Elman Həbib - 60

 

Hörmətli Elman müəllim!

Sizi - istedadlı şairimizi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlamısınız. 1981-ci ildə ilk kitabınız - "Günəş qatarı" işıq üzü görmüşdür. Sonralar "Duzlu uşaqlar", "Yoluma çıx", "Nar gilənar", "Ömrümün göy qurşağı", "Ömrüm-günüm mənim", "Sevən ömrü", "Allah salamı", "Yerlə göy arasında", "Heydərnamə", "Naxçıvannamə", "İlham - xalqın İlhamı" s. kitablarınız oxuculara təqdim edilmişdir. Ümumiyyətlə, 30-a yaxın kitabınız nəşr olunmuşdur. "Sahilsiz çaylar" adlı dram əsəriniz Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuş, " ölümün ölümü" əsəriniz əsasında Naxçıvan televiziyasında ikihissəli televiziya tamaşası hazırlanmışdır.

1990-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, 2005-ci ildə "Tərəqqi" medalı, 2008-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmisiniz.

Siz 1970-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetini fərqlənmə diplomu ilə 1979-cu ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirmisiniz.

1970-ci ildə Naxçıvan MR Dövlət Televiziya Radio Verilişləri Komitəsində kiçik redaktor kimi işə başlamış, burada müxtəlif vəzifələrdə işləmisiniz. 1991-ci ildən 2001-ci ilədək Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin sədri olmusunuz. 2001-ci ildən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsində işləyirsiniz.

Hörmətli Elman müəllim!

Sizi bir daha 60 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2009.-1 may.-S.6.