AMEA-da yeni nəşr:
“Heydər Əliyev: şəxsiyyətin miqyası və
missiyası”
AMEA-da Ulu Öndər Heydər Əliyevin tərcümeyi-halının,
çoxcəhətli siyasi-dövlətçilik fəaliyyətinin
və mübarizəsinin bütün mərhələlərini
əks etdirən “Heydər Əliyev: şəxsiyyətin
miqyası və missiyası” adlı fundamental kollektiv
monoqrafiya işıq üzü görüb. Həcm etibarilə
610 səhifədən və 5 fəsildən ibarət olan
monoqrafiyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin mənalı və keşməkeşli həyatı
və mübarizəsinin mahiyyəti, tarixi əhəmiyyəti,
müasir dövrdəki yeri və rolu elmi cəhətdən əsaslandırılmış
şəkildə təqdim edilir. Ulu Öndərin ömür
salnaməsinin şərəfli səhifələri, onun
görkəmli dövlət xadimi olaraq dünya siyasi
arenasında yeri və mövqeyi, dövlətçilik fəlsəfəsi,
Azərbaycançılıq ideologiyasının
formalaşmasında, elm və təhsilin, ədəbiyyatın
və mədəniyyətin inkişafındakı xidmətləri,
milli xarici siyasət modelinin müəyyənləşməsindəki
fəaliyyəti, davamlı və məqsədyönlü fəaliyyəti
real faktlar əsasında əks etdirilib. Kitabda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müstəqil
Azərbaycan dövlətinin inkişafı və ərazi
bütövlüyümüzün təmin edilməsindəki
tarixi xidmətləri elmi şəkildə şərh və
təqdim olunur.
Monoqrafiyanın müəlliflər heyəti uzun illər
ərzində Ulu Öndər Heydər Əliyevin həyat və
fəaliyyətinin tədqiqi ilə peşəkar səviyyədə
məşğul olmuş Milli Elmlər Akademiyasının
müxtəlif elmi-tədqiqat institutlarında
çalışan tanınmış Azərbaycan alimlərindən
ibarətdir.
Monoqrafik tədqiqat əsərinin ideya müəllifi
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru
AMEA-nın akademik-katibi akademik Arif Həşimovdur. Kitab
AMEA-nın “Elm” nəşriyyatında çap olunub.
“Azərbaycanın dünya miqyaslı görkəmli
dövlət xadimi” adlanan birinci fəsil akademik İsa Həbibbəylinin
“Görkəmli dövlət xadimi Heydər Əliyevin
ömür yolu və mübarizəsi: siyasi portretin
miqyası” məqaləsi ilə başlayır. Bu fəsildə
akademik İsmayıl Hacıyevin “Müstəqil Azərbaycan
dövlətinin qüdrətli memarı”, fəlsəfə
elmləri doktoru Xatirə Quliyevanın “Azərbaycan
xalqının Ulu Öndəri Heydər Əliyev:
dövrü və dünyagörüşü”, tarix üzrə
fəlsəfə doktoru Cəbi Bəhramovun “Azərbaycan
Respublikasının neft strarategiyası. “Əsrin müqaviləsi”,
fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun
“Ümummilli Liderlik missiyası”, akademik Yaqub Mahmudovun “Azərbaycanı
dünya meridianlarına çıxaran dahi”, fəlsəfə
elmləri doktoru İlham Məmmədzadə və siyasi elmlər
üzrə fəlsəfə doktoru Sənan Həsənovun
“Heydər Əliyevin siyasi fəaliyyətində müstəqil
dövlətçilik fəlsəfəsi”, tarix elmləri
doktoru Mehman Süleymanovun “Heydər Əliyevin milli təhlükəsizlik
və ordu quruculuğu sahəsində fəaliyyəti”,
akademik Rasim Əliquliyev, iqtisad üzrə fəlsəfə
doktoru Rasim Mahmudov və dissertant Gülnar Paşayevanın “Heydər
Əliyevin Azərbaycanda informasiya cəmiyyətinin
formalaşmasında rolu”, fəlsəfə elmləri doktoru Rəna
Mirzəzadənin “Heydər Əliyev və Azərbaycanda
gender siyasəti” mövzusunda məqalələri yer alıb.
