Azərbaycan Kino Həftəsinin proqramı

 

6-10 aprel tarixləri arasında keçiriləcək Azərbaycan Kino Həftəsinın proqramı müəyyənləşib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Quliyevanın APA-ya verdiyi məlumata görə, kino həftəsi keçirmək müasir Azərbaycan kinosunu təbliğ və yeni çəkilmiş filmlərimizi geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədi dasıyır.

Kino həftəsinin açılışı aprelin 6-da Heydər Əliyev Sarayında rejissor Samir Kərimoğlunun "Niyyət" bədii filminin təqdimatı ilə baş tutacaq.

Aprelin 8-də Sumqayıt şəhərində "Gənclərin qısa filmləri" proqramına baxış və yaradıcı gənclərlə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gənc rejissorlarla görüşün və "Nəfəs", "İki", "Qocalar" qısametrajlı filmlərinə baxışın keçirilməsi nəzərdə tutulur.

Aprelin 7-də Şağan Uşaq evində "Cəsur təyyarə" və "Xeyirxah kirpi" çizgi filmlərinə baxış, aprelin 10-da N saylı hərbi hissədə "Cavad xan" filminin nümayişi, 8-9 aprel tarixlərində 4 saylı qadın və 15 saylı cəzaçəkmə müəssisələrində "Məhkumlar" və "Niyyət" bədii filmlərinin nümayişi, aprelin 9-da Dövlət Film Fondunda görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin 90 illiyinə həsr olunmuş xatirə gecəsi, elə həmin gün Heydər Əliyev Fondu ilə birgə "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmiş Qala qoruğu haqqında sənədli filmin Əzizbəyov rayonunda premyerasının təşkili, aprelin 9-da sənədli filmlər axşamının keçirilməsi, aprelin 10-da "Ey həyat, sən nə qəribəsən!" sənədli filminin təqdimatı keçiriləcək.

Həmin tarixlərdə, eyni zamanda, Sabirabad, Dəvəçi, Şirvan, Hacıqabul, Xaçmaz, Xırdalan, Göyçay, Gəncə, Yevlax şəhərlərində yeni Azərbaycan filmlərinin nümayişinin təşkili nəzərdə tutulur.

 

 

Ekspress.- 2010.- 1 aprel.- S. 10.