Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

  (əvvəli ötən şənbə saylarımızda)

 

   Mir Cəfər Bağırovun 1956-cı il məhkəməsini 40 il sonra davam etdirənlər söylədiklərini elə həmin məhkəmənin saxta materiallarına istinad edirlər, heç bir müfəssəl fakt sənəd göstərmirlər.

 

   Respublikada neft sənayesinin vəziyyəti M.C.Bağırov dövründə Azərbaycan K(b)P MK katibi olmuş, iki dəfə Stalin mükafatına layiq görülmüş geologiya-mineralogiya elmləri doktoru Ələşrəf Əlizadənin "sözləri" ilə oxucuya təqdim edilir: əllaməlik o həddə çatır ki, mərhum dövlət və elm xadimi "hazırda Türkmənistan Dövlət Universitetinin geologiya kafedrasının müdiri" kimi xitabət kürsüsünə qalxır:

 

   Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə: "Qeyd etməliyəm ki, neft sənayesi sahəsində iyirmi il çalışan mütəxəssis kimi, Bağırovun neft sahəsinə rəhbərliyinin Azərbaycanın neft sərvətini tükətməyə və aşağı neft qatından şüurlu şəkildə istifadə etməməyə yönəldilmiş düşmənçilik kimi qiymətləndirirəm. Məsələn, əgər buruq aşağı qatdan hər gün 15 ton neft verirdisə, Bağırovun göstərişi ilə neft çıxarılması yuxarı qatlara keçirilirdi. Bu da aşağı qatların sonrakı istismarını həmişəlik dayandırırdı. Orada qalan neftin isə çıxarılmasına imkan qalmırdı. Bağırov neft hasilatının yerinə yetirilməsi barədə düzgün məlumat verməyi qadağan edirdi. Odur ki, neftçilər gözdən pərdə asmaq məcburiyyətində qalırdılar. Bağırov qeyri-real, yerinə yetirilməsi mümkün olmayan planlar təyin edirdi. Neftin Bağırovun təhrikilə acgözlüklə çıxarılması dövlətə böyük ziyan vurdu".

   Ə.Əliyev haqqındakı kitabın 82-84-cü səhifələrində Bağırovun "ermənipərəstliyini" sübut etmək üçün "akademik İmam Mustafayevin əlyazması"na istinad edilir: "Əvvəla onu deyim ki, M.C.Bağırova ağılsız, qətiyyətsiz adam demək düzgün olmazdı. O, ciddi, nöqsanlara qarşı barışmaz, dərin yaddaşa malik bir adam idi. Rayonları, kəndləri birbəbir gəzərdi. Amma ermənilərə meylli idi. Onun şəxsi mühafizəsinin rəisi erməni Sarkisyan idi. Əvvəllər bu vəzifədə Şirin Babayev işləyirdi. Sonra necə oldusa, onu çıxarıb, Sarkisyana belə məsul bir tapşırıldı. MK-nın məxfi hissəsinin müdiri Revek adında erməni qızı idi. Xüsusi sektorun müdiri Novikova, təşkilat şöbəsinin müdiri Martirosov idi. MK-nın neft şöbəsinin müdiri Aruşanov idi. MK katiblərinin dördünün də köməkçiləri erməni idi. Moskvada Azərbaycanın dövlət müvəkkili - səfiri erməni Karkaryan idi. Azərbaycanın bütün rayon PK-lərinin katiblərinin köməkçiləri, müavinləri ucdantutma ermənilər idi. Mən MK-ya işə gələndə bu faktları görəndə dəhşətə gəldim. Mənim ilk işlərimdən biri onların təmizlənməsi məsələsi oldu.

   Bağırovun birinci köməkçisi vardı - Kasparov, çox məkrli, hiyləgər bir erməniydi. Elə ki, Bakıda bir erməninin quyruğundan basırdın, başı Moskvada qalxırdı. Beləliklə, mənə qarşı kampaniya başladı. Sözsüz ki, bu kampaniyanın başında Mikoyan dururdu.

