Tolerantlıq nümunəsi - Azərbaycan

 

"Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözümlülük, dini tolerantlıq əminəm ki, başqa yerlərdə də öyrənilə bilər".

 

   İlham Əliyev Azərbaycan Respublikasının  prezidenti

 

   Qloballaşma ikiqütblü dünyamızı birqütblü kənd halına gətirdi. Bu kənddə yaşayan əhali fərqli fikirli, müxtəlif mədəniyyətli insanlardır. Bir yerdə yaşayanlar üçün "başqaları" olaraq ifadə edilənlərin özünüifadə formalarına hörmətlə yanaşmaq zərurətdir. Bu ehtiyacın adı tolerantlıqdır.

 

   Tolerantlıq nədir?

 

   Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amildir. Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə ziddiyyət təşkil etməsinə baxmayaraq, dözümlü münasibət nümayiş etdirmək tolerantlıqdır. Tolerantlıq sənin kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən uzaqlaşmaq deyil, əksinə onları olduğu kimi qəbul edərək, yaxşı davranmağı bacarmaqdır. Bizim üçün qəbuledilməz olan, başqası üçün dəyər ola bilər. Bizim üçün dəyər olan başqası üçün cəhalət sayıla bilər. Tolerantlıq bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dinləmək bacarığıdır. Dözümsüzlük göstərmədən qarşısındakını olduğu kimi qəbul etmək prinsipidir. Tolerantlıq qarşı tərəfin konsepsiyasını anlamağı bacarmaqdır. Dözümlülükdə doqmatizmə yol vermək yolverilməzdir. Tolerantlıq din və vicdan azadlığıdır.

 

   Tolerantlığın tarixi

 

   Tolerantlıq ideyası XVI-XVII əsrlərdə Avropada baş verən dinlə əlaqəli münaqişələrin nəticəsində aktuallaşmağa başlayıb. Bunun ortaya çıxmasındakı məqsəd dini etiqadla bağlı olub. 1648-ci ildə bağlanan Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəd kimi qəbul edilir. Lakin həmin müqavilədən sonra baş verən 30 illik müharibə ərəfəsində nümayiş olunan dözümsüzlük tolerantlığın formalaşmadığını göstərdi. Tolerantlıq Qərb dünyasında yumşaq ifadə ilə qeyd etsək, dini təəssübkeşliyin at oynatdığı ölkələrdə əsrlər boyunca tədricən formalaşaraq ortaya çıxıb.

   Azərbaycanda isə bu ənənənin kökləri daha qədimlərə uzanır. Belə ki, eramızdan əvvəl 586-cı ildə Babil hökmdarı II Novuxodonosurun Qüdsü işğal etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan ərazilərində özlərinə daha rahat hiss edə bildilər. I əsrin ortalarında Hz.İsa peyğəmbərin ardıcılları Azərbaycan ərazilərinə qədəm basdılar. Onlar burada Alban aftokefal kilsəsinin əsasını qoydular. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük, tolerantlıq ənənələri daha da möhkəmləndi. Tarixçilər həmin dövrlərdə müsəlmanların müsəlman olmayanlara, xüsusilə də yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı hörmətlə yanaşdıqlarını qeyd edirlər. Bəs Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinin səbəbi olan İslam dininin tolerantlığa baxışı necədir?

 

   İslamda tolerantlıq

 

   İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir. İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. İslamın birinci əsas mənbəyi olan Quranda Uca Allah belə buyurur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun" surəsi, 6). Quran tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun..." ("Ənam" surəsi, 152).

   Allahın "De: "İstər inanın, istərsə də inanmayın..." ("İsra" surəsi, 107). "De: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." ("Kəhf" surəsi, 29) sözləri İslamın dini etiqad azadlığına verdiyi dəyəri göstərir. Quran "Dində məcburiyyət (zorakılıq) yoxdur" ("Bəqərə" surəsi, 256) ayəsi ilə inanmaq azadlığının prinsipini formalaşdırıb.

   İslamı insanlara çatdıran Hz.Muhəmməd (s) peyğəmbər bütün müsəlmanlara, xüsusilə idarəçilərə belə buyurub: "Kim müsəlman olmayan əhalidən birinə zülm edərsə, onların haqqını qiyamət günü mən müdafiə edəcəyəm", "Kim bir zimmiyə zülm edər, yaxud ona daşımaqdan aciz olduğu bir yük yükləyərsə, onun haqqını azaldar və ya istəyi olmadan bir şeyini alarsa, mən həmin adamın düşməniyəm". "Bir müsəlmana, yaxud zimmiyə qəsdən zərər verən şəxs lənətlənib". Hz.Muhəmməd (s) başqa bir hədisində də bunları bildirib: "Allah qiyamət günündə insanlara əziyyət edənlərə əziyyət edəcəkdir". Budur Hz.Muhəmmədin tolerantlığı...

 

   Azərbaycanda tarixi  tolerantlıq ənənəsi

 

   Müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları arasındakı əlaqələr, dialoq bəşər sivilizasiyasının inkişafı, müxtəlif mədəniyyətlərin qorunub təkmilləşməsi üçün əsas amillərdəndir. Tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi bu baxımdan nümunə sayıla bilər. Ona görə də bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsinin Azərbaycan olduğunu rahatlıqla qeyd edə bilərik. Azərbaycan əhalisinin 95 faizi müsəlmandır. İslamın bildirdiyi tolerantlığı yaşayan azərbaycanlılar dünyaya tolerantlıq nümunəsi göstərirlər. Ənənə halına gələn tolerantlıq Azərbaycanın milli sərvəti olaraq qəbul edilir.

