Ədəbiyyat İnstitutunun
2024-cü ilin yekunlarına həsr olunmuş hesabatı dinlənilib
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Elmi şurasının növbəti iclası
keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli,
AMEA Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr
müavini, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli,
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil
şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan
Xavəri, "Elektron Akademiya" şöbəsinin
müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz
İmranov, həmçinin institutun şöbə müdirləri
və əməkdaşları iştirak ediblər.
Elmi şuranın iclasını AMEA-nın prezidenti,
Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli
açaraq gündəlikdəki məsələləri diqqətə
çatdırıb. Akademik bu il 60 illik yubileyi qeyd olunan
filologiya üzrə fəlsəfə doktoru, dosent Tinatin Məmmədovanı
təbrik edib, alimi yubileyi münasibətilə Fəxri fərmanla
təltif edib.
Sonra elmi-təşkilati məsələlərə
baxılıb. İclasda Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun 2024-cü il üzrə illik elmi hesabatı dinlənilib.
institutun elmi katibi, filologiya üzrə fəlsəfə
doktoru dosent Aygün Bağırlı hesabatı təqdim
edib.
2024-cü ilin Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu üçün elmi nailiyyətlərin əldə
edilməsi baxımından əhəmiyyətli olduğunu
qeyd edən məruzəçi hesabat ilində Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarının,
Nazirlər Kabinetinin qərar və sərəncamlarının,
habelə dövlət proqramlarının icrası ilə əlaqədar
elmi müəssisələrə tapşırılmış
işlərin yerinə yetirilməsi haqqında məlumat
verib.
Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl
dünya naminə həmrəylik ili” elan edilməsi
haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə
bağlı institutun direktoru, akademik İsa Həbibbəylinin
“Yaşıl artım və dayanıqlı inkişaf”,
“Yaşıl dünyamızı qoruyaq”, “Yaşıl dünya
gözlərə nur verən elmin işığında” kimi
elmi konfranslarda və BMT-nin iqlim dəyişmələri
konfranslarının 11-22 noyabr 2024-cü il tarixlərində
Bakıda keçirilən 29-cu konfransında iştirak
etdiyini, eləcə də məruzələrlə
çıxış etdiyini bildirib. Eyni zamanda, AMEA rəhbərinin
Çin Xalq Respublikasına səfəri çərçivəsində
Çinin Biomüxtəlifliyin Qorunması və
Yaşıl İnkişaf Fondunun rəhbəri ilə
görüşdüyünü, AMEA ilə təşkilat
arasında əməkdaşlıq memorandumunun
imzalandığını qeyd edib. Məruzəçi
respublika və beynəlxalq tədbirlərdə institutun alim və
mütəxəssislərinin iştirakı və məruzələri
ilə bağlı məlumatları hesabat
iştirakçılarının diqqətinə
çatdırıb.
Hesabat məruzəsində ölkə
başçısının “Dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar
2024-cü il tarixli Sərəncamı
ilə bağlı institutda görülən işlərdən
də bəhs olunub. Qeyd edilib ki, “Məhəmməd Füzuli
və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi
əlaqələr”, AMEA Rəyasət Heyəti, AMEA-nın
Humanitar və İctimai Elmlər bölmələri və
İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı
ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli
müştərək müsəlman mədəniyyətinin
yetirməsi kimi” adlı beynəlxalq elmi konfranslar, “Məhəmməd
Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans,
III Türk dünyası Ədəbiyyat və Kitab festivalında
“Məhəmməd Füzuli-530” paneli və digər tədbirlər
keçirilib, eləcə də Məhəmməd Füzuli
irsini əhatə edən tədqiqat əsərlərinin təqdim
olunmasının başlıca məqsədi Füzulini yenidən
dünyaya Azərbaycan şairi kimi tanıtmaq olub.
İclasda Prezident İlham Əliyevin “Məhəmməd
Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi
haqqında”, “Naxçıvan Muxtar Respublikasının 100
illik yubileyinin qeyd edilməsi haqqında”, “Şuşa şəhərinin
2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər
planı haqqında” 21 noyabr 2023-cü il tarixli və
“Şuşa şəhərinin 2024-cü il üçün
“İslam Əməkdaşlıq Təşkilatının gənclər
paytaxtı” seçilməsi ilə bağlı tədbirlər
haqqında” sərəncamları ilə əlaqədar
institutda təşkil olunan elmi tədbirlər, o cümlədən
nəşr olunan tədqiqat əsərləri haqqında məlumatlar
təqdim edilib.
