Gecikmiş yazıya cavab

 

"Elm" qəzetinin 15 aprel 2009-cu il tarixli nömrəsində prof. Xəlil Yusiflinin "Şeyx Səfiəddin Ərdəbili, yoxsa Səfiqulu Xan Səfi" adlı məqaləsi dərc olunmuşdur. Məqalədə bizim "XIII-XIV əsrlər anadilli lirik şeirimizin inkişaf yolu" (Bakt: Elm və təhsil, 2009) adlı monoqrafiyamızda "Şeyx Səfiəddin Ərdəbili" oçerkində sənətkarın iki qəzəlinə və "Qara məcmuə" adlı nəsr əsərinə münasibət bildirilir. Həmin iki qəzəl və "Qara məcmuə "dən nümunə kimi verilib təhlil edilən parçalar Azərbaycan türkcəsindədir. Müəlliflər iki qəzəlin və "Qara məcmuə"dən verilən nümunələrin Şeyx Səfiəddinə aid olmasını inkar edir. Doğrudur, "Qara məcmuə"yə münasibətdə bir qədər ehtiyatla davranır. Məsələyə şübhə ilə yanaşdığı aydın olur. Amma, ümumiyyətlə, alimin mövqeyi aşkar şəkildə sezilir: "Qara məcmuə"dən verilən örnəklərin Şeyx Səfiəddinə aid olduğunu şübhə altına almaq.

 

Xəlil müəllimin yazısından hiss olunur ki, onun hər üç bədii nümunə (iki qəzəl, "Qara məcmuə"dən parçalar) ilə tanışlığı (yəni həmin nümunələrin Şeyx Səfiəddinə aid olması) ilk dəfə bizim monoqrafiyamız vasitəsi ilə baş tutmuşdur. Ona görə də deyilən məsələyə bizim monoqrafiyanı oxuduqdan sonra münasibət bildirmişdir. Halbuki professorun münasibəti hədsiz dərəcədə gecikmişdir. Çünki elm aləmində həmin örnəklərin adı cəkilən sənətkarın bədii yaradıcılıq məhsulları kimi təqdim olunmasından uzun illər ötür. Xəlil müəllimin bir mütəxəssis kimi uzun müddət susması (və ya məsələdən xəbərsiz qalması) yalnız təəssüf doğurur. Əslində isə haqqmda söhbət açdığımız problemə daha əvvəllər münasibət göstərilməli idi.

"Qoydi ğəm ləşkəri yüz könlümə hamun-hamun" misrası ilə başlayan qəzələ gələk. Doğrudan da, bu qəzəli S.Ə.Şirvani və S.Mümtaz XVII əsr şairi Səfıqulu bəyin şeiri kimi təqdim edirlər. S.Ə.Şirvani sənətkar barəsində heç bir bilgi verməsə də, S.Mümtaz oxucunu onun haqqında xeyli məlumatla tanış edir.

Ancaq nəzərə çatdırırıq ki, həmin qəzəl daha əvvəl Ələkbər İmad Təbrizinin "Rəngarəng" adlı kitabının 2-ci cildinin 505-ci səhifəsində Səfəvi şeyxinin şeiri kimi təqdim edilmişdir. Fəxrəddin Musəvi Ərdəbili də "Ərdəbil tarixi və alimlər" ("Tarixe-Ərdəbil və daneşməndan". Nəcəf, 1347) əsərində qəzəli Şeyx Səfiəddinin yaradıcılıq nümunəsi kimi vermişdir. Bu deyilənlər barədə geniş məlumat verən M.İsmayılova 1990-cı ildə (AMEA-nın xəbərləri (ədəb., dil və inc. ser.), 1990, N°4, s.80-85) "Şeyx Səfiəddin Ərdəbilinin "Səfvətüs-səfa" əsəri haqqında bir neçə söz" məqaləsində deyilən qəzəli Ş.S.Ərdəbilinin əsəri kimi elmi ictimaiyyətə çatdırır. Doktor H.M.Sədiq, tanınmış alim T.Hacıyev də aşağıda adını çəkdiyimiz əsərlərində şeirin bəhs etdiyimiz sənətkarın qələminə məxsus olduğunu qeyd edirlər. Deməli, Xəlil müəllimin cavabı düz 19 il gecikib. Klassik ədəbiyyatımızın gözəl bilicisi, mənbələrə yaxşı bələd olan alim məhz o zaman məsələyə münasibət bildirməli idi. Cavabın 19 il gecikməsi qəribə görünür.

Digər tərəfdən belə bir sual yaranır və hörmətli alim bu suala cavab axtarmalı idi. Nə üçün S.Ə.Şirvani və S.Mümtazın fikirləri doğrudur, ancaq Ələkbər İmad Təbrizi, Fəxrəddin Musəvi Ərdəbili, M.İsmayılova, H.M.Sədiq və T.Hacıyevin dedikləri yalan? Bəlkə, yanılan elə S.Ə.Şirvani və S.Mümtazdır? Şəxsən biz də sonuncuların mülahizələrinə şübhə ilə yanaşırıq. Deməli, hələ ki, bu qəzəllə əlaqəli sualın cavabı açıq qalır və yəqin ki, gələcək tədqiqatlar buna aydınlıq gətirəcəkdir.

