İnəkli peçenye

 

Çingiz bu yaxınlarda Moskva səfərindən qayıtmış dostu ilə stol arxasında oturub söhbət edir, arvadı Dilbər xanım stolun üstünə qab-qacaq düzürdü. Süfrədə hər şey hazır olanda qadın o biri otağa keçdi:

- Ata, yemək hazırdır, dur gəl, - dedi:

Səksən yaşlı İskəndər müəllim oxuduğu qəzeti kənara qoyub gəlinin dalıyca yemək otağına getdi, qonaqla görüşüb həmişəki yerində, yuxarı başda oturdu. Dilbər xanım təzə yarpaq dolması gətirdi. Yeyib-içdilər, süfrə yığışılanda Çingiz arvadına dedi:

- İndi bizə çay gətir, yanında də hər dəm-dəstgahı ilə…

Bir az keçmiş süfrəyə çay gəldi. Evin xanımı balaca nəlbəkilərə çiyələk mürəbbəsi töküb kişilərin qabağına qoydu, stəkanlarına limon saldı. İskəndər müəllim \gəlinin gətirdiyi vazadakı peçenyeyə diqqətlə baxıb, soruşdu:

- Bunlar hardan, ay Dilbər? Axı Bakının mağazalarında çoxdandır belə peçenye görünmürdü?

- Soltan qardaş Moskvadan bizim üçün pay alıb gətirib.

- Hə?.. Deyirəm axı…

Qoca kişi üstündə inək şəkli olan dördkünc nazik ətirli peçenyedən birini götürüb iylədi, sifəti ciddiləşdi, gözlərini bir nöqtəyə zilləyib dedi:

- Bu peçenyedən axırıncı dəfə 1942-ci ildə yemişəm…

- Bağışlayın, İskəndər müəllim, deyəsən siz səhv eləyirsiz, 42-ci ildə aclıq-qıtlıq imiş, belə şeylər ələ düşmürmüş…

- Düzdür, aclıq idi, amma bir dəfə əlimə düşmüşdü. O vaxt bu dadlı peçenye məndə böyük peşimançılıq, xəcalət hissi yaratmışdı. O zaman elədiyim pis işi uzun illər unuda bilmədim, vicdan əzabı çəkdim. Çingiz qaşların düyünləyib fikrə dalmış atasının qoluna toxundu:

- Ata, sən bizi lap maraqlandırdın, - dedi, danış görək bu peçenye nəyə görə sənə əzab veribmiş. İnana bilmirəm ki, sən nə vaxtsa bir pis iş tuta biləsən…

Qoca köksünü ötürdü:

- Olub belə iş… Bu peçenyeni görəndə o vaxt elədiyim günah iş bütün təfərrüatı ilə gözümün qabağında canlandı, o hadisədən uzun illər keçməsinə baxmayaraq indi də məni çox məyus etdi.

- Atacan, nə olmuşdu onda, danışsana! - deyə Dilbər xanım da xahiş etdi.

İskəndər müəllim köksünü ötürüb sözə başladı:

- 42-ci ilin əvvəlində atamın qara kağızını almışdıq. Bu xəbər savadsız ev qadını olan anamı bərk sarsıtmışdı, gecə-gündüz ağlayırdı. Atam cəbhəyə gedəndə o evin şeylərini satmaqla bizi dolandırırdı. Bir müddət sonra daha satmağa bir şey qalmamışdı. Aclıq çəkirdik. Bəzən kartof çörəyini də almağa pul tapmırdıq. Anam qonşular üçün paltar tikmək, yorğan-döşək salmaq, yayda xalça-palaz yumaqla bir qədər qazanırdı. On iki yaşım vardı, ona köməyim dəyirdi. Su daşıyırdım, paltar sərirdim, balaca bacıma baxırdım. Anam məni evin kişisi sayırdı, gücüm çatmayan işlər də gördürürdü. Sonra anam Bakıdakı hərbi qospitalların birində xadimə işləməyə başladı. Axşamlar işdən qayıdanda bir zənbil çirkli-qanlı bint gətirirdi, yuyub qaynadırdı, biz də onları sərib qurudur, ütüləyib səliqə ilə bükürdük. Bu işə görə əlavə pul verirdilər. 400 manat maaş alırdı. O vaxtlar baha qiymətə bazarda bəzi şeylər satırdılar. Yadımdadır, unun kilosu 100 manat, paltar sabununun qəlibi 60-70 manat idi. Anamın maaşından 1 kilo un, sabun, 50 qramlıq bir qutu çay, kartof, soğan, kök ala bilirdik. Anam iki qaşıq unu tavada qovurub xəşil adlandırdığı şirnisiz, yağsız horra bişirirdi, hərəmizə bir balaca nimçə tökürdü. O zamanlar bu "xəşil"dən dadlı şey təsəvvürümüzə gətirmirdik.

