QƏDİM UYĞUR
TÜRKLƏRİNİN
MƏDƏNİ İRSİNƏ ELMİ
BAXIŞ
Yeni nəşrlər
Ölkəmiz
müstəqillik əldə etdikdən sonra aparılan elmi tədqiqatların
da yeni istiqamətləri müəyyənləşmiş,
xalqımızın dil, ədəbiyyat və mədəniyyət
tarixi müasir dövrün tələblərinə uyğun,
ümumtürk müstəvisində
araşdırılmağa başlanmışdır. Bu sahədə
həm fundamental, həm də tətbiqi səviyyədə
çoxsaylı araşdırmalar aparılmışdır.
Bu proses Azərbaycanın türkologiya elminin yeni mərhələyə
qədəm qoyduğunu göstərir.
Elmi tədqiqatlarda yalnız Azərbaycanla məhdudlaşmayan,
ümumtürk mədəniyyətinin formalaşmasında
iştirak edən qədim türk tayfalarının dili, ədəbiyyatı,
dini-mədəni irsi də diqqət mərkəzinə
çəkilmişdir. Aparılan bu geniş əhatəli tədqiqatlar
içərisində qədim türklərin dil və ədəbiyyatına
aid əsərlər də xeyli saydadır. Onlardan biri də
AMEA-nın müxbir üzvü, professor Əbülfəz Aman
oğlu Quliyevin “Qədim uyğur türkləri: abidələr,
dil və ədəbiyyat” kitabıdır. Kitab “Elm və təhsil”
nəşriyyatında yüksək tirajla, nəfis tərtibatda
çap olunmuşdur. Əsərin elmi redaktoru akademik Nizami Cəfərovdur.
Əsərdə türk dillərinin
qədim mənzərəsini özündə
tam şəkildə əks etdirən, bizim eranın VIII-XIII ərslərinə
aid və qədim türk dillərinin təkamül mərhələlərini
göstərən qədim uyğur abidələri sistemli
şəkildə tədqiq olunmuşdur. Uyğur türklərinin
istifadə etdiyi müxtəlif əlifba sistemləri –
Göytürk, soğd, manixey və brahmi əlifbaları,
onların zamanla keçdiyi fonetik və qrafik dəyişikliklər,
dil strukturunun morfoloji və leksik xüsusiyyətləri bu tədqiqatda
ətraflı təhlil edilmişdir. Qədim türklərin
mühüm bir qolu olan uyğurlar türk tarixində çox
mühüm yer tutan bir tayfa birliyidir. Onlar göytürklərdən
sonra Orta Asiyada böyük bir dövlət qurmuş və mədəni,
siyasi, dini sahələrdə dərin izlər
buraxmışlar. Onlar tarixən çox geniş bir ərazidə
yayılmış, müxtəlif dinlərə sitayiş
etmiş, müxtəlif əlifba sistemlərindən istifadə
etmişlər. Həm də mədəniyyət, ədəbiyyat,
incəsənət və din sahələrində öz
dövrləri üçün qabaqcıl nümunələr
yaratmışlar. Bu xalqın zəngin irsinin elmi şəkildə
öyrənilməsi türk xalqlarının ortaq tarixinin daha
dolğun şəkildə mənimsənilməsinə şərait
yaradır.
Uyğurlar müxtəlif dövrlərdə
maniheizm, buddizm və islam dinlərini qəbul
edərək, dini baxımdan olduqca rəngarəng bir irs
yaratmışlar. Onların dini mətnləri yalnız dini
etiqad baxımından deyil, həm də ədəbi və
dilçilik baxımından olduqca dəyərlidir. Professor
Əbülfəz Quliyevin araşdırmasında bu mətnlərin
ədəbi formaları, poetik strukturları və tərcümə
texnikaları da təhlil edilmiş, onların dövrün
ictimai-mədəni həyatı ilə əlaqəsi üzə
çıxarılmışdır.
Kitab 3 bölmədən ibarətdir.
Sonda isə uyğurlara aid hüquqi sənədlər və lüğət
təqdim olunmuşdur. Əsərin “Qədim uyğur tarixi
haqqında ümumi məlumat” adlı I bölməsində
göstərilir ki, uyğurların adı ilk dəfə
Çin mənbələrində işlənmişdir.
Çinlilər onların hunların xələfi olduğuna
və qurddan törədiklərinə inanmışlar. Burada
həmçinin uyğur etnoniminin etimologiyası məsələsinə
də aydınlıq gətirilərək qeyd olunur ki, bu
sözün mənşəyi müxtəlif müəlliflər
tərəfindən fərqli şəkildə izah edilmiş,
uyğur sözünün xozxor, oğuz, oyğur sözlərindən
törədiyi mülahizələri irəli
sürülmüşdür. Lakin müəllifin gəldyi nəticə
bundan ibarətdir ki, uyğur etnonimi uymaq feilindən törəmişdir
və “müttəfiq” mənasındadır. Bu etnonim Mahmud
Kaşğaridə də geniş işlənmişdir.
