Əlaqələr

 

Kayseridə şeir günləri

 

Aprel ayında Türkiyənin Kayseri şəhərində IV poeziya günləri bu deviz altında keçirilmişdir. festivala ölkəmizdən Azərbaycanın xalq şairi Nəriman Həsənzadə də dəvət olunmuşdu. Əməkdaşımız onunla görüşüb festival haqqında təəssüratlarını bildirməyi xahiş etmişdir.

- Nəriman müəllim, sizi yaxın Şərqdə, Türk dünyası ölkələrində, Şərqi Avropada və dünyanın bir çox yerlərində yaxşı tanıyırlar. Yəqin ki, Kayseri şəhərində dost və tanışlarınız, qələm dostlarınız yaşayır, onlardan kim isə sizi yada salıb?

- Artıq Kayseridə mənim xeyli dostlarım, yaxınlarım var. Bəri başdan deyim ki, elə doğmalaşdıq ki, səfərdən dönəndən sonra onlar üçün darıxıram. Amma Türkiyənin bu şəhərinə gedənə kimi orada heç kimi tanımırdım. Doğrusu, bu dəvət mənim üçün gözlənilməz idi. Təxminən bir ay əvvəl mənə Kayseridən zəng etdilər. Dedilər ki, siz Kayseri şeir günlərinə Böyükşəhər Bələdiyyə başqanı tərəfindən dəvət edilirsiniz. Mənə ilk zəng eləyən isə əslən ölkəmizdən olan Ərciyəz universitetinin professoru Sevinc Üçgül xanım idi.

Aprelin 10-da məni Kayseri hava limanında şəhər bələdiyyəsinin əməkdaşı Amət bəy qarşıladı. Ayın 11-də isə şeir günləri başladı. Poeziya günlərinə Türkiyənin hər yerindən şairlər gəlmişdi. Onların sırasında tanınmış şair, əslən Azərbaycandan olan Yavuz Bülent Bakilər də vardı.

Hava limanında Amət bəydən məni necə tapdıqlarını və haradan tanıdıqlarını soruşdum. Sualıma sualla cavab verdi. Maraqlandılar ki, niyə internet saytım yoxdur. Bildirdim ki, yaxın günlərdə açmaq fikrim var. Sonra dedilər ki, biz internet saytları vasitəsi ilə Azərbaycan mətbuatını da oxuyuruq, sizin yaradıcılığınızı da izləyirik. Elə sizin izinizə də Azərbaycan mətbuatı vasitəsi ilə düşdük. Dəvətlərini qəbul etdiyim üçün təşəkkürlərini bildirdilər. Elə ilk andan yüksək mədəniyyətin, mənəviyyatın, elit əxlaqın, poeziyaya olan marağın və məhəbbətin şahidi oldum.

- Poeziya gününü kimlər keçirirdi? Ümumiyyətlə, hansı məqsədin, məramın təzahürü idi?

- Türkiyədə bələdiyyələrin böyük səlahiyyətləri var. Onlar yerli özünüidarəetmə orqanı kimi vəzifələrini yaxşı bilirlər. Poeziya gününü də Kayseri Böyük Şəhər Bələdiyyəsi keçirirdi. Bütün işləri bu bələdiyyənin başçısı Mehmet Özhaseki boynuna götürmüşdü. Təşkilati işlərə isə onun mədəniyyət işləri müavini Oqtay Duruqan bəy başçılıq edirdi. Türkiyədə poeziyaya böyük məhəbbət var. Bu məhəbbətin kökü qədimdir. Burada şeir xalqın mənəviyyatını, ruhunu saxlamaq, oyatmaq üçün vasitədir. Xalqı dininə və millətinə bağlamaq, ona kimliyini bildirmək, bəşəri duyğuları aşılamaq üsuludur.

Kayseridə yerləşən qardaş dövlətin ən böyük təhsil müəssisələrindən olan Ərciyəz universitetində on üç mindən çox gənc təhsil alır. Onların hamısı türk dünyasına, bəşəriyyətə xidmət üçün hazırlanır. Şübhəsiz ki, onların da, şəhərin digər əhalisinin də estetik zövqünün formalaşmasında, dünyagörüşündə şairlərlə canlı ünsiyyət mühüm əhəmiyyət kəsb edir.

