AZƏRBAYCAN NUMİZMATİKASINA HƏSR EDİLMİŞ ÖMÜR

 

Avqustun 2-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin "Numizmatika və epiqrafika" elmi-fond şöbəsinin müdiri, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor, "Tərəqqi" medalı ilə təltif edilmiş görkəmli numizmat alim Əli Məhəmməd oğlu Rəcəblinin 85 yaşı tamam olmuşdur.

 

Ömrünü, fəaliyyətini elmə və təhsilə həsr etmiş Əli Rəcəbli milli təfəkkürlü, əsl azərbaycanlı adət-ənənələrini qoruyan, fitri istedadlı alimlərdəndir.

Azərbaycanda numizmatika elmininnumizmatika fondunun əsasını qoyan məşhur numizmat-arxeoloq, AMEA-nın müxbir üzvü, prof. Y.A.Paxomovun yeganə və sözün əsl mənasında ləyaqətli yetişdirməsi olmuş, Azərbaycanda bu elmin inkişafı üçün bütün səy və bacarığını sərf etmiş Əli müəllim ömür yolunu muzey işinə və Azərbaycan numizmatikasının öyrənilməsinə həsr etmişdir.

Əli Rəcəbli 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq S.Qazıyevin təklifi ilə "numizmatika" ixtisası üzrə respublikada ilk aspirant olaraq muzeyin aspiranturasına daxil olmuşdur.

1953-cü ildən etibarən muzeydə kiçik elmi işçi, baş elmi işçi, Numizmatika fondunun mühafizi, bir müddət direktor müavinidirektor əvəzi vəzifələrində çalışmış Əli Rəcəbli hazırda Numizmatikaepiqrafika şöbəsinin müdiridir.

1963-cü ildə "Səfəvilər dövlətində məskukat işi (XVI-XVIII əsrlər)" mövzusunda namizədlik dissertasiyasını, 2000-ci ildə isə "Azərbaycan numizmatikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Əli müəllim muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, elmi ekspozisiyasının yaradılmasında əsas iştirakçılardan biri olmaqla yanaşı, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) eksponatlarının təyini və tədqiqi işində də bilavasitə iştirak etmişdir.

1970-ci ildə "Fədakar əməyə görə" medalı ilə təltif olunmuş, 1972-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüş Əli Rəcəbli Azərbaycan numizmatik abidələrinin toplanılması, pasportlaşdırılması, öyrənilməsi və nəşri sahəsində xüsusi xidmətləri ilə seçilir. Onun səyi nəticəsində rəhbərlik etdiyi və 150 mindən çox sikkə və digər maddi-mədəniyyət abidələrindən ibarət kolleksiyalara (sfragistika, medal sənəti, faleristika, filateliya, bonistika) malik olan muzeyin Numizmatika və Köməkçi tarixi fənn materialları fondları respublikanın vahid numizmatik tədqiqatlar mərkəzi və MDB məkanında ən zəngin numizmatik fondlardan biri sayılır.

2006-cı ildə professor elmi adına layiq görülmüş Ə.M.Rəcəbli 100-dən çox elmi məqalə və bir neçə monoqrafiyanın müəllifidir. Onun uzun illər boyu apardığı elmi axtarışları və numizmatika fondunda toplanmış faktik material əsasında yazdığı "Azərbaycan numizmatikası" monoqrafiyası (Bakı, Elm və həyat, 1997, 15 ç.v.) Azərbaycanın ikiminillik monetar pul dövriyyəsi və dövlətçilik tarixini əks etdirən yığcam və dolğun tədqiqat əsəridir. O, həmçinin "Azərbaycanın qədim və ortaçağ sikkələri", "Azərbaycan sikkələri" (rus, ingilis dillərində), "Azərbaycan sikkələri" (Azərbaycan və rus dillərində) kitab-albomlarının müəllifidir.

Onun "Azərbaycan" xoronimi, dövlət başçılarının onomastikası, ortaçağ şəhərlərinin topoqrafiya və toponimiyası, adları və izləri tarixdən silinmiş orta əsr Azərbaycan şəhərləri-zərbxanaları (Balıq, Biğord, Qarqar, Qaraağac, Qarabağ, Pol-Araz, Hunans.) barədə tədqiqatlarında, ilk dəfə olaraq adları nadir sikkələr əsasında müəyyənləşən, "sikkə" və "xütbə" hüququna malik bir sıra müstəqil Azərbaycan feodal hakimləri (şirvanşah I Yəzid, Əhməd, Xalid, Əsəd, Məhəmməd, Bəhram Mirzə, Soltan Mahmud, II Fərruh-Yəssar, Burhanəli, səlcuq atabəyləri Qarasunqur, Alp Qutluq, Çavli, Xassbey, Körpə Arslan, İldoqquz, atabəylərin vassalları Bişkin, Mahmud, Manqli, İlqıpçaq, Dərbənd məlikləri Müzəffər, Bəybars, Əbdülməlik) haqqında məlumatlar verilmiş, Azərbaycanda monetar pul dövriyyəsi ərzində baş vermiş ciddi iqtisadi-siyasi dəyişikliklər, Azərbaycanda əmtəə-pul münasibətlərində XI-XIII yüzillərdə baş vermiş "gümüş böhranı"nın səbəb və nəticələri öyrənilmiş, çeşidli sikkə islahatlarının mahiyyəti və s. haqqında ilkin və təkzibedilməz bilgilər əksini tapmışdır.

Görkəmli ziyalı respublika daxilində və xaricdə keçirilən elmi yığıncaqlarda müntəzəm olaraq elmi məruzələrlə çıxış edir, mətbuat və televiziyada Azərbaycan tarixi və numizmatikasının problemləri üzrə müsahibələr verir. O, 45 ildən artıqdır ki, Azərbaycanın ali təhsil müəssisələrində (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetis.) pedaqoji fəaliyyət göstərərək "Azərbaycan numizmatikası" fənni üzrə mühazirələr oxuyur, aspirant və dissertantların işlərinə rəhbərlik edir. Alim Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının,  ArxeologiyaEtnoqrafiya İnstitutunun Müdafiə Şurasının, Rusiya EA-nın Tarixçilər (numizmatika) Kollegiyasının üzvüdür.

Daim yeni məqalələr hazırlayan və gənc mütəxəssislərə məsləhətlərini əsirgəməyən Ə.M.Rəcəbli muzey kollektivinin və həmkarlarının dərin hörmətini qazanmış və dəfələrlə muzey müdiriyyəti, AMEA-nın Rəyasət Heyəti, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşəkkürlər almış, "Tərəqqi" (2010) medalı ilə təltif edilmişdir.

Onun Qafqazın çoxəsrlik pul tarixinə həsr olunmuş, mütəxəssis-numizmatlar, tələbələr, Azərbaycan numizmatikası ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuş əsərləri daim aktuallığını qoruyur.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi ixtisasını sevən, daim elmi axtarışlarda olan, müasir metodikaya əsaslanaraq Azərbaycan tarixi və numizmatikasının inkişaf tapmasına çalışan, bacarıqlı, işgüzar alimmuzey işçisi professor Əli Rəcəblini yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və elmi fəaliyyətində uğurlar arzulayırlar.

 

Aygün MƏMMƏDOVA,

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi

 

Elm.- 2012.- 24 avqust.- S.12.