   Mən Gəncədə işləyən vaxtlardı, Gəncə Vilayət Partiya Komitəsinin birinci katibi idim. Bir gün Bağırovun yanına gəldim. Köməkçi Kasparov məni içəri buraxmaq istəmədi. Nəsə, içəri girdim, Martirosov Bağırovun yanındaydı, təşkilat şöbəsinin müdiriydi. Gördüm ki, söhbətlərini yekunlaşdırmaq üzrədirlər. Ancaq mənə məlum oldu ki, Ağsu rayonunun Göyəli kəndindən Şirməmməd adında bir adamdan Bağırova danos təqdim edilib. Danos da bundan ibarətdi ki, guya Şirməmməd adlı nüfuzlu bir şəxs məcburən bir ermənini müsəlmanlaşdırıb, ona sünnət eləyib. İndi Sovet hökumətinin nə vaxtıdı ki, belə bir tutula, erməni müsəlmanlaşdırıla. Martirosov ərizənin üstünə dərkənar qoydurdu. Bağırov Novikovanı çağırdı ki, bu məsələni növbəti büroya hazırlayın. Hər ikisi çıxandan sonra, üzümü Bağırova tutub dedim ki, yoldaş Bağırov, bunlar təxribatçılardı. Nahaq onları eşidirsiniz. Şirməmməd kişini mən yaxşı tanıyıram. "Paris kommunası" kolxozunu təşkil eləyən adamdı, özübu günə qədər kolxozun sədridi, rayonun ən hörmətli, ən nüfuzlu adamıdı. Dedim ki, Martirosov sizə düzgün məlumat vermədi. O hadisə təzə olmayıb, iyirmi il əvvəlin söhbətidi. O erməni yetim bir uşaq olub, bu kişi onu evində saxlayıb böyüdüb, qızını da ona verib, indi dörd uşağı var, bu hadisəni mən yaxşı bilirəm. Dedim ki, zəng eləyib soruşmaq olar.

   Bağırov Ağsu Rayon Partiya Komitəsinin birinci katibi Hüseyn kişiyə zəng elədi, katib Şirməmməd kişi haqda mən deyənləri təsdiq elədi.

   Bağırov Novikovanı çağırıb məktubu aldlı. Bu danışdığım kiçik bir faktın özü təsdiq eləyir ki, ermənilər respublikanın başına bütün dövrlərdə olmazın oyunlar açıblar. Onu da deyim ki, repressiya dövrü Azərbaycanda bir nəfər də olsun erməni tutulmadı".

   Qəribəsi budur ki, 1997-ci il fevral ayının 15-də yığılmağa verilmiş kitabda sağ-salamat olan İmam Mustafayev "mərhum akademik" kimi oxucuya (səh.82) təqdim olunmuşdur. Həmin il mart ayının 10-da dünyasını dəyişmiş unudulmaz insan haqqında həqiqətlər "Elin böyük oğlu" kitabında ("Vətən" nəşriyyatı, 2010, tərtib edəni Sadıq Murtuzayev, redaktoru Hacı Mehman Fərzullayev) əks olunmuşdur. Sadıq Murtuzayev kitaba İmam Mustafayevin xatirə dəftərindən və müsahibələrindən seçmələri də daxil etmişdir. Burada Mir Cəfər Bağırovun əleyhinə olan bir cümlə də yoxdur. "Elin böyük oğlu" kitabında "Gözəl insan, böyük alim, qətiyyətli şəxsiyyət" məqaləsinin müəllifi - M.C.Bağırov dövründə Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsində işləmiş Mirhəsən Seyidov 1998-ci ildə 92 yaşında vəfat etmişdir. Mərhumun əlyazmaları 1999-2000-ci illərdə "Naşe vremya" jurnalında dərc olunmuşdur. Burada Mir Cəfər Bağırovun "ermənilərə meylli olması" uydurması alt-üst edilir: "M.C.Bağırova qədər Mərkəzi Komitə aparatının yarıdan çoxu ermənilərdən və başqa millətlərdən idi. Hətta Azərbaycanın Moskvadakı rəsmi nümayəndəsi də erməni Karqanov idi. Kadrların yerləşdirilməsinə Moskvada erməni diasporunun başçısı, hakimiyyətin ən yüksək eşalonunda nüfuzu olan, Siyasi Büronun üzvü, "Böyük Ermənistan" ideyasını həmişə ürəyində gəzdirən, Azərbaycan xaldqının ən qəddar düşməni A.İ.Mikoyan kadrların yerləşdirilməsinə ən güclü şəkildə təsir göstərirdi. Mikoyan təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında nomenklaturaya daxil olan erməni kadrların irəli çəkilməsi məsələsini ciddi nəzarətdə saxlayırdı. Xüsusilə Azərbaycanda erməni mənşəli məsul işçilərin hər hansı yerdəyişməsi məsələsinə çox fəal, bəzən də olduqca sərt şəkildə müdaxilə edirdi. Buna görə də M.C.Bağırov erməni millətindən olan hər hansı bir məsul işçidən yaxa qurtarmaq üçün bu adamı başqa yerə vəzifəyə qoyurdu. Məsələn, 1942-ci ilə qədər Azərbaycan SSR Xalq Komissarlar Sovet sədrinin birinci müavini olmuş A.Ağababovu rəhbər işə göndərib, Əziz Əliyevin təqdimatı ilə onu Dağıstan Vilayət Partiya Komitəsinin ikinci katibi təsdiq etdirərkən, Azərbaycan dövlət təhlükəsizliyi orqanlarında məsul vəzifə tutan Markaryanı Dağıstan dövlət təhlükəsizlik orqanlarına rəhbər vəzifəyə irəli sürərkən, Azərbaycan daxili işlər nazirinin birinci müavini X.Qriqoryanı Ermənistan SSR daxili işlər naziri vəzifəsinə tövsiyə edərkən M.C.Bağırov bu üsula əl atmışdı".

