Doktoranturaların
yaradılması və doktoranturaya qəbul qaydaları
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il
01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Təhsil
haqqında» Azərbaycan Respublikası Qanununa əsasən
hazırlanmışdır və doktoranturaların
yaradılmasına qoyulan tələbləri və doktoranturaya
vahid qəbul qaydalarını müəyyən edir.
1.2. Azərbaycan
Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedoqoji
kadrların hazırlanması ali təhsilin
ən yüksək səviyyəsi olan doktorantura (hərbi təhsil
müəssisələrində adyunktura) yolu ilə həyata
keçirilir və müvafiq elmi dərəcələrin (elm
sahələri göstərilməklə, fəlsəfə
doktoru və elmlər doktoru) verilməsi ilə başa
çatır.
1.3. Doktoranturada təhsil fəlsəfə
doktoru və elmlər doktoru proqramları üzrə həyata
keçirilir.
1.4. Doktoranturada təhsilalma əyani
(istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan
ayrılmamaqla) formalar üzrə həyata keçirilir.
1.5. Doktorantura təhsilini həyata
keçirən ali təhsil müəssisələri
və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr
hazırlığını dissertantlıq (dissertantura) yolu ilə
də reallaşdırır.
1.6. Doktoranturada təhsil
dövlət hesabına və (və ya) ödənişli əsaslarla
həyata keçirilir.
1.7. Fəlsəfə doktoru
proqramı üzrə doktoranturada əyani təhsil müddəti
3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4
ildir.
Elmlər doktoru proqramı
üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
Müstəsna
hallarda bütün təhsil formaları üzrə təhsil
müddəti uzadıla bilər.
1.8. Doktoranturaya illik qəbul
və dissertantların təhkimolunma planları ali təhsil
müəssisələrinin və elmi təşkilatların
sifarişləri əsasında onların tabe olduqları
müvafiq qurumlar tərəfindən Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan
Milli Elmlər Akademiyasının və Azərbaycan
Respublikası Təhsil Nazirliyinin rəyləri əsasında
təsdiq edilir.
1.9. Doktoranturada və
dissertantlıq yolu ilə təhsilini başa
çatdırmış məzunlara təhsil aldıqları
müəssisənin müvafiq arayışı və
imtahanların verilməsi haqqında vəsiqə verilir.
1.10. Ali təhsil müəssisələrinin
və elmi (elmi tədqiqat, elmi istehsalat) təşkilatların
nəzdindəki doktoranturalara elmi-metodik rəhbərliyi və
fəaliyyətlərinə nəzarəti onların tabe olduqları
müvafiq qurumlar həyata keçirir.
2. Doktoranturaların yaradılması
2.1. Doktoranturalar Azərbaycan
Milli Elmlər Akademiyasında, təşkilati-hüquqi və
mülkiyyət formasından asılı olmayaraq ali təhsil müəssisələrində və
elmi (elmi tədqiqat, elmi istehsalat) təşkilatlarda
yaradılır.
2.2. Doktoranturaların
yaradılması haqqında vəsatət ali təhsil müəssisələrinin
və elmi təşkilatların sifarişləri əsasında
onların tabe olduqları müvafiq qurumlar tərəfindən
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan
Respublikası Təhsil Nazirliyinin rəyləri əsasında
təsdiq edilir.
2.3. Vəsatətə
ali təhsil
müəssisələrinin, elmi (elmi tədqiqat, elmi istehsalat)
təşkilatlarının elmi və elmi-texniki
şuralarının (bundan sonra – elmi şura) qərarları əlavə
olunur. Qərarda doktorantura təhsili
üçün nəzərdə tutulan ixtisasların
siyahısı və müvafiq elmi potensialın
mövcudluğu göstərilir.
2.4. Ali təhsil müəssisələrində
və elmi təşkilatlarda doktoranturanın yaradılması
üçün onların mövcud elmi potensialı, elm və
innovasiya sahəsində əldə etdikləri göstəricilər
haqqında məlumatların təhlili aparılmalı və
onların elmi potensialı müəyyənləşdirilməlidir.
