Azərbaycanın görkəmli geoloq aliminin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir

 

Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında görkəmli geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü Əli Əmiraslanovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycanın elm salnaməsində özünəməxsus yeri olan görkəmli geoloqu elmi ictimaiyyətin nümayəndələri böyük iftixar və qürur hissi ilə anmış, xatirəsini dərin hörmət və ehtiramla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, şərəfli ömür yolu keçmiş görkəmli geoloq alim, bacarıqlı təşkilatçı, gözəl insan Əli Əmiraslanov Azərbaycanın elm tarixində silinməz iz qoymuşdur. Bununla yanaşı, o, həyatının çox hissəsini geologiya elminin inkişafına, o cümlədən əlvan, nadir və nəcib metalların xammal bazasının yaradılması işinə həsr etmiş, tədqiqatları ilə dünya elm xəzinəsinə əvəzsiz töhfələr vermişdir.

AMEA-nin prezidenti xüsusi olaraq qeyd etmişdir ki, ölkənin mis və polimetal yataqlarının öyrənilməsi və istismara verilməsi sahəsində Əli Əmiraslanovun əməyi çox olmuşdur. O, mütəxəssislər arasında mis və polimetal yataqlarının mahir bilicisi sayılırdı. Ölkə üçün daha böyük əhəmiyyətli yataqların seçilməsində, mədən müəssisələrinin inşası üçün layihə təşkilatlarına tövsiyələr verilməsində, ümumiyyətlə, əlvan metallurgiya ilə bağlı dövlət planlarının işlənib hazırlanmasında böyük əmək sərf etmişdir. Onun bu sahədə apardığı tədqiqatlar, bütövlükdə elmi irsi bugünkü gənc geoloqlar üçün əvəzsiz mənbədir.

Sonra AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Arif İsmayılzadə Əli Əmiraslanovun həyatı və elmi-pedaqoji fəaliyyəti barədə məruzə ilə çıxış etmişdir.

Bildirmişdir ki, Əli Əmiraslanov 1900-cı il dekabrın 22-də Zəngəzur qəzasının (Qubadlı mahalının) Balahəsənli kəndində anadan olmuşdur. O, çox erkən yaşlarında valideynlərini itirmiş, nənəsinin himayəsi altında böyümüşdür. İlk təhsilini əvvəlcə kənd, sonra Şamaxı realnı məktəbində almışdır. 1925-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı vəzifəsində çalışmışdır. Həmin ilin sonunda Respublika Xalq Təsərrüfatının Ali Şurasına şöbə müdiri təyin olunmuşdur. Ə.Əmiraslanov işləyə-işləyə hazırlıq kursunda oxumuş və Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuşdur. 1926-cı ilin payızında köçürmə yolu ilə Moskva Dağ-Mədən Akademiyasının geoloji-kəşfiyyat fakültəsinə qəbul edilmişdir. 1930-cu ildə təhsilini uğurla başa vurub mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Ə. Əmiraslanov A.Pavlov, P.Lavrov, İ.Qubkin, A.Arxangelski, S.Nametkin, V.Obruçev kimi görkəmli alimlərdən dərs almış, onlardan geologiya elminin sirlərini öyrənmişdir.

Qeyd olunmuşdur ki, gənc geoloq 1930-cu ildə Moskva Geoloji Kəşfiyyat İnstitutunun təşkilində fəal iştirak etmiş və orada böyük elmi işçi kimi fəaliyyətə başlamışdır. Bununla yanaşı, Ümumittifaq Mineral Xammal İnstitutunda geoloji-kəşfiyyat dəstəsi və ekspedisiyasının rəhbəri işləyən Ə.Əmiraslanov həmin illərdən həyatını keçmiş SSRİ-nin əlvan metallurgiyasının mineral-xammal bazasının öyrənilməsinə, inkişafına və möhkəmləndirilməsinə həsr etmişdir. O, 1936-cı ilədək Şərqi Qazaxıstan, Ural, Zabaykalye, Orta Asiya, Şimali və Cənubi Qafqazda dəyərli metalların axtarışını aparmışdır.