Məruzəçi cari ildə institutda 2 istiqamət,
8 problem, 19 mövzu, 133 iş üzrə tədqiqat
aparıldığını, onlardan 95 işin
tamamlandığını, 38 iş üzərində tədqiqatların
davam etdirildiyini bildirib. O, 2024-cü il üzrə mühüm
elmi nəticələri əks etdirən, institutun alim və
mütəxəssislərinin müəllifi olduğu bədii
əsərlərin, dərsliklərin, tərcümələrin,
konfrans materiallarının, impakt faktorlu məqalələrin,
eyni zamanda tərtib edilmiş kitabların siyahısını
sadalayıb. Vurğulayıb ki, institut əməkdaşlarının
4-ü xaricdə olmaqla 76 kitab və monoqrafiyası, 249-u xaricdə,
18-i impakt faktorlu olmaqla ümumilikdə 1164 məqaləsi
çap olunub.
Daha sonra institutun direktor müavini filologiya üzrə
fəlsəfə doktoru, dosent Mehman Həsənli “Elektron
Ədəbiyyat İnstitutu” 2024-cü ildə: nəticələr
və perspektivlər” mövzusunda təqdimatla
çıxış edib. O, akademik platformalarda işin təşkili
və jurnalların elektron variantlarının
yaradılması sayəsində Ədəbiyyat İnstitutunun
virtual məkanda təbliğ edilməsi və müəssisənin
rəqəmsal mühitə inteqrasiyası baxımından
müəyyən hədəflərə nail olduğunu
bildirib. Artıq müəyyən müddətdir ki, Ədəbiyyat
İnstitutunun “Google scholar”da korporativ hesabının
yaradıldığını qeyd edərək, nəticədə
humanitar elmlər sahəsində alimlərimizin məqalələrinə
olan istinadların sayının artdığını
vurğulayıb.
İclasda AMEA Rəyasət Heyəti aparatının
"Elektron Akademiya" şöbəsinin müdiri riyaziyyat
üzrə fəlsəfə doktoru Fariz İmranov
Akademiyanın elektron informasiya şəbəkəsinin yenilənməsi
və cari nəticələri barədə məlumat verib. O,
xüsusilə TÜBİTAK kimi nüfuzlu akademik qurumlarla
AMEA-nın elmi əməkdaşlıq əlaqələrinin
yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
AMEA-nın TÜBİTAK vasitəsilə dünyaya
çıxış imkanlarının genişləndiyini
deyib.
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil
şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan
Xavəri çıxışında 2024-cü ilin AMEA
üçün əlamətdar olduğunu göstərən
iki mühüm amili əsas gətirib. Qeyd edib ki, bunlardan biri
elmi fəaliyyətə aid yekunların strateji hədəfləri
əhatə etməsi, digəri AMEA-da çoxşaxəli
islahatların birinci mərhələsinin başa
çatmasıdır.
Sərxan Xavəri Akademiyanın gələcək fəaliyyəti
istiqamətində xüsusi rol oynayacaq “AMEA-nın 2025-2030-cu
illər üçün İnkişaf Konsepsiyası və
Yol Xəritəsi”nin Akademiyada iki ildir ki, həyata keçirilən
geniş yeniləşmə islahatlarının tərkib hissəsi
olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən AMEA
Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr
müavini, akademik Teymur Kərimli Ədəbiyyat
İnstitutunun hesabat ilində gördüyü işləri
yüksək təqdir edərək, interaktiv keçən
hesabatı nümunəvi təqdimat kimi qiymətləndirib.
Şura iclasında institutun yeni qəbul olunmuş
doktorant və dissertantlarının 2025-ci il üçün
fərdi iş planlarının təsdiqi haqqında elmi
müəssisənin əməkdaşı filologiya üzrə
fəlsəfə doktoru, dosent Günay Qarayeva məruzə
edib.
İclasda digər qərarla on cildlik “Azərbaycan ədəbiyyatı
tarixi”nin VII cildinin I hissəsinin çapa təqdim olunması
təsdiqlənib. Həmçinin “Azərbaycan mühacirət
ədəbiyyatı kitabxanası” seriyasının VIII cildinin
– Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan
şairi Nizami” monoqrafiyasının və “İşıq
adam” kitabının çapa təqdim edilməsi barədə
qərar verilib. Həmçinin Nemət Bəsirin “Əsərləri”nin
də çapa təqdim olunması qərarla təsdiqlənib.
Sonda akademik İsa Həbibbəyli humanitar və
ictimai elmlərin qarşısında duran prioritet vəzifə
kimi elektron elmin formalaşması istiqamətində fəaliyyətin
dəstəklənməsinin vacibliyini qeyd edib. Bildirib ki,
elektron Akademiya artıq zərurətdir. Bu gün alimlər fəaliyyətini
yüksək reytinqli elmi bazalarda yer alan jurnallarda məqalələrinin
sıx dərc edilməsinə yönəltməlidirlər.
AMEA rəhbəri onu da vurğulayıb ki, hesabatların təqdim
olunması mərhələsində dünya elminin yenilikləri
və Azərbaycan elmi qarşısında qoyulan yeni
çağırışlar mütləq nəzərə
alınmalıdır.
Elm .- 2024.- 13 dekabr(¹41).- S.9.