Qələbə və postmüharibə dövründə Azərbaycanda yeni geosiyasi reallıqlar

 

İfrat erməni millətçiliyinin iflası

 

Erməni kilsəsinin yaratdığı “ermənilik” sindromu öz faşist təzahürlərinin yeni formasını XXI əsrdə də özündə əks etdirməkdədir. Bu sindrom Ermənistanın faktiki olaraq uçuruma aparılmasına, böhrana və müstəqilliyinin asılı vəziyyətə salınmasına düçar edən acı sonluqla nəticələnməsini qaçılmaz etmişdir. Həqiqət isə budur ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması kimi aqoniya nə qədər davam etdisə, Ermənistanın müstəmləkəçiliyin qurbanına çevrilməsi bir o qədər dərinləşdi. Azərbaycanın atdığı addımların isə əslində, belə siyasi riyakarlığın, zərərli ideologiyanın təsirindən regionu xilas etmək siyasətinə söykəndiyi o zaman qarşı tərəfin havadarlarına agah oldu ki, artıq Ermənistan bütün beynəlxalq, regional layihələrdən təcrid olunub, iqtisadi cəhətdən sarsılıb, çökməyə məruz qalmışdı. Açıq həqiqətdir ki, Azərbaycanın çox ağıllı və düşünülmüş şəkildə balanslaşdırılmış siyasi kursu Ermənistanda fəaliyyət göstərən belə xunta rejiminin iflasa uğradılmasını qaçılmaz etmişdir. Bu siyasət heç də təsadüfün nəticəsi deyil, siyasi məharətin və mütərəqqi baxışların reallıqdan doğan təzahürü idi. Ölkəmizin irəli sürdüyü mütərəqqi təşəbbüsləri Ermənistanın dərk etməməsi, aqressiv mövqeyi, siyasi naşılığı Azərbaycanın bölgədə yeni reallıqları bərqərar etməsi kimi iradəni ortaya qoymasına zərurət yaratdı.

 

Neçə illərdir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi öz təşəbbüsləri ilə BMT Baş Assambleyasının iclaslarında, digər çoxsaylı beynəlxalq tədbirlərdə dünyanın millətçilik və işğalçılıq meyillərindən imtina edib yeni dünya nizamında ədalətin, bərabərliyin, insan haqlarının, demokratiyanın tərəfdarlarını sözdən əməli işə çağırırdı. Çox təəssüflər olsun ki, beynəlxalq siyasətin söz sahiblərinin milyonlarla insanların taleyinə, tapdanmış hüquqlarına münasibəti “qara qüvvələrin” əlində vasitəyə çevrilərək idarə olunması özünü göstərdi. Bu zaman beynəlxalq güc mərkəzlərinin fəaliyyətinə olan inamın itməsi isə təbiidir. Tam elmi əsaslıdır ki, Azərbaycanın belə həssas məqamda bəşəriyyətin taleyinə yanaşma konsepsiyası birmənalı olaraq yeni reallıqların bərqərar olması üçün həm stimul, həm də zərurətdir. Bir faktı qeyd etmək yerinə düşür ki, Vətən müharibəsinin nəticələrindən sonra işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın hökm sürmüş acınacaqlı vəziyyət vandalizmin və erməni vəhşiliklərinin analoqunun olmadığını göstərir. Bəs, belə özbaşınalığa göz yumulmasının izahı hansı anlama gəlir? Deməli, erməni faşizmi və onların havadarlarının dünyanı hansı fəlakətlərlə üz-üzə qoyması faktı açıqca görünən həqiqətlərdir. Müharibədən sonra terrorçu, təxribatçı hərəkətlərə cəhdlər isə Ermənistanı yenə də faciəyə düçar edən təfəkkürdən ayılmamasının göstəricisindən başqa bir şey deyildir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 fevral 2021-ci il tarixdə xarici media nümayəndələrinin suallarını cavablandırarkən mövcud vəziyyəti belə şərh etdi: “Biz münaqişənin başa çatdırılması üçün otuz il gözləmişik. Bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Ermənistan ən azı müəyyən bir əlamətlər nümayiş etdirirdi ki, münaqişə dinc yolla həll oluna bilər, biz bu danışıqlarda iştirak edirdik. Ancaq biz dərk edəndə ki, Ermənistan hökuməti bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində deyil və iyul, avqust aylarında bizə qarşı bir sıra hərbi təxribatlar törədildi, sonra da sentyabr ayındakı təxribat - biz təbii ki, adekvat cavab verməli olduq. Ona görə də davamlı sülh yalnız imzalanmış 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməklə olar. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu, baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Daha bir sülh üçün şərtimiz ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır”.

