Mehdi Hüseyn müasirlərinin gözü ilə

 

Müasir Azərbaycan ədəbiyyatının beşiyi başında duranlardan, onun yetişməsində, formalaşmasında, yaradıcılıq prinsiplərinin işlənib hazırlanmasında, ideya saflığı və bədii kamillik uğrunda mübarizələrində, bugünkü yüksək zirvələrə çatmasında böyük rol oynamış görkəmli yazıçı, nəzəriyyəçi və tənqidçilərdən biri Mehdi Hüseyn olmuşdur. İlk addımlarından son nəfəsinə qədər tam qırx il ərzində o özünü vuruş cəbhəsinin ön xəttində duran döyüşçü kimi aparmışdır.

Qüdrətli söz ustası, akademik Mirzə İbrahimovun dostu, həmkarı, qələm yoldaşı Mehdi Hüseyn haqqında dediyi qiymətli, ürəkdən gələn kəlamlarında necə böyük həqiqət vardır. Doğrudan da, sözün əsl mənasında Mehdi Hüseyn ədəbiyyat fədaisi idi. Ədəbiyyatın taleyi onu öz şəxsi taleyindən çox düşündürürdü. Bu, şöhrətli sənətkarın, alovlu publisistin, görkəmli dövlət xadiminin keçdiyi şərəfli həyat yolu, yaradıcılıq yolu ictimai varlığın bədii ifadəsi olan ədəbiyyatımızın böyük bir qolu və ayrılmaz hissəsidir. O, bəşəri fikirlər carçısı idi, xalqının amalını göylərə ucaltmaq üçün çalışırdı. Sənətə, sənətkara qiymət vermək bacarığı onda güclü idi. O yazırdı: "Böyük bədii əsərlər yaradan sənətkarın ilk növbədə böyük fikirləri, böyük hissləri və böyük ehtirasları olmalıdır". Bu dərin fəlsəfi məna kəsb edən qiymətli sözləri ədibin özünə aid etmək daha ədalətli olar. Əgər böyük fikirlər, böyük hisslər onda olmasaydı, ədəbiyyatımızı, ədəbi fondumuzu zənginləşdirən, dünya xalqlarının dilinə tərcümə edilən "Abşeron" romanı, "Abşeronun davamı olan "Qara daşlar", inqilabi keçmişimizi əks etdirən "Səhər", insan iradəsinin sarsılmazlığına və insan qüdrətinin təntənəsinə həsr edilmiş "Yeraltı çaylar dənizə axır" kimi monumental, epik romanları, yaxud uzaq keçmişimizi yenidən canlandıran, vətənpərvərlik ruhunda qələmə alınan "Nizami", "Cavanşir" kimi pyesləri, Dağıstanın qəhrəmanlıq tarixindən bəhs edən "Şeyx Şamil" əsəri yaranardımı, ədəbiyyatımızın, ədəbi tənqidimizin elmi, tənqidi, nəzəri, estetik-fəlsəfi problemlərini dolğun işıqlandıran və bugünkü gündə də gənc elmi işlə məşğul olan tədqiqatçılarımızın stolüstü təqviminə çevrilən "Ədəbi döyüşlər", "Ədəbiyyat və sənət məsələləri", "Ədəbiyyat və həyat" və s. kimi kitabları olardımı? Xalq yazıçısı İsmayıl Şıxlı düzgün qeyd edir ki, Mehdi Hüseyni ədəbi tənqidin və ədəbiyyatşünaslığın bütün sahələri maraqlandırmışdır. Ədəbi ictimaiyyətimizi düşündürən elə bir sahə yoxdur ki, orada Mehdi Hüseynin səsi eşidilməsin. Ədibin yaradıcılığının böyük bir qismini onun tənqidi-nəzəri əsərləri təşkil edir. Mehdi Hüseyn ədəbiyyat tariximizdə mübariz bir tənqidçi kimi yaşayır

Mehdi Hüseyn böyük bir məktəb idi. Bu məktəbdən milyonlarla oxucu faydalanır, onun qoyub getdiyi ədəbi irsə maraq gündən-günə artır.