Bir gün anam maaşını alıb məni bazara göndərdi:

- Bir kilo un, yarım kilo mərci, hərəsindən iki kilo kartof, soğan, kök al. Puldan muğayat ol, Allah eləməmiş, birdən əlindən qapıb qaçarlar. Bazarda əvvəlcə un, düyü satılan cərgəyə yanaşdım. Bir kişi unu bir az qara olduğu üçün 90 manata satırdı. Sevinib aldım. Başqa şeyləri də alıb bazardan çıxanda qapı ağzında ayaq saxladım. Burada bir rus arvad qabağına taxta yeşik qoyub üstünə şirin şeylər - iris, mampası, pesokdan bişirilmiş xırda qənd tikələri, pryanik, bir də bu ətirli, inək şəkilli peçenyelərdən düzmüşdü. Mən peçenyeni çox xoşlayırdım. Atam evdə olanda tez-tez alırdı. Bazara gələndə hər dəfə bu şirin şeylərə acgözlüklə tamaşa edir, necə deyərlər ağzımın suyu axırdı. Həmin gün şirnilərin qiymətini soruşdum. İrisin biri, qəndin bir tikəsi 20 qəpik, pryanikin biri 2 manat, inəkli peçenyenin üçü 10 manata idi. fikrimdən keçdi: gəlsənə undan qənaət etdiyim 10 manatı verib üç dənə peçenye alım? Biri anamın, biri bacımın, biri də mənim. Sonra ağlıma gəldi ki, anam bu işin üstündə mənə acıqlanacaq, deyəcək 10 manata 5 kilo kartof, ya da kök almaq olardı. Ancaq nəfsim ağlıma üstün gəldi, peçenyeləri aldım, ehtiyatla köynəyimin cibinə qoydum. Yolu gələ-gələ peçenyelərin ətri burnumu qıcıqlandırır, həm də anamın əsəbiləşib məni danlayacağı fikrini çəkirdim. Birdən, sanki şeytan məni yoldan çıxartdı: yaxşısı budur, üçünü də özüm yeyim, qurtarsın getsin. Elə bil unu 90 manata yox həmişəki kimi 100 manata almışam. Kim nə biləcək? Peçenyeləri yedim. Axırıncı tikəni çeynəyirdim, birdən küçədə anam qabağıma çıxdı. Qızarıb tələsik ağzımdakını uddum. Belə çıxırdı ki, cinayət üstə yaxalanmışam. Anam həyəcanımı hiss edib narahat oldu:

- Nə olub sənə? - soruşdu.

- Heç nə…

- Un aldın, neçəyə aldın?

- 100 manata.

- İşdə arvadlar danışırdılar ki, Yaşıl bazarda un 90 manatdır. Gərək səni o bazara göndərəydim. Yaxşı, daha keçib, apar evə, indi gəlib sizinçün xəşil bişirərəm…

Axşam pulun qalığını anama verəndə soruşdu:

- Bayaq küçədə nə yeyirdin? - Mən özümü itirdim, boğazım qurudu, ikinci dəfə yalan danışdım:

