Azərbaycan tarixinin ən
möhtəşəm dövrlərindən birini
yaşamaqdadır
Ərazisi və əhali sayı ilə çox da fərqlənməyən
Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin
dövlət və cəmiyyət həyatının
bütün sahələrində əsasını qoyduğu
analoqsuz siyasi kursun Prezident İlham Əliyev tərəfindən
ardıcıl həyata keçirilməsi və inkişaf
etdirilməsi sayəsində milli, regional və hətta qlobal
problemlərin həllində öz sözü və imzası
olan nüfuzlu və qüdrətli bir dövlətə
çevrilmişdir.
Azərbaycan beynəlxalq təşkilatların 30 il ərzində
edə bilmədiyini - Qarabağla bağlı BMT-nin qətnamələrinin
həyata keçirilməsini öz gücü ilə həll
etməyi bacarmış, tarixi İpək yolunun bərpası,
Avropanın enerji təhlükəsizliyi kimi layihələrdə
önəmli rol oynamış, Qoşulmama Hərəkatının
lideri kimi bu hərəkata ikinci nəfəs gətirə
bilmiş, regional sülh və əməkdaşlığın
təmin olunmasına real töhfələr vermişdir.
Bu baxımdan BMT-nin Baş Assambleyasından sonra ikinci
böyük tədbiri olan İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası - COP29-un dünya birliyinin
yekdil qərarı ilə ölkəmizdə keçirilməsi
Azərbaycan Respublikasının qlobal problemlərin həllinə
verdiyi töhfələrin, əldə etdiyi davamlı
mövqeyin, oynadığı mühüm rolun növbəti
göstəricisidir.
Belə bir nüfuzlu tədbirə evsahibliyi etməyimiz,
eləcə də 2024-cü ilin "Yaşıl dünya
naminə həmrəylik ili" elan olunması kimi ölkədə
"yaşıl iqtisadiyya"tın, "yaşıl
enerji"nin, "yaşıl texnologiya"ların tətbiqinə,
geniş mənada "yaşıl artım"a
hesablanmış strateji qərar Azərbaycan Respublikasına
beynəlxalq səviyyədə əhəmiyyətli siyasi
dividendlər qazandırmaqla yanaşı, ekologiya, iqlim dəyişiklikləri,
biomüxtəliflik, bio- və ərzaq təhlükəsizliyi,
bərpaolunan, emissiyasız enerji və sairə kimi sahələrdə
milli elmimizin və təhsilin inkişafına, yüksək
texnologiyalar üzrə əməkdaşlıq və bilik
mübadiləsinə əhəmiyyətli təkan verəcəkdir.
COP29-un Bakıda keçirilməsi ilə bağlı
bir ilə yaxın davam edən hazırlıq işləri, həyata
keçirilən yerli, regional və beynəlxalq tədbirlər,
həmçinin cəmiyyətin diqqətinin əlaqədar
sahələrə yönəldilməsi, sağlam ətraf
mühitin, təbiətin və onun yaşıl
örtüyünün qorunması və artırılmasının,
ümumən bioloji müxtəlifliyin əsl dəyərinin dərk
edilməsi, deməli, ictimai şüurun yeni,
"yaşıl dəyərlər" əsasında
formalaşdırılması baxımından da mühüm
irəliləyişlərə nail olunmasına imkan verəcəkdir.
Bu gün Azərbaycan müasir texnoloji inkişafa
açıq olan, növbəti sənaye inqilablarında
seyrçi deyil, iştirakçı olmağı hədəfləyən
modern ölkədir. Azərbaycan Prezidentinin müasir
dövrün, 4-cü sənaye inqilabının
çağırışlarına, ərzaq və bioloji təhlükəsizliyin
təmin olunmasına, süni intellektə əsaslanan texnoloji
- "yaşıl iqtisadiyyat"ın ölkənin
uzunmüddətli ehtiyaclarına istiqamətlənməsinə
dair müvafiq elmlərin inkişaf perspektivləri ilə
bağlı verdiyi sərəncam və fərmanları, dəyərli
tövsiyə və tapşırıqları elm sahəsində
yaxın perspektiv üçün
çağırışların strateji istiqamətlərini
müəyyən etmişdir.