“Azərbaycançılıq ideologiyasının
banisi” adlı ikinci fəsildə “Heydər Əliyevin siyasi
irsi və Azərbaycançılıq” (tarix elmləri doktoru
Eynilla Mədətli), “Heydər Əliyev və Azərbaycanın
dövlət dili siyasəti” (akademik Möhsün
Nağısoylu) və “Heydər Əliyev və Cənubi Azərbaycan”
(AMEA-nın müxbir üzvü Musa Qasımlı) məqalələri
verilib.
Üçüncü fəsil “Azərbaycanın elm və
təhsilinin böyük hamisi və bələdçisi”
adlanır. Bu fəsildə akademik İsa Həbibbəylinin
“Heydər Əliyev və Azərbaycan elmi”, “Heydər
Əliyevin akademik heyətlə tarixi görüşü və
Akademiyanın statusu məsələsi” və “Heydər
Əliyevin akademiklik seçkisi və Akademiyanın dövlətçilik
dərsləri” adlı üç məqaləsi, həmçinin
tarix elmləri doktoru Kərim Şükürovun “Heydər
Əliyev və Azərbaycan tarixi”, tarix elmləri doktoru
Ədalət Qasımovun “Heydər Əliyev və Azərbaycan
Respublikasında milli təhsilin inkişafı” məqalələrinə
yer verilib.
“Azərbaycanın ədəbiyyat və mədəniyyətində
dərin iz qoyan şəxsiyyət” adlanan dördüncü fəsildə
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu və
filologiya elmləri doktoru Elnarə Akimovanın “Heydər
Əliyev və Azərbaycan ədəbiyyatı”, fəlsəfə
elmləri doktoru Xatirə Quliyevanın “Azərbaycan
xalqının Ulu Öndəri Heydər Əliyevin dövlət
idarəçiliyi siyasətində milli-mənəvi və ədəbi-estetik
dəyərlər strategiyası”, AMEA-nın müxbir
üzvü Ərtegin Salamzadə və sənətşünaslıq
üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun “Heydər
Əliyev obrazı təsviri sənətdə”
başlıqlı araşdırmalarına yer ayrılıb.
Beşinci fəsil “Xarici siyasətin Heydər
Əliyev modeli” məsələsinə həsr edilib. Bu
bölmədə AMEA-nın müxbir üzvü Musa
Qasımlının “Heydər Əliyevin xarici siyasət kursu:
Qələbə diplomatiyası”, akademik Gövhər Baxşəliyevanın
“Heydər Əliyev və Şərq”, tarix elmləri doktoru
Güllü Yoloğlunun “Heydər Əliyev və türk
dünyası” adlı məqalələri toplanıb.
Monoqrafiyanın “Nəticə” hissəsini akademik
İsa Həbibbəylinin “Müstəqillik yollarında: Heydər
Əliyevdən - İlham Əliyevə” məqaləsi əhatə
edir.
Qeyd edək ki, “Heydər Əliyev: şəxsiyyətin
miqyası və missiyası” adlı fundamental monoqrafiyanın
plan-prospekti və müəlliflər heyəti AMEA Rəyasət
Heyətinin iclasında müzakirə edildikdən sonra
müvafiq qərar əsasında hazırlanaraq nəşr
edilib.
“Heydər Əliyev: şəxsiyyətin miqyası və
missiyası” görkəmli dövlət xadimi Heydər
Əliyevin keşməkeşli və mənalı həyatı
və mübarizə yoluna, Ulu Öndərin çoxcəhətli
fəaliyyətinin əsas istiqamətlərinə həsr
edilmiş ilk fundamental monoqrafik tədqiqatdır.
Elm .- 2025.- 28 fevral(¹8).- S.4.