Unudulmaz elm xadimi

 

Xalq öz ziyalısı, mədəniyyəti və elmi ilə tanınır. Xalqını tanıtdıran, uzun illər ona şərəflə, gərgin əməklə xidmət edən ziyalılardan biri də AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı, professor Əliheydər Əlabbas oğlu Orucovdur. Əliheydər müəllim 24 il öncə dünyasını dəyişməsinə baxmayaraq, xalqına miras qoyduğu əsərləri hələ də qiymətli töhfələrdir. O, "Azərbaycan dilinin izahlı lüğəti"ni ərsəyə gətirməklə xalqına əvəzolunmaz bir əsər bəxş etmişdir.

Professor Əliheydər Orucov noyabrın 25-i 1905-ci ildə Quba şəhərində anadan olmuşdur. İlk təhsilini Quba şəhərində alan Ə.Orucov 1922-ci ildə Bakı şəhərinə gəlmiş və burada əmək fəaliyyətinə başlamışdır. 1923-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil almış, 1926-cı ildə oranı bitirmişdir. Həmin dövrdə o, eyni zamanda "Gənc İşçi" qəzetində məsul katib vəzifəsində çalışmışdır.

1926-cı ildə universiteti bitirən Ə.Orucov Azərbaycan Dövlət Nəşriyyatının "Gənclər ədəbiyyatı" şöbəsinin müdiri təyin olunmuş və 1931-ci ilə kimi bu vəzifədə çalışmışdır. 1931-ci ildə o, Moskva şəhərinə getmiş və 1933-cü ilə kimi oradakı Redaksiya-Nəşriyyat İnstitutunda təhsilini davam etdirmişdir. Sonra Bakıya qayıdan Ə.Orucov 1934-1937-ci illərdə müxtəlif redaksiya və nəşriyyatlarda ədəbi işçi, tərcüməçi kimi fəaliyyət göstərmişdir. Bu fəaliyyətinə görə respublikamızda onu jurnalist, nəşriyyat işçisi, redaktor və tərcüməçi kimi tanıyırlar. 1928-1932, 1940-1946-cı illərdə həmin dövr üçün aktual olan bir çox əsərlərin rus dilindən Azərbaycan dilinə tərcümə olunmasında xüsusi rolu və iştirakı olan Ə.Orucov Azərbaycan dilinə tərcümə işində fəal iştirakına görə Azərbaycan hökumətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Ə.Orucov 1940-cı ildə ekstern olaraq S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

Ə.Orucov lüğətçilik fəaliyyətinə əvvəlcə dövrünün tanınmış ictimai və dövlət xadimi, məşhur alim Ruhulla Axundovun rəhbərliyi ilə başlamış, sonra isə görkəmli alim, fədakar filosof və nəhəng lüğətçi akademik Heydər Hüseynovun bilavasitə başçılığı altında işlərini davam etdirmişdir.

1940-cı ildən sonrakı dövrü Ə.Orucovun elmi-əməli fəaliyyətinin lüğətçilik dövrü adlandırsaq, yanılmarıq. Həmin dövrdə o, keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Lüğətçilik İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1942-ci ildə baş elmi işçi vəzifəsinə irəli çəkilmişdir. O, 1944-cü ildə Lüğət şöbəsinə müdir təyin olunmuş və 43 ildən artıq Elmlər Akademiyasında lüğətçilik işinə rəhbərlik etmişdir.

1947-ci ildə Ə.Orucov "İlk Azərbaycan qəzeti "Əkinçi"nin dili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişfilologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.

