Xatirələr sorağında

 

Ölməz Üzeyir bəy Hacıbəyovun ruhu qədər yaşayacaq əsərlərinə baxdıqca, oxuduqca elə hiss edirəm ki, onları ədib təzəlikcə yazıb-yaradıb. Məşhur "O olmasın, bu olsun" komediya filmi isə sanki bir möcüzələr aləmidir. Dövrün ən məşhur adamları, aktyorlar nəsli bu filmdə cəmləşib. filmdə cavan, cazibədar bir rəqqasə qız rəqs edir. O, sanki bir sonadır, qollarını açıb mavi səmada asudə süzür. Bu rəqqasə Azərbaycanımızın rəqs şahzadəsi, xalq artisti Əminə xanım Dilbazidir.

Əminə xanım Dilbazi 1919-cu ildə Qazax mahalının Xanlıqlar kəndində anadan olub. Hələ balaca ikən, - 5 yaşı olanda ailəliklə Bakıya köçmüşlər. Balacalıqdan doğma kəndindən uzaqlarda yaşamasına baxmayaraq, dilinin şirinliyini, ləhcəsini dəyişməmişdi. Onunla danışanda adam özündə bir yüngüllük, bir doğmalıq, yaxınlıq hiss edir. Heç hiss eləmirəm ki, bu xanım dövlət xəttilə dünyanı dolaşmış, şöhrətin-şanın ən uca zirvəsində dayanmış bir səhnə, sənət fədaisidir. İndi ixtiyar yaşına çatmış Əminə xanımın dilindən "dərdin alem, ölöm, nə dersən, az" eşidəndə təəccüblə bir anlıq onun üzünə baxıram və fikirləşirəm: "Dahi insan odur ki, nə qədər şan-şöhrət sahibi olsa da, onun gözəlliyi insanlığı, sadəliyidir."

Bizim Əminə xanım belə sadə şəxsiyyətlərdəndir. Əminə xanım orta məktəbi bitirdikdən sonra 1935-ci ildə Azərbaycan Xalq Rəqs Ansamblında rəqqasə,1936-1938-ci illərdə filarmoniyada, Mahnı və Rəqs Ansamblında solist olub. 1938-ci ildə Moskvada Ədəbiyyat və İncəsənət ongünlüyündə iştirak edib.

İlk müəllimlik fəaliyyətinə 1939-cu ildə Teatr Texnikumunda başlayıb. 1954-cü ildə respublikanın əməkdar, 1959-cu ildə xalq artisti adına layiq görülüb. Özünün yaratdığı "Sevinc" və "Çinar" qızlar rəqs ansamblı ilə dünyanı dolaşıb. Azərbaycan rəqslərini dünya tamaşaçılarına sevdirib. İstər dövlət səviyyəsində, istərsə də geniş xalq kütlələri arasında onu "Rəqs sənətinin kraliçası" kimi qəbul ediblər.

Əminə xanıma baş çəkməyə getmişdik. Xeyli söhbət etdik. Əminə xanım öz söhbətlərində ən çox Üzeyir bəyin adını çəkirdi. Deyirdi mənim Əminə Dilbazi olmağım Üzeyir bəyin xidmətidir.

Əminə xanım söhbətlərində Üzeyir bəyin "Kolxoz çöllərində" mahnısına qurduğu rəqsi danışmağa başladı: - O dövrdə məşhur pambıq yığanımız vardı - Bəsti Bağırova. O, əllə pambıq yığmaqda birinci yerə çıxmışdı. Onu Moskvaya çağırdılar, Sosialist Əməyi Qəhrəmanı adını verdilər. Üzeyir bəy də ona "Kolxoz çöllərində" mahnısını ithaf etdi. Mahnı belə idi (Əminə xanım mahnının musiqisini zümzümə edir):

 

Kolxozcu qızı çıxıbdı düzə,

Onun gecəsi dönüb gündüzə.