2.5. Ali təhsil müəssisələrinin
və elmi təşkilatların elmi potensialının müəyyənləşdirilməsi
üçün aşağıdakı məlumatlar təqdim
edilir:
- təşkilati-hüquqi
statusu və əsas elmi istiqamətlərini əks etdirən
ümumi məlumat;
- elmi və
elmi-pedaqoji kadr potensialı haqqında məlumat;
- fundamental
tədqiqatların səviyyəsi və prioritet istiqamətləri
üzrə əldə olunmuş son nailiyyətlər
haqqında məlumat;
- dövlət
proqramlarının həyata keçirilməsində
iştirak haqqında məlumat;
- maddi-texniki
baza (humanitar profilli sahələr üçün kitabxanalar,
xüsusi fondlar, arxivlər və s.) haqqında məlumat;
- dərc
olunmuş elmi işlər, alınmış patentlər, elmi
və texnoloji işləmələr, təşkil olunmuş
beynəlxalq və milli tədbirlər, həyata
keçirilmiş proqram və layihələr, innovasiya sahəsində
fəaliyyətin nəticələri haqqında məlumat;
- təhsilin
bütün pillələri üçün nəşr
olunmuş dərs vəsaitləri, digər təşkilatlarla
birgə həyata keçirilən proqram və layihələr
haqqında məlumat;
- beynəlxalq
və ikitərəfli proqramlar çərçivəsində
xarici elmi qurumların fəaliyyətində iştirakı əks
etdirən əməkdaşlıq haqqında məlumat.
Xüsusi təyinatlı
təhsil müəssisələrində doktoranturaların
yaradılması üçün həmin müəssisələrin
fəaliyyətini əks etdirən digər məlumatlar da təqdim
edilə bilər.
3. Fəlsəfə doktoru hazırlığı üzrə
doktorantura
3.1. Fəlsəfə doktoru
proqramı üzrə doktoranturaya ali təhsili
olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən,
yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə
həkim və həkim-mütəxəssis) Azərbaycan
Respublikasının vətəndaşları müsabiqə əsasında
qəbul olunurlar.
3.2. Doktoranturanın
(keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs
eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna
bilməz.
3.3. Doktoranturaya qəbul
üçün aşağıdakı sənədlər təqdim
edilir:
- ərizə (doktoranturanın fəaliyyət
göstərdiyi müəssisənin və yaxud təşkilatın
rəhbərinin adına);
kadrların şəxsi-qeydiyyat vərəqi;
tərcümeyi-hal;
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək
kitabçasından çıxarış;
çap olunmuş elmi işlərin siyahısı və ya
seçilmiş ixtisas üzrə referat;
ali təhsil müəssisəsini
bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq
edilmiş surəti (xarici ölkələrdə təhsil
almış Azərbaycan Respublikasının vətəndaşları
üçün təhsil haqqında sənədlərin
tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən
sənədin surəti.
3.4. Sənədlərin qəbulu
forması, qaydaları, qəbul planı və imtahanların
keçirilmə müddəti haqqında kütləvi
informasiya vasitələrində qəbulu həyata keçirən
müəssisə tərəfindən müvafiq elan verilir.
3.5. Doktoranturaya qəbul Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilən müddətlərdə hər il keçirilir.
3.6. Sənədlərin qəbulu
üçün doktoranturanın fəaliyyət göstərdiyi
ali təhsil müəssisəsinin və
elmi təşkilatın rəhbərinin (və ya elmi işlər
üzrə müavininin) sədrliyi ilə qəbul
komissiyası yaradılır. Qəbul
komissiyası fakültə, kafedra, şöbə, bölmə,
laboratoriya rəhbərlərindən, aparıcı əməkdaşlardan
və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən
təşkil olunmalıdır.
