Nizami Gəncəvi əsərlərinin türk dilinə ilkin mənsur tərcümələrinin əlyazma nüsxələri

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı onun yaşadığı dövrdən başlayaraq günümüzə qədər bütün dünya mədəniyyətinin, ədəbiyyat və incəsənətinin maraq dairəsində olmuşdur.

Nizami Gəncəvinin əsərləri özündən sonrakı dövrlərdə də minlərlə şairin, yazıçının yaradıcılığına böyük təsir göstərmiş, mövzu, ilham qaynağı olmuşdur. Nizaminin etalona çevrilmiş əsərləri klassik Şərq poeziyasında öz hünərini göstərmək, öz şairlik bacarığını nümayiş etdirmək istəyən yüzlərlə şairin yaradıcılığı üçün bir meyara çevrilmişdir. Onun əsərlərinə yazılmış yüzlərlə cavablar, nəzirə və bənzətmələr bunun bariz nümunəsidir. Nizami yardıcılığına təkcə Şərqdə deyil, Qərb dünyasında və demək olar ki, bütün Avropada da hər zaman böyük maraq göstərilmişdir. Təkcə poeziyaya deyil fikir, düşüncə tarixinə də öz müsbət təsirini göstərmiş Nizami yaradıcılığı ilk illərdən müxtəlif Şərq və Avropa dillərinə tərcümə olunmağa başlanmışdır. Lakin Nizami sözünün qüdrəti qarşısında gücsüz qalan bir çox şair və tərcüməçilərin onun yaratdığı poetik möcüzəni uğurla təkrarlamaqda gücləri yetməsə də şairin əsərlərinin məna yükünü, fəlsəfi görüşlərini, hikmət xəzinəsini bütün bəşəriyyətə çatdırmaq, bu görüşlərdən bəhrələnmək naminə mənsur tərcümələrə də müraciət etmişlər. Təbiidir ki, Nizami Gəncəvi yaradıcılığına Osmanlı-türk ədəbiyyatında da böyük maraq olmuşdur. İlk illərdən başlayaraq bir çox Osmanlı şairi Nizami Gəncəvi əsərlərinə nəzirələr, cavablar yazmağa başlamışlar. Bu şairlərdən Taşlıcalı Yəhya Bəy Dukakini, Bursalı Rəhmi, Ətayi, Cinani, Ali, Üşşaqi, Xəyali, Əhmədi kimi məşhur Osmanlı-türk şairlərinin adlarını qeyd etmək olar.

Bununla yanaşı, Osmanlı-türk ədəbiyyatı sahəsində Nizami Gəncəvi əsərlərinin türk dilinə tərcümə olunmasına cəhd olunmuşilk olaraq klassik ədəbiyyatda yayğın olan mənsur janrda bu tərcümələr ərsəyə gəlmişdir. Apardığımız tədqiqatlar zamanı Osmanlı-türk ədəbiyyatı sahəsində Nizami əsərlərinin bir çox ilkin mənsur tərcümələri qarşımıza çıxdı. Günümüzə qədər əlyazma formasında gəlib çıxmış bu mənsur tərcümələr üzərində Türkiyədə müxtəlif dövrlərdə qismən tədqiqat işləri aparılsa da bu tərcümələrin heç biri indiyə qədər nəşr olunmamışdır. Tərəfimizdən aparılan tədqiqatlar zamanı məlum oldu ki, Türkiyə Cümhuriyyətində Nizami əsərlərinin mənsur tərcüməsinə aid 7 əlyazma nüsxəsi mövcuddur. Bunlar əsasən Ankara Milli Kitabxanası, Türk Dil Qurumu Kitabxanası, İstanbul Topqapı Sarayı Kitabxanası və Ankara Adnan Ötükən Xalq Kitabxanasında qorunan nüsxələrdir. Qeyd etmək yerinə düşər ki, Ankara Milli Kitabxanasında qorunan Nizami “Xəmsə”sinin türk dilinə ilkin mənsur tərcüməsinin iki əlyazma nüsxəsinin fotosurəti tərəfimizdən əldə edilərək geniş tədqiqata cəlb edilmiş və “Nizami ili” çərçivəsində əlyazmanın transfoneliterasiya edilərək nəşri də planlaşdırılır. Burada bir məsələni də qeyd edək ki, Nizami Gəncəvinin əsərlərinin mənsur tərcümələri edilərkən şairin əsasən “Xəmsə”sinə daxil olan məsnəvilərdən dördünün – “Yeddi gözəl”, “XosrovŞirin”, “Leyli və Məcnun” və “İskəndərnamə” mənsur tərcüməsinə rast gəlinir.

