Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında

 

Azərbaycanda mədəni bitkilərin mühafizəsi və səmərəli istifadəsi ilə bağlı bütün məsələlərin hüquqi tənzimlənməsini təmin etmək məqsədilə 2011-ci il 13 dekabr tarixində Azərbaycan Respublikasının Milli Məclisi "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununu (No. 273-IVQ)  qəbul etmiş və bu Qanun Respublika Prezidentinin Fərmanı ilə təsdiq olunmuşdur.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Qanununun tətbiqi ilə bağlı 2 fərman (2012-ci il 7 fevral tarixli 576 nömrəli və 2012-ci il 17 iyul tarixli 690 nömrəli) vermişdir.

Bu fərmanların icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2 sərəncam və 2 Qərar qəbul edilmişdir. 13 noyabr 2012-ci il tarixli 259 ¹-li Qərarda "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq AMEA Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut, onun genbankı isə Milli Genbank elan edilmişdir. Milli Genbanka xüsusi mühafizə edilən obyekt statusu verilmişdir.

Respublikada bitki genetik ehtiyatlarının lazımi səviyyədə idarə olunmasını və GEİ-nin əlaqələndiricilik funksiyasını həyata keçirmək məqsədi ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şuranın yaradılması qərara alınmışdır. Qərara əsasən ETŞ-də Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və s. təmsil olunmalıdırlar. Bu Qərarla həmçinin Qanunun icra mexanizmləri ilə bağlı bir sıra sənədlər, o cümlədən qaydalar (Milli kolleksiyaların yaradılması və qeydiyyatı haqqında, BGE-nin idxalı və ixracı haqqında, Ənənəvi brend bitkilər haqqında, Genetik modifikasiya olunmuş bitkilər haqqında və s.) və əsasnamələr (Milli Genbankın əsasnaməsi, Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın əsasnaməsi, Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının əsasnaməsi, Prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının əsasnaməsi və s.) qəbul edilmişdir.

Həmçinin Qanunun icrasına nəzarət mexanizmləri işlənib hazırlanmışdır. Bu prosesdə əsas icra hakimiyyəti funksiyalarını mədəni bitkilər üzrə Kənd Təsərrüfatı Nazirliyi, yabanı müxtəliflik üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi AMEA ilə birgə həyata keçirəcəkdir.

"Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş sərəncamların icrasını təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti 26.12.2012-ci il tarixində xüsusi müzakirələr aparmış və müvafiq sərəncam vermişdir.

2013-cü ilin ilk aylarında "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura" formalaşdırılmış və 22 fevral 2013-cü il tarixində onun ilk iclası keçirilmişdir. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuraları" və "Prioritet fəaliyyət istiqamətləri üzrə işçi qrupları" yaradılmış və onların tərkibi təsdiq edilmişdir. Elmi-Texniki Şuranın, ekspert şuralarının və işçi qruplarının tərkibi müxtəlif nazirliklər və baş idarələrin, elmi-tədqiqat müəssisələrinin məsul şəxsləri, alim və mütəxəssislərindən təşkil edilmişdir. Hazırda ekspert şuralarının və işçi qruplarının ilk iclaslarının keçirilməsi, müvafiq iş və təqvim planlarının hazırlanması prosesi gedir. Bütün bu işlərdə beynəlxalq şəbəkələrin, xüsusən ECPGR-ın təcrübəsindən istifadə edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, institutun nizamnaməsinin yeni variantı hazırlanmış və strukturda dəyişikliklər edilmişdir. İnstitutda yeni Biotexnologiya şöbəsi yaradılmış və burada müvafiq müasir elmi avadanlıqlar alınaraq quraşdırılır.

Respublika Prezidentinin tapşırığına əsasən "Mədəni bitkilərin genetik ehtiyatları sahəsində Dövlət Proqramının (Milli Proqram)" hazırlanması işi davam etdirilir. Proqram bütün maraqlı tərəflərlə müzakirə edilərək yüksək səviyyədə hazırlandıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcəkdir.