Elmin inkişafı üçün ən vacib məsələlərdən
biri Prezident İlham Əliyevin qeyd etdiyi kimi, prioritetlərin
düzgün seçilməsidir. Ətraf mühitin
sağlamlaşdırılması, iqlim dəyişikliyinə
və onun fəsadlarına qarşı mübarizə kimi COP
məqsədləri üzrə strateji istiqamətlərin və
prioritetlərin dövrün tələblərinə uyğun
şəkildə müəyyənləşdirilməsi,
ekosistem və molekulyar səviyyələrdə müasir
yanaşmalarla kompleks tədqiqatların aparılması zəruri
olan bir çox problemlərin ön plana
çıxarılmasını vacib edir:
- İqlim ssenariləri və onlarla bağlı
proqnozların işlənib hazırlanması;
- ölkənin təbii landşaftlarının,
torpaq, su və yaşıl örtük resurslarının,
atmosferin vəziyyətinin, onun element tərkibində baş
verən dəyişikliklərin, çirklənmə dərəcəsinin,
radiasiya fonunun daimi monitorinqi;
- səhralaşmanın, torpaqların deqradasiyaya
uğramasının qarşısının alınması, bərpası,
ekoloji təmiz şəkildə
yaxşılaşdırılması;
- ölkənin yerüstü və yeraltı su
ehtiyatlarının müasir vəziyyətinin ekosistem
yanaşmalarla kompleks şəkildə (geoloji, geocoğrafi,
mikrobioloji, hidrobioloji, sanitar-epidemioloji, fiziki-kimyəvi) qiymətləndirilməsi,
onlardan davamlı inkişaf prinsiplərinə müvafiq istifadə
imkanlarının müəyyənləşdirilməsi;
- eko- və biotəhlükəsizlik
standartlarının dəqiqləşdirilməsi, identikləşdirilməsi,
uyğunluq monitorinqləri, bioloji təhlükəsizlik
prinsiplərinin hazırlanması;
- bərpaolunan, ekoloji təmiz - "yaşıl"
enerji, o cümlədən bioenerji məsələlərinin tədqiqi,
"yaşıl enerji" zonaları və dəhlizlərinin
yaradılması;
- iqlim dəyişikliyindən doğan fəsadların
ətraf mühitə, bitki, heyvan və xüsusən insan
sağlamlığına təsirinin qiymətləndirilməsi
və s.
Eyni zamanda su hövzələrinin, tranzit
çayların çirklənmə vəziyyəti və
çirkli sulardan təkrar istifadə üçün
onların təmizləməsində yeni fiziki-kimyəvi və
bioloji metod və yanaşmaların hazırlanaraq tətbiq
edilməsi, kənd təsərrüfatı və meşə
bitkilərinin xəstəlik və zərərvericilərinə
qarşı ətraf mühitə ziyan vurmayan inteqrir
mübarizə üsullarının yaradılması və tətbiqi,
nadir və itmək təhlükəsində olan bitki və
heyvan növlərinin vəziyyətinin, areallarının dəyişmə
dinamikasının daimi izlənməsi, onların bərpası,
artırılması və reintroduksiyası üzrə tədbirlərin
görülməsi vacibdir. Qorunmasına ehtiyac duyulan
biomüxtəliflik elementlərinin, rüşeym
plazmasının xüsusi şəraitlərdə, o cümlədən
genbanklarda mühafizəsinin təşkili, müxtəlif
heyvan, o cümlədən köçəri quş növlərinin
populyasiyalarında dəyişikliklərin, miqrasiya məsələlərinin
tədqiqi, nadir təbiət abidələrinə, əsrlərlə
yaşı olan ağaclara xüsusi qoruma rejiminin tətbiqi,
fitosintez prosesinin (idarəolunması, süni fotosintez və
s.) yeni metodlarla öyrənilməsi də xüsusi əhəmiyyət
kəsb edir.
