AMEA prezidenti Lənkəran Regional
Elmi Mərkəzinin hesabat iclasında iştirak edib
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində
2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin
yekunları haqqında illik hesabat iclası keçirilib.
Hesabat iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,
vitse-prezident akademik İradə Hüseynova, akademik-katib
akademik Arif Həşimov, elmi ictimaiyyətin nümayəndələri
və Elmi Mərkəzin kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə
Lənkəran şəhərində Ümummilli Lider Heydər
Əliyevin abidəsini ziyarət edib, abidə önünə
tər çiçək dəstələri düzüblər.
Sonra Regional Elmi Mərkəzin əməkdaşı
olmuş 44 günlük Vətən müharibəsinin şəhidi
Mahsun Bağırzadənin xatirəsinə qurumun inzibati
binasında açılmış guşəyə
baxılıb, şəhidin barelyefi önünə tər
güllər qoyulub.
Hesabat iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
giriş sözü ilə çıxış edib. Azərbaycan
Prezidenti İlham Əliyevin çağırışları
işığında yeniləşən Akademiyada aparılan
islahatlardan ətraflı söz açan AMEA rəhbəri son
iki il ərzində həyata keçirilmiş tədbirlər
barədə danışıb. Bu dövrdə Akademiyada start
götürmüş elektron hərəkatın uğurla
davam etdirildiyini, daxili imkanlar hesabına proritet istiqamətləri
əhatə edən bir sıra yeni şöbələrin
yaradıldığını diqqətə çatdıran
akademik İsa Həbibbəyli hazırda ölkənin
inkişaf strategiyası, bəşəri dəyərlər,
ölkə reallıqları və müasir dövrün
qlobal çağırışlarına uyğun olaraq
AMEA-nın yeni inkişaf konsepsiyası və yol xəritəsinin
hazırlandığını vurğulayıb. Lənkəran
Regional Elmi Mərkəzində bir sıra elmi istiqamətlər
üzrə qısa müddətdə uğurlu nəticələrin
əldə olunduğunu bildirən Akademiya rəhbəri
priorotet sahələrə aid tədqiqatların əhəmiyyətini
diqqətə çatdırıb.
Sonra AMEA Lənkəran Regional Elmi Mərkəzinin
direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman
Əliyev Elmi Mərkəzin 2024-cü il üzrə illik
hesabatını təqdim edib. Elmi qurum tərəfindən il ərzində
müxtəlif elm sahələri üzrə
aparılmış tədqiqatlar, əldə edilmiş elmi nəticələr,
çap olunmuş əsərlər, elmi məqalələr
barədə geniş söz açan Mərkəzin direktoru
Mehman Əliyev hesabat məruzəsində rəhbərlik
etdiyi elmi-tədqiqat müəssisəsinin təşkilatçılığı
ilə keçirilmiş elmi konfrans və sessiyalar, sərgilər,
kitab təqdimatları, əlamətdar günlər və
yubileylərlə bağlı təşkil olunmuş tədbirlər
barədə də ətraflı məlumat verib.
Daha sonra məruzə ətrafında
çıxışlar olub, geniş müzakirə
aparılıb.
AMEA-nın vitse-prezidenti akademik İradə
Hüseynova, akademik-katib akademik Arif Həşimov
çıxış edərək təqdim edilmiş hesabat
barədə fikirlərini bildirib, Elmi Mərkəzdə il ərzində
aparılan işləri yüksək qiymətləndiriblər.
Məruzə ətrafında mərkəzin əməkdaşlarından
Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf
Talıbov, baş kitabxanaçı Fəranə Mikayılova,
Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Elnur Həsənzadə,
Herontoloji tədqiqatlar şöbəsinin müdiri biologiya
üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova,
aparıcı elmi işçi tarix üzrə fəlsəfə
doktoru Samir Kərimov, aparıcı elmi işçi tarix
üzrə fəlsəfə doktoru Mayis Cəfərov, eləcə
də yazıçı-publisist Etibar Əhədov
çıxış edərək rəy və mülahizələrini
bölüşüblər.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
yekun sözü ilə çıxış edərək təqdim
olunan hesabatda Regional Mərkəzin il ərzində səmərəli
fəaliyyətinin dolğun əks olunduğunu qeyd edib, qurumun
yeniləşmə mərhələsində atdığı
addımları yüksək qiymətləndirib. AMEA rəhbəri
bölgənin ədəbi mühiti, folkloru, tarixi,
arxeologiyası, etnoqrafiyasının daha dərindən öyrənilməsi
üçün Lənkəran Regional Elmi Mərkəzində
Tarix və ədəbiyyat şöbəsinin bazasında
daxili imkanlar hesabına “Ədəbiyyat və azsaylı
xalqların folkloru”, həmçinin “Tarix, etnologiya və
arxeologiya” adlı iki yeni şöbənin yaradılması
haqqında Rəyasət Heyəti qarşısında vəsasət
qaldırılması barədə təklif verilməsini məqsədəuyğun
hesab edib. 2025-ci ildən isə Lənkəran REM-in “Elmi əsərlər”
jurnalının təsis edilməsinin vacibliyini bildirən
akademik İsa Həbibbəyli uzunömürlülük və
herontologiya üzrə tədqiqatların daha da
artırılması, numizmatika, epiqrafika və bölgənin
özünəməxsus xüsusiyyətləri ilə
seçilən bir sıra elmi istiqamətlər üzrə
araşdırmaların əhatə dairəsinin genişləndirilməsinin
əhəmiyyətini vurğulayıb, elektron hərəkat,
dissertasiya mövzuları, monoqrafik əsərlərin nəşri
və s. barədə müvafiq tapşırıq və
tövsiyələrini çatdırıb, gənc alimlərə
diqqət və qayğının artırılmasının
vacibliyini bildirib.
Sonda akademik İsa Həbibbəylinin
tapşırığı ilə ötən il Elmi Mərkəzdə
ilk dəfə yaradılmış kitabxanaya Akademiya rəhbərliyi
tərəfindən 100 adda kitab hədiyyə edilib.
Tədbirdən sonra AMEA rəhbərliyi Lənkəran
Regional Elmi Mərkəzinin çay və sitrus bitkiləri
üzrə təcrübə sahəsinə baxıb, burada
aparılan laborator tədqiqatlar və iş şəraiti ilə
tanış olublar.
Elm .- 2024.- 13 dekabr(¹41).- S.9.