Qeyd etmək lazımdır ki, böyük şair və yazıçılarımızdan Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal, Rəsul Rza, İsmayıl Şıxlı və b. Mehdi Hüseyn yaradıcılığından söhbət açarkən ilk növbədə ədibin müasirliyini ön plana çəkirlər. Maraqlıdır ki, müasir mövzuda yazılan əsərlər içərisində Səməd Vurğun "Abşeron" romanını xüsusilə qiymətləndirir. O yazırdı: "Son illərdə Azərbaycan yazıçılarının müasir mövzuda yaratdığı əsərlər içərisində Mehdi Hüseynin "Abşeron" romanı diqqəti cəlb edir. Yüksək yazıçılıq mədəniyyətinə malik olan Mehdi Hüseyn bu əsərində usta Ramazan, yeni sovet ailəsini təmsil edən Lalə və Qüdrət İsmayılzadələr kimi bir sıra canlı, müsbət insan surətləri yaratmağa müvəffəq olmuşdur. Romanın yaxşı cəhətlərindən biri də odur ki, burada vətənpərvərlik həyati, əyani bir şəkildə insanların işində və fəaliyyətində verilir".

Mehdi Hüseynin müasir mövzuda yazdığı əsərləri içərisində Səməd Vurğunun, əlbəttə, "Abşeron" romanını seçməsi təsadüfi deyildir. Ədib bu romanı müasir dövrün tələblərinə cavab olaraq qələmə almışdır. Şərəfli mövzuda - neft mövzusunda roman yazmaq, Bakı neftçilərinin həyatını, fədakar əməyini, vətənpərvərliyini əks etdirmək, müasir həyatımızın hər nöqtəsində əməyin təcəssümünü görüb göstərmək yazıçılarımız qarşısında məsuliyyətli və ciddi məsələ idi. Mehdi Hüseyn novator yazıçı kimi bu vəzifənin öhdəsindən layiqincə gələ bilmişdir.

Mehdi Hüseynin 1957-1958-ci illərdə "Abşeron"un davamı kimi qələmə aldığı "Qara daşlar" romanı da, oxucular və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Roman yalnız yerli mətbuatın deyil, eyni zamanda, mərkəzi mətbuatın da diqqətini özünə cəlb etmişdir. Romanda "Abşeron"dan bir qədər fərqli olaraq köhnəliyə, bürokratizmə qarşı amansız mübarizə təsvir olunur. Bu roman haqqında görkəmli alim, akademiklərimizin, ədəbiyyatşünaslarımızın da bir-birindən fərqli fikirləri maraq doğurur. Əgər akademik Məmməd Arif bu romanı və ümumiyyətlə, Mehdi Hüseyn yaradıcılığını müsbət qiymətləndirirsə, "Qara daşlar" romanında neft adamlarının sərt təbiətlə apardığı inadlı mübarizəsini, müasir insanların vətənpərvərliyini, rəşadət və fədakarlığını böyük yazıçılıq cəsarət və səmimiyyəti ilə göstərirsə, müasirimiz olan yeni insan ədibin yaradıcılığında mühüm yer tutur deyirsə, Mir Cəlal isə ondan fərqli olaraq daha çox diqqətini bu əsərin surətləri üzərində dayandırır. Bu surətlərin dolğun və rəngarəngliyini, onların simasında əməyin insana səadət və xoşbəxtlik gətirən məfhum kimi tərənnüm edilməsini, xalqlar dostluğunun, vətənpərvərlik ideyalarının qabarıq şəkildə yeniliklə köhnəlik uğrunda gedən mübarizənin bədii boyalarla verilməsini, təbiət təsvirlərinin canlı və reallığını, kəndlə şəhər arasındakı əlaqələrin inandırıcı bir şəkildə əks etdirilməsini yazıçının müvəffəqiyyəti hesab edir.

O, "Bədii nəsrimiz yeni mərhələdə" adlı məqaləsində yazır: "Abşeron" romanının müəllifi Mehdi Hüseyn "Qara daşlar" adlı yeni roman yaratmışdır. "Qara daşlar" romanında sürətlə inkişaf etdirilən kəskin bir münaqişə vardır. Bakı yaxınlığında neft kəşfiyyatı üzərində gedən bütün diqqətləri toplayan əsas münaqişə kolxoz kəndi və ziyalıların həyatı ilə bağlanır, yalnız vətəndaşlıq duyğularını yox, həm də adamların fərdi həyatını, ailə-məişət və məhəbbət səhnələrini əhatə edir.

