“Vətən
müharibəsi tarixi. Azərbaycanın ərazi
bütövlüyünün bərpası – Şəxsiyyət
faktoru” adlı yeni kitabın təqdimatı keçirilib
Bakı Şəhər İcra Hakimiyyətində
(BŞİH) tanınmış tarixçi-alimlər, Milli Məclisin
deputatları, elm, mədəniyyət və din xadimləri, jurnalistlər,
Vətən müharibəsi veteranları və qazilərin
iştirakı ilə “Vətən müharibəsi tarixi. Azərbaycanın
ərazi bütövlüyünün bərpası – Şəxsiyyət
faktoru” adlı yeni kitabın təqdimatı keçirilib.
Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin
AMEA-nın Tarix və Etnologiya İnstitutu ilə birgə
hazırladığı, Vətən müharibəsinə həsr
edilmiş əvvəlki kitabın davamı kimi nəşr
edilən yeni kitab 44 günlük müharibədən
keçən dövr ərzində Azərbaycanda baş verən
mühüm hadisələrə həsr olunub.
“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi
bütövlüyünün bərpası – Şəxsiyyət
faktoru” kitabında birgünlük antiterror əməliyyatı
nəticəsində ölkəmizin suverenliyinin bərpası,
Xankəndi, Ağdərə, Əsgəran və Xocavənddə
Dövlət Bayrağımızın ucaldılması, Xankəndidəki
tarixi hərbi parad, qısa zamanda işğaldan azad edilən ərazilərdə
həyata keçirilən genişmiqyaslı quruculuq işləri,
yeni infrastrukturun yaradılması, Böyük
Qayıdış Proqramına uyğun olaraq keçmiş məcburi
köçkünlərin öz doğma yurdlarına
qayıdışı kimi mühüm tarixi hadisələr
öz əksini tapıb. Nüfuzlu müəllif heyətinin məqalələrinin
toplandığı kitab nəfis tərtibatda çap edilib.
Təqdimat mərasimində çıxış edən
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Bahar Muradova, Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı
Elman Nəsirov, Azərbaycan Memarlar İttifaqının sədri
Elbay Qasımzadə və digərləri yeni kitabın əhəmiyyətini
vurğulayıb, bu nəşrin müharibə həqiqətlərinin
və sonrakı dövrdə qazanılan nailiyyətlərin təhlilinin,
gələcək nəsillərə düzgün
çatdırılmasının geniş təbliğində
mühüm rol oynayacağını diqqətə
çatdırıblar.
Qeyd edilib ki, yeni kitab xarici dillərə də tərcümə
olunacaq.
Elm .- 2024.- 13 dekabr(¹41).- S.7.