Diqqətə çatdırılmışdır ki, Ə.Əmiraslanov, eləcə də Gədəbəyin, Qərbi Azərbaycan torpaqları olan Qafan və Qacaranın mis yataqlarının tədqiqini daim diqqət mərkəzində saxlamış və Cənubi Azərbaycan torpaqlarında da axtarışlar aparmışdır. 1937-ci ildə alim Beynəlxalq geoloji konqresin çağırılması və Moskvada keçirilməsi ilə bağlı təşkilat komitəsinə dəvət edilmişdir. O, XVII Beynəlxalq geoloji konqresin elmi katibi və rəyasət heyətinin üzvü təyin olunmuşdur. 1938-ci ildə Elmi-Tədqiqat Qızılın Geoloji Kəşfiyyatı İnstitutuna elmi işlər üzrə direktor müavini göndərilmiş, 1939-cu ilin avqust ayında əlvan metallurgiya xalq komissarının əmri ilə həmin komissarlığın Baş Geologiya İdarəsi rəisinin birinci müavini - baş mühəndisi təyin edilmiş, 1947-ci ilədək bu məsul vəzifədə uğurla çalışmışdır. Bilavasitə onun iştirakı ilə yeddi sənaye əhəmiyyətli əlvan metal yatağı kəşf edilmiş və istismara verilmişdir.

A.İsmayılzadə demişdir ki, görkəmli geoloqun fəaliyyəti yalnız SSRİ məkanının geologiyasını öyrənməklə məhdudlaşmamışdı. O, eləcə də Çin, İran, Rumıniya, Polşa, Macarıstan, İsveç və digər ölkələrdə geoloji işlərlə məşğul olmuş, həmin ölkələrin metallurgiya sənayesinin inkişafına töhfələr vermişdir. Ə.Əmiraslanov tutduğu yüksək vəzifələrdən asılı olmayaraq daim elmi-tədqiqat işləri aparırdı. Zəngin nəzəri biliyə, elmi bazaya və praktik iş təcrübəsinə malik alimin araşdırmaları Uralın mis-kolçedan yataqlarının, habelə Qazaxıstanın və Orta Asiyanın qurğuşun-sink yataqlarının tədqiqinə həsr olunmuşdur. 1937-ci ildə Uralın mis-kolçedan yataqlarının geologiyası sahəsindəki orijinal elmi əsərə, yəni yataqların mineraloji xarakteristikasının ətraflı tədqiqinə görə ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Ə.Əmiraslanov ittifaq miqyasında yüksək səviyyəli geoloq, geoloji xidmətin istedadlı təşkilatçısı və yataqların geoloji-kəşfiyyat işlərinin ümumi nəzəri məsələlərini konkret praktiki tapşırıqlarla həmahəng həll etməyi bacaran mütəxəssis kimi nüfuz qazanmışdır.

Görkəmli alimin sanballı elmi-tədqiqat əsərlərindən danışan A.İsmayılzadə bildirmişdir ki, keçmiş mis yataqlarının geologiyası və mineralogiyasına, mis filizinin genetik tiplərinə və SSRİ ərazisində perspektivin dəyərləndirilməsinə həsr etdiyi monoqrafiyasında Ə. Əmiraslanov ittifaq miqyasında əldə edilmiş faktiki materialları araşdırmış, hətta xarici ölkələrin mis yataqları ilə müqayisələr aparmışdı. Həmin monoqrafiyada mis filizi yataqlarının geoloji-iqtisadi təsnifatı əhatəli şəkildə, geniş miqyasda verilmiş, mis axtarışı və kəşfiyyatı üzrə başlıca istiqamətlər düzgün seçilmişdir. Məhz bu sanballı monoqrafiyanın əsasında o, doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Ə.Əmiraslanov həmin ixtisas üzrə professor elmi adına da layiq görülmüşdür. Geologiya-mineralogiya elminin inkişafında, eləcə də gənc geoloqlar nəslinin yetişməsində xüsusi xidmətləri nəzərə alınaraq, 1953-cü ildə professor Ə.Əmiraslanov SSRİ Elmlər Akademiyasına (EA) müxbir üzv seçilmişdir. O, SSRİ EA-ya müxbir üzv seçilmiş ilk azərbaycanlı olmuşdur. Alim ömrünün sonunadək elmi axtarışlarını davam etdirmiş, irihəcmli əsərlər qələmə almışdır. Onun rus dilində yazdığı və Moskvada nəşr olunmuş monoqrafiyalarından "Qurğuşun və sink yataqlarının əsas tipləri (Axtarış, kəşfiyyat və qiymətləndirmə metodları)" (1957), "Avstriyanın qurğuşun-sink yataqları (Geoloji səciyyə və yerləşmə qanunauyğunluqları)" (1960, əsəri N.İvanovla birgə yazmışdır), "Faydalı qazıntıların axtarışının mütərəqqi metodları" (1961) geniş rezonans doğurmuş və dəyərli vəsaitə çevrilmişdir.