 

Bu mahnının musiqisi gecə-gündüz başımdan çıxmırdı, - deyə Əminə xanım söhbətinə davam edir: - Bakı bağlarında idim, Zirədə. Gecə yatmaq vaxtı oldu. Anam işığı söndürdü, mənə də dedi ki, yatım. Yata bilərəm? Musiqi beynimi deşirdi: "Ölsəm də qoymaram yatasan". Mahnını hey zümzümə edirdim. Durdum ustufca pəncərənin pərdəsini yana elədim. Ayın işığı evə doldu və mən başladım mahnıya rəqs qurmağa. Baş rolun ifacısı Bəsti Bağırova da oldum özüm.

Üzeyir bəyin musiqisi mənə o qədər ilham verdi ki, səhərə rəqsi qurtardım. Bu, mənim rəqsə verdiyim birinci quruluş idi. Heç rəqs qurmamışdım, bilmirdim rəqs necə qurulur, necə olmalıdır, kim hardan çıxmalıdır, kim nə etməlidir. Bəsti Bağırova hardan gəlməlidir, pambığı necə yığmalıdır. Rəqsi qurdum, rəqsdə Bəsti Bağırova səhnədə iki dəfə gedir o başa, gəlir bu başa. Sonra onu aparırlar Moskvaya, qəhrəmanlıq ordeni veririlər və s. Mən səhər açılan kimi anama dedim ki, Bakıya getməliyəm. Anam soruşdu ki, nəyə gedirsən, nə hadisə baş verib. Mən başladım özümdən sözlər uydurmağa: Ansamblın uşaqları məni gözləyir, mənsiz heç nə də edə bilmirlər, mənim onlara köməyim lazımdır. Yemək-içməyimi də özüm hazırlayacağam, heç narahat olma. - Anamı birtəhər razı salıb Bakıya gəldim. Tez ansamblı yığdım, "Kolxoz çöllərində" rəqsinin məşqinə başladıq. O rəqsdən sonra Bəsti Bağırova ilə də görüşdük. Məşq qurtardıqdan sonra mənə dedilər ki, Üzeyir bəy səni - rəqs quran qızı çağırır. Mən qorxudan və həyəcandan başladım ağlamağa. Üzeyir bəyə deyiblər ki, sənin mahnına rəqs qurublar. O da təəccüblə soruşub: - Nəcə yəni rəqs qurublar? Kimdi rəqsi quran?

O vaxtlar rəqs quran adlı-sanlı baletmeyster Qəmər Almaszadə idi. Məşq zamanı Üzeyir bəy gəlib salonda əyləşibmiş. Dedi, o rəqsi yenidən məşq edin. Mən həyəcandan titrəsəm də, Bəsti Bağırovanı oynadım. 5 il idi ki, filarmoniyada işləyirdim, cavan idim. Rəqs-zad qurmamışdım. Ancaq təb gələndə özüm də bilmədim rəqsi necə qurdum. Pambıqçı qızı oynayıb qurtarandan sonra dalınca "Yallı" rəqsi ilə davam etdirdik. Bəsti qəhrəman adı aldığına görə kolxozçular sevinir, şadyanalıq edir və elliklə yallı gedirlər. İlk qurduğum "Yallı" rəqsi o idi. Bir də gördüm rəqs qurtaranda Üzeyir bəy astaca əl çalır. Ayağa qalxıb adəti üzrə bığını yavaşca eşdi, əlini başında gəzdirdi, kabinetinə keçdi və məni çağırtdırdı.

Bədənimi əsməcə tutmuşdu. Ayaqlarım titrəyə-titrəyə otağın qapısına tərəf getdim. Allah, bu nə işdi mən gördüm? Bu da axırı... Qorxudan elə ağlayırdım ki... Kabinetində oturmuş Üzeyir bəy məni görcək dedi:

- A balaca qız, qapıda niyə durubsan? İçəri keç görüm nə demək istəyirsən?

Mən yavaşca dedim:

- Üzeyir əmi, heç nə istəmirəm

- Onda niyə ağlayırsan?

- Üzeyir əmi, bağışlayın məni. Mən hara, siz hara?.. Zirədə bağda idim Musiqiniz qoymadı yatam Durdum, bu rəqsi qurdum.

Elə bildim Üzeyir bəy məni danlayacaq. Yenidən hönkürdüm.