...Romanda gənc neftçilərdən birinin toy mərasimi təsvir olunur. Mollayev özündən çıxır: Necə yəni mən duran yerdə toy nədi, şənlik, çalıb-çağırmaq nədi? Buna kim cəsarət etmişdir? O, quduz kimi adamları hədələyir, heç nə ilə, heç kəs ilə hesablaşmadan toy məclisini yasa döndərməyə müvəffəq olur.

Mir Cəlalın məqaləsi öz məzmununun dolğunluğu, konkretliyi, elmi-nəzəri dərinliyi ilə diqqəti cəlb edir...

Mehdi Hüseyn ədəbiyyata aktual mövzu ilə gəlmişdir. Onun ilk əsəri çobanların həyatından bəhs edən "Qoyun qırxını" adlı hekayəsidir. Ədib, yaradıcılığının ilk illərindən dövrün, zamanın tələblərindən irəli gələn aktual mövzulardan yapışırdı. Onun 1930-cu ildə nəşr etdirdiyi "Xavər" və "Bahar suları" kitablarında toplanan hekayələr öz aktuallığı ilə ədəbi ictimaiyyətin diqqətini özünə cəlb etmişdi. Bu hekayələr müxtəlif mövzularda idi: Qadın azadlığı, xalqlar dostluğu, fəhlə həyatı və s. yazıçının yaradıcılığına həsr olunmuş ilk yazılar, ressenziyalar məhz 30-cu illərə təsadüf edir. Ədibin "Xavər" adlı hekayələr məcmuəsi haqqında ilk məqaləni onunla bir dövrdə yaradıcılıq fəaliyyətinə başlamış xalq yazıçısı Əli Vəliyev yazmışdır. Ə.Vəliyev "Xavər" hekayəsində Mehdi Hüseynin qadın azadlığı məsələsinə toxunduğunu müsbət qiymətləndirir. Doğrudan da, gənc ədibin bu dövrdə qadın azadlığı kimi ciddi bir mövzuya əl atması diqqətəlayiq bir hadisə idi. Çünki Azərbaycan qadınının ailə - məişət çərçivəsindən xilas olub, ictimai həyata atılması çox çətin, çox mürəkkəb yollarla başa gəlmişdir. Bunu bədii əsərdə düzgün, realistcəsinə və inandırıcı bir şəkildə əks etdirmək gənc yazıçıdan böyük cəsarət tələb edirdi.

Xavər Mehdi Hüseynin hekayəsində ictimai həyata atılmış işgüzar, gözüaçıq, kişilərlə bir hüquqda olan qadın surəti kimi verilir. Mehdi Hüseyn onun simasında gənc Azərbaycan bədii nəsrinə ilk dəfə olaraq müasir, ictimaiyyətçi qadın surəti gətirmişdir. Bu surəti ədəbiyyatımıza gətirməklə ədib Azərbaycan qadınlarını xalq işində, cəmiyyət işində, dövlət işində aktiv bir surətdə inkişaf etməyə, cəmiyyətimizin faydalı üzvü olmağa ruhlandırmışdır.

Ə.Vəliyev yazıçının "Tunel" hekayəsini də müsbət qiymətləndirir. O, bu hekayənin müvəffəqiyyətini, hər şeydən əvvəl onda görür ki, müəllif ilk dəfə olaraq fəhlələrin keçmiş həyatından aldığı canlı, real lövhələr üzərində bizi həqiqi fəhlə surəti ilə, inqilabdan əvvəl fəhlələrin ağır həyatı və dözülməz məişət şəraiti, sahibkarlar tərəfindən vəhşicəsinə istismar olunması ilə tanış edir. Əli Vəliyev müəllifə bir də ona görə bəraət qazandırır ki, o, sadəcə təsvirlə kifayətlənməyib keçmişi oxucunun gözü qarşısında real və inandırıcı boyalarla əks etdirir. Ə.Vəliyev bunu gənc yazıçının müvəffəqiyyəti hesab edir.

