Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   (1954-cü il aprel ayının 2-də keçirilən Azərbaycan KP MK-nın Büro iclası)

   MUSTAFAYEV - Mirzəyevdən soruşmaq istəyirəm, 1917-ci ildə o nə işlə məşğul idi?

   MİRZƏYEV - 1917-ci ildə Ağcabədidə partizan dəstələrində idim.

   YAKOVLEV - Kimin komandanlığı altında?

   MİRZƏYEV - Adil bəy Hindarxskinin. Onu türklər əsir aldılar, incitdilər və məhv etdilər.

   YAKOVLEV - Dəstənizdə neçə adam vardı?

   MİRZƏYEV - Yerli adamlar, hindarxlılar, təqribən 150 nəfər.

   YAKOVLEV - Onlar nə ilə silahlanmışdılar?

            MİRZƏYEV - Əvvəllər Qarabağda hamının silahı vardı.

   YAKOVLEV - Dəstə öz qarşısında hansı vəzifəni qoymuşdu?

   MİRZƏYEV - Dəstə general Xosrov bəy Sultanovun əraziyə daxil olmasına imkan verməməli idi.

   YAKOVLEV - Siz kimə kələk gəlirsiniz? Elə çıxır ki, əvvəlcə sovet hakimiyyəti uğrunda vuruşmusunuz, sonra da müsavat pristavı olmusunuz? Kimi aldadırsınız, kimin gözündən pərdə asırsınız? Əlimizdə yüzlərlə sənəd var, həqiqəti deyin, 1917-1918-ci illərdə nə edirdiniz?

   MİRZƏYEV - Mənə inanmırsınızsa, Gilvar kəndinə gedin, oradakı adamlar sizə deyərlər ki, mən 1917-ci ildə Ağcabədidə, ona qədər isə Qaradonlu rayonunda olmuşam.

   YAKOVLEV - Siz partizan dəstəsində neçə ay olmusunuz?

   MİRZƏYEV - O vaxta kimi Ağdama türk komendantı daxil oldu, dəstəmiz də dağıldı. Həmin dəstəni Adil bəy yaratmışdı, onu bolşevik adlandırırdılar.

   YAKOVLEV - Sizin dəstəniz sadəcə olaraq bir bandit dəstəsi idi. Yaxşı bilirsiniz ki, Bağırov da banda başçısı olmuşdur.

   MİRZƏYEV - Bunu sizdən eşdirəm, Bağırov bizim evə 1920-ci ildə ayaq basmışdı, hardan biləydik ki...

   YAKOVLEV - Necə hardan biləydik, Bağırov özü avtobioqrafiyasında yazmışdı ki, partizan dəstələrində olmuşdur, əslində isə bandalarda, sizin kimi.

   MUSTAFAYEV - Bəs Kürdəmirdə necə peyda olmusunuz?

   MİRZƏYEV - 1917-ci ildə mən Xəlfərəddində idim. 1918-ci ildə Bakıya gələndə Abdulla və başqaları ilə əlaqə saxladım. Qubernator idarəsində mütərcim vəzifəsinə işə götürüldüm. Buradan məni Kürdəmirə ezamiyyətə göndərdilər. Mən orada bir ay qaldım, həmin vaxt hansısa Şirəli bəyi həbsə aldılar. Bakıya qayıtdım. Kommunist küçəsində məni həbs edib, mərkəzi türməyə saldılar. Orada Ərəblinskinin qatili Farux Zeynalov ilə bir kamerada idim.

   YAKOVLEV - Sizi nə üçün həbs etmişdilər?

   MİRZƏYEV - Şübhəli ünsürlərlə əlaqədə olduğum üçün. Mən həmişə Abdulla Əzizovu mühafizə edirdim.

   ƏFƏNDİYEV - Mən Musayev yoldaşla söhbət etmişəm. O bildirib ki, Mirzəyevi Ucarda sovet hakimiyyəti qurulandan sonra 1920-ci ildə görmüşdür, Mirzəyev isə deyir ki, Ucara və Göyçaya Azərbaycanda Sovet hakimiyyəti qurulmamışdan qabaq gəlmişdir.

   YAKOVLEV - Nə üçün sizi təqib edirdilər? Azərbaycan xalqının inqilabi rəhbəri kimi? Siz ki, inqilabdan pristav yanına qaçmısınız. Əgər əqidəli inqilabçı olsaydınız, inqilab qələbə çalanda sevinərdiniz, meydandan qaçmazdınız. Deyin görək, türklər hansı ayda Qarabağda idilər? Yazırsınız ki, "kommunistlərə və sovet işçilərinə qarşı repressiyalara başlandı". "Atam məni Ucar stansiyasına kommunist Abdullayevin yanına göndərdi ki, orada gizlənmək imkanlarını müəyyənləşdirim". Axı nə üçün gizlənirdiniz?

   MİRZƏYEV - Ona görə gizlənirdim ki, Bakı quberniya idarəsində öz adamım olsun, gizli işimi davam etdirim, məhz 1918-ci ilin avqustunda yoldaşlar məni həmin məqsədlə Bakı quberniya idarəsində tərcüməçi vəzifəsinə yerləşdirmişdilər.