Uyğurlar Mərkəzi Asiyada mədəni-siyasi inkişafa
nail olmuş xalqdırlar. Onlar əvvəlcə köçəri
həyat tərzi keçirmiş, sonradan isə IX əsrdə
Tarım hövzəsində oturaq həyat tərzinə
keçərək Uyğur xaqanlığını
qurmuşlar. Bu dövlət sülh siyasəti
yürüdürüdü və
işğalçılıq etmirdi. Onlar ilk dövrlərdə
xristian dinini qəbul etmiş, daha sonra manixey dininə sitayiş
etməyə başlamışlar, lakin bu dini inanclar
uyğurların həyat tərzinə,
dünyagörüşünə, yaşayışına
uyğun deyildi. Nəticədə yuxarı təbəqə
ilə sadə insanlar arasında uçurum yaranmağa
başlayır ki, bu dövlətin parçalanma təhlükəsi
ilə qarşı-qarşıya qalması demək idi.
Manixeyçiliyə keçid uyğurların həm də əlifbasının
dəyişilməsinə səbəb olmuş və
uyğurlar yeni soğd yazısı əsasında tərtib
olunmuş əlifbaya keçid etmişlər. Bu əlifba nisbətən sadə və asan idi. Ondan
istifadə etməklə
manixey, buddizm, xristian, müsəlman dini məzmunlu abidələri və uyğur hüquqi sənədləri yazılmışdır.
840-cı ildə uyğur
xaqanlığının süqutundan
sonra uyğurlar buddizmə meyl etməyə başladılar.
Bu işdə onların
əsas vasitəçisi
çinlilər idi.
Ona görə də buddizmə aid uyğur abidələrinin bir çoxu Çin dilindən tərcümə
edilmişdir.
Əsərin II bölməsi “Qədim
uyğur ədəbi dili və abidələri”
adlanır. Bu bölmədə
uyğurların yazısı
və mədəniyyəti,
run yazısı ilə
yazılmış uyğur
abidələri və
onların araşdırılması
tarixi, Turfan və Qansu uyğur abidələri, Avropada, Rusiyada, Türkiyədə
uyğurşünaslıq, Azərbaycanda öyrənilməsi
məsələləri, qədim
uyğur türkcəsinin
əsas xüsusiyyətləri,
şivə xüsusiyyətləri,
uyğur əlifbası
haqqında əhatəli
məlumat verilmişdir.
Müəllif qeyd edir ki, uyğurlar əvvəlcə Orxon türkləri ilə birlikdə göytürk ədəbi dilindən və run əlifbasından
istifadə etmiş, bu əlifba ilə Toyok və şaman dini məzmunlu “Irk bitik” abidələrini yaratmışlar. Bu dil bir çox türk dillərinin, o cümlədən Azərbaycan
ədəbi dilinin formalaşmasında müəyyən
rol oynamışdır.
Lakin zaman keçdikcə bu
əlifba və dil onların tələblərini ödəmədiyi
üçün onun bazası əsasında xalqın başa düşə biləcəyi
yeni ədəbi dil meydana çıxdı.
VII-IX əsrlərdə tam formalaşmış bu dil qədim uyğur əlyazmalarında
türk uyğur dili adlandırılırdı.
Əvvəlkinə nisbətən
daha zəngin olan, göytürk yazılı dilinin əsasında və onun davamı olaraq yaranan, rəngarəng üslublar
sistemi olan bu dil daha
çox yazı dili kimi fəaliyyət
göstərsə də,
onda ədəbi dil ünsürləri də olmuşdur. Ondan istifadə etməklə uyğurlar müxtəlif üslüblarda
mətnlər yaratmışlar.
Məsələn, “Altun
yaruk”, “Maytrsimit”, “Kuanşi-im pusar” abidələri dini-fəlsəfi
ədəbiyyat, “İki
qardaş hekayəsi”,
“Süan-Tszyanın bioqrafiyası”
abidələri kamil bədii nəsr nümunələri idi. Bunlarla yanaşı təbabət və astronomik məzmunlu əsərlər elmi üslubun, bir sıra hüquqi sənədlər, fərdi
yazışmalar, yarlıklar
rəsmi-işgüzar üslubun
mükəmməl örnəkləri
hesab oluna bilər.
Kitabda qeyd olunduğu kimi, uyğur xalqının tarixinin, qədim uyğur dilinin və yazılı abidələrinin
araşdırılmasına hələ XIX əsrin əvvəllərində başlanmışdır.