1930-cu il ilə 1933-cü il arasındakı dövr ərzində Mehdi Hüseyn yaradıcılığında qəti bir dönüş əmələ gəlmişdir. Ədib kiçik məsələlərdən daha böyük və aktual məsələlərə, xırda hekayə - novella formasından epik janra, povest və romana keçməyə, öz yaradıcılıq istedadını yeni sahədə təcrübədən keçirməyə təşəbbüs göstərmişdir. Onun Azərbaycanda vətəndaş müharibəsi mövzusunda yazılmış üç hissədən ibarət "Daşqın" romanı bu təşəbbüsün müvəffəqiyyətli nəticələrindən biridir.

"Daşqın" romanının 1-ci hissəsi 1933-cü ildə çapdan çıxmışdır. Burada müəllif vətəndaş müharibəsinin bir sıra maraqlı səhnələrini inandırıcı və təsirli bir surətdə oxucunun gözü qarşısında canlandırmışdır. Roman dərc edildiyi gündən ədəbi ictimaiyyətin diqqətini özünə cəlb etmişdir.

Bu əsərdə Mehdi Hüseyn müasir bədii nəsr üçün yeni, işlənilməmiş bir mövzuya toxunmuşdur. Bu məsələnin çətinliyi gənc yazıçını qorxutmamışdır. Roman konkret tarixi faktlar əsasında yazılmışdır. Romanda Azərbaycan zəhmətkeşlərinin vətənpərvərliyinə, inqilabi mübarizə cəbhəsində göstərdiyi qəhrəmanlıqlara, mübarizə prosesində insan şüurunun dəyişməsi məsələsinə xüsusi diqqət yetirilmişdir.

Əsərdə partizan hərəkatının əsas inkişaf mərhələləri, vətəndaş müharibəsində iştirak edən qüvvələrin sinfi xarakteristikası verilmişdir. Mehdi Hüseyn bu əsərində düşmən qüvvələrin təsvirində satira və yumordan da bacarıqla istifadə etmişdir. Bu əsər haqqında ilk məqaləni o zaman yaradıcılığa təzəcə başlamış olan qüdrətli söz ustası, şair Rəsul Rza yazmışdır.

Həmin məqalədə Rəsul Rza Mehdi Hüseynin çox ciddi və aktual bir mövzudan yapışmağa cəsarət etdiyini təqdir edir. O, birinci növbədə yazıçının bu mövzuya məsuliyyət hissi ilə yanaşdığını, qarşıya qoyduğu vəzifəni, ümumiyyətlə, düzgün həll etdiyini söyləyir. R.Rza yazır: "Tarixin şanlı səhifələrinə tunc qələm ilə yazılan mübarizələr, ədəbiyyatımızda meydana çıxan və onların bədii ifadəsi olan əsərlərlə daha da zənginləşir. Hüseyn Mehdi yoldaşın "Daşqın" əsəri o günlərin yaralı səhifələrindən biridir.

R.Rza Daşqın əsərini yazıçının və həm də gənc Azərbaycan nəsrinin müvəffəqiyyətlərindən hesab edir.

"Daşqın" romanı haqqında ikinci diqqətəlayiq məqalə alim, ədəbiyyatşünas Əli Soltanlı tərəfindən yazılmışdır. O da Rəsul Rza kimi əsərin başlıca müvəffəqiyyətini mövzu aktuallığında görür. Doğrudan da, bu dövrdə ayrı-ayrı hekayə və şeirlər müstəsna edilərsə, meydanda vətəndaş müharibəsi mövzusunda heç bir diqqətəlayiq, bədii cəhətdən dolğun və sanballı əsər yox idi. "Daşqın" bu yolda atılmış ilk cəsarətli addım idi

Qeyd etmək lazımdır ki, 1930-1940-cı illər arasında Mehdi Hüseynin qələmə aldığı əsərlərinə və ümumiyyətlə, müəllifin sənətkarlığına, yazıçılıq manerasına, yazıçılıq mədəniyyətinə, onun ədəbiyyatımızın, ədəbi tənqidimizin problemlərinə dair məqalə və mülahizələri haqqında müsbət fikirlər səslənmişdir. Bu yazarların hər birində ədibin yeni-yeni məziyyətlərindən söhbət açılır

Ədibin müharibə dövrünün dəhşətlərini təsvir edən "Fəryad" povesti haqqında görkəmli dramaturq və nasir İlyas Əfəndiyevin yazısı diqqəti xüsusilə cəlb edir.