- Sən ağlama, balaca qız. Sən ağıllısan, istedadlısan. İndi zəng edəcəyəm mədəniyyət nazirliyinə, qoy sənin qurduğun bu rəqsi dövlət tədbirinə salsınlar.

Bununla demək istəyirəm ki, müəllim, rəhbər olmaq asandır, ancaq qayğıkeş insan olmaq hər adama müyəssər olmur. O əsl insan idi. Üzeyir bəyin inamı ilə mən baletmeyster oldum.

Azərbaycanda o vaxtlar sirk yox idi. Üzeyir bəy istəyirdi ki, özümüzün sirkimiz olsun. Moskvadan Bakıya hərdən sirk gəlirdi. Azərbaycanda sirk yarananda Üzeyir bəyi sirkə direktor təyin etdilər. O direktor gedən kimi məni sirkə baş baletmeysterliyə dəvət etdi. Mən etiraz edib dedim: Mənim orada nə işim var? Üzeyir bəyin təkidilə sirkə işə düzəldim. Mən hara, sirk hara? Orada meymun oynadırlar, adam yox. Mən gedib orada nə edəcəyəm? Mən orada yaxşı maaş almağa başladım. O vaxtlar uşaqların atası, rəhmətlik Cövdət Hacıyev Moskvada konservatoriyada oxuyurdu. Xəbər göndərdi ki, bəs mən qayıdıram Bakıya. Dedim:

- Ay Cövdət, niyə qayıdırsan, nə hadisə baş verib?

- Azərbaycandan dahi rus bəstəkarı Dmitri Şostakoviçin kursuna iki nəfər daxil olub. Biri Qara Qarayev, o biri də mən. fikirləşdim ki, tələbə təqaüdü ilə necə dolanacağam. İşıq pulu, qaz pulu, geyinmək, yemək, yol pulu Bu qədər pulu hardan alacağam?

Mən Cövdətə dedim:

- Heç elə şey yoxdur. Qayıtmaq sözünü unut. De görüm, sənə ayda nə qədər pul lazımdır?

Cövdət oxuyub qayıdana qədər hər ay aldığım məvacibi ona göndərirdim. Cövdət məndən soruşanda ki, bu pullar səndə hardandır? Cavab verdim ki Cövdət, mən Əminə xanım, Məhəmməd anasıyam.

O vaxtlar mən Üzeyir bəyə dedim: Mənə kömək edin, Cövdəti oxudum. O, kişi kimi söz verdi və mən Cövdəti oxuda bildim, ayda filan qədər maaş alırdım.

Sirkdə işlədiyimiz vaxtlar idi.

Mən, illər keçdikcə hiss edirəm ki, Üzeyir bəy dahi insan olub. Çox istəyirəm ki, onun kimi insanlar çox olsun, insanlara onun kimi qiymət verənlər, gənclərin qayğısına qalanlar çox olsun. Onun yeri çox görünür. O, ən kasıb adamları çağırıb pul verirdi. Tələbənin əyninə-başına baxıb deyirdi: - Al bu pulu, get özünə libas al, yemək-içməyinə fikir ver. Üzeyir bəy təkrarolunmayan bir şəxsiyyət idi. O, mənim beynimdə, şüurumdadır, neçə ki, mən yaşayıram, o mənimlə birldikdə yaşayır. Onun tökdüklərini mən bir-bir döşürürdüm. Çalışırdım ki, Üzeyir bəy gəncləri necə sevirdisə, mən də elə sevim, gənclərin qayğısına necə qalırdısa, mən də eləcə qalım.

Əlbəttə ki, Üzeyir bəyin xasiyyəti, mərdliyi, mənəmliyi Azərbaycan xalqı üçün bir nümunə idi. Onun tərbiyəsindən çox adamlar keçdi. O vaxtlar bəstəkar Cahangir Cahangirov, xormeyster Qılman Salahov, xanəndələrdən Xurşud Babayeva, Xanbacı Həmidova, Seyfəl Əlibalayev və bir çox başqaları onun məktəbini keçmişdir. Bir dəfə görmədim ki, Üzeyir bəy bir adamın üstünə qışqırsın. Əsəbiləşəndə də yalnız bir söz "qurtardıq" - deyib gedərdi.

