlərini gözdən keçirsinlər. Rasimlə dost olanlar xalqının dostları idi. Mülkülü Həsən, Hüseyn Bozalqanlı olan yerdə münbit sənət aurası vardı. Belə bir aurada Rasim kimi şairin yetişməsi təbii idi…"

Tədbirdə Aşıq Altay, Aşıq Əli Quliyev, əməkdar artist Könül Xasıyeva çaldı-çağırdı, şair Elxan Zal Qaraxanoğlu, f.e.n. İbadət müəllim danışdı.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı R.Kərimlinin "Xəbisin" adlı şerinin çapı ilə əlaqədar xarakterik bir məqama toxundu: “Mən redaktor olmadığım vaxtlarda Rasimin “Xəbisin” şerini çap etmişdim. Ona görə çap etmişdim deyirəm ki, qəzetin həmin sayı çıxanda baş redaktor müvəqqəti olaraq Bakıdan uzaqlarda idi. Redaksiya heyətinin üzvü olduğum üçün qəzetə imza atmaq mənə həvalə olundu. Ancaq qəzet çıxan kimi həmin şeirlə bağlı mənə ciddi irad tutuldu. Səhv etmirəmsə həmin variantda xəbisə müraciətlə “alçaq” ifadəsi işlənmişdi. Bu cavabım yadımdadır: Xalq hətta fələyə belə “Mərdi namərd edibsən, - Alçaqdan alçaq fələk! - deyirsə, xəbisə niyə deyilməsin?!”

Ədalət naminə deməliyəm ki, irad daha təkrar olunmadı.

Bugünkü çıxışlarda Rasimin şeirlərindəki güclü həyat həqiqətlərinin konkret misallarla dönə-dönə vurğulanması müəllifin öz poetik müşahidələrində nə qədər də haqlı olduğunu bir daha təsdiqlədi”.

Sonda şairin ömür-gün yoldaşı Zəminə xanım çıxış edərək R.Kərimlinin xatirəsini əziz tutanlara dərin minnətdarlığını bildirdi: "Qarabağda bir deyim var - ürəyi ovcunda olan adam… Rasim belə adamlardan idi. O, dostcanlıydı, şerin-sənətin, sazın-sözün Məcnunu olan insanıydı…"

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-26 iyun.-S.6.