“Azərbaycan Milli Ensiklopediyası“
Elmi Mərkəzi hesabat verib
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində
2024-cü ildə görülmüş işlərin
hesabatına həsr olunmuş iclas keçirilib.
AMEA-nın vitse-prezidenti, elmi mərkəzin direktoru
akademik Tofiq Nağıyev iclası giriş sözü ilə
açaraq ensiklopediyadakı işlər haqqında ümumi məlumat
verib.
Sonra çıxış edən AMEA-nın akademik-katibi
akademik Arif Həşimov əvvəlcə akademik Tofiq
Nağıyevi yenidən “Azərbaycan Milli Ensiklopediyası”
Elmi Mərkəzinin direktoru vəzifəsinə təsdiq
olunması ilə əlaqədar AMEA Rəyasət Heyətinin
adından təbrik edib.
Akademik Arif Həşimov ensiklopedik nəşrlərin
məlumat üçün hamının müraciət və
istinad etdiyi mötəbər bir mənbə olduğunu
vurğulayaraq, bu baxımdan çoxcildli “Azərbaycan Milli
Ensiklopediyası”nın dəyərli bir nəşr
olduğunu qeyd edib. O, AMEA Rəyasət Heyətinin 29 noyabr
2024-cü il tarixli iclasında “Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Ensiklopediyası
haqqında 25 oktyabr 2024-cü il tarixli Fərman və Sərəncamının
icrası və onunla bağlı AMEA-nın prezidenti akademik
İsa Həbibbəylinin “Azərbaycan Milli Ensiklopediyası:
müasir dünyanın çağırışları,
milli maraqlar və qarşıda duran vəzifələr”
mövzusunda çıxışı haqqında” və “Heydər
Əliyev Ensiklopediyası”nın hazırlıq vəziyyəti
haqqında” qərarların qəbul olunduğunu diqqətə
çatdırıb.
Sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində
2024-cü ildə görülmüş işlərin
hesabatı üçün direktor müavini, biologiya elmləri
doktoru Şaiq İbrahimov çıxış edib. Bildirib ki,
hesabat dövründə “Azərbaycan Milli Ensiklopediyası”
Elmi Mərkəzi iki əsas istiqamətdə fəaliyyət
göstərib. Bunlardan biri “Azərbaycan Milli
Ensiklopediyası”nın növbəti cildləri üzərində
iş, digəri Ümummilli Lider Heydər Əliyevin 100 illik
yubileyi ilə bağlı “Heydər Əliyev
Ensiklopediyası”nın hazırlanmasıdır.
2024-cü ildə çoxcildli Azərbaycan Milli
Ensiklopediyasının 11-ci cildi (“Hindistanda xalq üsyanı”
sözündən – “İqdam”sözünədək) “Azərbaycan
Milli Ensiklopediyası” Elmi Mərkəzinin elmi redaksiyaları tərəfindən
tam hazır vəziyyətə çatdırılmış
və çap olunmaq üçün mətbəəyə təqdim
edilmişdir. “Ensiklopediyanın” 12-ci cildi əsasən
hazırdır. Belə ki, 2024-cü ildə “Azərbaycan Milli
Ensiklopediyası” Elmi Mərkəzinin elmi redaksiyaları
çoxcildli Azərbaycan Milli Ensiklopediyasının 12-ci
cildinə aid məqalələrin ilkin redaksiya
variantını hazırlayaraq, oxunmaq üçün
müvafiq humanitar və təbiət elmləri üzrə
elmi-ədəbi nəzarət və biblioqrafiya
redaksiyalarına təhvil vermişlər. Bu materiallara daha
sonra şef-redaktorlar tərəfindən baxılır,
materiallar kompüter mərkəzində üç sütuna
düzüləcək və üzərində bədii və
texniki tərtibat işləri başa
çatdırılacaqdır. Hesabat ili ərzində
çoxcildli Azərbaycan Milli Ensiklopediyasının növbəti
cildinə daxil edilmək üçün bütün elmi
redaksiyaların təqdim etdikləri məqalələrin
ümumi sayı 3861 olmuşdur. Hesabat ilində “İ, J, K, Q,
L, M” hərfləri üzrə məqalələrin ilkin
redaksiya variantları hazırlanaraq Komplektləşdirmə,
texniki tərtibat və korrektura şöbəsinə təhvil
verilmişdir.
Biologiya elmləri doktoru Şaiq İbrahimov həmçinin
qeyd edib ki, 2023-cü ildə Elmi Mərkəz tərəfindən
“Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü
AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə
edilmiş və həmin iclasda təqdim edilən
sözlüyün əlavə və düzəlişlərlə
təkmilləşdirilməsi üçün müvafiq
Komissiya yaradılmışdır. Komissiyanın işi
başa çatdıqdan sonra sözlük təsdiq
edilmişdir. Bu sözlüyə uyğun olaraq çap ediləcək
800-ə qədər məqalənin ilkin variantı əsasən
yazılmışdır. Hazırda bu məqalələr
redaktə olunur.
Hesabat iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin
“Heydər Əliyev Ensiklopediyası” Azərbaycan Milli Elmlər
Akademiyası qarşısında xüsusi vəzifə müəyyənləşdirir”
sözlərini xatırladan akademik Arif Həşimov
ensiklopediyanın Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin
elmi prinsiplər əsasında təqdim olunması zərurətini
qarşıya qoyduğunu bildirib. Akademik Arif Həşimov
akademik İsa Həbibbəylinin bu ensiklopediyanın daha da
mükəmməl şəkildə ərsəyə gəlməsi
üçün AMEA-nın elmi potensialının səfərbər
olması istiqamətində çoxşaxəli fəaliyyət
göstərdiyini xüsusi olaraq vurğulayıb.
Sonda akademik Arif Həşimov “Heydər Əliyev Ensiklopediyası”nın
sözlüyünə aid AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin
səsləndirdiyi yeni təkliflərinin və təqdim
olunacaq əlavələrinin nəzərə
alınmasını tövsiyə edib.
Elm .- 2024.- 13 dekabr(¹41).- S.11.