Bu məqalənin başlıca məziyyəti ondan ibarətdir ki, İlyas Əfəndiyev burada sənətkarlıq məsələlərini ön plana çəkmiş, bu əsər haqqında bir yazıçı, yaradıcı kimi danışmışdır. İlyas Əfəndiyev əsərin bədii xüsusiyyətlərinə, yazıçının yaradıcılıq manerasına, üslubuna, təsvir və ifadə vasitələrinə, səciyyə yaratmaq bacarığına daha artıq diqqət yetirmişdir. İlyas Əfəndiyev ədibin insanların daxili aləmini açıb göstərmək, həm də doğru göstərmək, psixoloji anları ifadə etmək istedadını çox yüksək qiymətləndirmişdir.

O, Mehdi Hüseynin "Fəryad" povestində yaratdığı qəhrəmanlardan Vəlinin, Levinin, Şamilin əsl əmək adamları, vətənpərvər və humanist insanlar olduğunu düzgün müəyyən etmişdir. İ.Əfəndiyev bu xüsusda öz fikirlərini belə ifadə edir: " Şübhə yoxdur ki, Mehdidə qüvvətli və həssas müşahidə bacarığı ilə bərabər duyğularını ifadə etmək qabiliyyəti də vardır. Şamil düşmən pulemyotunu susdurmağı Vəliyə əmr etdikdə ədib qəhrəmanının qəlbinə diqqət edir və orada baş qaldıran ilk duyğuları düzgün görür".

Doğurdan da Mehdi Hüseyn oxucularını yaratdığı bədii surətlərin daxili aləminə nəzər salmağa və orada olan rəngarəngliyi görməyə vadar edir. Bu rəngarənglik şüurla ölümə gedən Vəlinin daxili aləmində özünü daha parlaq nümayiş etdirir.

İlyas Əfəndiyev əsərin gözəl üslubla, sadə və anlaşılan dil ilə yazıldığını da xüsusi qeyd edir. O, göstərir ki, "Fəryad" aydın, şəffaf üslubla yazılmışdır. İstər ruhi təşrihlər və istərsə də hadisənin ümumi gedişi şəffaf və yığcam təsvir edilir ki, hər şey oxucunun gözləri qarşısında tam bir aydınlıqla süzülüb keçir. Ədibin fikrincə, əsərin dili şit bədiilikdən uzaqdır. Hər söz öz yerində, yığcam və sərt bir bədiliyə malikdir. Əsərdəki şəffaflıq da əsasən bu xüsusiyyətlərdən yaranır

Mehdi Hüseynin uzaq keçmişimizi və inqilabi keçmişimizi əks etdirən epik dram əsərləri haqqındda da maraqlı rəylər səslənmiş, fikirlər yürüdülmüş və mətbuatda bir-birindən fərqli, dolğun məqalələr dərc edilmişdir.

Müharibə illərində xalqımızın qəhrəmanlıq tarixini əks etdirmək xüsusilə vacib idi. Çünki bu illərdə xalqımızın, əsasən də gənclərimizin vətənpərvərlik duyğularını, faşist işğalçılarına qarşı mübarizə duyğularını alovlandıran dram əsərlərinə də böyük ehtiyac duyulurdu. Bu baxımdan Mehdi Hüseynin Azərbaycan xalqının poetik dühasının əzəmətini təcəssüm və tərənnüm etdirən dahi Nizaminin dövrü, həyatı, həmçinin IX əsrdə xarici işğalçılara qarşı üsyanlara başçılıq etmiş Alban hökmdarı igid sərkərdə Cavanşir haqqında yazdığı dram əsərləri xüsusi təqdirəlayiqdir və siyasi-ictimai əhəmiyyət kəsb edir.

