Mediamızın 135 illik tarixi yolu

 

BDU-da mətbuatımızın yubileyi qeyd olundu

 

Dünən Bakı Dövlət Universitetində (BDU) "Azərbaycan milli mətbuatı 135: tarixi yolumüasir inkişaf meylləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov 1875-ci il iyulun 22-də görkəmli maarifçi publisist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan "Əkinçi" qəzetinin Azərbaycan milli mətbuatında xalqçılıq, millilik bəşərilik məsələlərini əsas tutduğunu xüsusi vurğulayıb. Rektor hesab edir ki, həmin dövr üçün mətbuat birinci hakimiyyət hesab edilməlidir. A.Məhərrəmov bildirib ki, fəaliyyəti dövründə cəmiyyəti düşündürən problemlərə daim yer ayıran, xalqımızın maariflənməsində əvəzsiz xidmətlər göstərən "Əkinçi"dən sonra onun ənənələrini davam etdirən "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin" və digər nəşrlər də fəaliyyətə başlayıb: "Onların hər biri Azərbaycan mətbuatı tarixində milli şüur, milli özünüdərk və təfəkkürün formalaşması və möhkəmlənməsinə töhfələr verib", - deyən akademik hazırkı dövrdə əksər KİV nümayəndələrinin BDU-nun yetirmələri olduğundan qürur hissi keçirdiyini söyləyib və mətbuat işçilərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə bildirib ki, BDU hər zaman mətbuat sahəsində öz töhfələri ilə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib.

BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Şamil Vəliyev isə "Əkinçi" qəzetinin yaranmasından, çağdaş mətbuat üçün yaradılmış şəraitdən danışıb. Beynəlxalq jurnalistika kafedrasının müdiri Həmid Vəliyev isə bildirib ki, "Əkinçi"nin adını eşidəndə insanlarda bu qəzetin sahə orqanı olması ilə bağlı təəssürat yaranır: "Əslində isə bu mətbuat orqanı yalnız kənd təsərrüfatı mövzularını deyil, o dövrün bütün sahələrində baş verən problemləri işıqlandırıb".

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə mətbuat və televiziyada baş verən neqativ hallara toxunub. Onun sözlərinə görə, bəzi jurnalistlər həqiqətdən uzaq xəbərlərə yer ayırırlar: "Televiziyalarda mənəvi, əxlaqi dəyərlərə zidd reklamlar yayımlanır. Bunun da neqativ təsirləri var. Ona görə də bütün KİV işçiləri cəmiyyətə mənfi təsir götərən fəaliyyətdən kənar durmalıdır".

 

 

Aqil ASLAN

 

Ekspress.- 2010.- 1 iyul.- S. 4.