Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   1954-cü il avqustun 28-də dindirilmiş Zeynal Mehrəli oğlu Əliyevin ifadəsindən: "Bağırov çox vaxt keçmiş müsavat fəallarını öz tərəfinə çəkir, məsul vəzifələrə təyin edirdi. Belə ki, Bağırovun Qazax qəzasında milis rəisi vəzifəsinə müsavat pristavı Qiyas bəy Şıxlinskini təyin etməsi mənim yaxşı yadımdadır. Milis rəisi işləyərkən Şıxlinski sovet hökumətinə heç bir yardım göstərməyib, heç bir xeyirli iş görməyib. Bağırov Şıxlinskiyə hər cür himayədarlıq göstərirdi. Bundan istifadə edən Şıxlinski yerli sovet orqanları ilə hesablaşmır, yalnız Bağırova tabe olduğunu bildirirdi. Təqribən 1930-cu ildə (M.C.Bağırov o zaman Moskvada ali partiya kursunda oxuyurdu, sonra da ÜİK(b)P MK-da təlimatçı işləyirdi - T.Q.) yerli hökumət cinayətkar fəaliyyətini ifşa etməyə başlayanda Şıxlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı".

   Müsavat pristavının və Qazax qəza milis rəisinin Türkiyədəki fəaliyyəti barədə ilk dəfə Şəmistan Nəzirli adını çəkdiyimiz kitabında ətraflı bəhs etmişdir. Mir Cəfər Bağırovun vaxtilə xilas etdiyi müsavatçı ömrü boyu əqidəsinə dönük çıxmamışdır. "1920-ci ildə Qarabağ döyüşləri" kitabında oxuyuruq: "Qiyas bəyin Türkiyədəki fəaliyyəti haqqında məumatı hazırda İqdırda yaşayan qardaşı oğlu Turan Həsən bəy oğlu Alqazaxdan almışam. Turan Həsən bəy oğlu Alqazax yazır ki, Qiyas bəy dəstəsi ilə Qarsa gəldi. Bir az sonra əmisi oğlu İqdır, İqdır Milli Əmniyyət müfəttişi Hüsnü Bingölün köməyi ilə İqdırda yerləşdi. Rus-sovet hökumətinin şikayətindən sonra Qiyas bəy və dostları Vana sürgün edildi. Van yolunda yerləşən Kara Köşedən Qiyas bəy Atatürkə zəng etdi. Aralarında belə bir dialoq oldu:

   - Sayın Paşam, İqdırdan sürgün edilməyimizin səbəbini bilmək istəyirəm.

   Atatürk:

   - Başınızın salamat olması üçün bunu etməlisiniz.

   - Paşam, ya bizi geri qaytarın, ruslar güllələsin, ya da icazə verin, Kara Köşedə qalaq.

   Atatürk:

   - Tamam. Orada qalmağınız üçün Sizə kömək edəcəyəm.

   Qiyas bəy:

   - Sağ olun, Paşam.

   Atatürkün əmri ilə yerləşdirmə və əmlak məmurları Qiyas bəyə köməyə gəldilər. Qiyas bəy bu yardımdan imtina etdi və öz gücünə yaşamağa üstünlük verdi.

   İkinci dünya müharibəsinin qızğın çağında, 1943-cü ildə Almaniya və Türkiyə arasında gizli saziş imzalandı. Bu müqaviləyə əsasən, Qiyas bəy Şıxlinskinin başçılığı ilə Türkiyədə yaşayan qafqaz xalqları geri qayıdıb, Sovet İttifaqını daxildən dağıtmaq üçün yeni bir cəbhə açmalı idilər. Lakin Qiyas bəyin "dostlarından" İman Bolluq adlı birisi bu məlumatları ruslara iyirmi min lirəyə satmışdı. Qiyas bəylə mühacirlər Doğu Bəyaziddə silahları ilə bərabər həbs edilmişdilər. Rus hökumətinə xoş olsun deyə, Qiyas bəy mühakimə olundu. Ona edam cəzası kəsildi. Bu hadisədən xəbər tutan Alman hökuməti Türk hökumətinə belə bir ultimatum verdi:

   - Ya Qiyas bəy azad olunur, ya da Türkiyəyə hücum edəcəyik!

