AMEA-da “Azərbaycan ərazisinin
seysmik təhlükə xəritəsi” təqdim olunub
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində
Kanadanın Viktoriya Universiteti, Kanadanın Milli Tikinti
Qaydalarının Zəlzələ Dizaynı üzrə Daimi
Komitəsi, ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyası,
ABŞ-ın Miçiqan Dövlət Universiteti və
Gürcüstanın İlya Dövlət Universiteti Yer Elmləri
İnstitutu və Milli Seysmoloji Monitorinq Mərkəzi ilə
birlikdə Azərbaycan ərazisi üçün seysmik təhlükənin
hesablanmasında yeni yanaşmalarla tərtib olunmuş “Azərbaycan
ərazisinin seysmik təhlükə xəritəsi”nin təqdimatı
və müzakirəsi keçirilib.
Müzakirədə Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti akademik İsa Həbibbəyli,
AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın Yer
Elmləri bölməsi rəhbərinin müavini akademik Fəxrəddin
Qədirov, Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar
Edilməsi İdarəsinin rəis müavini Cəsarət
Camalov, AMEA-nın Yer Elmləri Bölməsinin üzvləri,
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin
Geologiya və Geofizika İnstitutunun, Bakı Dövlət
Universitetinin, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin alim və mütəxəssisləri, AMEA nəzdində
RSXM-nin Elmi-Texniki Şurasının üzvləri, əməkdaşları,
digər aidiyyatı şəxslər iştirak ediblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
giriş sözü ilə çıxış edərək
Azərbaycanda seysmologiya elminin inkişaf etdiyini, ölkə
seysmoloqlarının ən müasir proqram və
texnologiyalardan istifadə etdiklərini qeyd edib, RSXM-nin xarici
ölkələrin seysmoloji mərkəzləri və beynəlxalq
seysmoloji təşkilatlarla əlaqələrinin yüksək
səviyyədə olduğunu nəzərə
çatdırıb. AMEA rəhbəri Respublika Seysmoloji Xidmət
Mərkəzinin inkişaf etmiş Avropa ölkələri və
ABŞ-ın seysmoloji mərkəzləri və aparıcı
universitetləri ilə yaxından əməkdaşlıq
etdiyini diqqətə çatdırıb.
AMEA prezidenti bu gün təqdim olunacaq hesabatda Azərbaycan
ərazisi üçün seysmik təhlükənin
hesablanmasında yeni elmi yanaşmaların əksini
tapdığını, müzakirələrin “Azərbaycan ərazisinin
seysmik təhlükə xəritəsi”nin təkmilləşməsinə öz töhfəsini verəcəyini
vurğulayıb, xəritəni ölkənin strateji
inkişafı üçün mühüm layihə kimi səciyyələndirib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir
üzvü, professor Qurban Yetirmişli “Azərbaycan ərazisinin
seysmik təhlükə xəritəsi”nin hazırlanması
metodları və onun əhəmiyyətindən
danışıb.
Sonra Viktoriya Universitetinin İnşaat Mühəndisliyi
Departamentinin professoru Tuna Onur seysmik təhlükə xəritəsi
haqqında təqdimatla çıxış edib, hazırda dünya
ölkələrində binaların tikintisi zamanı tətbiq
olunan seysmik riskin qiymətləndirilməsi üsulları və
metodlarından danışıb. O, məruzəsində
tikinti normaları sahəsində olan yeniliklərdən də
bəhs edib.
Daha sonra müzakirələr
iştirakçıların sualları ilə davam edib.
Müzakirələrdən sonra xəritə
iştirakçılar tərəfindən qəbul olunub və
çap olunması təklif edilib.
Elm .- 2024.- 29 noyabr(¹39).- S.7.