Əfsər Cavanşirovun xatirə gecəsi keçirildi

 

Noyabrın 8-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun 80 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib.

   Tədbiri açan ittifaq sədri, xalq artisti, professor Firəngiz Əlizadə bəstəkarın həyat və yaradıcılığından danışaraq onun 1930-cu il noyabrın 8-də Füzuli rayonunun Horadiz kəndində anadan olduğunu qeyd edib: "Əfsər Cavanşirov 1948-ci ildə orta məktəbi və 2 saylı Uşaq Musiqi Məktəbini bitirdikdən sonra Bakı Musiqi Texnikumuna daxil olub. 1952-ci ildə texnikumu tamamlayıb. Elə həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olub. 1958-ci ildə professor Cövdət Hacıyevin sinifini bitirib. Görkəmli bəstəkar elə həmin ildə də Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri olub. Bu illər ərzində "Bənövşə" Uşaq Xorunda xalq artistləri Xuraman Qasımova, Flora Kərimova, Mələkxanım Eyyubova, əməkdar artistlər Firuzə İbadova Azərin kimi neçə-neçə istedadlı vokalçılar və xanəndələr yetişib. Məhz buna görə də Əfsər müəllimi elə gəncliyindən "uşaqların maestrosu" adlandırırdılar".

   Firəngiz xanımın çıxışından sonra tədbir iştirakçıları "Bənövşə" Uşaq Xorunun ifasında bəstəkarın "Mübarək", "Heydər babamız", "Oyun oyuncaqlarım", "Qurban olum", "Olmasın" kimi mahnılarını dinləyiblər.

  

 

İLTİFAT

 

Ekspress.- 2010.- 9-10 noyabr.- S. 14.