Şərqşünaslıq
İnstitutunun illik hesabat iclası keçirilib
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun 2024-cü ildəki elmi və elmi-təşkilati
fəaliyyətinin yekunları ilə əlaqədar hesabat
iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq
İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva
institutun 2024-cü ildəki fəaliyyətini əks etdirən
hesabatı diqqətə çatdırıb.
Hesabatda 2024-cü ildə institut əməkdaşlarının
səmərəli elmi fəaliyyət göstərərək,
“Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni,
tarixi inkişafı və Azərbaycanla əlaqələri”
istiqaməti üzrə araşdırmalar apardıqları və
elmi-tədqiqat planında nəzərdə tutulmuş
bütün işləri yerinə yetirdikləri qeyd edilib.
Hesabatda ilk olaraq Azərbaycan Respublikası Prezidentinin
sərəncamlarının icrası ilə əlaqədar
görülən işlər diqqətə
çatdırılıb. Bu sırada dövlət
başçısının müvafiq sərəncamlarına
əsasən müxtəlif dillərdə Şuşa şəhərinin
tarixi, mədəniyyəti və İslam
dünyasındakı rolu haqda elmi-publisistik məqalələr
dərc olunub, “Şuşanın maddi-mədəni irsi epiqrafik
abidələr əsasında” adlı kitabın təqdimetmə
mərasimi olub, “Dahi Azərbaycan şairi Məhəmməd
Füzuli müsəlman mədəniyyətinin müştərək
yetirməsi kimi” beynəlxalq elmi konfrans keçirilib,
konfransın materialları nəşr edilib, f.ü.f.d., dos.
Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə
poetik irsi” adlı monoqrafiyası çap olunub, Füzulinin ərəbcə
şeirlərinin Azərbaycan dilinə tərcüməsi nəşrə
hazırlanıb, Naxçıvan Muxtar Respublikasının 100
illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
İl ərzində institutda elmi-tədqiqat işləri
1 elmi istiqamət, 5 problem çərçivəsində
aparılıb. Plan üzrə icra olunan 106 elmi-tədqiqat
işindən 47 iş bu il başa çatıb. Qalan 59 elmi-tədqiqat
işinin 2024-cü il üçün nəzərdə
tutulan hissəsi yerinə yetirilib.
Hesabat ilində institutda 15 kitab, o cümlədən 6
monoqrafiya çap edilib, 18 kitab çapdadır. Çap olunan
kitablar sırasında Akademik Gövhər Baxşəliyevanın
rus dilində “Müasir Suriya nəsrində vətənpərvərlik
mövzusu”, f.ü.f.d. Ruhəngiz Cümşüdlünün
“Füzulinin ərəbcə poetik irsi”, t.ü.e.d. Məryəm
Seyidbəylinin “Görkəmli Azərbaycan alimi Nəsirəddin
Tusinin həyatı və elmi irsi”, c.ü.f.d. Rafiq Abbasovun “Azərbaycan-Çin
(1993-2003)”, f.ü.e.d. Elman Quliyevin Türkiyədə nəşr
edilən “Türk halkları edebiyatı”, f.ü.f.d. Vüqar
Məmmədovun “Fars dilini tədqiq edən Azərbaycan alimləri
(XX əsr)”, Samid Bağırovun “Şah İsmayılın həyatı
(Fütuhati-şahi və Həbibüs-siyər əsərləri
əsasında)” və digər kitabları qeyd etmək olar.
İnstitutda həmçinin Məhəmməd
Füzulinin anadan olmasının 530 illiyinə həsr
olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd
Füzuli müştərək müsəlman mədəniyyətinin
yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın
materialları”, “Şərq araşdırmaları” elmi-nəzəri
jurnalı və “Azərbaycan Şərqşünaslığı”
elmi-kütləvi jurnalının növbəti sayları da
işıq üzü görüb.