   Bundan sonra Qiyas bəy Şıxlinskinin edam qərarı ləğv olunur. O, Cümüxanaya sürgün edilir. Qiyas bəy 1949-cu ildə yenidən Qarsa, 1955-ci ildə Acrıya gəlir. (Qiyas bəy hardan eşidəydi ki, onu vaxtilə xilas etmiş M.C.Bağırov həmin il rus-daşnak bandasının əli ilə Lefortovo zindanına salınmışdı - T.Q.) 1965-ci ildə isə Bandırmada qalmışdı. 1970-ci ildə el-oba, qohum-qardaş həsrətli Qiyas bəy vəfat etmişdir.

   Şıxlinskilər Türkiyədə ulu babaları Alqazaxın adını soyad kimi daşımışlar. Qiyas bəy Ağrıda yaşayanda evlənmiş, üç oğlu, iki qızı olmuşdur. Qiyas bəyin övladlarından biri - Çingiz Alqazax (1938-1992) polkovnik rütbəsində hərbi təyyarəçi kimi şöhrət qazanmışdır". (Yuxarıda adı çəkilən kitab. səh. 103-104)

   Şəmistan Nəzirlinin "1920-ci ildə Qarabağ döyüşləri" kitabının məziyyətlərindən biri də budur ki, Mir Cəfər Bağırovun adı dünyaşöhrətli sərkərdələrin taleyində müsbət rol oynamış şəxsiyyət kimi çəkilir. Təəssüflər olsun ki, nəşriyyatlarımız tərəfindən buraxılmış bəzi kitablarda yenə də üstünlük yalan və uydurmalara verilir. 2003-cü ildə "Üç nöqtə" qəzeti 2002-ci ildə "Qanun" nəşriyyatında hazırlanıb nəşr olunmuş "Zerkalo Klara" kitabını öz səhifələrində təkrarən oxuculara təqdim etmişdir. "Oğru dünyası" başlığı ilə dərc olunmuş yazıların başlığı yanında oxuyuruq: "Müşfiq Zeynalovun oxuculara hissə-hissə təqdim etdiyimiz "Zerkalo Klara" əsərinin qəhrəmanı Klara Yusifzadə müasirimizdir. Əsərin geniş oxucu kütləsi arasında rəğbət qazanacağına inanmaq olar. "Zerkalo Klara" kitabını əldə etmək istəyənlər bu telefonlara zəng etsinlər: 67-88-87, 67-79-56". Biz də bir oxucu kimi kitabı əldə edərək oxuyuruq, 248 səhifədən ibarət əsərin cild səhifəsində Zerkalo Klara belə təqdim olunur: Klara Yusifzadə 1934-cü ildə Azərbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. Cəmi üç yaşında atası minlərlə günahsız insanlardan biri kimi repressiya qurbanı olub. Vətən müharibəsi başlayanda qardaşları könüllü cəbhəyə yollanandan sonra imkansızlıqdan cinayət aləminə qoşulub. Müxtəlif vaxtlarda 7 dəfə həbs olunub, ömrünün 32 ilini dəmir barmaqlıqlar arxasında keçirib. Bu cəza müdətinin 31 ilini Bakıdan uzaqlarda, ən qorxunc düşərgələrdən sayılan KarLAQ-da, Mordovanın "Buxenvald" adlandırılan 6-cı kolonunda, Orenburq vilayətinin Çapligin şəhərində, Kuybışev SES-də ölümlə göz-gözə, nəfəs-nəfəsə olub. İki dəfə ölüm hökmünü dinləməli olub. 1955-ci ildə hökmün icrasına cəmi iki saat qalmış şəxsi vəkili Boqaçov Pyotr Yakovleviçin SSRİ-nin baş prokuroru Rudenkoya müraciətindən sonra qərar təxirə salınıb. 1991-ci ildə sonuncu dəfə azadlığa buraxılıb. 1996-cı ildə gözlərinin nurunu itirib və yataq "məhkumu"na çevrilib.