- Kök…

- Min dəfə sənə demişəm ki, adam küçədə yeməz, özü də yuyulmamış kök ola…

…O gecə gözümə yuxu getmədi. Elədiyim işdən peşiman olmuşdum, özümü qınayırdım. Rəhmətlik nənəm yadıma düşdü. O, həmişə mənə, bacıma deyərdi: heç vaxt günah iş görməyin. Allah günahkarları cəhənnəmdə yandırır. Bir dəfə soruşmuşdum: günah iş nəyə deyirsən, nənə? Demişdi oğurluq etmək, yalan danışmaq, çörəyi tullamaq, ata-ananın sözündən çıxmaq… Mən o gün iki günah iş görmüşdüm: 10 manat oğurlamış, iki dəfə yalan danışmışdım. Onda mən nənəmin cəhənnəm barədəki sözünə o qədər də inanmırdım, ancaq başa düşürdüm ki, elədiyim iş bağışlanmazdır. Bu əməl çox pis xasiyyətdir və özümçün qərar qəbul etdim: mən özümü tərbiyə etməliyəm! Heç vaxt yalan danışmamılı, oğurluq etməməliyəm! Buna iradəm çatmalıdır. İradəmi yoxlamaq üçün tez-tez bazar qapısındakı taxta yeşiyin yanından keçir, üstündəki şirin şeylərə nifrətlə baxırdım. Ancaq yalan danışmamaq məsələsində bəzən çətinlik çəkirdim. Məsələn, bacım məktəbdən gec qayıdanda anam nigaran qalır, məndən saatı soruşurdu. Bilirdim ki, saatı düz desəm, arvad deyinə-deyinə qızının dalıyca məktəbə gedəcək. Ona zəhmət verməmək üçün "indi gələr, yəqin başı rəfiqələrilə söhbətə qarışıb" - deyirdim.

Bir dəfə mağazada qənd payı əvəzinə bu peçenyelərdən verirdilər, adam başına 400 qram. Növbəyə dayınıb 1 kilo 200 qramlıq payımızı aldım. Bunlardan bir-ikisini yolda yeyə bilərdim, ancaq özümü saxladım, yemədim. Bir dəfə də anam işə gedəndə xəşil bişirməyi mənə tapşırdı. Hər dəfə tökülən iki qaşıq unun xəşili az olurdu. İstədim torbadan üç qaşıq götürüm, ancaq götürmədim.

İskəndər müəllim soyumuş çaydan bir-iki qurtum içdi:

- Belə-belə işlər… - dedi, bir qədər susub əlavə etdi: - Müharibə dövrünün uşaqları çox çətinliklər çəkiblər. Allah indiki uşaqları, cavanları müharibədən uzaq eləsin!..

Qocanın xatirələrinə maraqla, məyusluqla qulaq asan Soltan dedi:

- İskəndər müəllim, doğrudan da sizin iradəniz möhkəm olub. İndiki nəsil belə deyil. Onlar heç nəyin qədrini bilmirlər. Ona görə ki, çətinlik görməyiblər.

Dilbər qayınatasının çiynini qucaqladı:

- Ata, müharibə dövründən, o zamankı hadisələrdən niyə uşaqlara, bizə danışmamısan?

- Danışmağın nə xeyri? İndiki uşaqları elə şeylər maraqlandırmır. Ancaq geyinib-kecinmək, küçələrdə boş-boşuna avaralanmaq, musiqiyə qulaq asmaq, saatlarla telefon söhbəti etmək, televizora baxmaq maraqlandırır.

- Düz deyirsən ata, - deyə Dilbər xanım da bu fikirlə razılaşdı, - indikilər, elə öz uşaqlarımız da naşükürdülər, tənbəldilər, qudurğandırlar…

- Ay qızım, bunun təqsiri özümüzdə deyilmi?

- Yəqin ki, özümüzdədir. Dünən Səmayə deyir ki, telefonumu itirmişəm. Özü də elə deyir, guya mənə şad xəbər gətirib. Deyirəm necə yəni itirmişəm, harda? Deyir, nə bilim, ya yadımdan çıxıb hardasa qoymuşam, ya da avtobusda cibimdən çıxardıblar. Soruşuram, heç bilirsən onun qiyməti neçəyə idi? Deyir, bilirəm, onu alanda mən 400 manatlığından istəyirdim, atam simiclik elədi, 300 manatlıqdan aldı. Elə yaxşı oldu itdi, bu dəfə 400 manatlıq alarsız…

Soltan gülümsəyib soruşdu:

- Qızınızın neçə yaşı var?

- Onuncu sinifdədir.

- Mənim qızım da o yaşdadır. O gün anası ilə nəsə almaq üçün dükanları gəzirmiş, yapışıb yaxasından ki, bu fransız ətrini al mənimçün. Yoldaşım deyib ki, o ətir çox bahadır, həm də yanımda o qədər pul yoxdur. Qız bu sözdən inciyib, anasına irad tutub: ay ana evdən çıxanda sumkana çox pul qoy də… - deyib.

Dilbər dedi:

- Guya pulu küçələrə səpələyiblər. Nə qədər istəyirsən yığ, tök cibinə…

- Günah özümüzdədir. Körpə yaş-larından nə istəyiblər, o saat tapıb vermişik.

