Rəsul Rza bu gün var, sabah da...

 

Ustad sənətkarımız Rəsul Rzanın şeirləri bizlərdən qabaq çiçəklərə-güllərə, salxım söyüdlərə, çinarlara tanış idi. Onun şeirlərini quşlar, arılar bizdən qabaq əzbərləmişdilər. Əzbərləyib bir ucdan oxuyurdular: "Ey, mənə toxunma!"

Bu gün bütün yer üzünün dil əzbəridi bu dilək - bütün bəşəriyyət "mənə toxunma!" iltimasçısıdı.

Bu iltimasın alt qatından Rəsul Rzanın vətəndaş narahatçılığının nəbzi vurmaqdadı. Onun yazdıqları bu gün aktualdı, sabah da belə olacaq

Elə mayın 19-da ustadın doğum günü münasibəti ilə Fəxri xiyabana gələrək onun ruhunu salamlayan cığırdaşları da bu qənaətlə baş-başa idi. AYB-nin birinci katibi, xalq şairi, Rəsul Rza fondunun sədri Fikrət Qocanın ustad şairin məzarı başında dedikləri əslində bütün Rəsulsevərlərin könlündən keçənlər idi: "Bu gün Rəsul Rzanın cismən anadan olduğu gündür. Mənən, ruhən isə o, hər yeni duyğuyla, sözlə yenidən dünyaya gəlir. Təbrizə həsr etdiyi bir şerində heç olmasa vətənin köksündə güman yeri olmağı arzulayırdı. Bu güman, ümid bu gün yaşayır özüylə bərabər Rəsul Rzanı da yaşadır. O, həmişə bizimlədi, çox sağlardan diridi. Şair o zaman ölür ki, şeirləri ölür, unudulurRəsul Rza poeziyası isə özü kimi əbədiyaşardı…"

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda davam etdirilən mərasimi açan xalq yazıçısı, AYB-nin sədri Anar atasının ruhunu əziz tutanlara ailələri adından dərin təşəkkürünü bildirdikdən sonra dedi: "Rəsul Rzanın şəxsi arxivində bir çox qiymətli nəşrlər var. Bacılarımla, ailə üzvlərimizlə məsləhətləşdikdən sonra qərara gəldik ki, bu nəşrləri ölkə başçısının qayğısı ilə yenicə təmir edilmiş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təqdim edək. Bu nəşrlərə "Füyuzat", "Zənbur", "Tuti", "Şəlalə" məcmuələrinin bütün, "Molla Nəsrəddin"in bir çox sayları daxildi".

Anar müəllimin təqdim etdiyi nəşrlərin tarixi əhəmiyyətini yüksək qiymətləndirən millət vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov dedi: "Bu gün həqiqətən çox əziz gündü. Azərbaycanda Musiqi günü var - Üzeyir bəyin doğum günü musiqi günümüz kimi qeyd edilir. Ədəbiyyat, söz günümüzsə yoxdur. Ancaq mənə elə gəlir ki, hər bir ədəbiyyat xadiminin ad günü söz, ədəbiyyat günümüzdü. Bu günlərdən biri Rəsul Rza günüdür. Rəsul Rza özünün yazdığı kimi, güllü bir may səhərində dünyaya gəlmişdi. Buna görə ömrü bahar əbədiliyinə qovuşdu. O, yazdığı, ifadə etdiyi mətləblərə həmişə sadiq qalıb. Rəsul Rza mübarizənin bu gün , yarın da olacağı özünün həmişə bu mübarizənin ön cərgəsində dayanacağı qənaətində yanılmadı. Mübarizə təkcə silah götürüb səngərdə döyüşmək demək deyil, mübarizə həm millətin gələcəyi, azadlığı uğrunda aparılan əqidə savaşından keçir. Rəsul Rza ömrü boyu bu mübarizəni ləyaqətlə apardı, həmişə aparacaq daDüşünürəm ki, Anar müəllimin bu gün Rəsul Rzanın şəxsi arxivində saxlanan dəyərli nəşrlərin Nizami muzeyinə təqdim etməsi dərin hörmətə layiq əməli işidi. Anar müəllim bu barədə öz fikrini mənə çoxdan demişdi. Ancaq istəyini belə bir əlamətdar, əziz gündə reallaşdırmasının xüsusi özəlliyi var. Bu nəşrlərin bir qiymətli tərəfi onunla bağlıdı ki, muzeyimizdə "Molla Nəsrəddin", "Füyuzat" jurnallarının sayları tam halda olsa da, "Tuti", "Şəlalə", "Zənbur" ilk dəfədir ki, tam halda fondumuza daxil edilir. Mən buna görə Anar müəllimə "çox sağ ol" deyir bir daha Rəsul Rzanın ruhunu salamlayıram".