 

Bu gün siyasi reallıqlar həm də onu göstərdi ki, Ermənistanın etdiyi bütün ədalətsizliklər istər sovetlər birliyində, istərsə də sonrakı dönəmdə erməni lobbisinin nümayəndələrinin fəaliyyəti ilə aparılmış və bu ədalətsizliyə isə əslində, müxtəlif dairələr tərəfindən rəvac verilmişdir. Vaxtilə Azərbaycanın əleyhinə edilən 907-ci düzəliş də belə ədalətsizliklərdən biri idi. Beləliklə, bütün bunların erməni faşist ideologiyasının təzahürləri kimi uzun illər cavabsız qalsa da, nəticədə Azərbaycan bu ədalətsizliyə qarşı öz adekvat cavabını verərək özü təkbaşına ədaləti bərpa etdi.

 

Dağlıq Qarabağ münaqişəsi tarixdir

 

Bu gün Azərbaycan ictimaiyyətində və xarici dövlətlərin bəzi dairələrində səslənən Azərbaycanın Vətən müharibəsindəki hərbi-geosiyasi-ideoloji gücünə dair təhlillərin mahiyyət baxımından hələ uzun illər müzakirə obyekti olacağı tam əsaslıdır. Lakin bu proses mahiyyət və nəticə baxımından dəqiq və əsaslı qənaətlərin olmasını tələb edir. Məsələn, bir sıra revanşist dairələrin “Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz”, - kimi iddiaları köhnə xülyalara söykənir. Belə yanaşma aydın məsələdir ki, münaqişə haqqında uzun illər formalaşan “nə sülh, nə müharibə” formatının təsiri altına düşməyin təzahürüdür. Ancaq siyasi reallıqların dərki prosesin zərurətə çevrildiyini kim inkar edə bilər? Təbii ki, heç kim. Birincisi, ona görə ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən cəhdlər Azərbaycanın iradəsi ilə heç vaxt müzakirə mövzusu olmayıb.

 

İkincisi, Azərbaycan o dövlətlərdəndir ki, öz mövqeyində xalqların müqəddəratlarının önəmini tolerant və multikulturalizm ənənələrində artıq təsdiq edib. Bu gün Azərbaycanın dünyaya örnək olan təcrübəsini öyrənmək və tətbiq etmək mütərəqqi konsepsiya kimi çox önəm kəsb edir. Bu siyasətin kökündə dayanan birgəyaşayışın inkişaf üçün yeganə düzgün yol olduğunu inkar etmək mümkün deyil. Ona görə də Ermənistanın işğalçı timsalında Qafqaz regionunda münaqişənin həll olunmamasında maraqlı dövlətlərin fəaliyyətsizliyi və onun acı nəticələrini bir çox dünya dövlətləri etiraf etməkdə və onu qınaq obyektinə çevirməkdə tam haqlıdırlar.