3.7. Doktoranturaya qəbul olmaq istəyən
şəxslərin ixtisas uyğunluğu qəbul
komissiyası tərəfindən müəyyən edilir.
3.8. Doktoranturaya qəbul olmaq
istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər
müsahibə keçirir və rəhbərliyi həyata
keçirmək barədə razılıq və ya imtina qərarını
yazılı surətdə qəbul komissiyasına təqdim
edir. İmtina olunduğu halda digər elmi rəhbər
təklif edilir.
3.9. Qəbul komissiyası nəzərdə
tutulan rəhbərin rəyi və təqdim edilən digər
sənədlər əsasında imtahanlara buraxılmaq
haqqında qərar qəbul edir və bu barədə bir həftədən
gec olmayaraq iddiaçıya bildiriş göndərir.
Bildiriş doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsi və elmi təşkilat
rəhbərləri tərəfindən imzalanır və bu
bildiriş iş yerindən məzuniyyət almaq hüququ
verir.
3.10. Doktoranturaya qəbul
olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən
(rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa
uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi
üçün qüvvədə olan tədris proqramları
həcmində qəbul imtahanları verirlər.
3.11. Qəbul
imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəssisələrində və
elmi təşkilatlarda müvafiq fənlər üzrə
imtahan komissiyaları yaradılır.
3.12. İxtisas fənnindən
qəbul imtahanını doktoranturanın fəaliyyət
göstərdiyi ali təhsil müəssisəsinin
və elmi təşkilatın rəhbəri tərəfindən
yaradılan komissiya həyata keçirir.
Komissiyanın tərkibində
müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və
ya professor olmalıdır. Nəzərdə tutulan rəhbərlər
də komissiyanın üzvü ola bilərlər.
Komissiyanın sədri ali təhsil müəssisəsinin
və elmi təşkilatın rəhbəri, yaxud elmi işlər
üzrə müavini təyin edilir. Müstəsna hallarda, bəzi
ixtisaslar üzrə elmlər doktorları və professorlar
olmadıqda, komissiyanın tərkibinə fəlsəfə
doktorları (elmlər namizədləri), dosentlər, xarici dil
üzrə isə elmi (alimlik) dərəcəsi olmayan təcrübəli
mütəxəssislər daxil edilə bilər
3.13. Bərabər ballar
toplandığı halda, müsabiqədə ixtisas fənnindən
daha yüksək qiymət alan və
çap edilmiş elmi əsərləri olan şəxslərə
üstünlük verilir.
3.14. Ali təhsil müəssisələrində
və ya elmi təşkilatlarda yaradılmış qəbul
komissiyaları imtahanların nəticələri əsasında
müvafiq qərar qəbul edirlər.
3.15. Ali təhsil müəssisələri
və elmi təşkilatların elmi şuraları
doktorantların dissertasiya mövzularını və elmi rəhbərlərini
onların qəbul komissiyaları tərəfindən
doktoranturaya qəbul olunmaları haqqında qərar qəbul
etdikləri gündən 1 aydan gec olmamaq şərtilə təsdiq
edir.
3.16. Doktoranturaya qəbul təsdiq
edilmiş plan əsasında ali təhsil
müəssisələrinin və ya elmi təşkilatların
fəaliyyətini tənzimləyən Nizamnaməyə (Əsasnaməyə)
uyğun olaraq rəsmiləşdirilir.
3.17. Doktoranturaya qəbul
haqqında qərarın (əmrin) surəti doktoranturaya
istehsalatdan ayrılmaqla qəbul olunmuş şəxs ilə
işə götürən arasında olan əmək
müqaviləsinə xitam vermək üçün əsasdır.
3.18. Doktoranturaya istehsalatdan
ayrılmaqla qəbul olunan şəxslərin əmək
kitabçası doktoranturaya qəbul olunduğu müəssisəyə
və ya elmi təşkilata təqdim edilir.
