AMEA-nın İnkişaf
Konsepsiyası və “Yol xəritəsi”
I MƏQALƏ
AMEA-nın Rəyasət Heyəti 2025–2030-cu illər
üçün İnkişaf Konsepsiyası və “Yol xəritəsi”nin
hazırlanması ilə bağlı qərar qəbul
etmişdir. Bununla bağlı xüsusi komissiya və
işçi qrupu yaradılmışdır. İşçi
qrupu artıq ilk müzakirəsini keçirmişdir. Tədbirdə
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konseptual
xarakterli çıxışında sənədlərin
hazırlanması üçün zəruri fəaliyyətin
özəlliklərini diqqətə
çatdırmışdır. Bu kontekstdə məsələnin
bir sıra vacib və aktual məqamları üzərində
dayanmağa çalışacağıq.
İnkişaf konsepsiyası
“Konsepsiya” latıncadan (conceptio) tərcümədə
“anlamaq sistemi” mənasını verir. Əsas xüsusiyyətləri:
- hansısa məsələyə baxışların
elə kompleksidir ki, qarşılıqlı əlaqələri
vardır və vahid sistem əmələ gətirirlər;
- müəyyən hadisələrin anlamını,
onların izahını, nöqteyi-nəzəri ifadə edən
idarəedici ideyadır;
- fəaliyyətin konstruktiv prinsipidir, aparıcı
fikridir;
- məsələlərin həlli yollarının
sistemidir;
- konkret məsələlərə aid olan anlam, fərqləndirmə
və interpretasiya üsuludur.
İnkişaf konsepsiyası təşkilatın
ümumi sənədidir. O, ümumi fəaliyyət istiqamətlərini
ifadə edir. Əsas məqsədə nail olmaq
üçün hazırlanır. Bu zaman təşkilatın
mövcud resursları ilə strateji məqsəd arasında
uyğunluq olmalıdır. Əks halda, inkişaf
konsepsiyası həyata keçirilmək şansını
itirir. Burada həm əsas məqsəd dəqiq müəyyən
edilməlidir, həm də ona nail olmaq üçün nəzərdə
tutulan ümumi fəaliyyət planı təşkilatın
imkanlarına uyğun olmalıdır. Əksər hallarda
inkişaf konsepsiyaları pilləli (mərhələli) olur.
Lakin onları vahid məntiqi məqam birləşdirir. Belə
ki, öncədən hər sonrakı mərhələ
üçün həyata keçirilməli olan proqramlar dəqiq
müəyyən olunmalıdır.
Əgər təşkilat dövlət qurumudursa, onun
inkişaf konsepsiyası mütləq surətdə dövlətin
və ölkənin strateji inkişaf kursuna tam uyğun
olmalıdır. Müəyyən olunan strateji məqsəd
ölkənin inkişafının strateji məqsədinin məzmunu,
məntiqi və məqsədi kontekstində konkretləşməlidir.
İnkişaf konsepsiyası açıq, dinamik və
nəticəverici tərkibə malik olmalıdır. Zaman məsələsi
ciddi surətdə nəzərə alınmalıdır.
Strategiya
“Strategiya”nın müxtəlif tərifləri
vardır. Onları ümumi formada belə ifadə etmək
olar: strategiya detallaşdırılmamış ümumi
plandır. Uzun müddəti əhatə edir. Öncədən
müəyyən edilmiş mürəkkəb məqsədlərə
nail olmaq üsuludur. İnsan fəaliyyətinin hər bir
sferasına aid ola bilər.
Strategiyanın vəzifəsi mövcyd resurslardan
maksimum optimal (səmərəli) istifadə etməklə məqsədə
çatmaqdan ibarətdir.
“Yol xəritəsi”
“Xəritə” sözü latınca (vərəq,
kağız və yunanca papirus kağızı mənasını
verir. Əvvəlcə, bu termin səyyahlar üçün
yolların xəritəsi kimi işlədilmişdir. XX əsrdə
əsas olaraq avtomobil sürücüləri üçün
nəzərdə tutulmuşdur. İlk dəfə “xəritə”
sözünü Avropada orta əsrlərdə intibah
dövründə işlətmişlər. Ona qədər
avropalılar “tabula” və “descriptionis” (rəsm) terminlərindən
istifadə etmişlər. Xəritə çoxmənalı
termindir.
