Tariximizin qanlı səhifəsi

 

31 mart soyqırımından 92 il ötür

 

Bu gün 31 mart - Azərbaycanlıların soyqırımı Günüdür. 1918-ci ildə baş verən hadisələrdən bu gün 92 il keçir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. Paşazadə bütün dünya ictimaiyyətini Azərbaycan xalqının faciələrinə biganə qalmamağa, Azərbaycana qarşı törədilmiş dəhşətli soyqırım aktlarına prinsipial hüquqi qiymət verməyə, Qarabağ münaqişəsinin ədalətli həllində həmrəy olmağa çağırır.

"Ümidvarıq ki, Azərbaycan həqiqətlərinin dünyaya yayılması qəsbkar dövlət olan Ermənistanın əsl simasının açılmasına yardım göstərəcək, onun soyqırımlar törədən, özgə torpaqlarına göz dikən terrorçu dövlət kimi tanınmasına rəvac verəcək", - deyə müraciətdə qeyd edilib ("Turan").

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova da 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanatla çıxış edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilib ki, son iki yüz ildə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü soyqırımı və deportasiya siyasəti Azərbaycan xalqının tarixinə ağrılı səhifələr kimi yazılıb.

Bəyanatda qeyd olunub ki, ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir.

Sənəddə qeyd olunur ki, 1918-ci il mart soyqırımından 92 il keçsə də erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür: "Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti, nəhayət, Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməli, cinayətkarlar öz layiqli cəzasını almalıdır. Nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanıram".

1918-ci ilin martında erməni daşnak dəstələri bolşeviklərlə birlikdə Bakı və ətraf kəndlərin dinc əhalisinə qarşı qırğın törədib, 10 min nəfəri qətlə yetirib. Sonra erməni dəstələri ölkənin regionlarına doğru hərəkət edərək, Quba, Şamaxı, Lənkəran və Azərbaycanın bir sıra digər yaşayış məntəqələrində minlərlə insanı güllələyiblər. Qətlə yetirilən dinc sakinlərin ümumi sayı 30 min nəfər təşkil edib. Ermənilər öz əməllərini əks-inqilaba qarşı mübarizə kimi əsaslandırıblar.

Dinc əhalinin qətlə yetirilməsi türk ordusunun Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz korpusunun Azərbaycana gəlməsi sayəsində dayandırılıb.

 

 

Ekspress.- 2010.- 31 mart.- S. 5.