Bu zaman Çingizin 21 yaşlı oğlu Elçin içəri girdi. Otaqdakılara ümumi salam verib atasının yanında oturdu. Dilbər xanım qayğıkeşliklə soruşdu:

- Yemək gətirim?

- Yox, ana, bayırda yemişəm. Ata, qulaq as, bir təklifim var!..

- Nə təklif?

- Deyirəm kompyuterimiz köhnədir, dəbdən düşüb, indi təzələri çıxıb, balaca portfelin içində. Çox rahatdır, hara istəyirsən götür apar özünlə, lap avtobusda, metroda da otur, qoy dizinin üstünə, işini gör. Pul ver, gedim bir dənə alım ondan…

- Bəs evdəkini neyləyək?

- Qoy o da qalsın, özün görürsən ki, kompyuterə görə tez-tez Səmayə ilə mübahisə edirik. O, deyir dur, mən oturum, mən deyirəm durmuram. Evdə iki kompyuter olsa yaxşıdır, biri mənim, biri Səmayənin, daha dava eləmirik. Düz demirəm? Çox baha deyil. Hə, necə fikirdir? Verirsən pul?

- Xeyr, vermirəm. Mənə qalsa bu kompyuteri də rədd eləyərəm evdən.

- E… ay ata, heç elə şey olar? Ver də, nə olar?

- Dedim yox, qurtardı, get dərsinlə məşğul ol.

Elçin pərt oldu, otaqdan çıxdı.

- Çingiz, sənin oğlun mənimkinin yanında toya getməlidir.

- Necə?

- Mənimki deyir, gəl xarici maşın alaq.

- Sizin maşınınız var ki…

- Nə olsun var, deyir o köhnədir, tez-tez xarab olur, təmirinə nə qədər pul verirsən. Həm də sən maşınla işə gedirsən, mənə lazım olanda qalıram məəttəl… İki maşın olsa köhnəsini sən sürərsən, təzəsini mən.

- Sən də razı oldun?

- Ay kişi, mənim o qədər pulum hardandır?

- Oğlun bilmir ki, pulun yoxdur?

- Bilir. Onun da çarəsini tapıb. Deyir bağımızı sataq, onsuz da ora gedən yoxdur.

- Sən də satacaqsan?

- Xeyr, xeyr, babamın bağıdır. Heç vaxt satmaram. Oğlum gördü mən razı deyiləm, indi də anasının başını bişirir.

Bayaqdan söhbətə qarışmayan İskəndər müəllim ayağa qalxıb stola söykəndi:

- Tərbiyə məsələsində də möhkəm iradə lazımdır, - dedi, - həm atada, həm anada - kişi bu sözlərlə oğluna, gəlininə baxdı - çox təəssüf ki, vaxtında mənim tez-tez işlətdiyim "olmaz!" sözünə əhəmiyyət vermədiz. Uşaqlara acıqlananda, bəzi hərəkətlərini qadağan edəndə məndən narazı qaldınız, dediniz ki, uşağa sərbəstlik vermək lazımdır, qoy nə istəyirlər eləsinlər, guya xaricdə uşaqları belə böyüdürlər. Onu başa düşmədiniz ki, həddən artıq sərbəst böyüyən uşaq çıxıb başınızda oturacaq…

- Düz deyirsən, ata! - deyə Çingiz ah çəkdi - indi də gec deyil, gərək…

Ata oğlunun sözünü kəsdi:

- Xeyr! Gecdir. Onların ipini elə buraxmamısız ki, bir də yığa biləsiz. Mən dəqiq bilirəm. Sən iki-iki kompyuteri alacaqsan, Soltan da ata-baba bağını satıb oğlunun istədiyini eləyəcək… İskəndər müəllim söykəndiyi stoldan aralandı - məni bağışlayın, gedim bir az uzanım.

Bu xoşagəlməz söhbətdən sonra qonaq da yerindən qalxdı:

- Mən də daha gedim, - dedi. - Çox sağ olun, Dilbər xanım, sizə zəhmət verdim.

Kişi pencəyini geydi, ev sahibləri onu liftə qədər ötürdülər.

 

 

Qumral Sadıqzadə

 

Ədəbiyyat qəzeti.-2009.-6 noyabr.-S.4.