 

Üçüncüsü, dünyada ikinci erməni dövlətinin yaradılmasına dair absurd ideologiyanın bəşəriyyətin taleyində hansı fəsadlara gətirib çıxara biləcəyi indiki mərhələdə Azərbaycanın qarşıya qoyduğu ədalətli və ağıllı siyasətlə dünyaya mesaj olundu. İndi Ermənistan adlı dövlətin hətta mövcudluğu da məhz bu ağıllı konsepsiyanın düzgün dərkindən asılıdır. “Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub” fikrini əsaslandırarkən biz onu xüsusi qeyd etməliyik ki, otuz illik davam edən danışıqlar prosesinin heç bir nəticə verməməsinin ən böyük səbəbi də dünyanın bu proseslərə birtərəfli yanaşmasında idi. Erməni tərəfinin bölgə üçün yersiz və çox təhlükəli bəyanatları onların absurd iddialarını faktiki olaraq “dəmir yumruğ”a məhkum etməsi, əslində, tarixi zərurət idi. Bu, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” məzmununda olan və digər motivli sərsəmləmələrinin nəticələri kimi onları faciəvi sonluğa məhkum etdi. Deməli, tarixə ləkə vuran, xalqların hüquqlarını tapdalamaq yolu tutan, özgəsinin ərazisində qurama dövlət yaratmaq istəyən istənilən cəhdin Azərbaycan üçün anlamı yoxdur və bu problemin həlli yalnız xalqın və onun güvənc yeri olan sərkərdəsinin iradəsindən doğan qəzəblə bitməlidir. Azərbaycan xalqının iradəsini ifadə edən siyasət bu prosesin dönməzliyi haqqında müzakirəyə yer qoymur.

 

Dördüncüsü, Azərbaycan dünyaya isbat etdi ki, xalqın mövcudluğu onun Vətən təəssübkeşliyindən bilavasitə asılıdır və xalqlar bu həqiqətdən doğan nicat yolunu tutmalıdır. Ötən 30 ildə Azərbaycanın apardığı balanslaşdırılmış siyasət onu göstərdi ki, həyata keçirilən beynəlxalq layihələr, iqtisadi-siyasi əməkdaşlıq kursu xalqların inteqrasiyası üçün elə bir doğru yoldur ki, onların milli inkişafını şərtləndirən mühüm amildir. Xalqlar anlamalıdır ki, vətənçilik beynəlmiləlçiliyin düzgün dərkindən keçir... Azərbaycan bunun üçün dünyada yeni reallıqların dərki prosesinə yol açmışdır. Prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu haqqında “Status yoxdur, ola da bilməz. Ermənistan və erməni xalqı tərəfindən bu nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar”, - kimi tarixi fikri nə qədər ki, gec deyil, yanlış təfəkkürdən erməni xalqının xilas olmasının effektivliyini ortaya qoyur. Çünki Azərbaycan dövləti heç vaxt milli ayrı-seçkilik siyasəti aparmayıb və bu gün də XIX əsrdə Azərbaycan ərazisinə köçürülmüş erməni əhalisinin Azərbaycan vətəndaşları olaraq yaşamasına Azərbaycan dövləti qarant olduğunu bəyan etmişdir. Prezident İlham Əliyev bu siyasətin mahiyyətinə nəzər salaraq demişdir: “Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sülhün əsas təminatçısı ola bilər. Azərbaycanın, əslində, siyasəti də, mövqeyi də, xalqımızın düşüncələri də bu fikri təsdiqləyir. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdi və bu qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var”.

 

Türkiyə Qafqazda sülhməramlılığın tərəfdaşıdır

 

Azərbaycanın Vətən müharibəsində regionun böyük dövləti olan Türkiyənin mövqeyi bir tərəfdən siyasi və mənəvi dəstək olduğu halda, o biri tərəfdən bir çox qüvvələr üçün çox ciddi mesaja çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin tarixi faktlardan qaynaqlanan fikirləri onu deməyə əsas verir ki, Qafqaz geosiyasi məkanında müxtəlif vaxtlarda öz maraq dairəsi baxımından bir sıra dövlətlərin apardığı siyasət bu regionda həlli dalana dirənmiş problemlərin əsasını qoymuşdur. Bu problemlərin mənfi təsiri xalqların həyatından yan keçməmişdir.

