Erməni vandalizmi - Azərbaycanda mart soyqırımı

 

31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və "Azərbaycanda Miqrant Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" (AMMKHM) İctimai Birliyinin təşkilatçılığı ilə "Erməni vandalizmi-Azərbaycanda mart soyqırımı" mövzusunda dəyirmi masa keçirilib.

AMMKHM İctimai Birliyinin sədri Nadir Abdullayevin sözlərinə görə, XIX əsrdən başlayaraq, İrandan, Türkiyədən Qafqaza köçürülən və Azərbaycan ərazilərində sonradan Ermənistan adlı dövlətlərini yaradan ermənilər tədricən həmin dövləti mifik "Böyük Ermənistan"a çevirmək üçün hər cür vasitəyə əl atdılar. O bu yolda ermənilərin azərbaycanlılara qarşı soyqırım aktından istifadə etməkdən çəkinmədiklərini, zaman-zaman qeyri bəşəri, vandal siyasətlər həyata keçirdiklərini qeyd etdi: "Belə məkrli siyasətin davamı olaraq, ermənilər 1905-1907-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində minlərlə azərbaycanlını qətlə yetirib, çoxsaylı yaşayış məntəqələrini viran qoydular. Bu soyqırım kampaniyası 1918-1920-ci illərdə daha qəddarlıqla həyata keçirilib. Təkcə həmin illərdə minlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, əksəriyyətini qadın, uşaq, ahıl vətəndaşlar təşkil edən yerli əhali qəddarcasına qətlə yetirilib. Erməni-daşnak vəhşiliyi Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda, Qarabağda daha ağır nəticələrə yol açıb. 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakıda 30 mindən artıq, digər bölgələrdə isə onminlərlə günahsız əhali erməni vəhşiliyinin qurbanı olub".

Tarix elmləri doktoru, professor Əli Məmmədov ermənilərin azərbaycanlılara qarşı kin və nifrət hissinin XX əsrin sonlarında daha da alovlandığını deyərək, bunun böyük faciələrə yol açdığını qeyd etdi: "Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması iddiası ilə başlanmış üzdəniraq erməni hərəkatı qanlı-qadalı müharibəyə gətirib çıxarıb. 1992-93-cü illərdə davam edən bu müharibə Azərbaycanın 20 faiz ərazisinin işğalına, yüzlərlə yaşayış məntəqəsinin viran qoyulmasına, ölkənin 20 mindən artıq vətəndaşının şəhid olmasına, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub".

  

 

Aytən NƏBİYEVA

 

Ekspress.- 2010.- 1 aprel.- S. 5.