Milli Dirçəliş Günü
Azərbaycanın müstəqilliyinin bərpa edilməsində
tarixi rol oynayıb
Xalqımızın azadlıq mübarizəsinin əsas
mərhələlərindən birini təşkil edən 17
Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın
müstəqilliyinin bərpa edilməsində tarixi rol
oynayıb. Mənəvi əsaslarını və
başlanğıcını ötən əsrin 60-cı illərindən
götürən bu tarix sonralar ulu öndər Heydər
Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə
dönməz xarakter aldı, müstəqil Azərbaycan
müasir inkişaf yoluna qədəm qoydu. Ötən əsrin
axırlarında dünyanın altıda birini əhatə edən
Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və
ideoloji dayaqları sarsılmışdı. İmperiyanın
siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan
xalqına qarşı yürütdüyü
ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. Mixail
Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər
Dağlıq Qarabağda azərbaycanlılara qarşı
haqsız ərazi iddialarına başladı. Ermənilərin
Topxanada törətdikləri vəhşiliklər, Ağdamda
isə iki azərbaycanlını qətlə yetirmələri
Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində
istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik
arzularını reallaşdırmaq üçün tarixi bir
fürsətin yarandığını hiss etdi. 1988-ci ildən
başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı
geniş vüsət aldı. Milyonlarla insanın
toplaşdığı Azadlıq meydanında səslənən
tələblərin mahiyyəti getdikcə dəyişərək
müstəqil dövlət qurmaq ideyası milli
düşüncəyə hakim kəsildi.
Bu fikirləri AMEA-nın A.Bakıxanov adına Tarix
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru, dosent Alı Balayev söyləyib.
Onun sözlərinə görə, hakimiyyətə gəlişi
ilə xalqa sağlam ruh və özünüdərk gətirən
ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt
qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə,
Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə
xüsusi önəm verdi: “Bütün sahələrdə
inkişaf və oyanış müşahidə olunmağa
başladı. Azərbaycan əsl intibah və dirçəliş
dövrünə qədəm qoydu. Məhz ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə
dünyanın müxtəlif ölkələrində təhsil
alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi
şəxsiyyət Heydər Əliyevin respublikada
yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən
20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda
xalqın dayağı oldu.
1988-ci ildə xalq hərəkatının
alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən
siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə
bilmədilər. Xalqın maraqlarından daha çox
imperiyanın maraqlarını düşünən bu
adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi
baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər
xalqın dirçəlişini mütərəqqi səmtə
yönəltmək iqtidarında deyildilər. Həmin o
ağır məqamlarda yenə də Ulu Öndər
xalqın istiqlal ruhunu ölməyə qoymadı. Tarixən
keşməkeşli yol keçən, əsrlərin
sınaqlarından çıxan Azərbaycan müstəqil
dövlətə sahib olmaq naminə əzmkarlıqla
mübarizə aparıb və azadlıq uğrunda mücadilə
etdi. Azərbaycan xalqı mübarizələrlə dolu tarixi
yol keçərək azadlıq, müstəqillik və dirçəliş
yoluna qovuşa bildi. Bu gün xalqın istiqlal mücadiləsinin
əsas mərhələlərindən biri olan 17 Noyabr - Milli
Dirçəliş Günüdür. Bu gün qeyd etdiyimiz
Milli Dirçəliş Günü də, məhz xalqın
istəklərini reallaşdırmaq məqsədindən
güc alıb. Sovet rəhbərliyinin Qarabağ məsələsi
ətrafında apardığı anti-Azərbaycan siyasəti
nəticəsində, XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda
antisovet xalq hərəkatı təşəkkül tapdı
və 1988-ci il noyabrın 17-də Bakının əsas
meydanı sayılan "Azadlıq" meydanında Azərbaycan
xalqının uzunmüddətli mitinqləri başladı.