   1997-ci ildə "Göytürk" nəşriyyatında səkkiz min tirajla nəşr edilmiş "Əziz Əliyev. Dövrü, həyatı, şəxsiyyəti" kitabında arxiv materiallarının, M.C.Bağırov və Əziz Əliyev dövründə çalışmış partiya və dövlət xadimlərinin məqalə və xatirələrinin tamamilə ziddinə olaraq, "o vaxtlar cavan olmasına baxmayaraq, Əziz Əliyevi yaxşı tanıyanlardan biri olan jurnalist Aydın Vəlixanovun" nöqteyi-nəzərinə yer verilir: "Mən Əziz Məmmədkərim oğlu Əliyevi ta gəncliyimdən tanıyıram. Onun ailəsi ilə təmasda olmuşam. Əziz Əliyevə mən həmişə "Əziz dayı" deyərdim. O ailə ilə, Əziz Əliyevlə mən uşaqları vasitəsi ilə tanış idim. Qızı Gülarə konservatoriyanın birinci kursundan başlayaraq mənim başçılıq etdiyim redaksiyada musiqi verilişlərini yazardı.

   Əziz dayı çox vəzifələrdə işləyib. Tibb İnstitutunun direktoru, Ali Sovetin katibi, səhiyyə naziri, daha başqa məsul vəzifələrdə çalışıb. Müharibənin qızğın çağlarında - 1942-ci ildə Dağıstan Vilayət PK-nə birinci katib göndərilib. Əslində, Bağırov ona ancaq razılıq verib. O vaxtlar Əziz Mamedoviç Malenkovla yaxın idi. Bilirsiniz ki, Malenkov Kremldə ikinci adam idi. Sov. İKP MK-nın katibi idi, ikinci katibi. Əziz Əliyevin yüksək savada malik olması, insani keyfiyyətləri, bacarığı Malenkova yaxşı tanış idi. Odu ki, ağır, məsuliyyətli bir vaxtda Əziz Əliyevin Dağıstanda Vilayət PK-nə birinci katib gəlməsinə zəmanəti Malenkov verib. Bircə onu demək kifayət eləyər ki, Əziz Əliyev Dağıstanda rəhbər vəzifədə olarkən, nəinki rəhbər kadrlar arasında, habelə sıravi işçilər, uzaq-uzaq aulların camaatı arasında böyük hörmət və izzətə sahib olub. İmam kimi ona hörmət eləyiblər. Bu böyük hörmət əlaməti idi ki, Ə.Əliyev Dağıstandan vətənə qayıdanda çoxminli bir mitinqlə onu yola salıblar. Bu hörməti, izzəti görən Bağırov, sözün açığını desək, Əziz Əliyevdən ehtiyatlanıb".