Gəlirik ikinci qəzələ. Xəlil müəllimin "Ey rövnəqi-baharü çəmən, gülmüsən, nəsən?" misrası ilə başlayan bu qəzələ münasibət bildirməsi isə nə az, nə çox, düz 33 il gecikib. Çünki həmin qəzəl Şimali Azərbaycanda geniş oxucu kütləsinə ilk dəfə 1976-cı ildə ("Azərbaycan müəllimi" qəz., 1976, 29 oktyabr) Ə.Hüseyni tərəfindən təqdim edilib. Ə.Hüseyni "Qiymətli tapıntı" adlı orta həcmli bir məqalə yazmış, burada Şəyx Səfiəddin haqqında məlumat vermiş və sonda qiymətli tapıntı kimi adı çəkilən qəzəli S.Ərdəbilinin şeiri kimi oxuculara çatdırmışdır. Ə.Hüseyni bədii nümunəni hansı mənbədən əldə etdiyini də göstərmişdir: Baba Səfəri. "Ərdəbil tarix yollanda". 2-ci cild, səh.65.

Haqqında bəhs etdiyimiz qəzəl doktor H.M.Sədiqin tərtibatı ilə nəşr olunan "Şeyx Səfiəddin Ərdəbilinin şeirləri, sözləri, öyüdləri və mənqibələri" (Tehran, 2001) kitabında, həmçinin Q.Qubadovun "Qaynaqlar Şeyx Səfı poeziyası haqqında" (AMEA-nın xəbərləri (hum. elm. ser.), 2004, jNs4, s.35) adlı mətbu məqaləsində də yer almışdır.

Əgər birinci qəzəli Ş.S.Ərdəbilinin qələm təcrübəsi hesab etməməkdə Xəlil müəllim heç olmasa hansısa bir faktdan yapışırdısa (S.Ə.Şirvani və S.Mümtazdan), ikinci qəzəlin inkanda o, yalnız "bir nəfər yoldaşın sözünə" və bir də gümana (!) əsaslanır. Alim yazır ki, həmin "yoldaş" "bu qəzəlin XIX əsrdə yaşamış bir Qarabağ şairinin olduğunu söylədi". İndi nəyə inanaq? X.Yusifli bir tərəfdən bu "yoldaşın" fıkrinə şərik çıxır, o biri tərəfdən isə qəzəli dil və üslub xüsusiyyətlərinə görə Səfiqulu bəyinki hesab edir.

Axı, nə birinci, nə də ikinci variant ağlabatan, elmdə qəbul edilən variantlardır. Hansısa bir "yoldaşın" sözü elmdə qətiyyən fakt və həqiqətin sübutu sayıla bilməz. Əgər söhbət yeddi əsr bundan əvvəl yaranmış şeirdən gedirsə, şifahi şəkildə hansısa bir şəxsin dediyi söz, etdiyi şahidlik, əlbəttə, həqiqət ola bilməz. Qəzəli dil və üslub baxımından da Səfiqulu bəyə aid etmək qeyri-mümkündür. Əgər Səfiqulu bəyin cəmi 1-2 şeiri əldədirsə, onun dil və üslub xüsusiyyətlərini müəyyənləşdirmək, 1-2 poeziya nümunəsindən çıxış edib hökm vermək mümkündürmü? Xəlil müəllim ağıllı və məntiqli bir alim kimi bunu bilməmiş deyil. Deməli, yerində yalnız güman və fərziyyə qalır. Alim gümana əsaslanaraq qəzəlin Ş.S.Ərdəbiliyə aid olmadığını söyləyir. Bu isə elmi baxımdan məqbul sayıla bilməz.

X.Yusifli nə üçünsə "bir nəfər yoldaşın" şifahi sözünə inandığı halda, Cənubi Azərbaycan alimlərinin deyilən məsələ ilə əlaqədar fikirlərinə tamamilə şübhə ilə yanaşır və yazır: "Bütün bunları xatırlamaqda məqsədimiz odur ki, müasir Güney Azərbaycan alimlərinin səhvlərinə aldanaraq Şeyx Səfıəddin Ərdəbilini türkcə şeirlər yazan ilk şair elan etmək yanlışdır". Təd-qiqatçının bu cür inkarçı mövqeyi bir qədər qəribə görünür. Axı, Güney Azərbaycan alimlərinin dediklərinə nə üçün inanmaq olmaz? Bunun üçün səbəb və əsas nədir? Təəssüf ki, hörmətli professor öz fikrini əsaslandırmaqdan ötrü dəlil tapa bilmir.