Nizami əsərlərinin mənsur tərcümələrinin müəllifinə gəlincə isə, tərcüməçilər haqqında hər hansı bir məlumatı əldə edə bilmədik. Lakin yuxarıda qeyd olunan nüsxələrdən başqa yalnız “Leyli və Məcnun” poemasın mənsur tərcüməsindən ibarət iki əlyazma nüsxəsi də mövcuddur. Bunlar Çorum Hasan Paşa İl Kitabxanasında və Süleymaniyyə Yazma əsərlər kitabxanasında qorunan nüsxələrdir. İstanbul Süleymaniyyə Kitabxanasında qorunan əlyazmanın təmmət qismində qeyd olunur ki, hicri 1222-ci ildə (miladi 1807) Əhməd Ağazadə tərəfindən qələmə alınmış mənsur tərcümə hicri 1227-ci ildə (miladi 1812) katib Əttar Əhməd Ağazadə Dərviş Seyyid Həmzə tərəfindən köçürülmüşdür. Çorum nüsxəsində olan qeyddən isə əlyazmanın hicri 1268-ci (miladi 1851) ildə köçürüldüyü məlum olur. Bizə məlum olan nüsxələrin ən erkəni isə göründüyü kimi Ankara Milli Kitabxanasında qorunan nüsxələrdir və bizim də əldə edərək geniş tədqiqata cəlb etdiyimiz nüsxələr də elə məhz bu nüsxələrdir. Bununla yanaşı Nizami Gəncəvi əsərlərinin mənsur tərcümələrinə aid digər nüsxələri əldə edib tədqiqata cəlb etməyi düşünürük. 

Ankara Milli Kitabxanasından fotosurətini əldə etdiyimiz Nizami əsərlərinin türkcə mənsur tərcüməsinin 1703-cü ildə köçürülmüş əlyazma nüsxəsi üzərində apardığımız ilkin araşdırmalardan da məlum olur ki, əsərin mütərcimi məlum deyil. Əlyazma ümumilikdə 160 vərəqdən ibarətdir burada Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan dörd poemanın mənsur tərcüməsi yer almaqdadır. Əlyazmanın 1b səhifəsində yuxarı tərəfdə nəbati elementlərdən ibarət sadə formalı bir təhzib nümunəsi vardır. Fonu qızılı rənglə işlənmiş təhzib qırmızı yaldızlı və zəncirəkli çərçivə içərisindədir. Təhzibin altında eyni yaldızlı çərçivə içində qızılı rənglənmiş düzbucaqlı boşluqdan sonra qara mürəkkəblə yazılmış mətn başlayır. Əsərin dilinə və təhkiyəsinə diqqət etdikdə müşahidə edirik ki, mənsur tərcümə çox sadə və anlaşıqlı, eyni zamanda axıcı bir dillə qələmə alınmışdır.  Əlyazmada hadisələr hekayələr şəklində verilmiş və hər bir hekayənin başlığ isə qırmızı mürəkkəblə yazılmışdır. Misal üçünXosrovŞirin” poemasında Xosrov haqqında hekayənin başlanğıcı “Bu məhəl Hörmüz oğli Xosrova siyasət eyləmək istədigidir” kimi verilmişdir.

Əldə etdiyimiz ikinci Əlyazma isə cəmi 78 vərəqdən ibarətdir və  əlyazmada Nizami Gəncəvinin “XosrovŞirin” (1b-45a) və “Həft peykər” (Yeddi gözəl) (45b-78b) poemalarının türkcə mənsur tərcümələri yer almaqdadır.

Tədqiqatlar zamanı “Xəmsə”yə daxil olan “Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) məsnəvisinin türkcəyə mənsur tərcüməsinə hələ rastlamamışıq. Ümid edirik ki, bu poemanın da mənsur tərcüməsi varbiz gələcək tədqiqatlarımızda bu əsərin də əlyazmasını aşkar edəcəyik.

 

Kərimulla MƏMMƏDZADƏ, filologiya üzrə fəlsəfə doktoru

Elm $g 2021.- 12 fevral.- S.4.