Mərasimdə çıxış edən professor Elçin İsgəndərzadə Rəsul Rza yaradıcılığının, onun bənzərsiz şəxsiyyətinin daim göz önündə olduğunu dilə gətirdi: "Rəsul Rzanın doğum günü onun adını daşıyan mükafatın təqdim olunması təkcə biz cığırdaşlarının, mənəvi övladlarının yox, bütövlükdə türk dünyasının, dünya ədəbiyyatının mutlu günüdür. Mənim üçün ədəbiyyat ödüllərinin ən önəmlisi Rəsul Rza mükafatıdı. Mən Rəsul Rza mükafatı almağımın sevincini hələ yaşayıram".

Türk Dünyası görkəmli Ədəbiyyat Sənət Adamları Cəmiyyətinin rəhbəri Əminə Sevinc Öksüzoğlu rəhbəri olduğu təşkilat adından xalq yazıçısı AnaraBeynəlxalq Türk Ədəbiyyatına Xidmət Şərəf ödülü”nü təqdim edərək dedi: "Azərbaycanda olmaqdan qürur duyuram. Bura bizim üçün doğma məkandı. Azərbaycan türk dünyasının nəbzinin duyulduğu yerdi. Bu aurada Rəsul Rza dünyasının öz yeri var".

İCBTAK-ın başçısı Fəyyaz Salman sakini olduğu İzmir şəhərinin sovetlər dönəmində Bakıyla qardaşlaşmış şəhər olduğunu vurğuladı: "Bakıyla İzmir arasında coğrafi baxımdan çox oxşarlıq var. Mən bu məclisdə Bakı-İzmir ədəbi əlaqələrindən bəhs edən kitabı hörmətli Anar müəllimə təqdim etməkdən qürur duyuram". Almaniyadan gəlmiş Ayhan Can, makedoniyalı Brinko Svetnoski, iordaniyalı Ömer Kanlon, türkiyəli Mehmet Nuri Barmaqsız da mərasimdə çıxış edərək ədəbi əlaqələrin vacibliyindən söz açdılar.

Sonra Rəsul Rza fondunun sədri fikrət Qoca Beynəlxalq Rəsul Rza mükafatının yeni laureatlarını təbrik etdi: “Təqdim edilən mükafatlara, həm Azərbaycan ədəbiyyatının bugünkü uğurlarına görə xalqımızı, cənab Prezidentimiz İlham Əliyevi təbrik edirəm. O, mədəniyyətimizin inkişafına xüsusi diqqət yetirir. Yaxın günlərdə Nizami muzeyinin yenidən təmirindən sonra açılış mərasimi keçirilib. Dünən Yazıçılar Birliyi "Ədəbiyyat qəzeti"nin, eyni zamanda, Rəssamlar İttifaqının 75 illik yubileyi ilə bağlı sərəncam imzalayıb. Bu, mədəniyyətimizin inkişafına böyük diqqətin ifadəsidi".

Fondun sədri Rəsul Rza mükafatını laureatlara təqdim etdi. Professor Yusif Seyidov, tarix elmləri doktoru, millət vəkili Cəmil Həsənli, şairlərdən Oqtay Rza, Rübail, Adil Şirin, Mövlud Teymur, Natiq Qubadoğlu Nəsib Nəbioğlu mükafatın yeni sahibləri oldular. Şair Oqtay Rza ustada həsr etdiyi şeri oxudu. Professor Cəmil Həsənli qeyd etdi ki, bu mükafatı almaqdan qürur duyuram, o, özündə Azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndələrindən birinin adını yaşadır. "Rəsul Rza cənublu-şimallı bütöv Azərbaycanımızın problemlərini qaldıran ustad sənətkarlarımızdandı. Onun rəhbərlik etdiyi "Azərbaycan" dərgisi öz dövrü üçün yeganə dərgidi ki, o taylı-bu taylı Azərbaycanı bütöv əks etdirir. Rəsul Rza mücadilə öncüllərimizdən biri olub, öz yaradıcılığıyla yenə ön sıralarımızdadı".

Şair Rübail Rəsul Rzanın şeirlərinə yazdığı səsləşmələri oxudu: "Rəsul Rza bu gün var, sabah da, qabaqdadı, qabaqdadı, qabaqda…"

Şair Əkbər Qoşalı da Rəsul Rza haqqında ürək sözlərini ifadə etdi: "Bu günü həyatımın ən əlamətdar günü hesab edirəm. Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının hadisəsi idi. Mən onun adını daşıyan mükafatı Rəsul Rzanın görkəmli yetirməsi fikrət Qocanın əlindən almağımla özümü xoşbəxt hesab edirəm".

Digər mükafatçılar da ustad sənətkarla bağlı düşüncələrini dilə gətirdilər, ona həsr etdikləri şeirləri oxudular.

Fikrət Qoca Rəsul Rza fondunun daxilində yeni "Ümid işığı" mükafatının təsis olunduğunu da qeyd edərək bu mükafatları ilk sahibləri Rəqibə Qasımlı Ülviyyə Heydərovaya təqdim etdi.

Sonda xalq yazıçısı Anar bütün mükafatçıları təbrik etdi, ailələri adından Rəsulsevərlərə, onun adını ehtiramla yad edənlərə minnətdarlığını bildirdi.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-22 may.-S.2.