Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində rastlaşdığım bəzi sənədlər Mir Cəfər Bağırovun Azərbaycan ziyalılarına qayğıkeşliklə yanaşdığını ortaya qoyur.

   Arxiv materiallarından məlum olur ki, 1950-ci il oktyabr ayının 6-da Mir Cəfər Bağırova Türkiyədə qohumları yaşayan məsul işçilər və görkəmli ziyalılar barədə rəsmi sənəd təqdim rolunmuşdur. Həmin sənəd 1954-cü il fevralın 16-da (N 76 ss) Azərbaycan KP MK-nın birinci katibi İ.Mustafayevin imzası ilə M.C.Bağırovun istintaq materiallarına qatılmaq məqsədilə Sov. İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri N.T.Komarov yoldaşa göndərilmişdir: "Türkiyədə qohumları olan və Türkiyə təəssübkeşli məsul işçilərin və ziyalı nümayəndələrinin cəzalandırılmasına dair T.Quliyev, T.Yaqubov, S.Yemelyanov və S.Atakişiyev tərəfindən imzalanaraq Bağırova təqdim olunmuş məktubun surəti". Siyahıdakı 18 nəfər arasında Azərbaycanın o zamankı kinematoqrafiya naziri Bağır Seyidzadənin də adı vardır. M.C.Bağırov ona təqdim olunmuş siyahıya əsasən 18-lərin heç birinə cəza verməmişdir. Azərbaycan xalqının və onun rəhbəri M.C.Bağırovun daşnaklarla əlbir işlşəyən düşmənləri bir il sonra noyabr ayında təkrarən Moskvaya Türkiyədə qohumları olan (onların bir çoxuna mühacirətə getməyə vaxtilə M.C.Bağırov şərait yaratmışdı - T.Q.) rəhbər işçilər barəsində Kremlə imzasız məktublar göndərilirdi. Azərbaycan SSR kinematoqrafiya naziri B.K.Seyidzadə barəsində daxil olmuş şikayət məktubunun baxılması nəticələri barədə cavab əvəzinə Sov. İKP MK-ya Azərbaycan KP MK Bürosunun aşağıdakı qərarının surəti yola salınmışdır:

   "Azərbaycan KP MK Bürosunun 1951-ci il 27 noyabr tarixli qərarı

   Azərbaycan SSR Kinematoqrafiya naziri B.K.Seyidzadənin tərcümeyi-halına əalvələr edilməsinə dair ərizəsi barədə

   Tərcümeyi-halında bir sıra faktların daha müfəssəl yazılması üçün B.K.Seyidzadənin məsələsinə Azərbaycan KP MK-nın növbəti iclasında baxılsın.

   Azərbaycan KP MK katibi M.C.Bağırov

   30.11.1951-ci il"

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində görkəmli dövlət xadimi B.K.Seyidzadənin öz dəst-xəttilə M.C.Bağırova yazdığı məktubu da saxlanılır. Tanış olun:

   "M.C.Bağırov yoldaşa

   Azərbaycan KP MK-da olan tərcümeyi-halıma əlavə olaraq aşağıdakıları bildirirəm:

   1. Xalam oğlu Məmməd Məhərrəmov müsavat hökumətilə bağlı olmuş və inqilabdan sonra xaricə mühacirət etmiş, Fransada yaşamışdır.

   2. Əmim qızı Xədicə bəyim Əli qızı Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk illərində türk mənşəli əri ilə birlikdə Türkiyəyə getmiş və hazırda orada yaşayır.

   3. Dayım qızının əri İsmayıl İsmixanov Böyük Vətən müharibəsi vaxtı törətdiyi cinayətə görə cəza batalyonuna keçirilmişdir. İndiyədək onun taleyi haqqında məlumat yoxdur. Ailəsi Kirovabad şəhərində yaşayır.

