Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan elmi sessiya
Sentyabrın 29-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunda dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin
140 illiyinə həsr
olunan elmi sessiya keçirilib.
Elmi sessiyanı
giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun
direktoru akademik Gövhər Baxşəliyeva
XX əsrin əvvəlinin
Azərbaycan mədəniyyətində
böyük renessans dövrü olduğunu deyərək, bu dövrdə Azərbaycan musiqisini ən uca zirvələrə yüksəldən Üzeyir
Hacıbəylinin Şərqdə
ilk operanın yaradıcısı, böyük
musiqişünas, publisist,
dramaturq, pedaqoq, ictimai xadim olduğunu
bildirib. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Üzeyir Hacıbəylinin
140 illiyinin qeyd edilməsi ilə bağlı 3 fevral 2025-ci il tarixli Sərəncamını
xatırladan G.Baxşəliyeva
bununla bağlı
AMEA-da bir sıra tədbirlərin keçirildiyini, Şərqşünaslıq
İnstitutunun da elmi sessiya təşkil
etdiyini bildirib.
Üzeyir Hacıbəylinin
yaratdığı əsərlərin
Azərbaycan xalqının
mədəniyyətinin varlığının,
yaşamının təcəssümü
olduğunu deyən akademik G.Baxşəliyeva onillər keçməsinə
baxmayaraq, bu gün də həmin operettaların, filmlərin böyük zövqlə izlənildiyini
qeyd edib.
Elmi sessiyada Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi məruzə oxuyub. Üzeyir Hacıbəyli ilə bağlı çoxsaylı arxiv sənədlərini araşdırdığını deyən Solmaz Rüstəmova-Tohidi bu sənədlərdə bir neçə cildlik kitabı əhatə edəcək materialların olduğunu və yaxın aylarda onun ilk cildini çapa təqdim edəcəyini bildirib. Məruzəçi həmin cilddə yer alacaq Üzeyir Hacıbəylinin həyat yoldaşı ilə məktublaşmasına aid nümunələri diqqətə çatdırıb. Onların Qori seminariyası dövründən başlanan tanışlığından danışan S.Rüstəmova-Tohidi çıxışında həmçinin Ü.Hacıbəylinin pedaqoji və jurnalist fəaliyyətinə də nəzər salıb. Məruzəçi Ü.Hacıbəylinin Hadrut, Bibiheybət məktəblərində, “Səadət” məktəbində dərs deməsindən, “Tərəqqi”, “Azərbaycan” qəzetlərində redaktor kimi fəaliyyətindən, “Açıq söz” və digər qəzetlərdə yazılarından bəhs edib.
Elm 2025.- 3 oktyabr (№30).- S.6.