3.19. Doktoranturaya qəbul
haqqında qərarda (əmrdə) doktorantın
dissertasiyanın mövzusu, təhsil müddəti və rəhbəri
(rəhbərləri) göstərilir və onlara bu haqda məlumat
verilir. Bir qayda olaraq, doktorantın elmi rəhbəri
elmlər doktoru və ya professor olur.
3.20. Müstəsna hallarda, ali təhsil müəssisələrinin və
elmi təşkilatların elmi şuralarının qərarı
əsasında müvafiq ixtisasa malik fəlsəfə
doktorları (elmlər namizədləri) da doktorantlara elmi rəhbərlik
işinə cəlb oluna bilərlər.
3.21. Müxtəlif
ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar
apararkən doktoranta iki elmi rəhbər, yaxud rəhbər və
məsləhətçi təyin oluna bilər. Onlardan biri fəlsəfə
doktoru (elmlər namizədi) ola bilər.
3.22. Elmi rəhbər
doktoranta elmi iş üzrə məsləhətlər verir, doktorantın təsdiq edilmiş fərdi
iş planına (tədris proqramına) uyğun fəaliyyətinə
rəhbərlik edir və dissertasiya işinin müəyyən
olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət
edir.
3.23. Bir elmi rəhbərə
təhkim olunan doktorantların sayı 5 nəfərdən
artıq olmamaq şərtilə, ali təhsil
müəssisəsi və elmi təşkilatların elmi
şuraları tərəfindən müəyyən olunur və
ali təhsil müəssisələrinin və ya elmi təşkilatların
fəaliyyətini tənzimləyən Nizamnaməyə (Əsasnaməyə)
uyğun olaraq rəsmiləşdirilir.
3.24. Hər bir doktoranta
görə elmi rəhbərə qanunvericiliklə müəyyən
edilmiş qaydada əməkhaqqı ödənilir.
3.25. Doktoranturada təhsil
müddətində doktorant ali təhsil
müəssisəsinin və elmi təşkilatın elmi
şurası tərəfindən təsdiq edilmiş fərdi
iş planı əsasında fəaliyyət göstərir.
3.26. Doktorantların bir ali təhsil müəssisəsindən, elmi təşkilatdan
başqasına, həmçinin əyani təhsildən qiyabiyə
və əksinə keçirilməsi ali təhsil müəssisəsi
və elmi təşkilatın elmi şuralarının qərarı
ilə həmin müəssisə və təşkilatların
fəaliyyətini tənzimləyən Nizamnaməyə (Əsasnaməyə)
uyğun olaraq həyata keçirilir.
3.27. Doktorant təhsil
müddətində:
- peşə biliklərinə dərindən
yiyələnməli;
- müstəqil elmi tədqiqat
işi aparmaq vərdişləri əldə etməli;
elmi tədqiqatlar
aparmaq metodologiyasını mənimsəməli;
fərdi iş planını tam yerinə yetirməli;
ixtisas fənnindən
(həmçinin ixtisas uyğunluğu nəzərə
alınmaqla, digər fəndən), informatikadan və xarici
dildən doktorluq imtahanlarını verməli;
elmi tədqiqatlarının
nəticələrini əks etdirən məqalələr dərc
etdirməli;
elmi tədqiqatlarının
nəticələrini aprobasiya etdirməli
elmi tədqiqat
işini bitirməlidir.
3.28. Doktorant fərdi iş
planının yerinə yetirilməsi barədə
vaxtaşırı şöbə, bölmə, kafedra,
laboratoriya iclaslarında hesabat verir.
3.29. Doktorantlar dissertasiya
mövzusu üzrə tədqiqat işi aparmaq
üçün ali təhsil müəssisələrinin
və elmi təşkilatların elmi işçiləri ilə
bərabər kitabxanadan, laboratoriyadan, mövcud
avadanlıqlardan istifadə etmək, ezamiyyətlərə, o
cümlədən, xarici ölkələrə getmək,
ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər.
