“Xurşidbanu Natəvan.
Gül dəftəri” kitabı işıq üzü
görüb
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun “Dünya yaddaşı irsi
kitabxanası – 1” seriyasına daxil olan, Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin
ideya və “Ön söz” müəllifi olduğu
“Xurşidbanu Natəvan. Gül dəftəri” kitabı
çap olunub.
Yeni nəşrin tərtibçisi akademik Teymur Kərimli,
nəşr layihəsinin rəhbəri tarix ü.f.d., dosent
Nigar Babaxanova, redaktorları fil.e.d., dosent Əzizağa Nəcəfzadə
və tarix.ü.f.d., dosent Cavid Cəfərovdur.
Kitaba Azərbaycan şairi, ictimai xadim və rəssam
Xurşidbanu Natəvanın (1832-1897) “Gül dəftəri”
adlı albomu daxil edilib. Albomdakı rəsmlərlə
yanaşı, şeirlər və müxtəlif qeydlər həm
orijinal şəkildə, həm də tərcümə və
transfoneliterasiya edilərək oxucuların ixtiyarına verilib.
Kitabda Xurşidbanu Natəvanın özünün və
yaxınlarının fotoları, şəxsi əşyası,
o cümlədən bədii tikmələri və digər əl
işləri, Natəvana həsr olunmuş təsviri sənət
əsərləri (rəsmlər, heykəltəraşlıq
nümunələri) və s. də əks olunub.
Qeyd edək ki, AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunda M-117 şifrəsi
altında mühafizə olunan “Gül dəftəri”
2023-cü ildə UNESCO-nun “Dünya yaddaşı” Reyestrinə
daxil edilib.
Elm .- 2024.- 13 dekabr(¹41).- S.12.