“Yol xəritəsi” ingiliscədə “roadmap”dir. Bu, elə
bir sənəddir ki, əyani surətdə hansısa layihənin
strateji planını əks etdirir. Onun başlıca məqsədlərini,
vəzifələrini, yerinə yetirilmə müddətini, məsul
və əsas mərhələlərini ehtiva edir. Yol xəritəsinin
plandan başlıca fərqi layihənin yalnız ümumi təsvirini
(şərhini) verməkdən ibarətdir. Mərhələlərin
detallaşdırılmasını nəzərdə tutmur. Belə
alınır ki, işləyən komandanın hara istiqamətləndiyini
və varmalı olduğunu vizuallaşdırır.
Yol xəritəsi prosesin mətn formasında qrafikidir.
O, strategiyanı əks etdirməklə ideyadan tutmuş məsələlərin
həllinə qədər bütün mərhələləri
əhatə edir. Bura iştirakçılar, məsul əməkdaşlar,
hər məsələnin müddəti və statusu da
daxildir. Ümumi halda “Yol xəritəsi” müəyyən
strateji məqsədə aparan tədbirlərin sistemidir.
Elm konsepsiyası
Təşkilatdaxili inkişaf konsepsiyası ilə
ölkə miqyasında nəzərdə tutulan inkişaf
konsepsiyası arasında ciddi məzmun və məqsəd fərqləri
mövcuddur. Xüsusilə, elm kimi özünün strateji
mahiyyətli və sosial-mədəni aspektdə son dərəcə
həssas sahə olması bu baxımdan incə yanaşma tələb
edir. Elmin inkişaf konsepsiyası təşkilatdaxili miqyasda elə
müəyyən olunmalıdır ki, daxili məntiqi
bağlantı əsasında, eyni zamanda, təşkilatın
və ölkənin inkişaf yolu arasında əsaslı
“ideya körpüsü” rolunu oynasın. Təşkilatın
uğurlu inkişaf yolunu ölkənin inkişaf kursu çərçivəsində
dəqiq müəyyən etsin. Bu mənada AMEA-nın
inkişaf konsepsiyası qarşıdakı beş ildə Azərbaycanın
inkişaf strategiyasının məntiqi daxilində təşkilatın
yeniləşməsini sistemli, davamlı və konkret nəticəverici
olaraq reallaşmasını nəzərdə tutur. Burada
çox mühüm bir terminoloji transformasiya baş verməlidir.
Daha dəqiqi odur ki, AMEA müasir Azərbaycan tarixində ilk dəfə
olaraq strateji kontekstdə terminoloji transformasiyanı konkret məzmuna
malik fəaliyyət planına transformasiyasının konseptual
əsasını hazırlamalıdır. Bu tezisin fəlsəfi
və semantik mənası aşağıdakı kimidir.
Təşkilatın yeniləşməsi
Biz “təşkilatın yeniləşməsi” ifadəsinin
“elmin inkişaf konsepsiyası” anlayışına leksik və
semantik keçidi ilə məzmun transformasiyasının
sintezini nəzərdə tuturuq. Məlumdur ki, AMEA
mühüm elmi dövləti təşkilatdır. Onun yeniləşməsi
kursu avtomatik olaraq ölkənin və dövlətin
inkişaf yolu kontekstində olmalıdır. Eyni zamanda, AMEA
ayrıca bir qurum olduğundan özünün daxili elmi
inkişaf konsepsiyası mütləq olmalıdır. Məhz
bu məqamda təşkilatın avtonom inkişafı mütləq
surətdə ölkənin strateji inkişaf kursu ilə vəhdət
təşkil etməlidir. Ancaq bunun üçün öncədən
terminoloji vəhdəti məzmun və fəaliyyət
harmoniyasına “çevirə” biləcək konsepsiya və
“Yol xəritəsi” olmalıdır. AMEA-nın 2025–2030-cu illər
üçün hazırladığı inkişaf
konsepsiyası və “Yol xəritəsi” bu zərurətdən
yaranmışdır və ölkə miqyasında ilk təcrübədir.
Bununla AMEA müasir mərhələdə iki vacib məsələni
aktuallaşdırır. Birincisi, nəzəri-konseptual səviyyədə
terminoloji keçidi inkişaf konsepsiyasının məzmunu
müstəvisinə necə transformasiya etməyin əsaslı
elmi təhlilini verir. İkincisi, alınan ümumi qənaətlərin
həyata keçməsinin sistemli “Yol xəritəsi”ni tərtib
edir! Məsələnin birinci tərəfi inkişaf
konsepsiyasında ifadə olunur, ikinci tərəfi “Yol xəritəsi”ndə
əksini tapır. Lakin yekun mənzərə bu iki aspektin
sintezində yaranır.