3.30. Doktorantlar ildə bir dəfədən
az olmamaq şərtilə, ali təhsil
müəssisələri və elmi təşkilatlar tərəfindən
təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə
uyğun olaraq, attestasiyadan keçməlidirlər.
Attestasiyanın keçirilmə müddəti ali
təhsil müəssisəsi və elmi təşkilatların
rəhbərləri tərəfindən müəyən
edilir. Doktorantın növbəti tədris ilində
təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə
əsasən müəyyən edilir.
3.31. Ali təhsil müəssisələrinin
və elmi təşkilatların elmi şuralarında
doktorantların elmi rəhbərlərinin vaxtaşırı
hesabatları dinlənilir.
3.32. Doktoranturada fərdi
iş planını yerinə yetirən və elmi tədqiqat
işini bitirən şəxslər «Fəlsəfə doktoru»
elmi dərəcəsi almaq üçün dissertasiya
işinin müdafiəsinə buraxılırlar.
3.33. Ali təhsil müəssisələrinin
və elmi təşkilatların rəhbərləri
doktorantlara fərdi iş planının yerinə yetirilməsində,
zəruri avadanlığın, həmçinin elmi tədqiqat
işinin mövzusu ilə bağlı materialların əldə
edilməsində yardım göstərməlidirlər.
3.34. Dövlət hesabına
əyani təhsil alan doktorantlara
qanunvericiliklə müəyyən olunmuş məbləğdə
təqaüd ödənilir və hər il məzuniyyət
verilir. Fərdi iş planını müvəffəqiyyətlə
yerinə yetirən doktorantlara müxtəlif adlı təqaüdlər
və ya ali təhsil müəssisələrinin
və elmi təşkilatların daxili imkanları hesabına əlavə
ödənişlər təyin oluna bilər.
3.35. Əyani təhsil alan
doktorantlar elmi rəhbərin razılığı ilə təhsil
aldıqları ali təhsil müəssisəsi və elmi təşkilatda
0,5 ştat vahidi ilə müvafiq elmi və
ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.
4. Elmlər doktoru hazırlığı üzrə
doktorantura
4.1. Elmlər doktoru proqramı
üzrə doktoranturaya seçdikləri sahədə elmi və
ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları
yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə
doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi
olan Azərbaycan Respublikasının vətəndaşları
qəbul edilirlər.
4.2. Doktoranturaya qəbul
üçün aşağıdakı sənədlər təqdim
edilir:
- ərizə (doktoranturanın fəaliyyət
göstərdiyi müəssisənin və yaxud təşkilatın
rəhbərinin adına);
kadrların şəxsi-qeydiyyat vərəqi;
tərcümeyi-hal;
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından
çıxarış;
çap olunmuş elmi işlərin siyahısı;
- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi»
elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq
edilmiş surəti;
ali təhsil müəssisəsini
bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq
edilmiş surəti (xarici ölkələrdə təhsil
almış Azərbaycan Respublikasının vətəndaşları
üçün təhsil haqqında sənədlərinin
tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən
sənədin surəti.
4.3. Ali təhsil müəssisəsinin,
elmi təşkilatın elmi şurası «Elmlər doktoru» elmi
dərəcəsinə iddiaçı haqqında müvafiq
şöbə, bölmə, kafedra və ya laboratoriyanın təqdimatı
əsasında doktoranturaya qəbul, dissertasiyanın
mövzusu, fərdi iş planı və elmi məsləhətçisi
(məsləhətçilər) haqqında qərar qəbul
edir. Həmin qərar ali təhsil müəssisələrinin
və elmi təşkilatların fəaliyyətini tənzimləyən
Nizamnaməyə (Əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir.
4.4. Elmi məsləhətçiyə
qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı
ödənilir.
4.5. Zəruri hallarda
doktorantlar aparıcı elmi mərkəzlərə (o cümlədən,
xaricdə yerləşən) ezam oluna bilərlər. Ezamiyyət xərcləri qanunvericiliklə müəyyən
edilmiş qaydada ödənilir.