O, 1940-1946-cı illərdə Heydər HüseynovYusif Mirbabayevlə birlikdə dördcildlik "Rusca-azərbaycanca lüğət"in əsas tərtibçilərindən biri olmuşdur. Gərgin əməyin məhsulu olan həmin lüğətə görə Ə.Orucov mərhum akademik H.Hüseynov, mərhum lüğətçi alim, o dövrdə Dil İnstitutunun direktoru olmuş Y.Mirbabayevlə birlikdə 1948-ci ildə Dövlət mükafatına layiq görülmüşdü. Mükəmməl lüğət sayılan dördcildlik "Rusca-azərbaycanca lüğət" öz dövründə elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Professor Ə.Orucovun lüğətçilik sahəsindəki müvəffəqiyyətini hələ o dövrdə akademik İ.İ.Meşşaninov dördcildlik "Rusca-azərbaycanca lüğət"ə yazdığı rəyində bu cür qiymətləndirirdi: "Lüğət digər rus-milli lüğətləri öz həcminə görə geridə qoymuşdur. Belə ki, bu lüğət öz əhatəliliyi etibarilə digərlərindən kəskin surətdə seçilir. Onun tərtibi işinə misilsiz böyük zəhmət və səbir tələb edən əmək sərf edilmişdir. Öz əhatəliliyinə və keyfiyyətinə görə bu nəhəng qısa bir vaxtda hazırlanmışdır. Belə bir əsərə yüksək qiymət verilməsi tamamilə təqdirəlayiqdir". Sonralar həmin lüğət təkmilləşdirilərək 1956-1959-cu illərdə ikicildlik, sonra 1971-1977-ci illərdə üçcildlik, 1990-cı ildə üçcildlik və nəhayət, 2005-ci ildə yenidən üçcildlik şəklində nəşr olunmuşdur.

Ə.Orucov fəaliyyət göstərdiyi müddətdə Elmlər Akademiyasının buraxdığı bütün lüğətlərin əsas tərtibçilərindən və redaktorlarından biri olmuşdur. Zəngin təcrübəsi, mahir lüğətçilik bacarığı ilə fərqlənən Ə.Orucov daim axtarışda olmuşonun bu axtarışı lüğətçiliyin ən yüksək mərhələsi olan "Azərbaycan dilinin izahlı lüğəti"ni ərsəyə gətirməsi ilə nəticələndi. O, "Azərbaycan dilinin izahlı lüğəti"nin A-Q hərflərini əhatə edən I cildinin tərtibi üzərində 14 il işləmişdir. Gərgin və uzun elmi tədqiqat nəticəsində yaranmış "Azərbaycan dilinin izahlı lüğəti" lüğətçilərin və leksikoqrafların fikrincə, türkdilli xalqların izahlı lüğətlərinin yaranması yolunda atılan ilk addım və gözəl bir nümunədir. Ə.Orucovun "Azərbaycan dilinin izahlı lüğəti"nin həm əsas tərtibçilərindən biri, həm də redaktoru olduğu 2-ci (D-İ hərfləri) və 3-cü (K-P hərfləri) cildləri də gərgin əmək sayəsində mükəmməl kimi ictimaiyyətin ixtiyarına verilmişdir.

Daha sonra Ə.Orucovun rəhbərliyi və redaktəsilə yuxarıda adını çəkdiyimiz "Rusca-azərbaycanca lüğət"in üçcildlik yeni nəşri, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" hazırlanmışdır.

Ə.Orucovun leksikoqrafik əsərləri arasında 1976-cı ildə çap olunmuş 5500 frazeoloji ifadəni əks etdirən "Azərbaycanca-rusca frazeoloji lüğət"ini xüsusilə qeyd etmək lazımdır. Həmin əsər həm məzmun, həm də leksikoqrafik tərtibat cəhətdən tamamilə orijinalakademik xarakter daşıyır.

Ə.Orucovun elmi fəaliyyəti yalnız tərtib və redaktə olunan lüğətlərlə yekunlaşmır. Onun əsərləri arasında Azərbaycan lüğətçiliyinin tarixi, ikidilli lüğətlərin, həmçinin Azərbaycan dilinin izahlı lüğətinin tərtibi prinsipləri haqqında nəzəri əsərlər xüsusi yer tutur.

Ə.Orucov 1962-ci ildə "Azərbaycan dilinin izahlı lüğətinin nəzəri əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Sonralar müəllif həmin əsər üzərində yenidən işləmiş və 1965-ci ildə onu "Azərbaycan dili filoloji izahlı lüğətinin nəzəri əsasları" adı altında nəşr etdirmişdir.

1975-ci ildə "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin tamamlanmış, yenidən işlənmiş, təkmilləşdirilmiş yeni - III nəşri prof. Ə.Orucovun redaktəsi ilə çap olundu. Sonradan Lüğət şöbəsində filologiya elmləri doktoru, prof. İsmayıl Məmmədlinin rəhbərliyi ilə həmin lüğətin akademik A.Axundovun redaktorluğu ilə təkmilləşdirilmiş 80 minlik sözlüyü olan dördüncü nəşri hazırlanaraq çap olunmuşdur.

