Respublika Seysmoloji Xidmət
Mərkəzinin 2024-cü ildə aparılmış elmi
istehsalat işlərinin şöbələr üzrə
hesabatları dinlənilib
AMEA-nın Rəyasət
Heyətinin növbəti iclasında AMEA nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 2024-cü il
üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
Hesabatı təqdim edən Mərkəzin baş
direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli
bildirib ki, 2024-cü ildə rəhbərlik etdiyi qurumda 3
problemi əhatə edən 5 mövzu, 10 elmi-tədqiqat
işi, 5 elmi-tədqiqat işi yerinə yetirilib, 3 mövzu, 8
elmi-tədqiqat işi başa çatdırılıb.
Hesabat ilində AMEA nəzdində RSXM-də 1 dərslik,
37 məqalə (10-nu xaricdə), 13 tezis (9-ü xaricdə) nəşr
edilib. Nəşr edilən məqalələrdən 6-sı
Web of Science və Scopus bazasında olan impakt faktorlu jurnallarda
işıq üzü görüb.
Qeyd edib ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət
Mərkəzi EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi),
IRIS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu),
ORFEUS (Avropa Seysmoloji Müşahidə və
Araşdırmaları Mərkəzi), ESC (Avropa Seysmoloji
Komissiyası), EGU (Avropa Geofiziklər Birliyi), AGU (Amerika
Geofiziklər Birliyi) beynalxalq təşkilatların həqiqi
üzvüdür. 30-dan çox ölkənin seysmoloji və
geofiziki institutları ilə elmi əməkdaşlıq edir.
Vurğulayıb ki, hesabat ilində Kanadanın Viktoriya
Universiteti, Kanadanın Milli Tikinti Qaydalarının Zəlzələ
Dizaynı üzrə Daimi Komitəsi, ABŞ-ın Lawrence
Livermore Milli Laboratoriyası, ABŞ-ın Miçiqan Dövlət
Universiteti və Gürcüstanın İlya Dövlət
Universiteti Yer Elmləri İnstitutu və Milli Seysmoloji
Monitorinq Mərkəzi ilə birlikdə Azərbaycan ərazisi
üçün seysmik təhlükənin hesablanmasında
yeni yanaşmalarla tərtib olunmuş “Azərbaycan ərazisinin
seysmik təhlükə xəritəsi”nin təqdimatı və
müzakirəsi keçirilib. Həmçinin diqqətə
çatdırıb ki, Aşağı Kür çökəkliyi
ərazisində zəlzələ ocaqlarının tektonik
qırılmalarla əlaqəsinin araşdırılması və
ilkin xəritələri (Xəzər dənizi və Xəzəryanı
ərazilər) hazırlanır.
Qurban Yetirmişli AMEA nəzdində RSXM-nin elmi nəşri
olan “Seismoprognosis observations in the territory of Azerbaijan”
jurnalının 2024-cü ildən Türkiyə Elmi və
Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) DərgiPark
elektron bazasına Azərbaycandan ilk daxil edilən 3 jurnaldan
biri olduğunu, nəşrin beynəlxalq e-İSSN kodu
alması üzərində və Scopus beynəlxalq indeks
sisteminə daxil edilməsi istiqamətində işlərin
davam etdirildiyini söyləyib.
Baş direktor, həmçinin Mərkəzin kadr
potensialı və kadr hazırlığı, elm və təhsilin
inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması
istiqamətində atılan addımlar, qrantlar və təltiflər,
elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında,
eləcə də müəssisənin saytı və sosial
şəbəkə hesablarının fəaliyyəti barədə
məlumatları diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin
qərarı ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin
2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti
haqqında hesabatı təsdiq edilib, əldə olunmuş
mühüm nəticələrin AMEA-nın illik hesabatına
daxil edilməsi qərara alınıb.
Elm .- 2024.- 13 dekabr(¹41).- S.11.