Burada başqa incə fəlsəfi məqam ondan ibarətdir
ki, AMEA-nın yeniləşməsi kursu ilə İnkişaf
Konsepsiyası və “Yol xəritəsi” eyni məzmuna malik
deyil, yəni onları eyniləşdirmək olmaz. Yeniləşmə
kursu bütövlükdə konkret müddəti nəzərdə
tutmur – AMEA daim yeniləşməyə qadir struktur-funksional
keyfiyyətə malik olmalıdır. Bununla yanaşı,
yaxın beş il müddətində təşkilatın
yeniləşməsinin fəlsəfəsi və “xəritəsi”
kimi də təsəvvür edilə bilər.
Deməli, yeniləşmənin termin olaraq semantik və
leksik transformasiyası, əslində, özündə
konseptual və feili məqamları ehtiva edən məzmun
transformasiyasının mahiyyətini ifadə edir.
Etiraf edək ki, AMEA-nın İnkişaf
Konsepsiyası və “Yol xəritəsi” hazır olanda
aydınlaşacaq ki, bu elmi təşkilat, faktiki olaraq, ölkənin
elmi gündəminə yeni bir çalar gətirir. Həmin məzmun
çaları təşkilatdaxili inkişaf konsepsiyası ilə
ölkə miqyasında strateji inkişaf kursunun məzmun cəhətdən
vəhdətinə nail olmaqla əlaqəlidir.
“Yol xəritəsi” və strateji inkişaf
Qarşıdakı beş il üçün
AMEA-nın “Yol xəritəsi”ni hazırlaması
lazımlı bir addımdır. Onu təşkilatın fəaliyyətinin
strateji planı kimi də təsəvvür etmək olar.
Əsas cəhətlərdən biri ondan ibarətdir ki, “Yol xəritəsi”
strateji planın təşkilatdaxili miqyasda başlıca məqsədlərini,
vəzifələrini, yerinə yetirilmə müddətini, məsul
və əsas mərhələlərini konkret müddəalarda
ifadə edir.
Əlbəttə, “Yol xəritəsi” vurğulanan məqamların
ümumi təsvirini verə bilər. Bununla AMEA-nın “Yol xəritəsi”
faktiki olaraq, qarşıdakı beş il müddətində
yaradıcı komandanın fəaliyyət istiqamətini və
başlıca məqsədə çatmanın əyani
obrazını yaratmalıdır. Obrazlı desək, “Yol xəritəsi”
təşkilatdaxili inkişaf konsepsiyası ilə ölkənin
strateji inkişaf kursunun əsas müddəalarının
“ortaq münasibətlər (dialoq, təmas) məkanları”nı
müəyyən etməlidir. Həmin anlamda “Yol xəritəsi”
AMEA-nın yeniləşmə kursu fonunda təşkilatın
inkişaf konsepsiyası ilə ölkənin strateji inkişaf
kursunu birləşdirən mühüm tədbirlər “məkanı”dır.
Burada məsələnin başqa bir aspekti –
AMEA-nın İnkişaf Konsepsiyası və “Yol xəritəsi”
ilə ölkənin elm, təhsil müəssisələri və
beynəlxalq elmi mərkəzləri arasındakı münasibətlərin
məzmunu aktual görünür. Çünki AMEA təcrid
olunmuş fəaliyyət göstərə bilməz. Bundan
başqa, Azərbaycanın strateji inkişaf kursu
bütövlükdə ölkənin müxtəlif elm, təhsil
ocaqları arasında müəyyən koordinasiyanı tələb
edir. Təbii ki, bunlarla yanaşı, 2025–2030-cu illərdə
AMEA-nın fəaliyyətinin beynəlxalq miqyasda əməkdaşlığa
uğurlu proyeksiyası çox vacib vəzifədir. Onun
baş verməsi isə yeniləşmə kursu çərçivəsində
təşkilatdaxili inkişaf fəlsəfəsi ilə beynəlxalq
əlaqələrin inkişaf fəlsəfəsinin harmoniyasını
tələb edir.
Füzuli QURBANOV
fəlsəfə elmləri doktoru