“COP29-da Heydər
Əliyev imzası və gender dividendləri” mövzusunda tədbir
keçirilib
Dekabrın 11-də AMEA-nın Mərkəzi Elmi
Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anım
gününə həsr olunmuş “COP29-da Heydər Əliyev
imzası və gender dividendləri” mövzusunda tədbir
keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevə
və COP29-a həsr edilmiş videoçarx nümayiş
etdirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın
vitse-prezidenti akademik İradə Hüseynova açaraq bu
gün müstəqil Azərbaycan dövlətinin
özünün ən şanlı dövrünü
yaşadığını bildirib. Qeyd edib ki, bu dövr
bütün digər xüsusiyyətləri ilə
yanaşı, qarşıya xalqın rifahı və
sağlamlığı üçün çox böyük
əhəmiyyət daşıyan “Təmiz ətraf mühit və
yaşıl artım ölkəsi” olmaq kimi bir ciddi hədəfin
qoyulması ilə də xarakterikdir.
Akademik İradə Hüseynova cari ilin ölkəmizdə
“Yaşıl dünya naminə həmrəylik ili” elan
olunmasının, eləcə də BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda
keçirilməsinin ölkəmizin qlobal iqlim dəyişikliyi
ilə mübarizədə fəal rolunun və beynəlxalq əməkdaşlığa
verdiyi töhfələrin bariz nümunəsi olduğunu
vurğulayıb. Onun sözlərinə görə, COP29-un Bakıda
uğurla keçirilməsi Prezident İlham Əliyevin
nüfuzunun, həmçinin Azərbaycanın qlobal siyasi
arenada özünü etibarlı tərəfdaş, birləşdirici
güc, ideya və idrak mərkəzi kimi sübut etməsinin
təsdiqinin nəticəsidir.
“Ümummilli Lider Heydər Əliyevin ekoloji təhlükəsizlik
konsepsiyası və suverən Azərbaycanın iqlimə
dayanıqlı gələcək üçün hədəfləri”
mövzusunda məruzəsini təqdim edən alim
vurğulayıb ki, COP29-un yüksək səviyyədə
baş tutması və burada qəbul edilmiş qərarlar, həmçinin
Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu ekoloji təhlükəsizlik konsepsiyanın təntənəsi
hesab edilə bilər.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, Azərbaycanda elmi əsaslı
ekoloji fikrin inkişafının əsasında, ilk növbədə,
akademik Həsən Əliyevin, daha sonra akademiklər Budaq
Budaqovun, Cəlal Əliyevin, Musa Musayevin, Qərib Məmmədovun
və digər alimlərin əsərləri durmuşdur.
Onların qaldırdığı problemlər və irəli
sürdükləri həll yolları Ulu Öndər Heydər
Əliyevin ekoloji təhlükəsizlik konsepsiyasının
konturlarının müəyyən edilməsində önəmli
rol oynamışdır.
Onun sözlərinə görə, 1969-1982-ci illərdə
Ümummilli Liderin təşəbbüsü ilə ekologiya, ətraf
mühitin mühafizəsi və təbii resurslardan səmərəli
istifadəyə dair çox mühum 8 qanun, Azərbaycan KP
MK-nın və Nazirlər Sovetinin 32 qərarı qəbul
olunmuşdur. 1969-cu ildən qorunan təbiət ərazilərinin
sayının artırılması və sahələrinin
genişləndirilməsi də xüsusilə intensivləşmişdir.
“1950-60-cı illər ərzində Bakı şəhərində
adambaşına düşən yaşıl sahəni
yalnız 6,5 kvadratmetrə çatdırmaq mümkün
olmuşdusa, Ulu Öndərin təşəbbüsu ilə 7
sentyabr 1971-ci ildə Bakı şəhərinin
yaşıllaşdırılması haqqında verilmiş, bu
mühüm qərar sayəsində 1975-ci ildə bu göstərici
17,5 kvadratmetr olmuşdur”, - deyə akademik İradə
Hüseynova qeyd edib.
AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Azərbaycan
müstəqillik qazanandan sonra Ümummilli Liderin ilk
addımlarından biri “Yaşıl dünya” məfkurəsinin
yenidən ön plana çıxarılması olmuşdur. Azərbaycan
Respublikası ətraf mühit və biomüxtəlifliklə
bağlı çoxsaylı beynəlxalq sənədlərə,
konvensiyalara, onların protokollarına qoşulmuş, beynəlxalq
öhdəliklər də nəzərə alınmaqla ölkə
qanunvericiliyi təkmilləşdirilmişdir.
Ulu Öndərin ekoloji təhlükəsizlik kursunun
Prezident İlham Əliyev tərəfindən uğurla davam və
inkişaf etdirildiyini söyləyən akademik İradə
Hüseynova Azərbaycanda eko- və biotəhlükəsizlik
istiqamətində inanılmaz dərəcədə
böyük işlərin görüldüyünü diqqətə
çatdırıb. Bildirib ki, Heydər Əliyev Fondu və
IDEA İctimai Birliyi tərəfindən respublikamızda nadir
və həssas növlərin bərpası məqsədilə
əhəmiyyətli tədbirlər, o cümlədən nadir
növlərin bərpası, kütləvi ağacəkmə
aksiyaları, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin
qorunmasına və davamlı istifadəsinə dair Milli
Strategiya”lar və fəaliyyət planları, 2010-cu ilin
“Ekologiya ili” elan olunması, Cənubi Qafqazda ilk dəfə Azərbaycanda
Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinin
yaradılması ekologiyanın
sağlamlaşdırılması istiqamətində
görülən işlərə nümunələrdir.
Bütün bu proseslərdə Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın rolu və xidmətləri də
xüsusi qeyd edilməlidir.
Akademik İradə Hüseynova əlavə edib ki, Ulu
Öndərin bütün dünya üçün faydalı
nümunə sayıla biləcək ekoloji təhlükəsizlik
konsepsiyasının əsas müddəaları COP29 müddətində
keçirilən əksər tədbirlərdə müzakirələrin
mövzuları sırasında olmuşdur. Qarşıya
qoyulan məqsədlərdə iqlim dəyişikliklərinə
qarşı mübarizə ilə yanaşı, bu dəyişikliklərin
əhali və biomüxtəlifliyin həssas qruplarına təsirinin,
fəsadlarının aradan qaldırılması və ya
azaldılması məsələləri geniş şəkildə
əhatə edilmişdir. Həmçinin gender və iqlim
problemlərinə elmi əsas və ədalət
prizmasından yanaşma respublikaya rəhbərlik etdiyi
bütün dövrlərdə Heydər Əliyevin ekoloji təhlükəsizlik
konsepsiyasının əsas istiqamətlərindən
olmuşdur. Böyük şəxsiyyətin irəli
sürdüyü prinsiplər Azərbaycanın iqlimə
dayanıqlı gələcək üçün hədəfləri
sırasında mühüm yer tutur.
Vitse-prezident həm yerli, həm də qlobal miqyasda elm
tərəfindən ekoloji, ərzaq və bioloji təhlükəsizliyə
müasir yanaşmaların tətbiqinin AMEA Biologiya və Tibb
Elmləri Bölməsinin daim diqqət mərkəzində
olduğunu söyləyib. Çıxışının
sonunda akademik İradə Hüseynova Azərbaycanın
yaşıl dünya və sağlam ətraf mühit hədəflərinin
təkcə xalqımızın deyil, dünyanın da gələcəyi
üçün mühüm əhəmiyyət
daşıdığını bildirib, konfransın işinə
uğurlar arzulayıb.
Tədbirdə, həmçinin AMEA Qadınlar
Şurasının sədri professor Rəna Mirzəzadənin
“Xanım Mehriban Əliyevanın COP29-da sülh, barış,
“yaşıl mədəniyyət”
çağırışları”, AMEA Qadınlar
Şurasının İdarə Heyətinin üzvü Zərifə
Quliyevanın “Ulu Öndər Heydər Əliyev və Azərbaycan
təbiəti”, Folklor İnstitutunun Qadınlar
Şurasının sədr müavini fil.ü.f.d., dosent Aynur
İbrahimovanın “Ekoloji düşüncə və mifik
başlanğıc” və digər mövzularda məruzələr
dinlənilib, müzakirələr aparılıb.
Elm .- 2024.- 13 dekabr(¹41).- S.10.