"Nizami" pyesini ədib müharibənin ilk illərində, "Cavanşir" pyesini isə bir qədər sonra qələmə almışdır. O dövrdə və sonralar bu əsərlərə dair böyük tənqidi ədəbiyyat yaranmışdı. "Cavanşir" pyesi haqqında məzmunlu və dolğun məqalə yazanlardan biri də görkəmli alim, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Əkbər Ağayev idi. O yazırdı: "M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı bu ilki mövsümünü yazıçı Mehdi Hüseynin "Cavanşir" pyesi ilə açdı. Bu əsər iki cəhətdən həm tamaşaçıların, həm də ədəbi ictimaiyyətimizin diqqətini cəlb edir.

Birincisi budur ki, tamaşaçılar indiyə qədər Mehdi Hüseynin (İlyas Əfəndiyevlə birlikdə Vətən müharibəsi illərində yazmış olduğu "İntizar" pyesi istisna edilərsə) iki pyesini səhnədə görmüşlər. Onun "Şöhrət" pyesi 1939-cu ildə, "Nizami" pyesi isə 1942-ci ildə tamaşaya qoyulmuşdur. O zamandan bəri on beş ildir ki, tamaşaçılar dramaturqun səhnədə yeni bir əsərini görməmişdilər. Məhz buna görə də "Cavanşir" pyesinin tamaşaya qoyulması tamaşaçılarımızın diqqətini cəlb etmişdir.

İkinci mühüm və diqqətəlayiq cəhət isə budur ki, Cəfər Cabbarlının "Od gəlini" və xalq şairimiz Səməd Vurğunun "Vaqif" pyesi ilə səhnəmizə gələn tarixi qəhrəmanlıq motivləri Əzizbəyov adına Dram Teatrının yaradıcılıq inkişafında ən gözəl ənənələr kimi yaşayır. Lakin son zamanlarda səhnəmizdə bu ənənələri bilavasitə yenidən canlandıran bir pyes yox idi. "Cavanşir" bu vəziyyəti dəyişdirdi; əsərin tamaşaya qoyulması göstərdi ki, teatrımız illər boyunca və ən qüdrətli dramaturgiyamızın əsərləri əsasında qazanmış olduğu zəngin yaradıcılıq təcrübəsini daim inkişaf etdirir və səhnəmizdə Cəfər Cabbarlı ilə Səməd Vurğun ənənələrini gələcəkdə də davam etdirmək əzmindədir. Tənqidçi bu məsuliyyətlərlə yanaşı pyesin başqa mühüm cəhətlərini də xüsusi qeyd edir: "Cavanşir" pyesində dramaturq xalq və vətən məhəbbətini, ölkəni yadelli işğalçıların basqınlarından müdafiə etmək məsələsini birinci planda böyük bir ilhamla qələmə almışdır. Əsərdə Muğan bütün Azərbaycanın rəmzi kimi qələmə alınmış və onun uğrunda gedən mübarizə, həmçinin Cavanşirin böyük sərkərdəlik məharəti göstərilmişdir"

Mehdi Hüseynin təsvirində Cavanşir bütün varlığı ilə Vətənə bağlı olan, xalqı üçün heç nəyi əsirgəməyən bir qəhrəmandır. Böyük sərkərdənin ürəyi böyük arzularla doludur. O, vətən övladlarını dünyanın hansı ölkəsində olurlar-olsunlar, öz ana torpaqlarını, öz elini, obasını unutmamağa çağırır Vətənin istiqlaliyyəti və azadlığı Cavanşir üçün hər şeydən qiymətlidir. Azərbaycanın müstəqil bir dövlət kimi yaşaması üçün çalışmağı o, birinci dərəcəli vəzifə hesab edir. O deyir: "Mən istərdim ki, ana torpağımız azad, daima firavan yaşasın"

