Bakıda xəttatlıq sərgisi

 

  Müasir İncəsənət Mərkəzində Türkiyədə yaşayan xəttat-rəssam Gülxan Bəydəmirin fərdi yaradıcılıq sərgisi keçirilib. Sərgidə daş üzərində oyma ilə işlənmiş 40-a yaxın əsər təqdim olunub.

   Tədbirdə çıxış edən xəttat uşaqlıqdan bəzəkli yazmağa meyilli olduğunu bildirib: "Sonradan belə bir sənət olduğunu bilib müəllim yanına getdim. Mən burada Quran ayələri, Allah və Məhəmməd peyğəmbərin (s) adlarını və s. yazmışam".

    Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin yetirməsi olan Gülxan Bəydəmirin ilk sərgisi 1971-1973-cü illərdə Rusiyanın Xabarovsk Vilayətində hərbi xidmətdə olarkən keçirilib. Məktəbi bitirdikdən sonra isə rəssam daha çox unudulmaqda olan daş üzərində oyma sənətinə meyl etməyə başlayıb. Bu sərgi isə 1995-ci ildən Türkiyədə yaşayıb-yaradan rəssamın öz vətənində keçirdiyi ikinci fərdi sərgidir.

   2006-ci ildə İstanbulda keçirilən xətt yarışmasında onun əsəri birinci yerə layiq görülüb və elə həmin ildə Bakıda, 2007-ci ildə isə Almaniya və Avstriyada əsərləri sərgilənib.

 

 

AYXAN

 

Ekspress.- 2010.- 9-10 noyabr.- S. 14.