 

Müasir siyasi prosesləri şərh edərkən dövlət başçısı demişdir: “Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb. Çünki bir daha qeyd etmək istəyirəm, biz hesab edirik və bizim bir çox tərəfdaşlarımız hesab edirlər ki, müharibə başa çatıb və biz artıq kitabın o səhifəsini bağlamalıyıq, gələcəyə baxmalıyıq. Çünki postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Biz əgər təkcə Zəngəzur dəhlizinə fikir versək, görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Mən burada bizim enerji sektorundakı fəaliyyətimizdən misal gətirə bilərəm. Birinci neft kəməri - Azərbaycanı, Xəzər dənizini Qara dənizlə birləşdirən, 1999-cu ildə istismara verilən Bakı-Supsa kəməri, görün, nəyə gətirib çıxardı. Ondan sonra neçə layihə icra edildi. Sərmayə qoyuluşu, yeni kəşfiyyatlar, eyni zamanda, Cənub Qaz Dəhlizi. Bu layihənin icrası ilə bağlı olan məsələlərdə artıq 7 ölkə birləşib və indi bu, özlüyündə yeni bir əməkdaşlıq formatı yaradır. Eyni mənzərəni biz burada da görə bilərik. Ancaq bir şərtlə ki, burada hər hansı gizli məqamlar, fikirlər olmasın, səmimiyyət, qarşılıqlı inam və maraqların bölgüsü olsun”.

 

Bu addım Azərbaycanın beynəlxalq əməkdaşlığa növbəti töhfəsi ola bilər. Çünki böhrana düçar olmuş Ermənistanın (onun havadarları belə bir ağır duruma saldığı üçün) yeganə çıxış yolu regional əməkdaşlıqda iştirakındadır. Türkiyə, Rusiya, İran və Orta Asiyanın tranzit əməkdaşlığının fonunda Ermənistanın yer alması bu ölkəni, hətta siyasi mübarizələrdən və çəkişmələrdən xilas edə bilər. Azərbaycanın bu regionda hər zaman uğurlu əməkdaşlığın nümunəsi olması Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Rusiya formatlarındakı böyük dividentlərlə təsdiqini tapmışdır.

 

Prezident İlham Əliyev bu məsələni şərh edərək demişdir: “Ermənistan yeganə ölkədir ki, onlarda belə bir əməkdaşlıq formatı mövcud deyil. Biz bu regionun məsuliyyətli ölkəsiyik”.

 

Bir məsələni vurğulamaq yerinə düşür. Türkiyə Ermənistanı rəsmən tanıyan ilk ölkələrdən biridir və ilk vaxtlar Türkiyənin təşəbbüsləri Ermənistanla normal əlaqələr qurmaqdan ibarət idi. Həmişə olduğu kimi, Ermənistanda anti-Türkiyə təbliğatı təəssüflər olsun ki, davam etmiş, Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilərək, hətta Türkiyəyə qarşı Ermənistanın əsassız ərazi iddiaları yenidən baş qaldırmağa başlamışdır. Hesab edirik ki, Ermənistanın heç bir əsası olmayan növbəti belə addımı onun Türkiyə kimi regionun sülhməramlı dövləti ilə bütün əməkdaşlığına zərbə vurmuşdur. Bu isə Ermənistanı bütün sahələrdə tənəzzülə aparan əsas səbəblərdən biridir.