Mənə orada 3-cü şeir gününə həsr olunmuş çox nəfis şəkildə bir jurnal da verdilər. Jurnaldan həmin günlər haqqında təəssürat almaq, iştirak edən şairlər barədə tam məlumat toplamaq olar. Yəni Türkiyənin bu şəhərində keçirilən şeir günləri barədə bütün ölkə xəbər tutur.

- Bəs IV poeziya günləri haralarda və necə keçirildi? Orada hansı məsələlər qaldırıldı, kimlər çıxış etdi?

- Ənənəyə müvafiq olaraq IV Poeziya günü Ərciyəz dağına hərəkətlə, yəni yürüşlə başladı. Bu yürüş "Ərciyəzin zirvəsindən türk şerinin zirvəsinə" adlanırdı. Deyim ki, adı Roma qeysərlərinin adından götürülmüş Kayseri şəhəri Ərciyəz dağının qoynunda yerləşir. Miladdan əvvəl vulkan püskürməsi nəticəsində əmələ gəlmiş bu dağ kayserilər üçün müqəddəsdir. Saf suyu, havası, bərəkətli torpağı vaxtilə insanları bu yerə cəlb etmiş, daimi yaşayış məskəninə çevrilmişdir. Böyük sənaye və ticarət mərkəzlərindən biri sayılır.

Aprelin 11-də səhər avtomobil karvanı Ərciyəz dağının zirvəsinə doğru hərəkətə başladı. Dağın zirvəsində bir istirahət mərkəzi yerləşir. Tədbir də bu mərkəzin salonunda keçirildi. Yığıncaqda Kayseri şəhər Bələdiyyəsinin mədəniyyət işləri üzrə nümayəndəsi məclisdə iştirak edən şairləri şəhərdən bura gələn tələbələrə, müəllimlərə və digərlərinə təqdim etdi. Əslində bizim adlarımız hamıya tanış idi. Çünki şəhərin gur yerlərində, yollar qırağında və dağın zirvəsində şeir günlərində iştirak edən şairlərin adları həkk olunmuşdu. Biz orada şeirlərimizi oxuduq. Sonra da bir-birimizlə tanış olduq. Birgə nahar etdik. Günorta şəhərə döndük. Proqrama əsasən günortadan sonra Böyük şəhər Bələdiyyəsinin Məclis salonunda konfrans keçirildi. Konfransda məruzəçi əslən Azərbaycandan - Qarabağdan olan şair Yavuz Bülent Bakilər idi. "Türkcəmiz və şeir" adlanan məruzədə o, türk dünyası ölkələrinin poeziyası haqqında məlumat verdi.

Türkiyədə türk şeri dedikdə bütün türkdilli ölkələrin poeziyası nəzərdə tutulur. Yavuz Bülent Bakilər geniş ensiklopedik biliyə malik bir şəxsdir. O, məruzəsində poeziyanın millətin və dövlətçiliyin mənəvi inkişafındakı rolunu, əhəmiyyətini araşdırır, tutarlı misallar çəkirdi.

Ümumiyyətlə, türkiyəlilər Türk dünyasının mədəniyyətini, onun uğurlarını özününkü sayırlar. Poeziya günlərinin iştirakçılarından biri olan professor Abdulqadir Yuvalı beş il Qazaxıstanda universitet rektoru olmuşdur. O, indi Ərciyəz universitetində professor kimi fəaliyyət göstərməklə yanaşı, Türk Ocağı Cəmiyyətinin Kayseri şöbəsinin müdiridir. "Türk ocağı" adlı dərgi nəşr edir. Türk dövlətlərindən olan istedadlı uşaqları seçib Kayseridə təhsil almasına köməklik göstərir.

Türk dünyasında tanınan, böyük nüfuz sahibi prof. Abdulqadir bəy Yuvalı yüksək insani keyfiyyətlərilə seçilir və bir tarixçi kimi türk tarixinin tədqiqində xüsusi xidmətləri olan şəxsiyyətlərdəndir.

