Qərbi Azərbaycan abidələri:
erməniləşdirilməyə cəhd edilən Tauz-qala
Abidə Qərbi Azərbaycanın (indiki Ermənistanın)
Tovuz mərzi deyilən ərazisində yerləşir. 1995-ci
ildə ermənilər tarixi saxtakarlığa yol verərək
ərazinin adını dəyişib “Tavuş”
adlandırdılar. Tavuş Ermənistan Respublikasının
10 mərzindən biri hesab olunur. Tavuş Ermənistanın
şimal-şərqində Azərbaycan və
Gürcüstanla sərhəddə yerləşir. Tavuş
daha öncə Azərbaycanın Qazax qəzasının tərkibində
olub.
Bu barədə AZƏRTAC-a AMEA Tarix və Etnologiya
İnstitutunun əməkdaşı Faiq İsmayılov
bildirib. Onun sözlərinə görə, abidənin yerləşdiyi
ərazinin adı qədim türkcədən tərcümədə
dağ üstündə qala mənasını verir - "Tau
ust qala". Qalanın adı ərazinin adından
götürülərək Tavus adlandırılıb. Bəzi
mənbələrdə Qalanı III əsrdə əraziyə
köç edən hunlar tərəfindən tikdikləri
bildirilir.
“Tauz-qalanın yerləşdiyi coğrafi ərazi
keçmiş Şəmsəddil Sultanlığının ərazisi
olub. Şəmsəddil sultanlığı 1747-ci ildə
yaranmışdı. Ərazisi 4200 verst, əhalisi
qızılbaş türk tayfalarından olan zülqədərlərdən
ibarət idi. Sultan Allahverdi Zülqədər ilk Şəmsəddil
sultanı olub (1747-1761-ci illər). Şəmsəddilin ən
qüdrətli sultanı Nəsib sultan olmuşdur (1797-1819).
Sultanlığın mərkəzi indiki Tovuz rayonu ərazisindəki
Öksüzlü obası olub. Şəmsəddil
sultanlığı zaman-zaman Gəncə xanlığına
və Kartli çarlığına tabe olsa da, müstəqil
siyasət yürüdürdü. Tarixdə Şəmsəddin
sultanlığı (mahalı) da adlandırılan Şəmsəddil
sultanlığı 1801-ci ildə ləğv edilərək
zorla Rusiyanın tərkibinə qatılmışdı”, - deyə
o əlavə edib.
Alim vurğulayıb ki, qala strateji əhəmiyyətli
ərazidə yerləşir, ətrafı qülləli
mühafizə divarları və sıldırım qayalarla əhatələnib.
Qalanın daxilində bir neçə inzibati bina və
yaşayış evləri olsa da, hamısı ermənilər
tərəfindən dağıdılaraq xarabalığa
çevrilib. Binaların üzərlərindəki divar
yazıları, loqolar və digər bədii daş nümunələri
ermənilər tərəfindən çıxarılaraq ya məhv
edilib, ya da naməlum istiqamətə daşınıb.
Elm .- 2024.- 6 dekabr(¹40).- S.8.