 

Müharibə Azərbaycanın məcburi tədbiri idi

 

Müharibəyədək, hətta müharibə zamanında Azərbaycanın sülhməramlı missiyasını heç bir dövlət inkar edə bilməz. Ona görə ki, Azərbaycan 30 ilə yaxın bir tarixdə yalnız bu mövqedən çıxış etmişdir. Tələbləri isə çox sadə və ədalətli idi. Azərbaycan torpaqlarından erməni işğalçıları çıxmalıdır. Bu sadə həqiqətlərin dərk edilməməsi, böyük fəlakətlərə gətirib çıxaran əsas səbəb idi. Əslində, dünyanın heç bir ölkəsi Türkiyə və Pakistan dövlətləri istisna olmaqla, erməniləri bu yoldan çəkindirmək üçün heç bir əməli fəaliyyətə malik olmadılar. Bir çox maraqlı qüvvələr, əslində, ermənilərə yalan vədlərin verilməsi ilə onları acı məğlubiyyətə düçar etdilər. Hətta Azərbaycan Prezidenti İlham Əliyev müharibə başlanan ərəfədə belə bildirmişdir ki, “işğal edilmiş bütün ərazilərdən çıxmaq müddətini bizə təqdim edəcəkləri anda biz dayanmağa hazırıq. Əgər erməni tərəfi mənim sözlərimə qulaq assaydı, o halda onların məğlubiyyəti bu dərəcədə alçaldıcı və ağrılı olmazdı, bu qədər tələfat da olmazdı. Bununla yanaşı, Ermənistan tərəfi baş nazirin şəxsində Prezident Putinin sözlərinə də qulaq asmadı. Mən deməliyəm, təbii ki, bizim Ermənistanın baş naziri ilə əlaqəmiz olmayıb və yoxdur. Lakin Prezident Putin vasitəsilə bir növ bir-birimizə müxtəlif mesajlar ötürürdük. Bildiyimə görə, Rusiya Prezidenti də bu barədə deyib ki, Ermənistan baş naziri onun sözlərinə qulaq asmayıb və bununla da vəziyyəti o dərəcədə ağırlaşdırıb ki, kapitulyasiya haqqında aktı haradasa, hansısa qaranlıq otaqda imzalamağa məcbur olub”.

 

Artıq bütün dünya bilir ki, Azərbaycanın missiyası həmişə sülh olub. Ancaq səmərə verməyən sülh danışıqları və yaxud cəhdləri artıq buna yer qoymadığı halda təbii ki, müharibə yolunun qaçılmazlığı mövcuddur. Bu gün dünyada dondurulmuş və həlli çətinə düşmüş münaqişələrin əksəriyyətinin səmərəsiz danışıqlarla uzadıldığı məlum olur. Ancaq bu münaqişədən əziyyət çəkən tərəflərin hərbi yolu seçə bilməsi və belə riskli addımı atmağın məsuliyyətini öz üzərinə götürməsi məsələsi güclü siyasi lider, xalqdan çox böyük siyasi iradə, milli həmrəylik, mükəmməl ordu və iqtisadi inkişaf tələb edir. Biz ona görə Azərbaycanın qələbəsini təlqin etməyi zəruri hesab edirik ki, bütün bu proseslər ilbəil qarşıya qoyulan hədəflərə nail olmaqla, ardıcıl islahatların səmərəli nəticəsi ilə əldə olunub. 2021-ci il martın 5 də Yeni Azərbaycan Partiyasının VII Qurultayı zamanı Prezident İlham Əliyev öz nitqində bu məsələnin mahiyyətini şərh edərkən demişdir: “Əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya qoyulmuş hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəflər qoyurduq. Bu siyasətlə ölkəmiz dayanıqlı inkişafı təmin etdi. Azərbaycan çox böyük nüfuzu olan ölkəyə çevrildi”.

 

Dövlət başçısı hələ 24 oktyabr 2008-ci ildə Prezident seçkilərindən sonra təşkil edilmiş andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində hərbi yolun mümkünlüyü məsələsindən danışarkən lazımi məqamda bu yolun qaçılmaz olmadığı anonsunu vermişdi.