Aprelin 11-də Türkiyə vaxtı ilə saat 20-də şəhər teatrının geniş salonunda şəhər ictimaiyyəti, təhsil ocaqlarının müəllim və tələbələri, eləcə də mətbuat işçiləri, televiziya çəkiliş qruplarının iştirakı ilə şairlərin görüşü keçirildi. Təntənəli və izdihamlı, yaddaqalan görüşlərdən idi. Poeziya gecəsini İstanbuldan dəvət olunmuş şairə Ayişə Egesoy özünəməxsus şuxluqla aparır, şairlərə bir-bir söz verir, salonda yüksək əhval-ruhiyyə yaradırdı.

Onu da deyim ki, mənim yenicə yazdığım və orada sinədən oxuduğum "Nuru Paşa" əsərim yerinə düşdü. Bilirsiniz ki, Bakının Dağüstü parkında 1918-ci ildə Azərbaycanın xilası üçün qardaş Türkiyədən köməyə gələn türk əsgərlərinin (şəhidlərinin) şərəfinə böyük abidə ucaldılmışdır. Orada yatan şəhidlər arasında Kayseridən gələnlər də var.

- Poeziya günündə çoxmu şair iştirak edirdi?

- Təxminən 20-25 nəfər, onlardan 7 nəfəri kənardan dəvət olunmuşdu, qalanları Kayserinin yerli şairləri idi.

Şeir günləri iki gün davam etdi.

Poeziya günlərində iştirak edən Türkiyənin tanınmış şairlərindən Mustafa fariz Yıldız, fazil Əhməd Bahadır, Əlirza Novruz, Bəkir Oğuzbaşaran, Emin Kuzuçular, Kemal Əhməd Şen, Zeynəb Şahin, eləcə də bizim hamımızın dostumuz böyük türk şairi Yavuz Bülent Bakilər öz avtoqrafları ilə kitablarını mənə bağışladılar. Orada olduğum günlərdə arada, yəni gecələr kitabları vərəqləyir, şeirləri oxuyurdum. Yavuz bəyin yenicə çapdan çıxmış "Harman" ("Xırman") adlı kitabında Azərbaycana, mərhum şairimiz Bəxtiyar Vahabzadəyə həsr edilmiş şeirlər də var. Yavuz bəy həmin şeirdə Xalq yazıçısı Anarın, dünyasını vaxtsız dəyişmiş mərhum şairimiz Şahmar Əkbərzadənin adlarını çəkir, onlarla görüşlərini xatırlayır. O, Bəxtiyar Vahabzadənin bir neçə pyesini və Həsən Həsənovun "Brüsseldən məktublar" əsərini türkcəyə uyğunlaşdırıb nəşr etdirmişdir.

Şeir gecəsində mənə həsr etdiyi şerini də oxudu. Təşəkkürümü bildirdim.

- Nəriman müəllim bəs sonrakı günlər?

- Yaxşı yadıma saldınız. Qonaqlarla görüşdük, qucaqlaşıb ayrıldıq. Türk şeir bayramı bizi bir daha doğmalaşdırmışdı. Onlar evlərinə döndülər. Mənə də dediylər ki, sizin üçün poeziya günlərindən kənar da bir proqram tutulub. Hələ bir neçə gün qonağımızsınız.

- O proqram da yaradıcılıq məsələlərini əhatə edirdi?

- Əlbəttə. Aprelin 13-də Ərciyəz universitetində mənimlə görüş keçirildi. Bu yığıncağı universitetlə bərabər, Türk Dünyası Qadınlar Cəmiyyəti təşkil etmişdi. Universitetin professor, müəllim-tələbə nümayəndələri, eləcə də Qadınlar Cəmiyyəti adından məni universitetin rektoru prof. fəxrəddin Keleştemur bəy və Cəmiyyət adından fəzilət xanım təbrik etdilər. Gecəni iki tələbə idarə edirdi. Qısa konsert proqramından sonra, mənim nəğmələrim oxundu, Bakıda haqqımda çəkilən telefilmi göstərdilər. Mən öz çıxışımı "Nuru Paşa" və b. şeirlərimlə başladım. Azərbaycanın Qarabağ ağrılarından, böyük türk şairi Nazim Hikmətlə Moskva - tələbəlik illərimdə bir neçə il daimi görüşlərimdən söhbət açdım.