Mehdi Hüseynin vətənpərvər qəhrəmanının ürəyindən keçən bu sözlər ədibin öz sözləri, öz arzusu idi. Çox təəssüf ki, o, xalqının və ədəbiyyatının müstəqil və azad olduğu, respublikamızın gün-gündən çiçəklənib inkişaf etdiyi günü görmədi. Mərhum akademik Kamal Talıbzadənin təbirincə desək, "Mehdi Hüseynin yeri görünür". Görkəmli tənqidçi və ədəbiyyatşünas alim, akademik Kamal Talıbzadənin Mehdi Hüseynin tarixi keçmişimizdən yazdığı əsərləri, xüsusilə "Səhər" romanı haqqında qiymətli fikirləri vardır. Ümumiyyətlə, "Səhər" romanı haqqında zəngin tənqidi ədəbiyyat yaranmışdır. K.Talıbzadə romanda çox ciddi məsələlərin real və inandırıcı bir şəkildə verildiyini təqdir edir. O yazır: "Bu roman Hüseyn Mehdi yaradıcılığında irəliyə doğru ciddi bir addım olduğu kimi, Azərbaycan sovet nəsrinin inkişafında diqqətəlayiq bir hadisədir".

Mirzə İbrahimov isə "Səhər" əsərinin başqa bir məziyyətini təqdir edir. O yazır: "İki hissəli "Səhər" romanını ədibin inqilabi mövzunun bədii ifadəsi sahəsindəki uzun illər ərzindəki axtarışlarının yekunu hesab etmək olar. Bu əsərində o, Azərbaycanda inqilabi mübarizələrin geniş lövhələrini, inqilabçıların qüvvətli bədii surətlərini bizə təqdim edir. Burada qəhrəmanların təbiəti, xasiyyəti, psixologiyası daha dərindən açılmışdır, psixoloji təsvirlərdə kamil, realist qələmin gücü hiss olunur. "Komissar"ın qəhrəmanı Əzizbəyov "Səhər"də də iştirak edir. Eyni zamanda, yazıçı başqa tarixi şəxsiyyətlərin bədii surətini yaradır. Məsələn, Xanlar Səfərəliyevin və Yuri Svetayevin. Bu qəhrəmanlara müəllif təbii olaraq xeyirxah münasibət bəsləyir.

"Səhər" müxtəlif xəttlər üzrə inkişaf edən, həyatın və inqilabi mübarizələrin geniş bədii lövhələrini yaradan bir roman olduğundan onun əsas qəhrəmanları yalnız tarixi şəxsiyyətlər deyil, eyni zamanda, yazıçı xəyalının məhsulu olan bədii surətlərdir"

Oxucular üçün maraqlı olan bir məsələni də qeyd etmək yerinə düşərdi. Mehdi Hüseyn şəxsiyyəti, yaradıcılığı üçün bir məsələ çox səciyyəvidir. O, bütövlük, tamlıq sevən sənətkar idi. Ona görə də 1937-ci ildə qələmə aldığı "Komissar" povestində yaratdığı M.Əzizbəyov surəti onu tam qane etmədiyi üçün bu mətin inqilabçının surətini "Səhər" romanında yenidən işləmiş və dolğunlaşdırmışdır.

Qeyd etmək lazımdır ki, ədib tarixi mövzuda yazdığı əsərlərin birində də müasirlik ruhunu canlandırmışdır. Müasirlik bizim idealımızdır. Ədəbiyyatımızın şah damarıdır" deyən ədib müasirliyinə sadiq qalaraq sonra qələmə aldığı əsərlərini yenə müasir mövzuda canlandırmışdır. Buna onun "Alov" pyesi və həm ədibin və həm də Azərbaycan nəsrinin qələbəsi hesab edilən "Yeraltı çaylar dənizə axır" romanı misal ola bilər. Bu əsərləri ideya bədii cəhətdən düzgün qiymətləndirən İsmayıl Şıxlı yazırdı: "Mehdi Hüseyn yaradıcılığının son anına qədər müsbət amal və ideya uğrunda vuruşan, ən ağır vəziyyətlərdə belə sarsılmayan, mətanət və mərdlik rəmzi olan iradəli insanları əsərlərinə qəhrəman seçmişdir. Onun bu qəhrəmanları insanların səadəti və xoşbəxtliyi üçün özlərini məşəl kimi yandırırlar. Onlar şəxsi səadətlərini ümumin xoşbəxtliyində görürlər. Bu cəhətdən onun "Alov" pyesi və son romanı - "Yeraltı çaylar dənizə axır" maraqlıdır" Yazıçının bu sözlərinin böyük həqiqət olduğunu oxucu və tamaşaçılar ədibin Alov pyesinin qəhrəmanı, həqiqəti, doğruluğu, ədaləti özü üçün ideal seçən Fərhad Kamalovun, "Yeraltı çaylar dənizə axır" əsərinin qəhrəmanı, bütün çətənliklərə sinə gərərək bir an belə sarsılmayan polad iradəli Samirə Aydının simasında görürlər.