Bu dahi insan Azərbaycan incəsənətinə Əminə Dilbazi, Cövdət Hacıyev, Qara Qarayev, Qüdrət Əmiraslanov kimi sənətkarlar yetişdirib verdi. O sənətkarlar ki, Üzeyir bəyin yanında böyüdü, yazıb-yaratdı. Biz onun yolunu davam etdirdik, onun yoluynan getdik. İndi sağ qalanlar azalsa da onun yolunu davam etdirməkdədir. O bizim ürəyimizdədir. Üzeyir bəyi unutmaq Azərbaycanın keçmişini itirmək deməkdir. Mən onun dövründə çox şey öyrəndim. Belə bir insanın tələbəsi olmaq böyük şərəfdir. O, heç vaxt özünü öyməz, "mənəm-mənəm" deməzdi.

İndi onu əvəz edən yoxdur, indi həyat, dövran tamam dəyişib, başqalaşıb.

Mən tez-tez onlara gedərdim. Onun mələk xasiyyətli həyat yoldaşı - Məleykə xanım çox təmkinli qadın idi. O, Üzeyir bəyin nədən xoşu gəldiyini, nədən xoşu gəlmədiyini gözəl bilirdi. Ərinin qonaqlarını hərəsinin öz zövqünə görə qarşılayırdı. Bir dəfə Üzeyir bəyin köməkçisi xormeyster Qılman Salahov onlara gəlir. Məleykə xanım stol açır, içki, yemək gətirir. Balaca araq rumkasını görən Qılmanın kefi pozulur. Ürəyində fikirləşir ki, mən arağı stəkanla içən adamam, bu rumka ilə nə edim? Araq dolu rumkanı götürüb birnəfəsə boğazına tökür. Üzeyir bəy bundan təəccüblənir və arvadını çağırır:

- Məleykə, Məleykə, bir gəl bax, qonağımız alkoqolikdir.

Qılman istəyir ikiəlli başına vursun ki, bir rumka araq içməklə alkoqolik oldum. Biz dərsdən çıxanda tramvay dayanacağında Üzeyir bəyin gəlməsini gözləyib, onunla birlikdə tramvaya minməyə can atırdıq. Tez-tələsik pul çıxarıb ona tramvay bileti almağa çalışırdıq. O vaxt biletin qiyməti 4 qəpik idi. Üzeyir bəy bunu hiss edən kimi nəzarətçiyə deyirdi onların pulunu qaytarın, onlar tələbədir, nə pul alırlar ki, hələ bir mənə də bilet alsınlar.

Nəzarətçi təəccüblə pulumuzu qaytarırdı. Biz də pərt halda, suyu süzülmüş sakitcə yerimizdə dayanırdıq.

Bir dəfə də işdən evə dönən Üzeyir bəy öz mərtəbəsində bir oğlanın dayandığını görür. Elə bilir ki, oğrudur. Oğlana deyir ki, sən burda dayan, mən evə baxım, gəlirəm. Evə girib arvadından soruşur:

- Məleykə, evdə hər şey yerindədirmi? Heç nə oğurlanmayıb ki?

Məleykə "yox" deyə cavab verir. Üzeyir bəy bayıra çıxır ki, oğlana desin, hər şey yerindədir, gedə bilərsən. Baxıb görür ki, oğlan nə gəzir, o çoxdan çıxıb gedib.

Üzeyir bəy dahi, istedadlı bir şəxsiyyət olmaqla yanaşı, həm də ürəyi təmiz, necə deyərlər, sadəlövh insan idi. Allah onun ruhunu şad eləsin!

... Əminə xanım burada sözünə nöqtə qoydu. Ancaq hiss etdim ki, danışmağa o qədər xatirələri var ki, ona günlərlə vaxt lazım gələr.

Bu il Əminə xanım Dilbazinin 90 yaşı tamam olur. Mən də elimin bu şux rəqqasə qızına Allahdan sağlam ömür arzu edirəm. Allah üzərində Üzeyir bəyin ruhu dolaşan Əminə xanıma cansağlığı əta eləsin!

 

 

Salatın ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.-2009.-18 sentyabr.-S.3.