Bütün bu fəaliyyətlərin icrasında BGE üzrə milli şəbəkə, Milli İnformasiya Mübadiləsi Mexanizmi və onun məlumat bazaları, həmçinin BGE üzrə Mərkəzi Məlumat Bazası mühüm rol oynayır.

Həm qanunun, həm də ona qoşma sənədlərin, icra mexanizmlərinin hazırlanmasında, ümumən yeni sistemin qurulmasında beynəlxalq konvensiya və müqavilələrdən (CBD, GPA, İT, Cartahena protokolu və s.), FAO, Bİ, ECPGR, Trast-Fund, CİMMYT, İCARDA kimi beynəlxalq, VİR (Rusiya), USDA (ABŞ), İNRA (Fransa) kimi milli təşkilatların normativ və metodik xarakter daşıyan sənədlərindən, manuallarından və tövsiyələrindən, bir sıra ölkələrin (Türkiyə, Almaniya, İtaliya, Fransa, ABŞ, Çexiya və s.) milli proqram sənədlərindən, CAC Regional Strategiyasından, dünyada tanınmış alimlərin məsləhətlərindən istifadə edilmişdir.

"Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununu əsasında Milli qanunvericilik də təkmilləşdirilməkdədir. Azərbaycan Respublikası Milli Məclisinin  1 fevral 2013-cü il tarixində qəbul etdiyi "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 549-İVQD, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" 550-İVQD, "Seleksiya nailiyyətləri haqqında" 551-İVQD, "Ekoloji təhlükəsizlik haqqında" 552-İVQD, "Ətraf mühitin mühafizəsi  haqqında" 553-İVQD, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" 554-İVQD nömrəli qanunlarını misal göstərmək olar.

Bu qanunlar içərisində  "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu xüsusilə mühüm əhəmiyyət daşıyır. Həmin qanuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni 120-1-ci maddə əlavə edilmişdir.

Bu maddədə qeyd edilir ki, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına, yəni: Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin areallarında başqa növ bitki nümunələrinin istehsalçılarına dövlət vəsaiti hesabına yardımın göstərilməsinə; mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının mühafizəsi qaydalarının pozulmasına; Azərbaycan Respublikasının Milli Genbankınındavamlılığına mane olan hərəkətlərə, yəni soyuducu kameraların motorlarının, quruducu aparatların elektrik təchizatının dayandırılmasına (kəsilməsinə), yanğın törədə biləcək tezalışan maddələrin Azərbaycan Respublikasının Milli Genbankının ərazisinə gətirilməsinə, toxumların saxlanma rejiminin pozulmasına; Azərbaycan Respublikasında aqroekosistemlər üçün potensial əhəmiyyətə malik olan nadir və nəsli kəsilməkdə olan bitki növlərinin (populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsinə ziyan vuran fəaliyyətə, yəni arealları təyin edilmiş və mühafizəyə cəlb edilən nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qanunsuz toplanmasına, onların yerləşdiyi ərazilərdə mal-qaranın otarılmasına, həmin ərazilərin yandırılmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Elmi-tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə məsuliyyət daha ağırdır - fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər on min manat miqdarında, hüquqi şəxslər əlli min manat miqdarında cərimə edilir.

Sözsüz ki, yalnız inzibati tədbirlərlə problemləri çözmək mümkün deyildir, ancaq o da həqiqətdir ki, bəzən edilən qanunsuz hərəkətlər cəzasız qalarsa, daha da geniş xarakter alır.

 

 

Afiq MƏMMƏDOV,

AMEA Genetik Ehtiyatlar

İnstitutunun beynəlxalq əlaqələr,

koordinasiya informasiya

şöbəsinin müdiri,

 

Nərminə HİDAYƏTQIZI

 

Elm.- 2013.- 15 aprel.- S.17.