Müəllif əsərdə
dünyanın müxtəlif
ölkələrində uyğurşünaslıq
məsələlərinə də toxunaraq bu sahədə fəaliyyət göstərmiş
mütəxəssislər haqqında
yığcam məlumat
vermişdir. Buradan aydın olur ki, Avropada uyğur abidələri haqqında
məlumat ilk dəfə
fransız səyyahı
Dutreuil de Rhin tərəfindən
verilmişdir. Onun şərqşünaslar konqresində
uyğur əlyazmaları
haqqında verdiyi məlumatdan sonra Avropa alimlərinin diqqəti bu zəngin mədəni mirasa yönəlmiş və burada araşdırmalar başlamışdır.
Finlandiyalı alim Otto Donner, rus tədqiqatçısı
Klements, ingilis alimi Aurel Steyn, alman alimi Albert Qrünvedelin və digərlərinin rəhbərliyi altında
müxtəlif dövrlərdə
Şərqi Türküstana
ekspedisiyalar getmiş və onlar buradakı
əlyazmaları tədqiqat
üçün öz
ölkələrinə gətirmişlər.
Bu materiallar həm tərcümə olunaraq nəşr olunmuş, həm də müxtəlif aspektlərdən
araşdırılmışdır.
Rusiyada uyğurların ilk tədqiqatçılarından
biri Azərbaycan şərqşünası və
dilçisi Mirzə Kazım bəy olmuşdur. O, 1841-ci ildə
uyğurşünaslıqda mühüm mənbə hesab olunan “Uyğurlar
haqqında tədqiqat”
əsərini nəşr
etdirmişdir. Bundan başqa rus alimlərdən N.P.Prejevalski, M.V.Pevtsov,
P.K.Kozlov, V.V.Radlov, S.Y.Malov, V.Nasilov, A.M.Şerbak, E.R.Tenişev
kimi bir çox alim uyğurşünaslıqla
məşğul olmuşdur.
Türkiyədə uyğur abidələri
XX əsrin 30-cu illərindən
tədqiq olunmağa başlamışdır. Bu sahədə
V.Bang, R.Arat,
Ə.Cəfəroğlu, Ö.İzgi,
S.Barutçunun araşdırmaları
diqqəti cəlb edir. Azərbaycanda da uyğur türkcəsinin öyrənilməsinə XX əsrin
20-30-cu illərində başlanmışdır.
Lakin müəllifin qeyd
etdiyi kimi, 37-ci ildə baş verən hadisələr, repressiyalar bu araşdırmaları bir qədər ləngitmiş,
bir də yalnız 70-ci illərdə
bu məsələyə
yenidən qayıdılmışdır.
Ə.Şükürlü,
A.Məhərrəmov, N.Cəfərov,
Ə.Rəcəbli, Ə.Quliyev,
Q.Quliyeva bu sahədə dəyərli
tədqiqatların müəllifləridir.
Əski
uyğur türkcəsində
təkmil ədəbi
dil mövcud olmuşdur. Müəllif göstərir ki, burada Çin, sanskrit, toxar dillərindən alınma çoxlu söz vardır. Mürəkkəb və qarışıq tipli cümlələrdən geniş
istifadə olunur. Bu dilə aid mətnlərin
tədqiqi göstərir
ki, o, öz içərisində
bir neçə şivəyə ayrılmışdır.
Məsələn, göytürk
abidələrindəki ny
foneminin yerinə uyğur mətnlərində
n və y olaraq iki şivə ayrılmışdır: göytürkcədə
anyığ “pis” sözü uyğur türkcəsinin n şivəsində
anığ, y şivəsində
isə ayığ variantında özünü
göstərir.
Kitabda qeyd olunur ki, uyğurlar qədim dövrdə çox geniş bir coğrafiyada yayıldıqlarına
görə bir neçə yazı sistemindən istifadə etmişlər. Bunlar göytürk əlifbası,
Mani əlifbası, brahmi
əlifbası, Tibet yazısı
və soğd mənşəli uyğur
əlifbasından ibarət
olmuşdur. Onların
geniş istifadə etdikləri soğd mənşəli yazı əldə etdikləri yüksək mədəniyyət
sayəsində tarixdə
uyğur yazısı
kimi tanındı. Təsadüfi deyil ki, görkəmli türkoloq M.Kaşğari “Divanü-Lüğat-it Türk” əsərində
uyğur hərflərini
türk yazısı kimi qeyd edir.
Bu da onu göstərir
ki, türklər İslamiyyətdən
sonra dərhal ərəb əlifbasına
keçməmiş, iki
yazı sistemi uzun illər paralel istifadə edilmişdir. 18 hərfdən
ibarət olan uyğur əlifbası sağdan sola yazılır.
