AMEA-da “Dəyərlər
və identikliyin fəlsəfi problemləri” mövzusunda beynəlxalq
elmi konfrans keçirilib
Noyabrın 26-da AMEA-nın Fəlsəfə və
Sosiologiya İnstitutunda UNESCO-nun təsis etdiyi Ümumdünya
Fəlsəfə Gününə həsr olunmuş “Dəyərlər
və identikliyin fəlsəfi problemləri” mövzusunda beynəlxalq
elmi konfrans keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,
UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının nümayəndəsi Mustafa Şabanov,
Hollandiyada yerləşən SOTA Elmi Mərkəzinin baş
direktoru PhD Mehmet Tütünçü, Böyük
Britaniyadan siyasi şərhçi PhD Nil Vatson, Tunis
Universitetinin professoru Larusi Mizuri, Türkiyənin Hacettepe
Universitetinin dekanı prof. Dr. Yonca İldeşin, Rusiyanın
Noosfer İctimai Elmlər Akademiyasının professoru Heydər
İmanov, eləcə də Fəlsəfə və Sosiologiya
İnstitutunun əməkdaşları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli institut əməkdaşlarını
Ümumdünya Fəlsəfə Günü münasibətilə
təbrik edib. Bildirib ki, UNESCO tərəfindən təsis
olunan bu əlamətdar gün bütün dünyada olduğu
kimi, Azərbaycanda da, xüsusilə fəlsəfə üzrə
ölkəmizdə əsas tədqiqatların
aparıldığı Fəlsəfə və Sosiologiya
İnstitutunda da geniş qeyd olunur.
Çıxışında fəlsəfə elminin
meydana gəlməsi, tarixi, keçdiyi inkişaf yolu, məqsəd
və vəzifələri haqqında danışan akademik
İsa Həbibbəyli qədim yunan filosofları Platonun
idealist və Aristotelin materialist fəlsəfi
düşüncəsinin əsrlərdir şüurlara hakim kəsildiyini,
bu iki istiqamətin fəlsəfə elminə yön verərək
tarixin inkişaf müddətində müəyyən mərhələlərdən
keçərək çoxsaylı müstəqil
düşüncə, ideya və nəzəriyyələrlə
zənginləşdiyini deyib.
Tarixi ənənələri olan Azərbaycan fəlsəfə
məktəbinin Sovet hakimiyyəti illərində
dövrün ideologiyasının tələbi ilə
yalnız materialist fəlsəfi düşüncəyə
dair tədqiqatlar apardığını vurğulayan AMEA rəhbəri
diqqətə çatdırıb ki, ölkəmiz müstəqillik
qazandıqdan sonra fəlsəfə elmi də uğurlu
inkişaf yolu keçib, digər fəlsəfi cərəyanlar
ölkəmizdə sistemli şəkildə
araşdırılaraq öyrənilib və zamanın
çağırışları bizdən idealist fəlsəfəyə
yaxın olan milli fəlsəfəmizi müəyyənləşdirməyi
tələb edir.
Prezident İlham Əliyevin 10 yanvar 2024-cü il tarixində
yerli televiziya kanallarına müsahibəsi zamanı yeni tarixi
mərhələdə Azərbaycanın gələcək
milli ideyası ilə bağlı ziyalılarımız, alimlərimiz
qarşısında vəzifələr qoyduğunu bildirən
akademik İsa Həbibbəyli bundan irəli gələrək
AMEA-da humanitar və ictimai elmlər bölmələrini əhatə
edən alimlərin iştirakı ilə 3 dəfə
geniş müzakirələrin aparıldığını,
Azərbaycanın gələcək milli ideyası ilə
bağlı alimlərimizin - “Daha güclü Azərbaycan,
türk birliyi, rəqəmsal inkişaf və strateji tərəfdaşlıq”
nəticəsinə gəldiyini diqqətə
çatdırıb.
Həmçinin Prezident İlham Əliyevin Türk
dünyası ilə bağlı qarşıya qoyduğu
mühüm vəzifələrdən irəli gələrək
Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar
hesabına Türk xalqlarının fəlsəfi fikir tarixi və
müasir fəlsəfəsi şöbəsinin
yaradıldığını vurğulayıb.