Qeyd edək ki, Ermənistanda və Qarabağın
dağlıq hissəsində Azərbaycan xalqına
qarşı yönəldilmiş soyqırımı sovet
ordusu tərəfindən dəstəklənirdi. O zamankı
SSRİ rəhbərliyi ermənilərlə əlbir olub
Dağlıq Qarabağı işğal edərək, Ermənistanın
nəzarətinə verməsi istiqamətində
atdığı addımlar xalqın səbir kasasını
daşırmışdı. Xalqımız imperiya
buxovlarından və əsarət zəncirindən azad olmaq
istəyirdi. Azərbaycanda meydan hərəkatı geniş
vüsət aldı. Bu milli hərəkat xalqın dirçəlişi
idi. Respublikamızın bütün şəhər və rayonlarını
bürümüş qüdrətli xalq hərəkatı
kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi
yaratmışdı. Bundan qorxuya düşən imperiya
başçıları noyabrın 24-dən 25-nə keçən
gecə Bakıya qoşun yeritdilər. Lakin Azərbaycan
xalqı geri çəkilmədi. Sovet rejimindən Ermənistanda
və Dağlıq Qarabağın dağlıq hissəsində
erməni separatçılığına və terrorizminə
son qoymaq, Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək, sərvətlərimizin
talan edilməsini dayandırmaq kimi tələblərlə
başlamış "meydan hərəkatı" tezliklə
Azərbaycanı müstəqilliyə çağıran
şüarlara keçdi. Azərbaycanda bu hadisələr
milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və
respublikamızın istiqlaliyyət qazanmasında əsas amil
sayılır. Dekabrın 4-dək 18 gün aramsız davam edən
aksiyalara 1 milyonadək insan toplaşmışdı. Bu,
keçmiş Sovet İttifaqında ən genişmiqyaslı
kütləvi çıxışlar idi. 1988-ci il noyabrın
17-də başlanan kütləvi çıxışlar Azərbaycanın
tarixinə milli dirçəliş aksiyaları kimi
düşdü. Öz haqqı, azadlığı və
torpaqlarına sahib çıxmaq istəyən xalqımız
bu müqəddəs ideallar naminə birlik və bərabərliyini
bir daha bütün dünyaya nümayiş etdirdi”.
Alı Balayev bildirib ki, 17 Noyabr bir daha göstərdi
ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq
üçün xəlq olunmuş milləti müstəmləkə
boyunduruğu altında saxlamaq qeyri-mümkündür: “Zəngin
tarixə malik xalqımız artıq neçə ildir ki,
Milli Dirçəliş Gününü bayram kimi qeyd edir və
bu günün qeyd olunması bütün Azərbaycan
xalqının mənəvi haqqıdır. İndi müstəqilliyimizin
siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir.
Müstəqilliyin taleyini müəyyənləşdirən əsas
amillər qorunub-saxlanılır, inkişaf etdirilir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam
etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətçiliyin
möhkəmləndirilməsinə, iqtisadiyyatın
inkişafına və milli-mənəvi dəyərlərin
qorunub saxlanmasına xüsusi diqqət yetirir. Azərbaycan bu
gün həm siyasi, həm də iqtisadi cəhətdən
dünyanın nüfuzlu dövlətlərindən birinə
çevrilib. Bu gün Azərbaycan gələcəyə
inamla baxır. Prezident İlham Əliyev ölkəmizi gələcəyə
və yeni uğurlara inamla aparır. Bu, bir reallıqdır ki,
müasir dünyada xarici ölkələr Azərbaycanın
mövqeyi ilə hesablaşırlar. Azərbaycan Prezidenti
İlham Əliyev Ulu Öndərin xilas edib inkişaf yoluna
çıxardığı dövləti daha da möhkəmləndirib.
Bu gün Azərbaycan, sözün əsl mənasında,
müstəqil, dünyəvi və inkişaf edən bir
ölkədir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar
Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk
sessiyası keçirildi. Ümummilli lider Heydər Əliyevin
sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar
respublikanın dövlət rəmzləri haqqında məsələ
də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən
sonra üçrəngli bayrağın dövlət rəmzi
kimi qəbulu ilə əlaqədar təklif irəli
sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağının bərpa olunması
barədə qərar çıxaran sessiya onun dövlət
bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın
Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə,
milli dirçəlişdən milli tərəqqiyə
doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Bu yolda
ölkəmiz böyük uğurlar əldə etdi.
1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin
iclasında çıxış edən ulu öndər Heydər
Əliyev gələcək mübarizə və inkişaf
yolunu müdrikliklə bəyan edərək belə deyirdi:
"Azərbaycan xalqı birləşməli, öz müqəddəs
torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan
Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə
getməli, tam istiqlaliyyət uğrunda mübarizə
aparmalıdır". Ümummilli lider Heydər Əliyev
bütün həyatı boyu bu müqəddəs amala sadiq
qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla
mübarizə apardı.
İlham Əliyev Azərbaycanı Cənubi
Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin
təşəbbüskarına çevirdi. Bütün bu
nailiyyətlər, nəhayət, 2020-ci ildə 44
günlük Vətən müharibəsində ölkəmizin
möhtəşəm Qələbəsini şərtləndirdi.
Azərbaycan Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə torpaqlarımızı
işğaldan azad etdi, BMT Təhlükəsizlik
Şurasının qətnamələrini yerinə yetirdi, ərazi
bütövlüyümüz bərpa olundu və haqq-ədalət
öz yerini tapdı.
Balayev, Alı Məhəmməd oğlu tarix üzrə fəls. d-ru
Elm .- 2024.- 15 noyabr(¹37).- S.8.