Nizami Gəncəvi İlinə dair görüləcək işlər müzakirə edilib

Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Nizami Gəncəvi İli ilə bağlı tədbir keçirilib.

 

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin Nizami Gəncəvi İli elan edilməsi haqqında Sərəncamından irəli gələn məsələlərə həsr olunmuş tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutunda bu istiqamətdə vəzifələri icra etmək üçün ilk növbədə işçi qruplarının yaradılmasının vacibliyini vurğulayıb. Akademik görüləcək işlər sırasında görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin külliyyatının elmi tənqidi mətnlərinin ərsəyə gətirilməsi, akademik nəşrlərin çapı, ədibin institutun fondunda mühafizə olunan əsərlərinin nadir əlyazmalarından ibarət sərgisinin təşkili, Nizami Gəncəvi: sələflər və xələflər orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri mövzusunda konfransın keçirilməsi və s. tədbirlərin yer tutduğunu bildirib.

Yığıncaqda çıxış edən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli N.Gəncəvinin avtoqraf əlyazmalarının günümüzə qədər gəlib çatmadığını, lakin Xəmsəyə daxil olan poemaların əlyazmalarının hər birinin müxtəlif şəhərlərə göndərildiyinin məlum olduğunu qeyd edib. Nizami Gəncəvinin Əlyazmalar İnstitutunda olan üzü köçürülmüş ən qədim əlyazması XIV əsrə aiddir. Halbuki Əmir Xosrov Dəhləvi XIII əsrdə Nizami Gəncəvinin Xəmsəsinə cavab yazıb. Bu da onun daha qədim əlyazmasının mövcud olduğunu sübut edən faktdır. Buna görə də Nizaminin əlyazmalarının axtarılıb tapılması zəruri tədqiqat obyektidir, - deyə T.Kərimli bildirib.

Akademik ölkədə karantin müddəti bitdikdən sonra şairin çoxlu sayda əlyazmalarının olduğu ehtimal edilən Hindistana səfər etməyi təklif edib.

Sonra müəssisənin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov çıxış edərək Nizami Gəncəvinin əsərlərinin Əlyazmalar İnstitutunda qorunan nadir əlyazmalarının rəqəmsallaşdırılması və elektron bazasının yaradılmasının vacibliyindən söz açıb.

Bu mövzuda aparılan fikir mübadiləsində iştirak edən digər institut əməkdaşları artıq nadir əlyazmalarda olan təsvirlərin toplanmağa başlandığını söyləyib, elmi müəssisə tərəfindən Nizami Gəncəvi Xəmsəsinin Bakı əlyazma nüsxəsi, Nizami əlyazmalarının Bakı nüsxələri adlı kitab-albom, Nizami Gəncəvi 880 adlı biblioqrafik göstəricinin əks olunduğu toplu və monoqrafiyaların nəşrə hazırlanacağını diqqətə çatdırıblar.

Elm 2021.- 12 fevral.- S.3.