Akademik İsa Həbibbəyli, həmçinin Fəlsəfə
və Sosiologiya İnstitutunun əməkdaşlarının
son dövrlərdə “Milli identiklik”, “Milli fəlsəfə
konsepsiyası”, “Sufi fenomenologiyası” və s. mövzularda
apardıqları aktual tədqiqatları yüksək qiymətləndirib.
AMEA rəhbəri çıxışının
sonunda Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarını
əlamətdar gün münasibətilə bir daha təbrik
edərək onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
Sonra çıxış edən UNESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının nümayəndəsi
Mustafa Şabanov Ümumdünya Fəlsəfə
Gününün tarixi barədə məlumat verib, bu əlamətdar
günün təsis olunmasında başlıca məqsədin
fəlsəfənin cəmiyyətlərdə
oynadığı əhəmiyyətli rolu qeyd etmək,
insanlar arasında fəlsəfi düşüncə mədəniyyətini
təşviq etmək olduğunu bildirib. O, Fəlsəfə və
Sosiologiya İnstitutunun UNESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyası ilə milli və beynəlxalq
layihələrdə sıx əməkdaşlıq etdiyini
vurğulayıb. Həmçinin mədəni irsimizin və
milli identikliyimizin qorunmasında elmin rolundan danışıb.
Hollandiyada yerləşən SOTA Elmi Mərkəzinin
baş direktoru PhD Mehmet Tütünçü isə
çıxışında ötən əsrin sonlarında
ölkəmizə səfərlərindən, Birinci Qarabağ
müharibəsi dövründə Hollandiyada Azərbaycanın
haqq səsini dünyaya çatdırmaq üçün
gördüyü işlərdən danışıb.
1990-cı illərin əvvəllərində Hollandiyada
“Türküstan və Azərbaycan Araşdırma Mərkəzi”
yaratdıqlarını, erməni təcavüzünə
açıq etirazlarını bildirdiklərini,
torpaqlarından didərgin düşmüş
soydaşlarımız üçün maddi yardım
topladıqlarını söyləyib. O, Azərbaycanın
haqq savaşında əldə etdiyi tarixi Zəfəri
böyük sevinc və qürur hissi ilə
qarşıladıqlarını vurğulayıb.
Tədbirdə, həmçinin professor İlham Məmmədzadə
“Qələbə, dəyərlər və identiklik”, PhD Nil
Vatson “Müasir dünyada identiklik konsepsiyası”, prof., Dr.
Yonca İldeş “Türk Milli kimliği”, t.e.d. Eynulla Mədətli
“H.Əliyevin dövlətçilik təlimində milli
özünüdərk, milli kimlik və mənəvi dəyərlər”,
professor Larusi Mizuri “ İdentiklik fəlsəfə və tarix
arasında: XIX-XX əsrlərdə Tunisdə italyan
icmasının nümunəsi əsasında”, AMEA-nın
müxbir üzvü Könül Bünyadzadə “Sufi
fenomenologiya yeni dövrün fəlsəfəsi kimi”, professor
Heydər İmanov “Gələcək şəxsiyyətin fəlsəfi
dərki”, professor Əbülhəsən Abbasov “Fəlsəfi
meqabilik və ədəbi tənqid: İsmayıl
Şıxlı və Herbert Markuze
yaradıcılığında ideya-ideallar identikliyi”, professor
Rəna Mirzəzadə “Mehriban Əliyevanın “Yaşıl mədəniyyətli
iqlim” dəyərlərinin paradiqmaları”, f.e.d. Füzuli
Qurbanov “Yeni tarixi mərhələdə milli ideya: fəlsəfi
yanaşma”, dosent Ziba Ağayeva “Universal dəyərlər,
müasir texnika və texnologiyalar kontekstində”, dosent Zöhrə
Əliyeva “Müasir dövrdə identikliyin qorunması” və
dosent Günel Məlikli “Prezident İlham Əliyev - milli
dirçəliş fəlsəfəsi” mövzusunda məruzələrlə
çıxış ediblər.
Elm .- 2024.- 29 noyabr(¹39).- S.7.