   YAKOVLEV - Siz gizli fəaliyyət naminə tərcüməçi işləyirdiniz? Deyin görək, tərcüməçi işləməyinizlə gizli təşkilatın xeyrinə axı nə etmisiniz?

   MİRZƏYEV - Mən Kürdəmir rayonunda ezamiyyətdə olanda, Şirəli bəy adında bir nəfər Moçalova familiyalı bir qadını qətlə yetirmişdi. Bu barədə quberniya idarəsinə dərhal məlumat verdim.

   MUSTAFAYEV - Deyirsiniz ki, 1917-ci ildə partizan olmusunuz. Partizan - möhkəm əqidəli inqilabçı deməkdir. Siz özünüz isə avtobioqrafiyanızda yazırsınız ki, 1917-ci ilədək, yəni çar hakimiyyətinin devrildiyinədək hələ inqilab Ağcabədiyə gəlib-çatmamışdı. Siz guya məcburən inqilabçılığa atılmısınız. 1920-ci ildə polisə qəbul edilməyiniz inqilabçılığınızdan irəli gəlirdi. Siz ki, öz ərizənizlə polisdə işləmisiniz.

   MİRZƏYEV - Mən ərizə yazmışdım ki, məni tərcüməçilik işimə bərpa etsinlər.

   YAKOVLEV - Sizi kim həbsə almışdı və nə qədər həbsdə olmusunuz?

   MİRZƏYEV - Məni daxili işlər naziri Ağabəyovun göstərişi ilə həbsə almışdılar və 96-cı cəza kamerasına salmışdılar. İki ay orada qalmışam. İttiham irəli sürülürdü ki, guya şübhəli ünsürlərlə əlaqə saxlamışam. Abdullayev yoldaş bunları yaxşı bilir.

   YAKOVLEV - Hansı əsaslarla sizi azadlığa çıxardılar?

   MİRZƏYEV - Çünki heç nəyi sübut edə bilmədilər.

   MUSTAFAYEV - Bütün bunlardan sonra necə oldu ki, sizi Kürdəmirə göndərdilər?

   MİRZƏYEV - Mən tərcüməçi kimi, Fərzəlibəyov yoldaşa kömək göstərmək üçün ora göndərilmişdim.

   MUSTAFAYEV - Kürdəmirdə nə qədər qaldınız?

   MİRZƏYEV - Bir aydan çox.

   MUSTAFAYEV - Kürdəmirə sizi qubernator göndərmişdi, eləmi?

   MİRZƏYEV - Bəli.

   MUSTAFAYEV - Bəs onda niyə avtobioqrafiyanızda yazırsınız ki, Kürdəmirə gizli fəaliyyət göstərən təşkilat tərəfindən göndərilmisiniz?

   MİRZƏYEV - Siz necə fikirləşirsiniz, əgər gizli təşkilatdakılarla əlaqədə olmasaydım, necə ola bilərdi ki, birdən-birə Qubadan Göyçaya yollanım? Məni komissar təyin etsinlər?

   YAKOVLEV - Lap Beriya kimi... yumurtadan çıxan kimi Bağırovun müavini oldu.

   MUSTAFAYEV - Yoldaş Mirzəyev, mən 1918-ci il Kürdəmir məsələsindən söhbət edirəm, siz isə 1920-ci ildə baş verənlərdən. Yazırsınız ki, 1918-ci ildə gizli iş tapşırıqlarını yerinə yetirmisiniz, hətta sovet hakimiyyəti quruculuğunda rolunuz olub. Partiyaya nə vaxt keçmisiniz?

   MİRZƏYEV - 1941-ci ildə.

   MUSTAFAYEV - Bəs niyə əvvəllərdə yox?

   MİRZƏYEV - 1924-cü ildə partiyaya qəbul məsələm baş verib. Xarici iş üzrə şöbənin rəisi idim. Bu vəzifəyə Kirovun zəmanəti ilə təyin olunmuşdum. Biz bir binada yaşayırdıq, o, ikinci mərtəbədə, mən üçüncüdə. Bitərəf idim, vəzifəm isə partiyada olmağı tələb edirdi. Günlərin bir günü Kirov mənə dedi ki, partiyaya qəbul sənədlərini hazırla. Mən cavab verdim ki, axı indi qəbul dayandırılıb. O dedi ki, Cənizadə yoldaşın yenına get, de ki, müstəsna olaraq zəmanətimlə sənədlərini hazırlasın. Belə oldu. Məsələmin müzakirəsində Bağırov və Sviridov da iştirak edirdilər. Kirov Azərbaycandan gedəndən sonra Bağırovun şəxsən özü Miçurinə söyləmişdi ki, partiya qəbulu məsələsində Mirzəyevə mane olmuşdur.