Eyni zamanda, Ə. Əmiraslanovun rəhbərliyi ilə istehsalat və elmi-tədqiqat təşkilatlarının mütəxəssisləri tərəfindən qalay-sink yataqlarının geologiyası mövzusunda irimiqyaslı tədqiqatların aparıldığı, SSRİ-nin ayrı-ayrı filiz yataqları haqqında monoqrafik materialların tərtib olunduğu diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, bu cür nəhəng miqyaslı işlərin öhdəsindən məhz istedadlı alim, peşəsinin vurğunu olan zəhmətsevər insan gələ bilərdi.

İstedadlı alim, vətənpərvər, xeyirxah insan Əli Əmiraslanov ömrünün 62-ci baharında dünyasını dəyişmişdir.

Tədbirdə görkəmli azərbaycanlı geoloq alimin ömür yolundan bəhs edən "Kremlin müşaviri" sənədli filmi nümayiş etdirilmişdir.

Filmin ssenarisini alimin qızı, tanınmış yazıçı-publisist Elvira Araslı və jurnalist Müşfiq Əliyev yazmışlar. Filmdə dünya şöhrətli alimin geniş elmi və təşkilatçılıq fəaliyyəti, zəngin mənəvi dünyası, doğma Vətəni Azərbaycana məhəbbəti konkret fakt və detallarla əksini tapmışdır.

Mərasimdə akademik Akif Əlizadə, AMEA-nin müxbir üzvü Vasif Babazadə, Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov, professor Şirindil Alışanlı, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək sovet geologiya elmində yeni mərhələ açmış, yüzdən çox monoqrafiya və məqalənin müəllifi olan dünya şöhrətli azərbaycanlı alimin ömür yolundan və geniş elmi fəaliyyətindən danışmışlar.

Qeyd olunmuşdur ki, dünyanın elm korifeyləri ilə müqayisə edilən, Vətənə vurğunluqla bağlı olan, Moskvada həmvətənlərinə həmişə arxa duran Ə. Əmiraslanov xalqımızın qəlbində əbədi yaşayacaq, dəyərli əsərləri ilə elmi ictimaiyyətin mənəviyyatına həmişə işıq saçacaqdır.

Mərhum alimin ailəsi adından çıxış edən diplomat Elman Araslı diqqətə çatdırmışdır ki, Əli Əmiraslanov ömrünün çox hissəsini Vətəndən uzaqlarda yaşasa da, Azərbaycanı heç zaman unutmamış, onun qəlbi daim doğulduğu Qubadlı torpağı ilə bir döyünmüşdür.

Azərbaycanda elmə və təhsilə yüksək diqqət göstərildiyini vurğulayan E.Araslı demişdir ki, bugünkü mərasim də bunun bariz nümunəsidir. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Əli Əmiraslanovun yubiley tədbirinin yaxın gələcəkdə Balahəsənli kəndində də keçiriləcəyinə əminliyini bildirmişdir.

 

 

G.ƏNSƏRLİ

 

Elm.- 2013.- 31 yanvar.- S.2.