Tanınmış
fizik alim Kamil Qurbanov vəfat edib
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun
Yüksək gərginliklərin fizikası və texnikası
laboratoriyasının aparıcı elmi işçisi Kamil Bəxtiyar
oğlu Qurbanov 1942-ci il dekabrın 9-da Ağdam rayonunda anadan
olmuşdur.
1965-ci ildə Azərbaycan Dövlət Universitetinin
fizika fakültəsini bitirdikdən sonra Azərbaycan MEA Fizika
İnstitutunda fəaliyyətə başlamışdır.
1965-1968-ci illərdə Azərbaycan MEA Fizika İnstitutunda
Yüksək gərginliklərin fizikası və texnikası
laboratoriyasında kiçik elmi vəzifəsində
çalışmışdır. 1968-1971-ci ildə Fizika
İnstitutunun əyani aspiranturasına daxil olaraq, Rusiya
Federasiyası Leninqrad şəhəri “Yüksək molekullu birləşmələr”
İnstitutunda aspirantura təhsili almışdır.
1974-cü ildə “Yüksək molekullu birləşmələr”
İnstitutunun Müdafiə Şurasında “Amorf-kristallik
polimer sistemlərdən rentgen şüalarının
difraksiyasının bəzi məsələləri” mövzusunda
dissertasiya işini müdafiə edərək fizika - riyaziyyat
elmlər namizədi adını almışdır. 1971-ci ildən
etibarən Fizika İnstitutunda kiçik elmi işçi,
böyük elmi işçi, institutun elmi işlər üzrə
direktor müavini vəzifələrində işləmiş
və “Yüksək gərginliklərin fizikası və
texnikası” laboratoriyasında aparıcı elmi işçi
vəzifəsində çalışmışdır.
1976-1992-ci ilə qədər Azərbaycan MEA Fizika
İnstitutunda Yüksək gərginliklərin fizikası və
texnikası laboratoriyasında böyük elmi işçi vəzifəsində
işləmişdir.1992-ci ildən Kamil Qurbanov Fizika
İnstitutunun Yüksək gərginliklərin fizikası və
texnikası laboratoriyasında aparıcı elmi işçi vəzifəsində
işləmişdir. 2000-ci ildən “Energetika Problemləri”
jurnalının məsul katibi və texniki redaktoru olmuşdur.
Kamil Bəxtiyar oğlu Qurbanov 2002-ci ildə Fizika
İnstitutunun elmi katibi və həmin ildə institutun elmi
işlər üzrə direktor müavini vəzifəsində
işləmişdir.
K.B.Qurbanov güclü elektrik sahələrinin və
qaz boşalmalarının texnoloji proseslərə təsiri
istiqamətində tədqiqat işlərinə rəhbərlik
edərək elektrik təsirlərinin qaz, maye və bərk
cisimlərə tətbiqi nəticəsində materialların
səthində, həcmində, strukturunda və xassələrində
baş verən dəyişikliklərin mexanizmlərinin
aydınlaşdırılmasına yeni fiziki anlayışlar gətirmişdir.
K.B.Qurbanov kütləvi informasiya vasitələrinin elmi
proqramlarında mütəmadi çıxış etmiş,
təbiət hadisələrinin mahiyyətinin
açıqlanması və yeni elmi nəaliyyətlər
haqqında dinləyiciləri məlumatlandırmışdır.
K.B.Qurbanov institutun ictimai həyatında fəal iştirak
edir, 2022-ci ildə Yeni Azərbaycan Partiyasının Fəxri
fərmanı ilə təltif edilmişdir.
Kamil Bəxtiyar oğlu Qurbanov elektrofizika sahəsində,
polimer materialların strukturunun fizikası və
mexanikasının tədqiqi üzrə tanınmış
alimdir, 200-ə yaxın elmi məqalələrin, 11 müəlliflik
şəhadətnaməsi, 3 patentin, 1 kitab, 2 sayda dissertasiya işinin elmi
rəhbəri, o cümlədən 15 ixtiranın müəllifi
olmuşdur.
O, yaddaşlarda həyatsevər, təvazökar bir
insan kimi qalacaqdır. Kamil Qurbanovun əziz xatirəsi Fizika
İnstitutunun əməkdaşlarının,
dostlarının və bütün kollektivin qəlbində əbədi
yaşayacaqdır.
Azərbaycan Respublikasının Elm və Təhsil
Nazirliyinin Fizika İnstitutunun kollektivi
Elm .- 2024.- 6 dekabr(¹40).- S.8.