Musiqiçilərimiz Avstraliya Yeni Zellandiyada keçirilən beynəlxalq musiqi festivalında iştirak ediblər

 

Azərbaycanlı musiqiçilər Avstraliyada keçirilən "Womad Delaibe" festivalında iştirak ediblər. Qrupun solisti, ötən il Səmərqənddə keçirilən "Şərq təranələri" müsabiqəsinin qalibi, xanəndə Qoçaq Əsgərov APA-ya məlumatında bildirib ki, musiqiçilər hazırda Yeni Zellandiyada səfərdədir. Səfərdə 5 nəfərdən ibarət "Turan" milli musiqi qrupunun üzvləri UNESCO eksperti, musiqişünas Sənubər Bağırova iştirak edir. Festival Avstraliyanın Adelayb şəhərində keçirilib və dünyanın müxtəlif ölkələrindən 500-dən çox tanınmış musiqiçi qatılıb.

Q.Əsgərovun sözlərinə görə, festival ikigünlük konsert, bir seminar və qala-konsertlə başa çatıb. Musiqiçilərimiz konsertlərdə geniş proqramla çıxış ediblər: "All star Qala" konsertində məhz bizə iki dəfə çıxış etmək imkanı verildi və proqrama bizim ifamızla yekun vuruldu. Festivalda dünya şöhrətli hindistanlı musiqiçi Ravi Şankar və avstriyalı kamança ifaçısı Ross Deli ilə eyni səhnəni bölüşdük. Eyni zamanda, Madonnanı müşayiət edən məşhur musiqiçilər də həmin festivalda idi və bizim qrupla onların musiqiçilərinin yaxın dostluq münasibəti yarandı".

Hazırda Yeni Zellandiyada səfərdə olan musiqiçilərimiz bu gün Taranaki şəhərində keçiriləcək "Womad New Zealand" festivalına qatılacaqlar. Həmyerlilərimizin çıxışı ilə yanaşı, seminarda iştirakı da nəzərdə tutulub.

Xatırladaq ki, "Turan" qrupunda Qoçaq Əsgərovla yanaşı əməkdar artist, tarzən Malik Mansurov, kamança ifaçısı Elnur Mikayılov, nağara ifaçısı Şükür Əliyev və balaban ifaçısı Şirzad Fətəliyev çıxış edirlər.

Yeri gəlmişkən, bildirək ki, avstraliyalı kamança ifaçısı Ross Deli "Şüştər" rəngini öyrənərək repertuarına daxil edib. Bu barədə də Qoçaq Əsgərov məlumat verib. O bildirib ki, bu, Ross Delinin İngiltərədə buraxılan diskinə də daxil ediləcək: "Bu yaxınlarda keçirilən konsertdə də musiqiçi qala-konsertdə "Şüştər" rəngini səsləndirib. Ross Delini bizim kaman ifaçımız Habil Əliyevlə dostluq münasibəti bağlayır. Habil müəllimin müsahibələrində dəfələrlə vurğuladığı Avstraliyada bağışlanan həmin kamançanı ona Ross Deli təqdim edib. O, dünyada 35 disk buraxmağa müvəffəq olmuş azsaylı musiqiçilərdəndir".

 

 

Ekspress.- 2010.- 12 mart.- S. 14.