   Sual olunur, görəsən 1956-cı ildə Mir Cəfər Bağırova ölüm hökmü oxuyan SSRİ baş Prokuroru R.A.Rudenko Klara Yusifzadəyə şamil olunan dəhşətli hökmü niyə ləğv etmişdir? Görünür, 1955-ci ildə Klara Zerkalonun vəkili Boqaçov SSRİ baş Prokuroruna Mir Cəfər Bağırov barəsində 2 yaşlı qızın "şanlı məktubu"nu təqdim etimişdir. Məzmununu əsərin qəhrəmanı (adıçəkilən kitab, səh.8) belə xatırlayır:

   - 1937-ci ildə Mir Cəfər Bağırov atamı günahsız yerə Vətən xaini kimi ləkələyərək, Komiyə sürgün etdi. Onda mənim cəmi üç yaşım vardı. Anam danışırdı ki, atamla Bağırovun uşaqlığı bir yerdə keçib. Qubada ata-baba evimiz Bağırovgilin evləriylə qonşuydu. Mən özüm də hələ gözlərim işığını itirməzdən əvvəl Qubadakı köhnə yurdumuzda olmuşam. Bibimgilə getmişdim. O, məni aparıb köhnə yurd yerimizi göstərdi. Bağırovgillə bizim evlərimizin arasında çubuqdan alçaq çəpər vardı. Mən gedən vaxt həmin evdə Bağırovun bacısı Seyid Xanım yaşayırdı.

   Bağırov atamı həbs edərkən onun həmişə sol cibində kiçicik qızıl qutunun içərisində gəzdirdiyi "Quran"ı qoparıb götürüb. Atamsa qətiyyən özünü sındırmadan deyib: "Mir Cəfər, sən onu mənim cibimdən götürdün, ürəyimdən ki çıxara bilməyəcəksən". Atam Komiyə həbs düşərgəsinə gətirildikdən sonra ürək iflicindən vəfat etməsi xəbəri gəlib. Qardaşım bu işlə əlaqədar çox əlləşib-vuruşdu, axırda məlum oldu ki, atamı orada güllələyiblər. Kim bilir, atamın başına o müsibətlər gəlməsəydi, mən də xoşbəxt bir həyat yaşaya bilərdim. Ancaq neyləmək olar ki, Bağırov mənim kimi neçə min insanı bədbəxt edib, ömrünü bada verib, neçə-neçə ailəni başsız qoyub...

   Əlbəttə, Zerkalo Klaranın həbsxanalarda keçirdiyi həyatı məktəbyaşlı uşaqların da marağına səbəb olmuşdu. Bəlkə buna görədir ki, "Təhsil" nəşriyyatı 2008-ci ildə buraxdığı "Ata yurdu"nda (müəllifləri Yaqub Mahmudlu, Rafiq Xəlilov və Sabir Ağayevdir) 5-ci sinif şagirdləri üçün iş dəftərində M.C.Bağırovu da "xatırlamağı" unutmamışdır: "Tapşırıq 179. Tutaq ki, sən 1937-ci ildə Bakıda yaşayan 12-13 yaşlı uşaqsan. Gecə sən yuxuda ikən atanı DTK-ya aparmışlar. Onu xilas etmək üçün Stalinə, yaxud M.C.Bağırova məktub yaz".