4.6. Doktorantlar hər il ali təhsil müəssisəsi və elmi təşkilatın
elmi şurasına fərdi iş planının yerinə
yetirilməsi haqqında hesabat verir və həmin hesabat əsasında
onun doktoranturada təhsilini davam etdirməsi barədə qərar
qəbul olunur.
4.7. Doktorant təhsil müddəti
ərzində dissertasiya işini başa
çatdırmalı, aprobasiyasını keçirməli və
müəyyən olunmuş qaydada onu müdafiəyə təqdim
etməlidir.
4.8. Dövlət hesabına əyani
təhsil alan doktorantlara qanunvericiliklə
müəyyən olunmuş məbləğdə təqaüd
ödənilir və hər il məzuniyyət verilir.
5. Doktoranturada elmi və elmi-pedaqoji kadrların məqsədli
hazırlığı
5.1. Doktoranturada yüksəkixtisaslı
elmi və elmi-pedaqoji kadrların məqsədli
hazırlığı ali təhsil müəssisələri,
elmi və digər təşkilatların təqdimatı ilə
onların tabe olduqları müvafiq qurumların sifarişləri
əsasında həyata keçirilir.
5.2. Doktoranturada yüksəkixtisaslı
elmi və elmi-pedaqoji kadrların məqsədli
hazırlığı ali təhsil müəssisələrinin
və elmi təşkilatların doktoranturaya ümumi qəbul
qaydalarına müvafiq həyata keçirilir. Məqsədli
yerlər doktoranturaya qəbul planında əks olunur.
5.3. «Fəlsəfə
doktoru» və «Elmlər doktoru» elmi dərəcələri
üzrə doktoranturada təhsil alan şəxslərin
hüquq və vəzifələri doktoranturada yüksəkixtisaslı
elmi və elmi-pedaqoji kadrların məqsədli
hazırlığına da şamil edilir.
5.4. Doktoranturada yüksəkixtisaslı
elmi və elmipedaqoji kadrların məqsədli
hazırlığı prosesində təhsil alan
şəxslərin əyani təhsildən qiyabi təhsilə
və ya əksinə keçirilməsi yalnız onları
göndərən təşkilatın razılığı əsasında
aparıla bilər.
6. Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi
və elmi-pedaqoji kadrların hazırlanması
6.1. Dissertantlıq yolu ilə
yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların
hazırlanması ali təhsil müəssisələrində,
elmi və digər təşkilatlarda çalışan
mütəxəssislərin istehsalatdan ayrılmamaqla elmi dərəcənin
alınması üçün təhkim olunmaqla dissertasiya
işinin yerinə yetirilməsini təmin edir.
6.2. Dissertantlıq yolu ilə
“Fəlsəfə doktoru” elmi dərəcəsi almaq
hüququna ali təhsilli (ali təhsil pilləsinin
magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər
tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis),
müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri
olan ali təhsil müəssisələrinin, elmi və digər
təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər.
«Elmlər doktoru» elmi dərəcəsinin dissertantlıq
yolu ilə alınması üçün «Fəlsəfə
doktoru» (elmlər namizədi) elmi dərəcəsinin
olması əsas şərtdir.
6.3. Dissertantlıq yolu ilə
təhsil müddətini başa vuran şəxslər eyni
ixtisas üzrə təkrar dissertant olmaq hüququna malik deyillər.
6.4. Doktoranturada tam təhsil
müddətini başa vurmuş şəxslər eyni ixtisas
üzrə dissertantlıq yolu ilə təhsil almaq hüququna
malik deyillər.