Aparılan tədqiqatlarda yeni nəsil, o cümlədən
rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinin
uğurlu nəticələrin alınmasında mühüm
vasitə ola biləcəyi nəzərə
alınmalıdır, müvafiq kadr hazırlığına,
mövcud kadr potensialının bilik və
bacarıqlarının artırılmasının vacibliyinə
diqqət artırılmalıdır. Təsadüfi deyildir ki,
COP29 sədrliyinin təşəbbüsləri
sırasında "Yaşıl rəqəmsal fəaliyyət"
də yer almışdır. Bu təşəbbüs üzrə
bəyannamə İKT sektorunda iqlimə müsbət təsir
göstərən rəqəmsallaşma və emissiyaların
azaldılmasını sürətləndirmək və
"yaşıl rəqəmsal texnologiya"ların əlçatanlığını
artırmaq məqsədi daşıyır.
Azərbaycanda dövrün tələblərindən
biri, yuxarıda qeyd edilmiş bütün istiqamətlərdə
"yaşıl təhsil" sisteminin qurulması və
inkişafından ibarətdir. Bu sahədə ilk addımlardan
biri kimi, məsələlərə yeni, daha modern
dünyagörüşü ilə yanaşılması, ali və
orta ixtisas məktəblərində ümumən
"ekologiya" ixtisası ilə yanaşı, "mühəndislik
ekologiyası", "iqlim-menecment", "landşaft
ekologiyası", "ekoloji hüquqşünaslıq",
"ekoloji jurnalistika", "ekoloji urbanist" və s. kimi
dar ixtisas sahələrində müxtəlif profilli iqlim
mütəxəssislərinin hazırlanması vacibdir. Bu ideya
təhsil, bacarıqlar, sağlamlıq və rifah halına, təhsil
standartları vasitəsilə ekoloji savadlılığın
artırılmasının təmin edilməsinə istiqamətlənmiş
"İqlim davamlılığı üçün insan
inkişafı üzrə Bakı Təşəbbüsü"ndə
də özünə yer almışdır.
COP29-un müvafiq elm və təhsil sahələrinin
inkişafına, cəmiyyətdə "yaşıl
düşüncə" tərzinin təsbit olunmasına verəcəyi
real təkanları qeyd etməklə yanaşı, digər məsələlərə
də diqqət çəkilməlidir. COP29-la bağlı Azərbaycana
gəlmiş on minlərlə xarici ölkə nümayəndəsi,
KİV və vətəndaş cəmiyyəti, beynəlxalq təşkilat
təmsilçiləri Vətənimizin təbii və
antropogen landşaftlarının özəlliklərini,
ölkənin siyasi sistemində və sosial-iqtisadi
inkişafında qazanılmış nailiyyətləri, əhalinin
sabitlik, əmin-amanlıq və rifah halında
yaşayışını, dövlətin dini və etnik
tolerantlığa əsaslanan dünyəvi quruluşunu,
insanlarımızın xeyirxahlığı və qonaqpərvərliyini,
yüksək mədəniyyətini öz gözləri ilə
seyr etmək imkanı əldə edirlər. Bu isə Azərbaycan
dövlətinin və xalqının beynəlxalq imicinin daha
da yaxşılaşmasına, turizm sektorunun intibahına,
ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşunun
artmasına real töhfələr verəcəkdir.
Əminliklə demək olar ki, Azərbaycan
Respublikası bütün digər sahələrdə
olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə
özünün daim yüksələn insan kapitalı,
iqtisadi gücü, elmi və texnoloji potensialı ilə
qarşıya qoyulmuş bütün "yaşıl"
prioritetlərə, ətraf mühit və biomüxtəlifliklə
bağlı Davamlı İnkişaf Məqsədlərinə,
COP29-un öhdəliklərinin, şüar və qərarlarının
milli səviyyədə səmərəli icrasına ən
qısa zamanda optimal şəkildə nail olacaq, "təmiz ətraf
mühit və yaşıl artım ölkəsi"nə
çevriləcəkdir.
İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti, akademik
Elm .- 2024.- 15 noyabr(№37).- S.5.