Hərflər əvvəldə,
ortada və sonda fərqlilik göstərir. Lakin burada hər bir sait
səsin ayrıca işarəsi olmadığı
üçün o, türkcənin
saitlərini tam şəkildə
əks etdirə bilmir.
Əsərin III bölməsi “Qədim
uyğur ədəbiyyatı
və abidələri”
adlanır. Buradan aydın olur ki, uyğurların ədəbiyyatı
yeni səciyyə daşıyırdı
və ruh, məzmun, şəkil, dil və üslub
cəhətdən Orxon
ədəbiyyatından fərqlənirdi.
Artıq yeni həyat tərzi, adamların maraq dairəsi, psixoloji aləmi, mənəvi tələbləri
ədəbiyyat qarşısında
yeni problemlər qoymuşdu.
Burada tərcümə
əsərləri də
geniş yayılmışdı.
Kitabda uyğur ədəbiyyatı
nümunələri şərti
olaraq 2 qrupa ayrılmışdır: 1) Manixey
ədəbiyyatı nümunələri;
2) Buddizm ədəbiyyatı
nümunələri. Əski
uyğur ədəbiyyatında
dram növü istisna
olmaqla, nəzm və nəsr növləri tam formalaşmışdı.
Manixey ədəbiyyatında şeir
haqqında danışan
tədqiqatçılar onların
bizə məlum olan ən qədim
nümunələrinin eramızın
VII-VIII əsrlərinə aid olduğu qənaətindədirlər.
Burada, əsasən, koşuğ (mənzum parça, nəzm) və takşut (buddizm mühiti ədəbiyyatına aid nümunələr)
şeir şəkillərinə
təsadüf edilir.
Nəsrə gəldikdə isə
uyğur ədəbiyyatında
nəsr nümunələri
daha çox dini mövzularda olub, manixey dininin
təbliği məqsədilə
yazılmışdır. Daha
çox dualardan ibarətdir və özündə çoxlu
dini məfhum və anlayışları
ehtiva edir. Buraya “Xuastuanivit”, “Bögü xan şərəfinə mətn”
kimi bir çox əlyazma daxildir.
Buddizm dini məzmunlu poeziya isə IX-XI əsrlərdə yaranmışdır.
Buraya “Ani teg orunlarta”,
“Burkana”, “Maytri”, “Maytrisimit”, “Altun yaruk” mətnləri daxildir.
Bölmənin sonunda Ə.Quliyev
tərəfindən qeyd
və izahlar verilmişdir ki, burada müəllif mətnlərdə
adı keçən toponimlər, antroponimlər
və digər onomastik vahidlərin izahını vermiş, mətnləri və onların tərcüməsini
təqdim etmişdir.
Əsərin “Uyğur hüquq
sənədləri” adlanan
hissəsində rəsmi-işgüzar
üslubun ilkin qaynaqları hesab edilən və türk cəmiyyətində
hüquq sistemi, daxili və xarici ticarət əlaqələri haqqında
dolğun məlumatların
daşıyıcısı olan vəsiqələr, sənədlər oxucuya təqdim edilmişdir.
“Lüğət” hissəsində
uyğur dilinə məxsus sözlərin izahı öz əksini tapmışdır
ki, burada Azərbaycan dili və şivələri
ilə bir çox ortaq xüsusiyyətləri aydın
şəkildə müşahidə
etmək olur.
Professor Əbülfəz Quliyevin
“Qədim uyğur türkləri:abidələr,dil,ədəbiyyat”
kitabı dərs vəsaiti kimi də ali məktəblərin
hümanitar ixtisaslarında
tədris olunan qədim türk dillərinin tədrisinin yaxşılaşdırılmasına da təkan verəcəkdir.
Ümumilikdə əsər bu sahənin tədqiqatçıları
üçün çox
qiymətli bir mənbədir və burada müəllif tərəfindən təqdim
olunmuş izahlar, şərhlər onların
işini xeyli asanladıracaq. Belə tədqiqatlar Azərbaycan türkologiyasının inkişafında
yeni üfüqlər açır
və milli kimliyimizin,
mənəvi köklərimizin
daha dərindən dərk edilməsinə imkan yaradır. Gələcəkdə bu kimi əsərlərin tərcümə olunaraq beynəlxalq elmi ictimaiyyətə təqdim
edilməsi həm Azərbaycan elminin nüfuzunu artıracaq, həm də ümumtürk mədəni
irsinin dünyada tanıdılmasına mühüm
töhfə verəcəkdir.
NURAY
ƏLİYEVA
Filologiya elmləri doktoru
Naxçıvan Ali Məclisinin deputatı
Elm.- 2025.- 19 sentyabr, ¹28.- S.6.