Rəhim Əyyub oğlu Hüseynov

 

Azərbaycan elminə ağır itki üz vermişdir. AMEA-nın müxbir üzvü, Əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Əyyub oğlu Hüseynov ömrünün 88-ci ilində vəfat etmişdir.

R.Ə.Hüseynov 1924-cü il sentyabrın 9-da Azərbaycanın tarixi ərazisi olan Şuşa şəhərində anadan olmuşdur.

1941-1946-cı illərdə Azərbaycan Dövlət Universitetinin (ADU, indiki BDU) fizika-riyaziyyat fakültəsinin tələbəsi, 1946-1949-cu illərdə "astrofizika" ixtisası üzrə aspirantı olmuşdur.

R.Ə.Hüseynov dissertasiya müdafiə edərək "astrofizika" ixtisası üzrə 1953-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1976-cı ildə isə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcələrini almışdır.

Azərbaycan Dövlət Universitetində 1949-1951-ci illərdə baş laborant (Astronomiya laboratoriyası), 1951-1953-cü illərdə astronomiya üzrə müəllim (Molekulyar fizika və optika kafedrası), 1953-1954-cü illərdə "astrofizika" ixtisası üzrə baş müəllim, 1954-1961-cı illərdə dosent (Molekulyar fizika və optika kafedrası), 1975-1992-ci illərdə Astrofizika kafedrasının müdiri, 1992-ci ildən ömrünün sonunadək həmin kafedranın professoru vəzifələrində çalışmışdır.

1961-1975-ci illərdə Azərbaycan EA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini və Günəş fizikası şöbəsinin müdiri olmuşdur.

R.Ə.Hüseynov onlarla elmlər doktoru və fəlsəfə doktoru hazırlamışdır.  100-dən çox elmi əsəri (o cümlədən 30-dan çoxu xarici ölkələrdə) çapdan çıxmışdır. Azərbaycan astrofizika elmini bir çox elmi tədbirlərdə ləyaqətlə təmsil etmişdir.

2001-ci ildə "astrofizika" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

Alimin əsas elmi istiqaməti astrofizika və radioastronomiya, Günəşin radiooptik şüalanma xüsusiyyətləri və relyativist elektronların Günəşin məhəlli maqnit sahələrində şüalanması, Günəşin alışmalarının ilk mərhələsinə güclü nöqtəvi partlayış nəzəriyyəsinin tətbiqi, planetar dumanlıqların əsas parametrlərinin təyini üsulları olmuşdur.

Professor R.Ə.Hüseynov ilk dəfə Günəş alışmaları və radiopüskürmələrinin geniş diapazonda şüalanmasında məhəlli maqnit sahəsində relyativist elektronların əhəmiyyətli rol oynadığına aid hipotez irəli sürmüşdür. Eruptiv ulduzlarda da relyativist elektronların analoji rol oynadığını nəzərə alsaq, bu hipotezin geniş imkanlara malik olduğunu görürük.

Qaz dinamikası çərçivəsində yüksək temperaturlu hidrogen plazmasında güclü partlayış nəzəriyyəsinin günəş alışmalarının başlanğıc fazasına tətbiqi göstərmişdir ki, bu ifrat qeyri-stasionar törəmələr incə quruluşlu olmalıdır. Bu nəzəriyyənin tətbiq dairəsi çox genişdir. Planetar dumanlıqlara qədər məsafənin və onların nüvələrinin radiusunun yeni təyini üsulları işlənmişdir.

R.Ə.Hüseynov Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü olmuşdur.

2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

Görkəmli alim, bacarıqlı pedaqoq Rəhim Əyyub oğlu Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

AMEA Rəyasət Heyətinin və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin üzvləri Sosial şəbəkələrə paylaş

 

 

Elm.- 2012.- 21 sentyabr.- S.16.