Akademik Ziya Bünyadovun əsərlərinin I cildi -
“Azərbaycan VII-IX əsrlərdə” və II cildi - “Azərbaycan
Atabəyləri dövləti” təkrar nəşr
üçün hazırda çapdadır. Bundan başqa
yaxın vaxtlarda işıq üzü görəcək
kitablar sırasında f.ü.f.d. Ruhəngiz
Cümşüdlünün “M.Füzulinin ərəbcə
poetik irsinin Azərbaycan dilinə tərcüməsi”,
f.ü.f.d. İnci Qasımlının “Türk dillərinin
müqayisəli tədqiqi”, Mirzə
Ənsərlinin “Rusiya İmperiyası və SSRİ-də məşhur
türkoloqlar”, f.ü.f.d. Səriyyə Gündoğdunun
“XIX əsrdə yeni türk ədəbiyyatının
yaranması və inkişafı”, t.ü.f.d. Zülfiyyə Vəliyeva-Önlənin
“Osmanlı sənədlərində Azərbaycan toponimləri”,
f.ü.f.d. Səadət Şıxıyevanın “XIX əsr
Qarabağ Divan ədəbiyyatı (ənənə və
yenilik kontekstində)”, f.ü.f.d. Rəna Rzayevanın “Munisnamə”
təsəvvüf ədəbiyyatının nümunəsi
kimi” kitabları və s. əsərlər, eləcə də
“Şərq ədəbi-filoloji fikir tarixində M.Füzulinin
yeri” və “Şərq-Qərb kontekstində mədəniyyətlərin
dialoqu” kimi məqalələr toplusu yer alır.
İnstitut əməkdaşlarının 500-dən
artıq məqalə (o cümldən Web of Science və Scopus
bazalarında dərc olunmuş 4 məqalə), həmçinin
məruzə və tezisi çap olunub. 54 elmi məqalə
xaricdə, o cümlədən Türkiyə, İran,
BƏƏ, Rusiya, Ukrayna, Almaniya, İngiltərə, Fransa,
Kuba, Özbəkistan, Qazaxıstan, Gürcüstan və s.
ölkələrdə nəşr edilib. 4 məqalə Web of
Science və Scopus bazalarında olan jurnallarda dərc edilib.
Əməkdaşlar 146 dəfə xaricdə, o
cümlədən Türkiyə, İsveçrə, Almaniya,
Niderland, ABŞ, Polşa, Rusiya, Pakistan, Mərakeş,
İordaniya, Qazaxıstan, Tacikistan, Özbəkistan və s.
ölkələrdə, 101 dəfə Azərbaycanda
keçirilən beynəlxalq elmi konfranslarda məruzə ediblər.
Hesabatda həmçinin 2024-cü ildə institutda
xarici ölkələrdən gəlmiş elm və dövlət
nümayəndələri ilə görüşlər, o
cümlədən Bakıdakı Rus Evinin rəhbəri
İrek Zinnurov, Özbəkistan Respublikası Əndican
Dövlət Universitetinin professoru Salimaxon Mirzayeva, kafedra
müdiri Qayratbek Xolbotayev, Çin Xalq Respublikasının Azərbaycandakı
Səfirliyinin Siyasi şöbəsinin müdiri Yu Kaiven və
səfirliyin üçüncü katibi Xie Yilinlə
görüşlər, Rusiyanın Moskva İslam İnstitutu
ilə imzalanmış qarşılıqlı anlaşma
memorandumu və Rusiyanın Belqorod Dövlət Milli Tədqiqatlar
Universiteti ilə bağlanmış əməkdaşlıq
haqqında müqavilə, bundan əlavə keçirilən
elmi konfranslar, sessiyalar, seminarlar və digər tədbirlər
barədə məlumatlar yer alıb.
Hesabatda həmçinin institutda elmlər və fəlsəfə
doktorlarının hazırlığı, Şərqşünaslıq
İnstitutu nəzdində fəaliyyət göstərən
Dissertasiya Şurasının fəaliyyəti, burada həyata
keçirilən elmlər və fəlsəfə
doktorluğu dissertasiyalarının müdafiəsi, institutun
Elmi şurasının elmi-təşkilati fəaliyyəti, təltiflər
və fəxri fərmanlar, elektron elmin vəziyyəti barədə
və digər məlumatlar iclas
iştirakçılarının diqqətinə
çatdırılıb.
Sonra hesabat ətrafında müzakirələr
aparılıb.
İclasın sonunda AMEA İctimai Elmlər Bölməsi
tərəfindən təhkim edilən AMEA-nın müxbir
üzvü Könül Bünyadzadə çıxış
edərək, Şərqşünaslıq İnstitutunun
böyük ənənələrə malik olduğunu və
hesabat ilində institutda görülən işlərin Şərqin
bütün problem sahələrini əhatə etdiyini söyləyib,
institutun 2024-cü ildəki fəaliyyətini müsbət
qiymətləndirib.
AMEA-nın Xarici əlaqələr və beynəlxalq
təşkilatlarla iş şöbəsinin müdiri biologiya
üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva
Şərqşünaslıq İnstitutututun beynəlxalq əlaqələrinin
çox geniş olduğunu və bu istiqamətdə təqdirəlayiq
fəaliyyət göstərildiyini bildirib.
Elm .- 2024.- 13 dekabr(¹41).- S.11.