Yığıncaqda məni həyəcana gətirən, çıxışım zamanı qaldırılan Azərbaycan bayrağı oldu. Dedilər ki, bayrağı qaldıran ölkəmizdən olan müəllim və tələbələrdir. Sonradan onların bir çoxu ilə tanış oldum. Şəkillər çəkdirdik.

Onu da deyim ki, Ərciyəz universiteti böyük bir sahəni əhatə edir. Binası şəhər içərisində şəhərdir. Elmin və incəsənətin bütün sahələri üzrə fakültələri var.

Universitetdən sonra Kayserinin ikinci böyük təhsil ocağı olan kollecə görüşə getdim. Oradakı görüşü kollecin rektoru Camaləddin Bakar açdı. Çox mehriban və səmimi Türk gənci idi.

Kayseridə olduğum bir həfdə müddətində iki dəfə Kayseri televiziyasında çıxış etdim.

- Televiziyada çıxışlarınızda nə barədə söhbət açırdınız?

- Bilirsən, tədbirin birinci günü, Ərciyəs dağına gedərkən yığıncaqdan sonra istirahət mərkəzinin həyətində, özüm də hiss etmədən fikrə qərq olmuşdum. Bir də hiss edim ki, kimsə mənə müraciət etdi. Başımı qaldıranda önümdə şair Sabit İncəni gördüm. O mənə - Nəriman bəy, deyəsən fikirlisən, amma sənə şad bir xəbər çatdıracağam - deyə müraciət etdi. Sonra əlavə etdi ki, Türkiyə Respublikasının baş naziri Rəsəb Tayyib Ərdoğan dünən televiziyada çıxış edərək bildirib ki, biz Ermənistanla sınırları bu ölkənin Qarabağı işğal etdiyinə görə bağlamışıq. Qarabağ məsələsi çözülməyincə açmayacağıq. Bu məsələ ancaq Qarabağ işğaldan azad olunduqdan sonra mümkündür. Bu xəbəri eşitdikdə bütün məclis iştirakçılarında xoş əhval-ruhiyyə yarandı. Hamı bir-birini təbrik edirdi. Xüsusən də məni. Mənim gözlərim dolmuşdu. Hiyləgər erməni siyasətinin burada da qardaş xalqın arasına girib yeni bir fəsad törətməsi həqiqətən məni sarsıtmışdı.

Televiziyada çıxışlarımda bu haqda söhbət açır, bir millət, iki dövlətin arasındakı ünsiyyətdən danışır, bu sahədə mədəni əlaqələrin əhəmiyyətini qeyd edir, şeirlərimi oxuyurdum. Görüşlərdə məni həmyerlimiz Sevinc Üçgüllə birgə professor Abdulqadir Yuvalı müşahidə edirdi. Ümumiyyətlə, Kayseridə, Türkiyənin hər yerində olduğu kimi Azərbaycana, onun incəsənətinə böyük sevgilər gördüm. Məni evlərə qonaq çağırırdılar. Şübhəsiz ki, hər yerə getməyə imkan yox idi.

- Belə görüşlərdə söhbət nə haqda olurdu?

- Ərciyəz universitetinin rektoru fəxrəddin bəy məni evinə dəvət edərkən qardaşları, atası ilə tanış etdi. Atasına ehtiramla hamı "Hacı" deyə müraciət edir. fəxrəddin bəyin bir qardaşı da Bədrəddin bəy çox istedadlı şairdir. O, dedi ki, Elazik şəhərində Xəzər adlı göl var. Orada da poeziya günləri keçirilir. Azərbaycandan da nümayəndə heyəti gəlir.

- Nəriman müəllim, o gölə Xəzər adı mühacir şair Almas İldırımın xahişi ilə verilib.