 

Tarixi yaddaşa qayıdış və gələcək

 

Azərbaycanın strateji baxışları keçmişin, bu günün və gələcəyin reallıqlarını çox aydın baxış və təsəvvürlər vasitəsi ilə təhlil etmə dövrünü yaşayır. Dünya informasiya məkanında Azərbaycan həqiqətləri tarixin yeni səhifələrini açarkən təkcə bu günün deyil, mövcud həqiqətlərin tarixinin kökündən izahını verib. Vaxtilə “Arsax müstəqil dövlətdir” kimi dünyanı aldatmağa yönələn cəfəng fikirlərin alt–üst edilməsi də tarixi yaddaşın həqiqətlərinin üzə çıxarılmasına xidmət etmişdir. Ona görə ki, bu addım tarixi faktların dili ilə sübut olunaraq, əsl həqiqətin harada olduğunu dünyaya çatdırır. Ermənistan adlı dövlətin tarixən digər ölkələrdən asılı vəziyyətdə olması və onların hakimiyyətə gələn siyasətçilərinin maraqlara xidmət edən populist çıxışları, xalqı aldatmaq yolunu tutmaları danılmaz həqiqətlərdir. Bu gün tarixə qayıdış zərurəti Ermənistan üçün ona görə çox vacibdir ki, onların dövlətçilik tarixində “arsax” adlı bir dövlətin mövcudluğu haqqında mif, hətta Ermənistanın mövcudluğunu sual altında qoya bilər. Çünki onların təfəkkürü yalan miflər yaratmaqdan qabağa gedə bilməmişdir. Nəticə isə göz qabağındadır.

 

Beləliklə, Azərbaycanın tarixi yaddaşa əsaslanan möhkəm dövlətçilik təfəkkürü nəinki öz ərazi bütövlüyünü təmin etdi, dünyada mövcud olan dondurulmuş münaqişə ocaqları haqqındakı stereotipləri əslində sındırdı. Prezident İlham Əliyevin dərin məntiqə söykənən fikirləri bizim tarixi yaddaşımız və gələcək hədəflərə nail olmağımız üçün növbəti strateji yol xəritəsidir.

 