   Azərbaycana irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizm kimi hallar həmişə yad olub. Azərbaycan torpaqlarının erməni işğalçılarının təcavüzünə məruz qalmasına, Xocalı faciəsinin törədilməsinə baxmayaraq dinlərarası dialoq, tolerantlıq, ermənilərin mənsub olduğu dinin davamçılarına qarşı heç bir zəiflik göstərmədən davam etdi. Bu ənənənin dinlərin qarşıdurması kimi təqdim olunmasına Azərbaycan dövləti və xalqı imkan vermədi. Bundan istifadə etməyə çalışanlar unudurdular ki, Azərbaycanda tolerantlıq milli sərvət olaraq qəbul edilir və bunun formalaşmış və yerləşmiş ənənəsi mövcuddur.

 

   Müasir Azərbaycanda tolerantlıq

 

   Ölkədə formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Bu Əsas Qanunda da öz əksini tapıb. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

   Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, həmin günlərin qeyri-iş günü kimi qeyd edilməsi, müxtəlif dini konfessiyaların bayramlarının ölkə başçısı tərəfindən təbrik edilməsi, Sovet dövründə müxtəlif məqsədlər üçün istifadə edilən, yaxud qapısı kilidli olan məbədlərin açılması dini tolerantlığa dövlət tərəfindən verilən töhfələrdir. Misal olaraq bəzi məqamları qeyd edək. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verildi. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 2001-ci il tarixdə kilsəyə baş kafedral kilsə statusu verdi. İşin maraqlı tərəfi isə kilsəni müsəlman olan azərbaycanlı iş adamının öz hesabına bərpa etdirməsi idi. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda katolik Müqəddəs Məryəm kilsəsi tikildi. Rum patriarxı I Varfolomey 2003-cü ildə Azərbaycanda rəsmi səfərdə olarkən ölkəmizdəki tolerantlıq haqqında bunları demişdi: "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir".

   Prezidentin ehtiyat fondundan müxtəlif məscidlərin yenidənqurulması, bərpa və təmir işləri üçün vəsait ayrılır. Bundan başqa, Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində yenidən qurulan ibadət evlərini də burada xüsusi olaraq qeyd etmək lazımdır.

   Hazırda ölkəmizdə müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestanlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, 7-ji gün adventistləri, Molokan ruhani xristianları, Alban-udi xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, ənənəvi olmayan din qruplardan olan krişnaçılar, bəhalər və sair dinlərin mənsubları birlikdə tolerantlıq, əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahatlıqla yerinə yetirirlər. Ölkəmizdə onlarla qeyri-islam təmayüllü məbədlər fəaliyyət göstərir. Hətta xüsusi olaraq Qubada yəhudilərə məxsus olan "Krasnaya sloboda" qəsəbəsini də qeyd etmək lazımdır. Qeyd edək ki, Qubadakı Krasnaya Slobada qəsəbəsi təkcə postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir.

 

   Tolerantlıq Azərbaycan xalqının tarixi sərvətidir

 

   Azərbaycanda tolerantlığın formalaşmasında dini icmaların liderlərinin də konstruktiv mövqeyi əhəmiyyət kəsb edir.

   Azərbaycanda Roma Katolik Kilsəsinin Ordinarisi (Başçısı) monsenyor Vladimir Fekete Roma Katolik Kilsəsinin hər bir insanın - milliyyətindən, irqindən və dini mənsubiyyətindən asılı olmayaraq - həyatını, azadlığını, həmçinin etiqad azadlığını yüksək dərəcədə dəyərləndirdiyini deyir. "İnsanın azadlığı, onun iradəsinin azadlığı ona Allah tərəfindən verilib. Katolik Kilsəsi hər bir insana Allahın sevimli bəndəsi kimi baxır".

   Onun sözlərinə görə, Azərbaycan xalqı öz təbii dini tolerantlığı ilə seçilir. "Bu xalqda Allaha, dinə, müqəddəs yerlərə, ibadətə xüsusi sevgi var. Tolerantlıq Azərbaycanda həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasətidir. Ona görə, dinlər arasında, dindar insanlar arasında olan münasibətlər Azərbaycanda yüksək səviyyədədir və nümunəvidir".

   Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Ata da Azərbaycanda pravoslav kilsəsinin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmadığını söyləyir. Onun sözlərinə görə, Azərbaycanda öz dini mərasimlərini rahat şəkildə həyata keçirirlər, azad şəkildə ibadətlərini edirlər. O hətta Bakının mərkəzində belə tədbir keçirmək istəyəndə buna qarşı maneçilik olmadığını vurğulayır.

   Azərbaycanda yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov da Azərbaycanın tolerant bir ölkə olduğunu deyir. Onun fikrincə, Azərbaycandakı dini tollerantlıq çoxlarını təəccübləndirir: "Tolerantlıq Azərbaycan xalqının tarixi sərvətidir. Yüzillər ərzində Azərbaycanda dini məzmunda qarşıdurma qeydə alınmayıb", - deyən İxiilov hesab edir ki, buna səbəb dini icmaların qardaşlıq ailəsində yaşaması, dövlət-din münasibətlərinin şəffaflığıdır.

  

 

Qalib İBRAHİMOĞLU

 

Ekspress.- 2010.-24 iyun.- S. 8.