Ə.Orucov yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də kifayət qədər tanınmış dilçi alimlərdəndir. Onun çoxlu leksikoqrafik əsəri həm respublikada, həm də xarici ölkə elmi məcmuələrində, jurnallarında dərc olunmuşdur. O, Elmlər Akademiyası Ədəbiyyat və dil bölməsi nəzdindəki lüğətçilik və leksikologiya üzrə elmi şuranın üzvü olmuş, xarici ölkələrdə keçirilən lüğətçilik müşavirələrində iştirak etmişdir.

Ə.Orucov müxtəlif vaxtlarda medal və fəxri fərmanlarla, 1976-cı ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. O, 1966-cı ildə professor adını almış, 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, eyni zamanda Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Terminologiya Komitəsi sədrinin müavini işləmişdir.

O, 26 oktyabr 1988-ci ildə vəfat etmişdir.

Ə.Orucov görkəmli lüğətçilər Soltanməcid Qənizadə, Ruhulla Axundov, Heydər Hüseynov başqa alimlərin yolunu ənənələrini şərəflə davam etdirmiş öz davamçılarını da yetişdirmişdir. Onun rəhbərliyi altında Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə, Zərrintac Tağıyeva (hər üçü dünyalarını dəyişmişdir, Allah rəhmət eləsin), Müzahirə Paşayeva, Gəray Yusifov, Şərqiyə Paşayeva, Nigar Xəlifəzadə, İsmayıl Məmmədli, Nadir Məmmədli digər tanınmış lüğətçi mütəxəssislər yetişmişdir.

Respublikamızda Ə.Orucovun şərəfli yolunu uğurla davam etdirən tanınmış lüğətçilər var. Filologiya elmləri doktoru, professor Nadir Məmmədli leksikoqraf kimi yetişməsində elmi rəhbəri prof. Ə.Orucovun böyük zəhməti olduğunu qeyd edir. Prof. N.Məmmədli əsərləri ilə nəinki respublikamızda, eyni zamanda xarici ölkələrdə kifayət qədər tanınmış alimdir. Hazırda o, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda İxtisaslaşmış Müdafiə Şurasının üzvüdür. Prof. Ə.Orucovun belə tanınmış davamçılarının olması onun elm üçün çəkdiyi gərgin zəhmətin hədər getməməsi deməkdir!

AMEA-nın Lüğətçilik şöbəsi "Azərbaycan dilinin yeni sözlər lüğəti" (kollektiv), "Azərbaycan dilində şəxs adları lüğəti" (Bəhruz Abdullayev), "Azərbaycan dilinin ixtisarlar lüğəti" (kollektiv), "Azərbaycanca-rusca danışıq kitabı" (İsmayıl Məmmədli, Nadir Məmmədli, Nigar Xəlifəzadə), "Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb fars sözləri lüğəti" (B.Abdullayev, M.Əsgərli, H.Zərinzadə; iki cilddə), "Azərbaycan dilinin izahlı lüğəti" (kollektiv) (4 cildlik), "S.Vurğunun bədii dilinin izahlı lüğəti" (kollektiv) kimi əsərləri tərtib edib nəşr etdirmişdir. Hazırda nəinki respublikamızda, həmçinin xarici ölkələrdə istifadə olunan lüğətlər mövcuddur: tanınmış dilçi-alim prof. F.Y.Veysəllinin müəllifliyi redaktəsilə hazırlanmış ikicildlik "Dilçilik Enskilopediyası" (2008), prof. O.İ.Musayevin tərtib etdiyi redaktoru olduğu "İngiliscə-Azərbaycanca lüğət" (2003), prof. N.Ç.Vəliyevanın tərtib etdiyi, akademik A.Axundovun redaktəsilə üçdilli "Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət"i (2010), prof. N.B.Məmmədlinin tərtib etdiyi "Çağdaş türk ədəbi dilinin izahlı omonimlər sözlüyü" (1995) s. buna nümunə ola bilər. Bundan başqa, tanınmış dilçi F.Y.Veysəllinin ümumi rəhbərliyi ilə lüğətçilik şöbəsində yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" çapa hazırlanmaqdadır.

Əliheydər müəllimin keçdiyi həyat yolu, işinə sonsuz marağı, yorulmadan çalışması elm sahəsində gənc nəslə bir örnəkdir.

Xalqa miras qoyduğunuz şərəfli yolunuz davam etdirilir, Əliheydər müəllim!

 

Sahilə MUSTAFAYEVA,

Azərbaycan Dillər Universitetinin

baş müəllimi

 

Elm.- 2012.- 30 noyabr.- S.14.