6.5. Dissertant kimi təhkim
olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və
elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
6.6. Dissertantlıq yolu ilə
təhsil almaq üçün aşağıdakı sənədlər
təqdim edilir:
- ərizə (dissertantura təhsilini
həyata keçirən müəssisənin və yaxud təşkilatın
rəhbərinin adına);
kadrların şəxsi-qeydiyyat vərəqi;
tərcümeyi-hal;
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından
çıxarış;
çap olunmuş elmi işlərin siyahısı və ya
seçilmiş ixtisas üzrə referat (fəlsəfə
doktoru hazırlığı üzrə);
ali təhsil müəssisəsini
bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq
edilmiş surəti (xarici ölkələrdə təhsil
almış Azərbaycan Respublikasının vətəndaşları
üçün təhsil haqqında sənədlərinin
tanınması haqqında şəhadətnamə);
«Elmlər doktoru» elmi dərəcəsi
iddiaçısı üçün fəlsəfə doktoru
(elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq
edilmiş surəti;
çap olunmuş elmi əsərlərin siyahısı (elmlər
doktoru hazırlığı üzrə);
- şəxsiyyəti təsdiq edən
sənədin surəti.
6.7. Ali təhsil müəssisəsinin
və elmi təşkilatın elmi şurası müvafiq
şöbə, bölmə, kafedra və ya laboratoriyanın təqdimatı
əsasında iddiaçının dissertant təhkim
olunması, onun dissertasiya mövzusu, fərdi iş planı və
elmi rəhbəri (məsləhətçisi) haqqında qərar
qəbul edir. Elmi şuranın qərarı əsasında ali təhsil müəssisəsi və ya elmi təşkilatın
rəhbəri iddiaçının təhkim olunması
haqqında əmr verir.
6.8. «Fəlsəfə
doktoru» və «Elmlər doktoru» elmi dərəcəsi üzrə
doktoranturada təhsil alan şəxslərin
hüquq və vəzifələri dissertantlıq yolu ilə təhsil
alan şəxslərə (doktorantlara) də şamil edilir.
6.9. «Fəlsəfə
doktoru» elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə
təhsil alan şəxslər müəyyən
olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə,
informatika və xarici dildən, həmçinin ixtisas
uyğunluğu nəzərə alınmaqla, digər fəndən
də doktorluq imtahanları verirlər.
6.10. Dissertantlıq yolu ilə
təhsil alan hər bir şəxsin elmi rəhbərlərinə
və məsləhətçilərinə qanunvericiliklə
müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.
6.11. Dissertasiya işini
tamamlamaq məqsədi ilə fəlsəfə doktoru və
elmlər doktoru proqramları üzrə dissertant təhkim
olunmuş şəxslərə elmi Şuranın qərarına
əsasən iş yerindən qanunvericilikdə müəyyən
edilmiş müddətə yaradıcılıq məzuniyyəti
verilir.
7. Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu
ilə təhsil almaq hüququ
7.1. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
doktoranturada və dissertantlıq yolu ilə təhsili Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq hüquqi
və fiziki şəxslərin birbaşa
bağladıqları müqavilələr əsasında həyata
keçirilir.
7.2. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli
əsaslarla aparılır. İllik təhsil haqqı təhsilin
xüsusiyyətlərinə uyğun olaraq ali
təhsil müəssisələrinin və elmi təşkilatların
tabe olduqları qurumlar tərəfindən müəyyən
edilir. Müstəsna hallarda ali təhsil
müəssisələri və elmi təşkilatlar tabe
olduqları qurumların razılığı əsasında ödənişsiz qəbul həyata
keçirə bilərlər.
7.3. Xarici dövlətlərdə
təhsil almış əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər üçün ali
təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş
surəti və diplomun tanınması haqqında şəhadətnamə
təqdim edilməlidir.
7.4. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər fəlsəfə
doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə
təhsil müddətində «Azərbaycan dili» fənnindən
əlavə doktorluq imtahanı verirlər.
7.5. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində və
elmi təşkilatlarda doktoranturaya qəbulu və dissertant təhkim
olunması, eyni zamanda təhsili bu Qaydalara və qüvvədə
olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir”.
Elm.-2010.-31
avqust.-S.3.