Azərbaycan alimlər Beynəlxalq Konqresdə

 

Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində “Qafqaz xalqlarının etnik tarixi və etnogenezi” mövzusunda Nax xalqlarının birinci beynəlxalq elmi konqresi keçirilib. Beynəlxalq tədbirdə Almaniya, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İordaniya, İsrail, Suriya, Özbəkistan, Qazaxıstandan olan nümayəndələr iştirak edib. Bundan başqa Konqresin işində Şimali Qafqazda yaşayan xalqların nümayəndələri, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan, Krasnodar və digər şəhərlərdən gələn elm adamları və pedaqoqlar iştirak ediblər.

Konqresdə çıxış edən Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov tədbir iştirakçılarını salamlayaraq Qafqazda yaşayan xalqlar arasında sülh və əminamanlığın bərqərar olmasının önəmini vurğulayıb, Qafqaz respublikalarının, o cümlədən çeçen xalqının etnik tarixinin dərindən öyrənilməsinin  aktual olduğunu bildirib və Konqresin işində uğurlar arzulayıb.

Konqresdə AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Sakit Hüseynov iştirak edib. Konqresin Plenar iclasında iştirakçıları salamlamaq üçün çıxış edən  S.Hüseynov çeçen etnosunun formalaşması prosesində mədəniyyətin rolundan danışaraq, Qafqaz xalqları arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında multikultural dəyərlərin və tolerantlığın əhəmiyyətini diqqətə çatdırıb. Alim, həmçinin Azərbaycan və Çeçenistan arasında elmi əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb. Sakit Hüseynov Çeçen xalqının etnik tarixinin formalaşmasında dini-fəlsəfi dünyagörüşün və milli-mənəvi mədəniyyətin mühüm rol oynadığını vurğulayaraq, çeçen xalqının mənəvi irsinin formalaşması prosesini şərh edib. Daha sonra azərbaycanlı alim nəfis şəkildə nəşr olunan bir neçə kitabı Ramzan Kadırova və Çeçenistan Elmlər Akademiyasının prezidenti, akademik Şahrudin Qapurova təqdim edib.Konqresdə daha yeddi azərbaycanlı alim də iştirak edib ki, onlar AMEA İnstutlarını və Azərbaycan Texniki Universitetinin İctimai  Elmlər kafedrasını təmsil ediblər. Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi Həsənağa Ramazanlı, Tarix İnstitutunun aparıcı elmi işçisi Dilavər Əzimli, həmin elmi müəssisənin aparıcı elmi işçiləri Xeyirbəy Qasımov və Alı Balayev, Folklor İnstitutunun şöbə müdirləri, filologiya elmləri doktorları - Qalib Sayılov və Seyfəddin Rzasoy, həmçinin Texniki Universitetinin İctimai fənlər kafedrasının professoru Əyyub Kərimov konqresdə çıxış ediblər.

Konqresdə Azərbaycan alimlərinin diqqətini cəlb edən məsələlərdən biri Abxaziya respublikası Elmlər Akademiyası Humanitar tədqiqatlar İnstitutunun elmi işlər üzrə müavini Quram Qumbanın plenar iclasdakı məruzəsi olub. Nax xalqlarının etno-mədəni tarixietnogenez məsələləri” adlı məruzəsində Quram Qumba çeçenlərin etnomədəni tarixini “erməni mənbələrinə” əsaslanaraq Şumerlərlə bağlamağa cəhd göstərib. Bundan başqa, İrəvan Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan öz məruzəsində çeçenlərin tarixi köklərinin ermənilərlə bağlı olduğundan danışıb. Beynəlxalq tədbirdə Azərbaycan və çeçen alimləri bu fikrə qarşı etiraz ediblər. Etirazdan sonra çeçen etnogenezinin erməni tarixçilərinin mənbələrinə bağlanması fikri konqresin qətnaməsindən çıxarılıb.

Ümumiyyətlə Qafqaz xalqlarının genezisi ilə bağlı Azərbaycanlı alimlər Konqresdə fəal iştirak ediblər. Bu baxımdan Qroznuda keçirilən beynəlxalq  Konqresdə Azərbaycanlı alimlərin iştirakı faydalı olub.

 

Elm.- 2018.- 26 sentyabr.- S.3.