   Tərcümeyi-halıma aid bütün faktların dəqiqləşdirilməsi, atamın tərcümeyi-halının bütün təfsilatı ilə araşdırılması nəticəsində yaxın vaxtlarda Mərkəzi Komitəyə ətraflı məlumat təqdim edəcəyəm. Söz verirəm ki, bundan sonra bu və ya digər dərəcədə tərcümeyi-halımla əlaqədar bütün fakt və hadisələri nəzərdən qaçırmayacağam. Bu hissləri mən Azərbaycan KP MK-nın 1951-ci il 20 noyabrda keçirilən büro iclasında Sizin iradlarınızdan sonra keçirməyə başlamışam. Buna qədər mən tərcümeyi-halıma məsuliyyətsiz yanaşırdım, onun ətraflı və msüfəssəl tərtib olunmasına fikir vermirdim. Bunun bir səbəbi də ondan irəli gəlirdi ki, qohumlarımdan kənarda idim, onların çoxu ilə əlaqə saxlamırdım və müstəqil surətdə yaşayırdım.

   Mən 14 yaşından öz zəhmətimlə həyat keçirirəm, həmişə öhdəmə düşən vəzifələrə vicdanla yanaşmışam və son 10-12 ildir ki, məsul vəzifədə işləyirəm, bütün qüvvə və bacarığımı partiyanın və komsomolun bütün tapşırıqlarını ləyaqətlə yerinə yetirməyə çalışıram.

   Yoldaş Bağırov! Sizdən xahiş edirəm ki, partiyamızın işinə səmimi qəlbdən sədaqətimə inanasınız. Yol verdiyim bütün səhvlərimi gələcək fəaliyyətimdə aradan qaldıracağıma söz verirəm.

   Seyidzadə B.K.

   21.11.1951-ci il"

   Beləliklə, Mir Cəfər Bağırov 1951-ci ildə SSRİ daşnaklarının "Androniki" Mikoyana onun Azərbaycandakı bacanağı Yegizarova müsavat dərsi vermişdir. Azərbaycanın kinematoqrafiya naziri sonralar bir sıra məsul vəzifələrdə çalışmış, 1968-ci il mart ayının 24-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

   Yeri gəlmişkən, xalqımızın dahi incəsənət xadimlərinin, görkəmli dövlət xadimlərinin əbədi yuxuya daldıqları Fəxri Xiyabanın salınması da Mir Cəfər Bağırovun adı ilə bağlıdır. 1948-ci il avqust ayının 27-də M.C.Bağırovun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti aşağıdakı qərarı qəbul etmişdir:

   "1. Bakı Şəhər İcraiyyə Komitəsinə (A.Buzdakov T.Qasımov yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə ümumi dəyəri 180 min manat dəyərində Fəxri Xiyabanın tikintisinə başlasınlar buraya Azərbaycanın böyük elm incəsənət xadimlərindən 12-sinin qəbri köçürülsün (siyahı əlavə olunur), Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci yarısında başa çatdırılsın.

   2. Azərbaycan SSR Nazirlər Soveti Yanında Arxitektura İşləri İdarəsinə təklif edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq, Azərbaycanın görkəmli elm incəsənət xadimlərinin 12 nəfərinin qəbirüstü abidəsi daxil olmaqla, Fəxri Xiyabanın ilk model nümunəsini hazırlasın.

   3. Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə qəbirüstü abidə daşlarının hazırlanması məqsədilə neft çıxarılması üzrə vəsaitdən 90 min manat ayırsınlar, 1949-cu ildə bu məbləğ nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü abidəsinin qoyulmasına Qazax rayon icraiyyə komitəsinə 15 min manat, Seyid Əzim Şirvaninin Mirzə Ələkbər Sabirin qəbirüstü abidəsinin hazırlanması üçün Şamaxı rayon icraiyyə komitəsinə 30 min manat məbləğində vəsait ayrılsın".

 

   (ardı var)

 

 

   Teyyub Qurban

 

   Ekspress.- 2010.- 20-22 noyabr.- S.15.