X.Yusiflinin "Qara məcmuə" ilə əlaqədar bəyan etdiyi mövqeyi də gecikib. Tədqiqatçı ən azı 7-8 il əvvəl bu əsərə münasibət bildirməli idi. Çünki əsərin mətnindən əldə edilən hissə 2001-ci ildə Cənubi Azərbaycan alimi doktor Hüseyn Məhəmmədzadə Sədiq tərəfindən Tehranda nəşr edilmişdir (Qara məcmuə. Şeyx Səfiəddin Ərdəbilinin şeirləri, sözləri, öyüdləri və mənqibələri. Tərtib edən: Doktor H.M.Sədiq. Tehran, 2001). "Qara məcmuə"nin həmin kitabdan götürülmüş müəyyən parçaları isə həmin ildə görkəmİi alim T.Hacıyevin "Qara məcmuə"nin şəffaf dili haqqında iki söz" ("Ədəbiyyat qəzeti", 2001-ci il, 1 iyun) adlı genişhəcmli məqaləsində yer almışdır. Monoqrafıyamızda biz bu məqalədəki örnəklərdən bəhrələnmiş və mənbəni də göstərmişik.

Təəssüf ki, Xəlil müəllim heç bir sübuta söykənmədən Ş.S.Ərdəbilinin ana dilli nəsrimizin "hələlik bizə bəlli ilk və yeganə nümayəndəsi" olması fikrini də "əsassız" hesab edir. Hətta "Qara məcmuə" əsərinin mövcudluğuna belə şübhə ilə yanaşır. O yazır: "Qara məcmuə" "Səfvətiis-səfa" tərcüməsindən qopma parça deyildir ki?! Və ya ayrı bir adamın tərcümə etdiyi parçalar deyil ki?".

Belə birmülahizə tamamilə əsassız görünür. Əvvələn, Şeyx Səfinin "Qara məcmuə" adlı əsərinin olduğunu mötəbər qaynaqlar xəbər verir. Məsələn, M.Tərbiyət "Danişməndani-Azərbaycan" əsərində yazır: "Bəqai və Qoribi də fars və türk dillərində Şeyx Səfinin tərcümeyi-halını yazmış və Şeyxə "Qara məcmuə" adlı bir əsəri nisbət vermişlər. Onlar qeyd etmişlər ki, bu məcmuə Səfəvilər kitabxanasından başqa heç yerdə yoxdur. Qəribi çox qısa və ötəri şəkildə o məcmuənin məzmunundan danışmışdır".

Burada bir məsələyə xüsusi diqqət yetirək. Təzkirəçi Qəribi ötəri də olsa, əsərin məzmunundan danışır. Deməli, o, "Qara məcmuə"ni nəinki görüb, hətta oxuyub da. Çünki oxumadan bir əsərin məzmunundan necə danışmaq olar? Digər tərəfdən əgər "Qara məcmuə" Səfəvilər sarayında mövcud idisə, o nə "Səfvətüs-səfa", nə də bu əsərdən parçalar ola bilərdi. Çünki "Səfvətüs-səfa"nın ayrıca bir əsər kimi həm Səfəvilər kitabxasında, həm də başqa yerlərdə olduğu qaynaqlarda dəfələrlə xatırladılır.

İkincisi, "Qara məcmuə"nin əlimizdə olan parçalarını tərcümə nümunəsi kimi qiymətləndirmək mümkün deyil. İstənilən tərcümə mətnində mətnin leksik-sintaktik sistemində, cümlə quruluşunda, dil vahidlərinin harmoniyasında, hətta leksik-sintaktik vahidlərin yaratdığı aurada başqa dildə olan mətnin "yad" diktəsi, "gəlmə" ünsür o saat özünü büruzə verir (Tərcüməçi nə qədər peşəkar olsa da). Bu hamının bildiyi adi həqiqətdir. Haqqında söhbət açılan əsərin əldə olan parçalarında isə mətnin tamamilə milli linqvistik təfəkkürdən doğduğu, milli dil zəminində ərsəyə gəlib tərcümə xüsusiyyətlərindən uzaq olduğu bariz şəkildə hiss edilir. Bu millilik mətnin ruhunda da aydın sezilir.

Ücüncüsü, "Səfvətüs-səfa" XVI əsrdə Katib Nişati tərəfindən (1543) "Şeyx Səfi təzkirəsi" adı ilə Azərbaycan türkcəsinə tərcümə edilmiş, həmin tərcümə 2006-cı ildə Bakıda nəşr olunmuşdur (Şeyx Səfi təzkirəsi. Tərtibçilər və nəşrə hazırlayanlar: M.Nagısoylu, S.Cabbarlı, R.Şeyxzamanh. Bakı: Nurlan, 2006). Onun tərcümə əsəri olduğu dərhal hiss edilir. Digər tərəfdən "Qara məcmuə"dən bizə gəlib çatan parçalar burada da yoxdur. Deməli, həmin parcaları "Səfvətüs-səfa"dan qopma hesab etmək əsassız fikirdir.

 

 

Yaqub BABAYEV

 

Elm.- 2010.- 29 aprel.- S.10.