İsmayıl Şıxlının fikrincə, Samirə Aydın həyatın müxtəlif keşməkeşlərindən keçir. Onun haqqı tapdalanır, böhtanlara, təqiblərə məruz qalır. Qəlbini parçalayırlar. O, ilk sevgisini itirir, övladlarından ayrı düşür. Vətənindən belə uzaqlaşdırırlar, adi insan hüquqları əlindən alınır. Lakin Samirə Aydın sarsılmır. İnsanlara inamını xalqına etimad və məhəbbətini itirmir Mehdi Hüseynin gəldiyi nəticə və fəlsəfi ümumiləşdirmə budur ki, yüksək amal və məslək sahibləri heç vaxt sarsılmaz, xalqına, vətəninə inamını itirməz.

Xalq yazıçısı Mehdi Hüseyn görkəmli dövlət xadimi, qüdrətli yazıçı olduğu kimi, həm də qüdrətli tənqidçi idi. Ədib məqalələrində qaldırdığı dövlət əhəmiyyətli problemlərə, publisist yazılarına da müasirlik mövqeyindən yanaşırdı. O, publisistikaya yaradıcılığında geniş yer verirdi. Heç təsadüfi deyildir ki, Türkiyə təəssüratlarını ifadə edən "Bir ay, bir gün" kitabı ədəbi ictimaiyyət və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. O, publisistika janrına yüksək qiymət verirdi və göstərdi ki publisistika həyatı barometridir.

Mehdi Hüseyn eyni zamanda, Mehdi Hüseyn fəal surətdə və ardıcıl olaraq ictimai-ədəbi fəaliyyətlə, təşkilat işləri ilə məşğul olurdu. Həm də başdansovma yox, ehtirasla, dərin mənəvi maraqla, məsuliyyət hissi ilə ədəbi prosesin canlanmasına çalışırdı. O, fəaliyyətinin bütün dövrlərində ədəbiyyatımızın ideya saflğı, xəlqilik, realizm bayrağını yüksəyə qaldırırdı

Bütövlükdə götürüldükdə onun bədii yaradıcılığı kimi ədəbi-tənqidi məqalələri də estetik fikirimizin həyata milyonların yaradıcı əməyinə yaxınlaşmasında böyük rol oynamışdır...

Qeyd edək ki, Mehdi Hüseynin yaradıcılğı, şəxsiyyəti, ictimai fəaliyyəti haqqında yazılan məqalələrin, tədqiqat əsərlərinin coğrafiyası olduqca böyükdür. Ədibin istər sağlığında və istərsə də ölümündən sonra böyük ədəbiyyat yaranmışdır. Bu hərəkat hal-hazırda davam edir. Müstəqil dövlətimizin başçısı, ədəbiyyatımıza, ədəbi tənqidimizə yüksək qiymət verən və yazıçı, yaradıcı, ziyalı əməyini həmişə təqdir edən İlham Əliyev cənablarının Mehdi Hüseynin 100 illiyini layiqincə və yüksək səviyyədə keçirilməsi üçün imzaladığı sərəncamdan sonra mətbuatda ədib haqqında bir-birindən məzmunlu, yazıçının yeni məziyyətlərini ortaya çıxaran məqalələr, yazılar dərc olunur.

Mehdi Hüseyn sağlığında yazılan obyektiv məqalələri və yürüdülən fikirləri minnətdarlıqla qəbul edir və yazırdı: "Haqqımda yazılan tənqidlər məni yalnız öz nəzəri səviyyəsinin ibtidailiyi cəhətindən kifayətləndirmir. Lakin prinsipli, tələbkar, amansız və dostcasına yazılmış yüksək tənqidi mən də o biri yazıçılarımız kimi səbirsizliklə gözləyirəm".

 

 

Zəkiyyə Qiyasbəyli

 

Ədəbiyyat qəzeti.-2009.-22 may.-S.3.