5 dekabr Beynəlxalq
Könüllülər Günü münasibətilə
AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik
edib
Təbrikdə deyilir:
“Müasir Azərbaycanda könüllülük hərəkatının
yüksəlişi Ümummilli Lider Heydər Əliyevin
adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra
könüllülük sahəsində əsl inkişaf
başlayaraq dövlət və özəl sektor, vətəndaş
cəmiyyəti arasında əməkdaşlıq sahəsində
insanları könüllü şəkildə cəlb etməyə,
onların sahə təcrübəsindən yararlanmağa
mühüm önəm verilib. 1998-ci ildə Gənclər,
İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və
BMT Könüllüləri Proqramının birgə layihəsi
fəaliyyətə başlayıb və bu proqramın nəticəsində
Azərbaycanda güclü könüllü komandası
yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın bu sahəyə yüksək diqqət və
qayğısı, fəal dəstəyi
könüllülüyün bugünkü yüksək
inkişaf səviyyəsinə çatmasını təmin
etməklə yanaşı, gənclər üçün
yeni fürsətlər yaradıb. 2009-cu ildə Milli Məclisin
“Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi
Azərbaycanda könüllülük fəaliyyətinin
inkişafında təkanverici rol oynadı, “ASAN”
könüllülük hərəkatı ilə də
könüllülərin dövlət orqanlarının fəaliyyətinə
cəlb edilməsi kimi böyük məktəb yarandı.
Xüsusilə son illərdə Azərbaycanın yüksək
səviyyədə ev sahibliyi etdiyi mötəbər beynəlxalq
tədbirlərin təşkilinə ümumilikdə on minlərlə
könüllü cəlb olunub. Belə tədbirlərin
keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq
miqyasa çıxarılacaq böyük potensiala malik, eyni
zamanda, təcrübəli könüllü bazası
formalaşıb.
Könüllülük gənclərimizin həyat tərzinə
çevrilərək bir çox fəaliyyət sahələrinə
nüfuz edib. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanası da öz kreativliyi, təşəbbüskarlığı,
innovativ düşüncə tərzi və müasir
dünyagörüşlü gənclərin kitabxana fəaliyyətinə
cəlb edilməsi ilə bu elm məbədinin əhatə
dairəsinin genişlənməsinə şərait
yaradıb, maraqlı və genişmiqyaslı tədbirlərin
keçirilməsində, eləcə də kitabxananın həyata
keçirdiyi sosial və kreativ yönümlü layihələrdə
yaxından iştirakını təmin edib. AMEA prezidentinin dəstəyi
ilə Mərkəzi Elmi Kitabxananın direktoru, texnika elmləri
doktoru Hüseyn Hüseynovun 24 iyun 2024-cü il tarixli əmrinə
əsasən Azərbaycan kitabxana məkanında ilk dəfə
olaraq AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “MEK
könüllüləri” fəaliyyətə başlayıb.
AMEA-da ilk dəfə könüllü hərəkatı
məhz Mərkəzi Elmi Kitabxanada yarandı və bir
neçə aydır ki, könüllülər kitabxana
işi sahəsində praktiki bilikləri mənimsəyir,
spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb
olunaraq peşəkar kitabxanaçı kimi formalaşır,
eləcə də MEK-də iş effektivliyinin yüksəldilməsində
yaxından iştirak edirlər.
Beynəlxalq Könüllülər Günü
münasibətilə bütün könüllüləri, o
cümlədən Mərkəzi Elmi Kitabxananın
könüllülərini təbrik edir, işlərində
uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ
AMEA-nın prezidenti, akademik
5 dekabr 2024-cü il”
Elm .- 2024.- 6 dekabr(¹40).- S.6.