Memuar ədəbiyyatına layiqli töhfə: “Unudulmaz görüşlər”

 

“Təhsil” nəşriyyatında xalq yazıçısı Anarın Azərbaycan və rus dillərində “Unudulmaz görüşlər” kitabı çapdan çıxmışdır.

Memuar janrında yazılmış “Unudulmaz görüşlər” ümummilli lider Heydər Əliyevə həsr edilmişdir. Kitab son illərdə qələmə alınsa da, burada qırx ildən artıq bir dövrün ədəbi, siyasi, ictimai mənzərələri əks olunmuşdur.

Nəşrdə ulu öndərlə görüşlər, mükalimələr, yazıçıların qurultaylarındakı çıxışlar, ədəbi mübahisələr və s. öz əksini tapmışdır. Əsəri oxuduqca yaxın keçmişimizin mürəkkəb, ziddiyyətli dövrü və bu mürəkkəb dövrün, hadisələrin içindən müdrikliklə, qalibiyyətlə keçib gələn Heydər Əliyevin işıqlı siması gözlərimiz önündə canlanır. Müəllif burada Heydər Əliyevin ictimai-siyasi və şəxsi portretinə ən müxtəlif baxış bucaqlarından nəzər salmışdır. Ən başlıcası, ümummilli liderin Azərbaycan xalqı və dövlətinin taleyini öz taleyi ilə üzvi vəhdət halına gətirən qüdrətli siyasi xadim obrazı ifadə olunmuşdur. Bu obrazın ən qabarıq ştrixləri Heydər Əliyevin milli dövlətçiliyin təşəkkülü, bərpası və güclənməsi naminə təxminən 40 illik çoxşaxəli fəaliyyətinə dəqiq faktlar əsasında baxış hesabına ortaya çıxır. Ümummilli liderin obrazı onun Azərbaycan mədəniyyəti və ədəbiyyatının davamlı tərəqqisi naminə gördüyü irimiqyaslı işlərə diqqət yönəldilməsi ilə uğurlu bir şəkildə tamamlanır.

Kitabda yer almış “Qalib gəldi, qalib getdi” yazısında Anar Heydər Əliyevi bütün fəaliyyəti boyu dəfələrlə dövrün və mövcud sistemin ağır sınaqlarından uğurla çıxan müzəffər siyasətçi kimi səciyyələndirir. Bu yazıda dövlət məmurluğundan bir xalqın ümummilli liderliyinə yüksələn, bu yolda müxtəlif çətinliklərə cəsurluqla sinə gərən qüdrətli siyasi xadimin müstəsna keyfiyyətləri dürüst təqdim olunur. Ən başlıcası isə, Anar bu yazıda Heydər Əliyevin öz rəqiblərindən və müasiri olduğu digər siyasətçilərdən, ilk növbədə, üstün şəxsi-mənəvi keyfiyyətləri ilə seçildiyini əsaslandırır. Müəllif göstərir ki, məhz bu keyfiyyətlərinə, öz daxili tarazlığını hər zaman qoruduğuna görə Heydər Əliyevin siyasi və rəhbərlik karyerası sonadək uğurlu olmuşdur. Bu nöqteyi-nəzərdən müəllif həmin yazıda Heydər Əliyevi neçə-neçə siyasətçi nəsli, gələcəyin dövlət adamları üçün örnək sayılmalı obraz kimi təqdim etmişdir.

“Şəxsiyyətin miqyası” yazısında isə Anar Heydər Əliyevin həm DTK-da rəhbər vəzifələrdə çalışdığı, həm də sonralar respublikaya başçılıq etdiyi dövrdəki fəaliyyəti ilə bağlı çox maraqlı məqamlara diqqət yönəldir. Həmin məqamlar Heydər Əliyevin klassik səviyyəli idarəçilik bacarığına dair ən bariz cəhətləri əks etdirir.

Yeri gəlmişkən, “Unudulmaz görüşlər”də Anar Heydər Əliyev şəxsiyyətinə qiymət verərkən şəxsi münasibətlərə, ondan ailə üzvlərinin və şəxsən özünün gördüyü köməyə, dəstəyə də əsaslandığını arxa plana çəkmir.

Kitabda müəllifin nəzər yetirdiyi çoxsaylı detallar dönə-dönə bir həqiqəti də təsdiqləyir ki, Heydər Əliyevin mədəniyyətə və ədəbiyyata dəstəyi heç də mücərrəd və qeyri-real anlayış olmamışdır. Onun bu sahələrə qayğısı konkret şəxslərdən başlayaraq genişlənmiş, son nəticədə Azərbaycanın söz-sənət mühitini bütövlükdə əhatə etmişdir. Müxtəlif yaradıcı insanlara Heydər Əliyevin xeyirxah münasibəti onların istedadının məhsulu olan neçə-neçə əsərin, yüksək sənət nümunəsinin taleyində həlledici rol oynamışdır. “Unudulmaz görüşlər” ədəbiyyat, musiqi, kino, teatr, rəssamlıq, heykəltəraşlıq, memarlıq və başqa sahələrlə bağlı onlarca bu cür faktı özündə ehtiva edir.

Redaktoru Mustafa Çəmənli olan, nəfis tərtibatlı, rəngli fotoşəkillərlə zəngin kitaba Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ön söz yazmışdır.

 

 

Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.3.