   Qeyd edək ki, Bağırov 1953-cü ildə Azərbaycandan uzaqlaqdırılanandan, 1956-cı ildə güllələnəndən sonra Əziz Əliyev Azərbaycanda rəhbər vəzifələrə irəli çəkilməmişdir.

   Həmin dövrdə də Malenkov SSRİ rəhbərlərindən biri idi.

   Bütün bunlara arxiv sənədlər aydınlıq gətirir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Əziz Əliyevin 1953-cü il avqust ayının 28-də yazdığı ərizəsi saxlanılır:

   "Azərbaycan KP MK katibi T.Yaqubov yoldaşa

   1926-cı ildən Sov. İKP üzvü, partiya bileti N2891380, Əliyev Əziz Məmmədkərim oğlundan

 

   Ərizə

 

   Azərbaycan KP MK Bürosunun 1951-ci il 12 iyun tarixli qərarı ilə valideynlərimin mənşəyini və dayımın İranda olmasını gizlətdiyimə görə mənə şəxsi işimə yazılmaqla şiddətli töhmət elan edilmişdir. Azərbaycan KP MK Bürosunun tamamilə ədalətli olan bu qərarı mənə ciddi ibrət dərsi oldubu qərarı böyük köməklik kimi qəbul etdim. Elmi-Tədqiqat Ortopediya və Bəpra Cərrahlığı İnstitutuna göndərildiyim ilk günlərdən bu institutun səhiyyə sistemində nümunəvi yer tutması üçün əlimdən gələni əsirgəməmişəm. İnstitutda işlədiyim bir il ərzində buradakı maliyyə-təsərrüfat çatışmazlıqlarının tamamilə ləğv olunmasına nail oldum, institut ərazisində abadlıq və yaşıllaşdırma işləri aparıldı, elmi-tədqiqat işlərinin keyfiyyəti yüksəldi, elmi kadrların hazırlanmasına diqqət artırıldı.

   1952-ci il oktyabrın 10-dan Caparidze adına Klinik xəstəxanada (Sabunçu qəsəbəsində) Baş həkimin tibbi sahə üzrə müavini vəzifəsində çalışıram. İşlədiyim müddətdə partiya təşkilatının köməkliyi ilə əhaliyə, ilk növbədə Lenin rayonunun neftçilərinə və onların ailəsinə, Abşeronun şərqində yaşayan zəhmətkeşlərə yüksək səviyyəli tibbi xidmət göstərilməsi təmin edilmişdir. Xəstəxanamızda böyük rus fizioloqu İ.P.Pavlovun təlim prinsiplərinə əsaslanan müalicə-sağlamlıq rejimi tətbiq edilmişdir.

   İlk partiya təşkilatının işində fəal iştirak edirəm, marksizm-leninizm əsərlərini və Sov. İKP-nin XIX qurultayının materiallarını öyrənənlərə məsləhətçiyəm.

   Mən Azərbaycan partiya təşkilatının yetirməsiyəm. Partiyamız tərəfindən göndərildiyim hansı sahəsi olursa-olsun, bütün partiya tapşırıqları və qərarlarını həmişə ləyaqətlə yerinə yetirmişəm. Partiya cəzası aldığım bu iki ildən çox müddətdə daim mənəvi əzab çəkmişəm. Bu vaxt ərzində mən öz səhvlərimi dərindən başa düşmüş, özümə lazımi nəticələr çıxarmışam. Bütün qüvvə və bacarığımla partiyamızın mənə göstərdiyi etimadını doğruldacağam, bunları nəzərə alaraq, çox xahiş edirəm ki, mənə 1951-ci il iyun ayının 12-də verilmiş partiya cəzasının üzərimdən götürülməsi məsələsinə baxasınız.

 

   Ə.Əliyev

 

   28 avqust 1953-cü il".

 

  (ardı var)

 

Qurban Teyyub

 

Ekspress.- 2010.- 10-12 iyul.- S.15.