- Mən bunu eşitmişəm, Atababa. Amma Almas İldırımı professor fəxrəddin bəy, qardaşı şair Bədrəddin bəy də görüblər. Onların atası, hörmətlə "Hacı" deyə çağırdığımız ağsaqqal isə yaxından tanıyırmış, mənə çoxlu söhbətlər etdi. Mən də Bədrəddin bəydən xahiş etdim ki, Almaz İldırımla atasının və ailəsinin Türkiyədə görüşləri, yaxınlıqları barədə yazsın. Mən "Ədəbiyyat qəzeti"nin adını çəkdim ki, elə həmin qəzetdə çap eləyərlər. Bədrəddin bəy mənə söz verdi. O dedi ki, bizim Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar və b. şairlərimiz də onunla birlikdə "Xəzər" şeir günlərində iştirak ediblər. Razılığını bildirir, salam söyləyirdi.

Çox yaxşı, çox yaxşı ki, hər iki dövlət Almas İldırıma belə ehtiram bəsləyir.

Onu da deyim ki, Kayseridə xeyli Azərbaycan ziyalısı yaşayır, işləyir. Xalq rəssamı Əli Verdiyev Ərciyəz universitetinin gözəl sənətlər fakültəsində çalışır. Orada onun əsərlərindən ibarət albom buraxılıb. Çox böyük hörmət sahibidir. Mənim şərəfimə evində zifayət verdi. Sənət dostlarını da dəvət etmişdi. Universitetin prorektoru Mətin bəyin əsli isə Gəncədəndir.

Bütün görüşlərimiz ədəbi söhbətlərlə başlayır, Azərbaycan-Türkiyə münasibətləri ilə sona çatırdı.

Söhbət əsnasında Kayserinin tarixindən də söhbət açırdılar. Onlar doğma şəhərlərindən çıxmış Memar Sinanla fəxr edirlər. Türkiyənin prezidenti Abdulla Gül də bu şəhərin övladıdır. Anası indi də orada yaşayır. Dedilər ki, anasını yoluxmaq üçün Kayseriyə mütəmadi olaraq gəlir.

- Nəriman müəllim, Türkiyədə hansı şeirlərinizi oxuyurdunuz?

- İş elə gətirdi ki, Türkiyəyə getməmişdən az öncə mənim "Azərbaycan" qəzetində "Nuru Paşa" şeirim dərc olundu. Bu, böyük həcmli bir şeirdir. Elə Türkiyədə də o şeir üzərində işlədim. Oradan döndükdən sonra da. Çox güman ki, poema olacaq. Həmin şeir hər yerdə alqışla qarşılanırdı. Ondan başqa "Bakı", "Qaçaq Kərəm", "Hadı və əsgər" adlı şeirlərimi oxuyurdum. Yaradıcılığımı yaxşı bildiklərindən lirik şeirlər də oxumağı xahiş edirdilər.

Şeirlərimi oxumaqla yanaşı Bakıda, Şəhidlər xiyabanında dəfn olunan Osmanlı əsgərləri haqqında məlumat verirdim. Bu əsgərlərin önündə gedən Nuru Paşanın şücaətindən söhbət açırdım. Yeni çapdan çıxan Azərbaycan tarixində onun Azərbaycanın xilaskarı kimi verilməsini diqqətə çatdırırdım. Ümumiyyətlə, 1918-ci ilin hadisələri haqqında məlumatlarımı türklər böyük maraqla dinləyirdilər. Nuru Paşa barədə yazmağı çoxdan ürəyimdə dolandırırdım. Lakin Kayseridən professor Sevinc Üçgül xanımın mənə zəng eləməsi, "Nuru Paşa" şerini yazmağıma və Kayserilər qarşısında oxumağıma səbəb oldu. Mən bunu orada da dedim, təşəkkürümü bildirdim.

Sonda onu da əlavə edim ki, Bəxtiyar Vahabzadənin dünyasını dəyişməsindən bütün türk şairləri sarsılmışdı. Türkiyədə dərc olunan bütün ədəbi və sənət dərgiləri, qəzetləri onun vəfatını türk dünyasının faciəsi kimi, veriblər. Özümlə gətirdiyim jurnallarda böyük şairimiz Bəxtiyar Vahabzadə haqqında geniş materiallar var.

Orada mənə diplomlar, xatirə hədiyyələri təqdim olundu. Onları əziz xatirə kimi qoruyacağam.

 

 

Atababa İSMAYILOĞLU

 

Ədəbiyyat qəzeti.-2009.-5 may.-S.2.