   "Ata yurdu"nun nəşr edildiyi 2008-ci ildə 1937-ci ildəki "12-13" yaşlılar indi səksəni haqlamışlar və yuxuda Stalini görəndə deyirlər ki, İosif Vissarionoviç, nə yaxşı Mir Cəfəri Azərbaycan rəhbəri etdin, yoxsa ermənilər Qarabağı elə 1946-cı ildə ələ keçirərdilər.

   "Qanun" nəşriyyatının nəşr etmiş olduğu kitabda da Mir Cəfər Bağırov haqqında qarayaxmalar "Üç nöqtə"nin nöqtələr halqası kimi arxiv fondlarında qırılıb havada qalır. Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Klara Zerkalonun atası Ağababa Əsgər oğlu Yusifzadənin şəxsi işi saxlanılır. Onun öz dəsti-xəttilə yazdığı tərcümeyi-halını oxuculara çatdırıram: "Mən, Ağababa Əsgər oğlu Yusifzadə 1890-cı ildə Bakı qəzasının Quba şəhərində anadan olmuşam. Təvəllüdümlə əlaqədar qeyd edirəm ki, Qubada məktəbə gedəndə yaşım qaydalara uyğun gəlmirdi. Anam o zamankı şəhər mollası Molla Cəfərquluya yaşımın 4 il azaldılması barədə müraciət etmişdi. Sehrbaz molla uzun müddət anamı get-gələ sala-sala təklifi bu şərtlə qəbul edib ki, gözəllikdə tayı-bərabəri olmayan anam onunla siğədə olsun. (Yəqin ki, Zerkalo Klara bu göyçəklikdə nənəsinə çəkib - T.Q.). Anam əlacsızlıqdan bu çirkin şərtlə razılaşıb və təvəllüdüm rəsmi "1890" yazılıb.

   Atam "Şir və günəş" ölkəsinin Ərdəbil vilayətinin Sarab əyalətindəndir və Quba şəhərində ən yoxsul hamballardan olmuşdur. Quba sakini Məmmədəlinin (Kosanın) qızı anam Sona xanım Quba feodallarından Zizikskilərin, Həsənbəyovların və başqalarının mülklərində ev qulluqçusu idi. O, varlıların evlərində çörək yapar, pal-paltar yuyar və digər ev işləri görərdi. Bu cür dilənçilik güzəranı ailəmizin bütün üzvlərinə təsirini göstərdi. Qardaşlarımdan üçü və bir bacım - südəmər vaxtdan 3 yaşınadək arıqlayıb çöpə döndülər və tələf oldular. Digər qardaşqım - altıncı sinif şagirdi 18 yaşında vərəmdən öldü. Mənim bədbəxt anam hər gün sübhdən feodalların evinə "iş başına" yollanar və axşam azanına qayıdardı, bayram günləri isə gecədən xeyli keçmiş evə gələrdi. Acı taleyimizlə barışan bizlər günəş şüaları altında əriyən qar dənələri idik. Canüzücü əmək atamın vücudunu əydi və o, vaxtından əvvəl məzar evinə köçdü. O zaman mənim səkkiz yaşım vardı. Beş nəfər yetim qalmış qardaş və bacının böyüyü idim. Atamızdan sonra atalıq yükünü də çəkən anamız xəstə yatağından qalxmadı. Altıncı sinfə keçmiş qardaşımın göz yaşlarını saxlaya bilmirdik... Necə yaşayacağıq, təhsilimiz yarımçıq qalacaq?

   Mən ailəmizin dadına çatmaq üçün Bakı Mədəni-Maarif Nicat Cəmiyyətinin İdarə heyətinə üz tutdum. İdarə Heyəti atasız-anasız qalmış mənə və qardaşlarıma Cəmiyyətin qiraət binasında bir otaq ayırdı, hər birimizə gündə 2 funt çörək verildi. 1906-cı ilin yanvar ayından iyunun 1-dək biz burada qaldıq..."

   (ardı var)

 

Teyyub Qurban

 

Ekspress.- 2010.- 4-6 dekabr.- S. 15.