   MUSTAFAYEV - Siz partiya sıralarına qəbul olunarkən ərizənizə Bağırov tərəfindən verilmiş zəmanət kimi bir mandatı da əlavə etmisiniz. Budur, sizin partiyaya qəbul sənədlərinin və burada Bağırov tərəfindən verilmiş zəmanət vərəqinin notariat surəti. Bunu niyə işinizə əlavə etmisiniz?

   MİRZƏYEV - Bu mandat mənim atamındır.

   MUSTAFAYEV - Abdullayev neçənci ildə sizə zəmanət vermişdir?

   MİRZƏYEV - 1921-ci ildə.

   MUSTAFAYEV - Mandat 1921-ci ildə deyil, 1928-ci ildə verilib. Üzərində mürəkkəb ləkəsi var.

   MİRZƏYEV - İsrar edirəm ki, 1921-ci ildə. Düz demirəmsə, məni partiyadan çıxara bilərsiniz.

   MUSTAFAYEV - Atanızın mandatını şəxsi işinizə əlavə etməklə nə məqsəd güdmüsünüz?

   MİRZƏYEV - Atamı və məni tanıdığı üçün. Bəlkə də səhv etmişəm.

   YAKOVLEV - 1949-cu il martın 8-də siz şəxsən Beriyanın adına məktub yazmısınız, göstərirsiniz ki, Azərbaycan Dövlət Universitetinin baş müəllimisiniz, hüquq elmləri namizədisiniz. Yazırsınız: "Əlimdə son dərəcə məxfi bir iş var, bunu ancaq Sizin göstərişinizlə həll etmək olar, burada, Bakıda dediyim məsələnin araşdırılmasına heç bir imkanım yoxdur. Artıq dərəcədə Sizdən xahiş edirəm ki, məni şəxsən özünüz qəbul edəsiniz". Bunu siz yazmısınız, düzdür?

   MİRZƏYEV - Düzdür, bütün bunları mən yazmışam.

   YAKOVLEV - Siz Beriyaya nə demək istəyirdiniz?

   MİRZƏYEV - Bağırovun məni təqib etdiyini.

   RƏHİMOV - Yegizarovla sizin nə kimi ortaq işiniz vardı?

   MİRZƏYEV - Ümumi tanışlığımız olub.

   RƏHİMOV - Siz necə pristav olmusunuz?

   MİRZƏYEV - Mən onda yeniyetimə yaşındaydım.

   RƏHİMOV - İyirmi iki yaşınız vardı, bu yaşda pristav olar?

   MİRZƏYEV - Bunu mən gizlətmirəm ki...

   ƏFƏNDİYEV - Hər yerdə yazırsınız ki, polis sahə rəisi işləmisiniz, ərizənizdə isə pristav yazırsınız, hansına inanaq?

   MİRZƏYEV - Bilirsiniz, mahiyyətcə bunun heç bir fərqi yoxdur, müdir, rəis və ya pristav, fərqi nədir, eyni şeydir, mən də heç nəyi gizlətmədən açıq-aydın yazmışam. Müsavat hökumətinin xidmətçilərinin siyahısı tərtib ediləndə adımın oraya düşmədiyini görəndə səbəbini soruşdum, dedilər ki, biz hələ səni yoxlayırıq, iki ay türmədə yatmısan.

   MUSTAFAYEV - 1929-30-cu illərdə şikayət yazıb sizi təqsirləndirirdilər ki, Bağırov və Sumbatov sizi müdafiə edirlər. Ərizəni o zaman Allahverdiyev, Qasımov, Məmmədov, Vəli Səfərov və başqaları imzalamışdılar. Bu şikayət məktubu nə ilə nəticələnmişdi?

   MİRZƏYEV - Əvvəla, o Allahverdiyev dediyiniz 1920-ci ildə 2 nömrəli xüsusi şöbədə "Babayev" ləqəbi ilə işləyirdi, onun atası isə Əbülfət bəy Həsənbəyovun yanında idarə rəhbəri idi. Həsənbəyov İrana getdi, həmin Abdullayev oğlu ilə gəlib bizə yardım etmək istəyəndə onlara dedik ki, Həsənbəyov xüsusi şöbədə işləyəndə şifrə, bomba, bir də at götürüb getmişdir.

   MUSTAFAYEV - vaxt vəfat etmişdir?

   MİRZƏYEV - O, Sultanovun yanına getmişdi, Sultanov onu qəbul etməmişdi. Sonra qızıl əsgərlər onu həbs etdilər. Şuşa şəhərinin klubunda Xlopkovun sədrliyi kommunist Atayevin iştirakı ilə Ali Tribunal onu xəyanət casusluğa görə güllələnməyə məhkum etdi, ancaq hökm dərhal dəyişildi. Məhkəmə zalında olan doktor Mehmandarov bildirdi ki, cəza verilərkən müqəssirin azyaşlı olduğu vaxt cinayət törətdiyi nəzərə alınaraq, hökm dəyişilməlidir. Ona beş il kəsildi, 1922-ci ildə həbsdən çıxdı. Oğlu sağdır.

 

   (ardı var)

 

   Teyyub Qurban

 

   Ekspress.-2010.- 6-8 noyabr.- S. 15.