O, demişdir: “Dünyadakı münaqişələrə əgər nəzər salsaq, onların mənşəyini və indiki vəziyyətini təhlil etsək, görərik ki, artıq o ölkələrin vətəndaşları da və beynəlxalq ictimaiyyət də elə bil ki, bu vəziyyətlə müəyyən dərəcədə barışıb, razılaşıb. Yaxud da, bunu alternativsiz bir variant kimi qəbul edir. Müəyyən dərəcədə burada məntiq var. Çünki uzun illər davam edən nə hərb, nə sülh vəziyyəti, dondurulmuş münaqişələr istər-istəməz belə fikirlərin yaranmasına gətirib çıxarır. Bu, birincisi, ikincisi burada stereotiplərin qırılması üçün bir neçə amil lazımdır. Əgər bu amillər, onların vəhdəti varsa, deməli, bu stereotiplər qırılacaq. Birincisi, güclü siyasi iradə olmalıdır: liderlərin güclü siyasi iradəsi və istənilən təzyiqə davam gətirmə qabiliyyəti. Bu, hesab edirəm ki, birinci dərəcəli məsələdir. Çünki öz təcrübəmə istinad etsəm, deyərəm ki, 17 il ərzində müxtəlif dövrlərdə mənə təzyiq cəhdləri gah artırdı, gah səngiyirdi. Amma hər zaman var idi, hər zaman. Bax, mən bu barədə də demişəm. Reallıq var və siz gərək reallıqla barışasınız, indi sizə nə təklif olunur, bununla da kifayətlənin, qalan torpaqlar qalsın, Ermənistan razı deyil, orada referendum keçirilməlidir, səsvermə keçirilməlidir və sair. İndi ictimaiyyət bunu bilir. Bizim münaqişənin vasitəçiləri dünyanın aparıcı ölkələri idi, ya da ölkələridir. Kim necə istəyir, elə də qəbul etsin, Təhlükəsizlik Şurasının daimi üzvləri və bu ölkələrə yox demək, onların iradəsindən kənarda addımlar atmaq, əlbəttə ki, o qədər də asan məsələ deyildi. Ona görə də güclü siyasi iradə varsa, bu bir, ikincisi xalqın mövqeyindən çox şey asılıdır. Əgər xalq bu vəziyyətlə razılaşıbsa, barışıbsa, onda bu münaqişə dondurulmuş qalacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayıb və mən hər zaman Azərbaycan xalqına müraciət edərək deyirdim ki, biz heç vaxt bununla barışmayacağıq. Bəziləri fikirləşirdi ki, nə üçün İlham Əliyev harada gəldi Qarabağ məsələsini qaldırır. Heç bu mövzuya aidiyyəti olmayan beynəlxalq tədbirlərdə də hər dəfə qaldırırdım. Bəlkə eyni sözləri min dəfə deyirdim ki, o adamların beyninə girsin. Bu, birincisi, ikincisi bu, heç vaxt burada - daxildə unudulmasın. Heç vaxt. Həm məcburi köçkünlərdə belə bir ümidsizlik yaranmasın, eyni zamanda, cəmiyyətdə heç vaxt bu mövzu unudulmasın və bu mövzunu gündəlikdə saxlamaqla hesab edirəm ki, vacib məsələdən biridir. Xüsusi ilə nəzərə alsaq ki, hər şeyi mən indi olduğu kimi deyirəm, real vəziyyət onu göstərirdi ki, bu məsələni hərbi yolla həll etmək çox baha başa gələr bizə. Hətta bütün imkanlarımız olsa belə, bunun, necə deyərlər, hesabı çox ağrılı ola bilər. Üçüncüsü, əlbəttə ki, güclü ordu olmalıdır. Bu olmasa, heç bir münaqişə həll oluna bilməz və sən haqlı olmalısan. Bizdə bütün ilkin amillər var idi. Biz haqlı idik, tarix baxımından, bu, bizim torpağımızdır, beynəlxalq hüquq baxımından, beynəlxalq təşkilatların qətnamələri baxımından bütün bu məsələlər bizim mövqeyimizi gücləndirirdi. Amma nə üçün biz bu torpaqları vaxtı ilə, 1990-cı illərin əvvəllərində itirdik. Çünki idarəetmə yox idi, ordu yox idi və burada Bakıda 1992-ci ildə minlərlə adam mitinqlərə çıxırdı, amma orada mövqelər boş qalırdı. Vətəndaş müharibəsini o vaxt Xalq Cəbhəsi başlayıb, Azərbaycan əsgərlərini əsir götürüb, o vaxt da bizim torpaqlarımız işğal altına düşmüşdü. Hakimiyyət uğrunda mübarizə gedirdi. Yəni milli vəhdət, vahid ideya uğrunda o vaxt biz birləşə bilməmişik, indi isə birləşmişik. Bir də ki, nəsil yetişməli idi. Bax, mən bu barədə artıq bir neçə dəfə demişəm. Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır. Yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var. Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır. Hansılar ki, öz canından keçib vətən uğrunda. Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər və təbii ki, digər amillər var, iqtisadi inkişaf və sair. Amma, əgər bu amillər yoxdursa, heç bir dondurulmuş münaqişənin həlli mümkün deyil”.

 

Odur ki, qələbə və postmüharibə dövründə Azərbaycanın yeni geosiyasi reallıqlara olan təsiri öz əhatəsinə görə çox böyük əhəmiyyətə malikdir. Bu reallıqlar postmüharibə dövründə xalqımızın yenidən siyasi lideri ətrafında birliyinin elə bir ideoloji təfəkkür tərzini formalaşdırıb ki, bundan sonra qüdrətli dövlətimizin qarşısında heç kim heç vaxt heç bir təxribat törədə bilməyəcək.

 

İlham MƏMMƏDZADƏ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor

 

Sənan HƏSƏNOV, Yeni Azərbaycan Partiyası Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri, aparıcı elmi işçi, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Elm .- 2021.- 12 mart.- S.4-5.